Xoşbəxt yuvanın düşmənləri
Sual: Bir hədisdə Allah Rəsulu buyurur ki, ərlə arvadın arasını vurmaq və ailəni dağıtmaq şeytanın ən sevdiyi işlərdəndir. Ər və arvadın bu cür tələlərə düşməməsi və ailə həyatına Allah dərgahında ən çirkin halal kimi xarakterizə edilən boşanma ilə son qoymamaq üçün nə tövsiyə edirsiniz?
Cavab: Bütün şər işlərin baiskarı və gözəl işlərin düşməni şeytandır. Qurani-Kərimin:
فزين لهم الشيطان أعمالهم
"Şeytan onlara öz (çirkin) əməllərini xoş göstərmişdi" (“Nəhl” surəsi, 16/63)
فوسوس لهما الشيطان
"Şeytan onlara vəsvəsə verdi" (“Əraf” surəsi, 7/20)
və s. kimi ayələrində də bütün şərli işlər şeytanla əlaqələndirilir.
Amansız və hiyləgər düşmən
Qurani-Kərim şeytanı "ğarur" adlı xüsusiyyəti ilə təsvir edir. Məsələn, Cənabi-Allah ayələrin birində buyurur:
ولا يغرنكم بالله الغرور
"Ehtiyatlı olun ki, Şeytan sizi Allah barədə (səhv məlumat, inanc və yanaşmalarla) aldatmasın!” (“Loğman” surəsi, 31/33)
“Ğarur” sözü mübaliğə formasında olduğu üçün “çox aldadan” deməkdir. Demək ki, şeytanın çox dəhşətli və ağlasığmaz aldatma qabiliyyəti var. O, dayanmadan sapıq fikir, intriqa və hiyləsini adəm oğlunun niyyət və düşüncələrinə qarışdıraraq onu yoldan çıxarmağa çalışır.
Başqa bir ayədə isə şeytan "xannəs" kimi təsvir edilir. Çünki şeytan kərrü-fər edən, yəni geri çəkilib hücum üçün pusquda dayanan, zahirən haqq tərəfində görünüb insana sağdan yanaşan, pis və çirkin əməlləri gözəl göstərən və hər fürsətdə insanı yoldan azdırmağa çalışan hiyləgər bir varlıqdır. Hz. Pirin ifadəsi ilə desək, şeytanın ən böyük vəsvəsələrindən biri də öz varlığını insana inkar etdirməsidir. Belə ki, insan bəzən tamamən şeytanın təsirinə düşüb vəsvəsələrlə hərəkət etsə də, elə bilir, hər şeyi özü edir, "mənim fikrimdir, mənim qərarımdır, mənin planımdır, mən eləmişəm" kimi ifadələrlə hər işin banisi olduğunu iddia edir.
İnsan mahiyyətinə yerləşdirilən nəfs isə şeytana “teleqrafçı” xidməti verən bir mərkəzdir. Quranın bildirdiyinə görə, insandan əl çəkməyən nəfsi-əmmarə onu daima şər əməllərə çağırır. Belə demək mümkünsə, şeytan morze əlifbası ilə şifrlənmiş müxtəlif məlumatları dayanmadan nəfsə göndərir. Nəfs də bu şifrləri açıb insana diktə edir. İnsan oğlu, istər şeytandan istərsə nəfsi-əmmarədən aldığı bu vəsvəsələrlə hərəkət edir və bir çox şər əməl işləmiş olur. Ailə yuvasının dağılması, uşaqların ailədən qopması və maddi-mənəvi cəhətdən zəlil vəziyyətə düşməsi də məhz bu böyük günahlardan biridir.
