Könüllülər (xidmət) hərəkatı -7

Fəthullah Gülənlə Ərdoğan arasında hakimiyyət mübarizəsi gedirmi? Niyə seçkilərə 3 ay qalmış hazırlıq kursları bağlanılmaq istəndi?

Bu gün ortaya çıxan məlumatlar bizə bu sualın cavabını verir. 17 dekabr tarixli korrupsiya və rüşvətə qarşı əməliyyatlar təxminən 2 ildir ki, davam edirmiş. Hətta 1 il əvvəl təhlükəsizlik orqanları yazılı olaraq Ərdoğana xəbərdarlıq ediblər. Yazıda iranlı Reza Zərrab ilə bəzi nazirlərin qanunsuz bəzi münasibətlərinin ictimaiyyətə açıqlanması halında hökumətin çətin vəziyyətdə qalacağı bildirilib. Görünən odur ki, gizli aparılan təhqiqatların son 1-2 ayında hökumət vəziyyəti öyrənib. Nəticədə, hökumət hazırlıq kurslarının bağlanılması məsələsini sürətləndirib. Məqsəd, hazırlıq kurslarının beşdə birinə sahib olan “Könüllülər hərəkatı”nı potensial düşmən kimi formalaşdırmaq, rüşvətə qarşı əməliyyatları da onlara yükləyərək, özlərini təmizə çıxarmaqdı.

Bir tərəfdən dəlilləri ilə, sübutları ilə çox ciddi iddialar var. 4 nazir istefa verib. Amma Ərdoğan ilk gündən bu əməliyyatların hökumətə qarşı çevriliş olduğunu iddia etdi. Digər tərəfdən də, təxminən 10 minə yaxın polis məmurları, müstəntiqlər, prokurorlar qışın ortasında yerləri dəyişdirildi. Həm də ortaya heç bir əsas, sübut, dəlil qoyulmadan. Ailələr pərişan oldu. Məktəbə gedənlər qışın ortasında məktəblərini dəyişdirmək məcburiyyətində qaldılar. Əgər hökumət öz iddiasında səmimidirsə, niyə məsələn, bir müstəntiqi İstanbuldan Adanaya göndərir? Əgər o müstəntiq dövlətin qanunlarına zidd hərəkət edibdirsə, başqa yerlərdən əmr alıbdırsa, niyə onu işdən uzaqlaşdırıb, məhkəməyə göndərmir? Niyə başqa yerlərdən əmr alan polisi Adanaya göndərir? İstanbuldakı vətəndaşlar Adanadakılardan daha dəyərlidirmi? Yoxsa öz iddiasına özü də inanmır? Təsəvvür edin, bəzi polislərin yeri bir ayda 3 dəfə dəyişdirildi. Adında “ədalət” olan bir partiya mənsubları niyə bu qədər ədalətsizliyə razı oldular? Fəthullah Gülənin fəxri sədri olduğu Jurnalistlər və Yazarlar cəmiyyətindən də dəfələrlə açıqlama verildi ki, bir məmur bağlı olduğu qurumdan başqa bir yerdən əmr ala bilməz. Əgər hökumətin iddia etdiyi kimi bir şey varsa, dərhal əlaqədar şəxslər vəzifələrindən uzaqlaşdırılıb, məhkəmə qarşısına çıxarılmalıdırlar.

Ərdoğan 20 Noyabr ATV-dəki çıxışında bir suala cavab olaraq hazırlıq kursları məsələsinin Fəthullah Gülən və ya hərəkatla əlaqəli olmadığını söylədi. Bu addımın tamamilə təhsil məsələsi olduğunu vurğuladı. Amma 25 Fevralda məclisdə isə belə dedi: “Hazırlıq kursları məsələsində paralel təşkilatın (Gülən hərəkatını nəzərdə tutur) fərqli hesabları vardı. Ona görə də, bu addımı atdıq və seçkilərdən öncə bu işi bitiririk.” Yəni məsələ təhsil məsələsi deyildi. 2 ay ara ilə Ərdoğan özünü təkzib etdi.

Könüllülər hərəkatı müstəqildir. Hər hansı bir yerdən əmr almır. Ona görə də, Türkiyədə hər kəsi susduran Ərdoğanın son hədəfi Gülən hərəkatını parçalayıb, özünə tabe etmək idi. Amma planları istədikləri kimi getmədi. Planın istədikləri kimi getməməsinin səbəbi Gülən hərəkatının xalqın hərəkatı olmasıdır. Araşdırmalar göstərir ki, Türkiyə əhalisinin 80 faizi Gülən hərəkatına müsbət yanaşır. Ərdoğan milyonlarla könüllü sevəni olan bir hərəkatı partiya ilə qarışdırdı. Biraz hədə-qorxu ilə hərəkatın parçalanacağını zənn etdi.

Görünüşə görə, Türkiyədə Ərdoğan dövrü artıq bitmişdir. Böyük bir ehtimal, Ankara, İstanbul, İzmir kimi böyük şəhərlərdə bələdiyyə seçkilərində hakim partiya məğlub olacaq. Ondan sonra artıq Ərdoğan istəsə də, qala bilməz. Necə deyərlər, kiminin sonu, kiminin əvvəli.

Fəthullah Gülən niyə ABŞ-da yaşayır? Niyə Türkiyəyə qayıtmır?

Bu gün hər kəs qəbul edir ki, bu gün hərəkat qlobal bir gerçəklikdir. Ona görə də, Fəthullah Gülənin harada olmasının çox fərqi yoxdur. Digər tərəfdən, Gülən ABŞ-a xəstəliyi səbəbilə gedib. Hazırda da xəstəlikləri davam edir. ABŞ-da olduğu halda, bu qədər iftira, böhtana məruz qalan birisi, Türkiyədə olsa nələr olar? Hansı provakasiyalar ola biləcəyini təxmin etmək belə ürküdücüdür. Gülən ölkəsini çox sevdiyi, geri qayıtmağı şiddətlə arzuladığı halda fədakarlıq göstərib, orada qalmağa davam edir. 15 ildir orada inzivada yaşayır. Aylarla qaldığı evdən kənara çıxmır. Geri gələcəyi təqdirdə, onun üzündən məsum insanlara, Türkiyəyə zərər verilə biləcəyi ehtimalına görə orada qalmağa davam edir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.