Təxribatın miqyası
Sualda da qeyd etdiyiniz kimi, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) şeytanın ər-arvad arasında soyuqluğun yaranmasına və ailənin dağılmasına sevindiyi qədər başqa heç bir şeyə sevinmədiyini buyurur. Həmin hədis belədir: "İblis taxtını su üstündə qurar. (Bu ifadədən məlum olur ki, şeytanlar daha çox haralarda meydan sulayır və daha çox haralarda insanları yoldan azdırır. Başqa sözlə desək, şeytanın əxlaqısızlığın və hər cür pisliyin baş alıb getdiyi sahillərdə və s. məkanlarda at oynadır) Sonra əvanlərini (köməkçiləri) sağa-sola şər işlərin dalınca göndərir. (Bu əvanələrdən kimisi insana faiz yedirir, kimisi gözə hökm edərək harama baxdırır, beləcə hislərini tərpəşdirib şəhvani arzuların dalınca göndərir, kimisi də dilə yalan danışdırır, qeybət etdirir və ya böhtan atdırır. Yəqin ki, kimin hansı pisliyə qabiliyyət və məharəti çatırsa, onu elətdirmək üçün dəridən-qabıqdan çıxır.) Məqam və mövqeyinə görə ona ən yaxın olan ən böyük fitnəni çıxarandır. Hamı gördüyü işləri bildirmək üçün İblisin yanına gəlir. Onlardan biri: "Mən filan, filan işləri gördüm”, deyir. Ancaq İblis: "Sən buna “iş”deyirsən?” deyir. (Əslində şeytan günahların hər birindən məmnun olur. Çünki hər bir günahdan küfrə gedən bir yol var. Hər bir günah qəlbdə qara bir nöqtə əmələ gətirir. Həmçinin günah işləyən insan Allahdan bir addım uzaqlaşır. Ancaq şeytan əvanəsindən daha çox şey gözləyir.) Sonra bir başqası gəlib: “Filan adam boşayanadək yaxasından əl çəkmədim”, - deyir. İblis ondan razı qalır, hətta yanına çağırıb “Sən nə qədər şirinsən!” deyə iltifat da göstərir". (Müslim, “Münafiqun”, 67; Əhməd b. Hənbəl, “əl-Müsnəd”, 3/314) (Məhz burada müasir dünyada geniş yayılan bir ictimai hadisəyə, bir müsibətə işarə var.)
Demək ki, şeytan üçün bir ailənin dağılması o qədər mühüm bir məsələdir ki, başqa pis əməllərə sövq edən əvanəsini deyil, ər-arvadı bir-birindən ayıran köməkçisini təqdir edir, kim bilir, bəlkə də, onu mükafatlandırır. Yaxşı bəs şeytan bu məsələyə niyə bu qədər əhəmiyyət verir? Çünki o, bununla təkcə iki nəfərin müsibətinə baiskar olmur, eyni zamanda uşaqların, boşanan cütlüyün ana-atasının, qohum-əqrəbanın, yaxınların, hətta bir mənada bütün cəmiyyətin “canını alır”. Çünki cəmiyyətin “molekulu” sayılan ailənin dağılması ilə toplumda da çatlar əmələ gəlir və cəmiyyət ciddi deformasiyaya məruz qalır. Həmçinin boşanan qadın və kişi başqaları üçün də pis nümunədir, bu, yoluxucu virus kimi digər ailələlərə də sirayət edir. Gördüyünüz kimi, şeytan zahirən kiçik bir işə səbəb olsa da, əslində çox şeyi alt-üst edir.
Unutmayın, şeytan cənnət guşəsi ailəni cəhənnəmə çevirmək üçün heç vaxt boş dayanmayacaq, ər-arvad arasına nifaq salmaq üçün əlindən gələni əsirgəməyəcək. Hətta istədiyi tərəfə yönəltdiyi şeytanlaşmış insanların “əməyindən” də bu məqsəd istiqamətində faydalanacaq. Əlbəttə, anlaşmazlıqlar cənginə düşən belə bir ailədə ən çox zərər də uşaqlara dəyəcək. Çünki mübahisə, qalmaqal, çəkişmə və fikir ayrılığı olan bir ailədə uşaqların sağlam mənəviyyatla böyüməsi mümkün deyil. Bəli, ana-atanın bir-biri ilə “sürtüşdüyü” bir ailədə uşaq həmişə dilemma qarşısında qalacaq, ana-atanın bir-birinə dediyi hər bir pis söz yaddaşına həkk olunacaq, "Məgər anam-atam nə imiş" deyib ümidsizliyə düşəcək və valideynlər tədricən gözündən düşəcək. İndi düşünün, belə bir mənzərəni görən insanın əzəli düşməni şeytan çalıb oynamasın, neyləsin!?
Ən son çarə - boşanma
Allah Rəsulu (əleyhissalatu vəssalam)
أبغض الحلال إلى الله تعالى الطلاق
"Allah dərgahında ən mənfur halal (əməl) boşanmadır" (Əbu Davud, “Talaq”, 3)
buyuraraq boşanmanın Allahın büğz etdiyi əməl olduğunu bildirmişdir. Buna görə də, bu yola girməmək üçün hər iki tərəfin evlilik haqqında məlumatlandırılması faydalı olardı. Şəxsən mənə qalsa, evlənmək istəyənlərə ailə haqqında bir neçə seminar vermədən, bir neçə kitab oxutmadan evlənməyə icazə verməzdim. Heç olmasa, ailə qurmağa hazırlaşanları bir-iki aylıq kursa cəlb edər, "evliliyin əhəmiyyəti, tərəflərin haqq-hüquqları və vəzifələri, qarşılıqlı münasibət, uşaqların təlim-tərbiyəsi" kimi mövzularda məlumatlandırmağa çalışardım. Çünki ailə başçısının daşıdığı məsuliyyətlərdən bixəbər kişilərin, ailədə qadının vəzifələrini bilməyən xanımların sağlam ailə qurması çətindir.
Digər tərəfdən, boşanma mərhələsinə girməmək üçün ailənin bünövrəsinə ağıl və məntiq oturtmaq lazımdır. Çünki ailədə hissiliyə yer yoxdur. Hislərlə yanaşı, məntiqi də maksimum işlətmək lazımdır. Bəli, sırf boy-buxun və üz gözəlliyi üçün qurulan ailələrin uzunömürlü olması çox çətindir. Çünki həmin zahiri səbəblər olmayanda ailə də dağılıb gedəcək. Dolayısilə, hislər nəzərə alınıb hörmətlə qarşılansa da, ağıl, məntiq və mühakimə qətiyyən bir kənara atılmamalı, evlilikdən əvvəl ciddi düşünüb sonra qərar verilməlidir. Hətta evlənmək istəyən şəxslər öz fikirləri ilə kifayətlənməməli, təcrübəli insanlarla da məsləhətləşməlidir. Yeri gəlmişkən, bunu da deyim ki, bizdə adət olan nişanlılıq dövrü də əhəmiyyətlidir, bu müddətdə fərdlərin xasiyyətinin bir-biri ilə tutub-tutmadığını məşru dairədə müəyyən etməyə çalışmaq lazımdır.
O cümlədən ailə qurulandan sonra fərdlər ailənin qorunması ilə əlaqədar hökmlərdən möhkəm yapışmalı, ailə sirlərini faş etməməyə diqqət etməlidir. Tərəflər bunu etsə, şeytanın əvanəsi və şeytanlaşmış insanlar yuvaya nüfuz edib onu içdən yıxmağa imkan tapa bilməyəcək. Bu cür maddi-mənəvi tədbirlərlə yanaşı, duaları mənəvi qalxana çevirib ilahi himayəyə sığınmaq da ailə xoşbəxtliyi üçün əsasdır.
Ancaq bəzən bütün lazımi tədbirləri görsək də, ailə ilə bağlı heç bir əqli və məntiqi boşluq buraxmasaq da, yenə də ər-arvad arasında anlaşılmazlıq çıxa və ya çox ciddi problemlər yarana bilər. Şeytan insi-cinni köməkçiləri ilə bundan istifadə edib ər-arvadın arasını qızışdıra bilər. Beləliklə, zahirən bu ailənin davam etməsinə ümid qalmaya bilər. İki tərəf bir-birini anlamaq istəmir, xoşbəxt ola bilmirsə, buna da ümid qalmamışsa, bu ailə üçün son çarə kimi boşanmaya baş vurmaq olar. Qurani-Kərim bu həssas nöqtəyə gələn cütlüyün necə hərəkət etməsinə səhifələr həsr etmişdir. Hətta surələrdən biri “Talaq” adlanır. İnsanlığın İftixarı (s.ə.s.) da sünnəsi ilə Quranın bu hökmlərini açıqlamışdır. Səhabeyi-kiram və sonrakı dövrlərdə yaşayan böyük fiqh alimləri də bu mövzu üstündə baş sındırmış, müxtəlif ictihad və istinbatlar irəli sürmüşdür. Əgər talaq mövzusuna bu qədər ciddi yanaşılırsa, demək ki, o, adi məsələ deyil, başqa çarə qalmayanda buna da müraciət etmək olar. Beləliklə, evliliyi davam etdirmək üçün əlindən gələn hər şeyi etdikdən, bütün çarələrə baş vurduqdan sonra hələ də ümid işığı görünmürsə, haqq-hüquq çərçivəsindən kənara çıxmayaraq, hissi və nəfsani hərəkətlərə yol verməyərək, ağıl, məntiq, mühakimə və vicdanın rəhbərliyində boşanmağı düşünmək olar.
- tarixində yaradılmışdır.