Təşəxxüs hissi
Sual: İnsan öz əlindən çıxan işlərdən məmnun olmağa və onu hər kəsə nümayiş etdirməyə meyilli varlıqdır. Mömin bu kimi hisləri necə cilovlamalıdır?
Cavab: İnsan Cənabi Allahın inayətilə bəzən faydalı, gözəl işlər görə bilər. Ancaq heç kimin əlində bu işləri layiqincə yerinə yetirdiyinə dair bir zəmanət yoxdur. Kim bilir, bəlkə də, həmin imkanlarla daha gözəl, daha faydalı işlər görmək olardı. Buna görə də insan böyük uğur hesab edilən iş və əməllərinə "Görəsən, mənə verilən imkanlardan layiqincə istifadə etdimmi? Daha gözəl nəticələr əldə etmək üçün lazımi cəhdi göstərdimmi?" deyib tənqidi yanşmağı bacarmalıdır. Qənaətimcə, ən böyük nailiyyətlər qazanan insan belə bu cür tənqidi münasibətlə "Görünür, mən bu işi lazımi şəkildə bacara bilməmişəm. Bu işi nə İlahi murada uyğun görə bildim, nə də bu işimdən razı qaldım" deyəcək, özünü bəyənmək bir yana qalsın, əksinə özünü sorğu-suala çəkib tənqid edəcək.
Namazı qılmaq, yoxsa iqamə etmək?
Bir misal çəkim: xalqımız namaz ibadətini yerinə yetirməyi "namaz qıldım" cümləsi ilə ifadə edir. Halbuki Qurani-Kərim və Sünnəti-Səhihədə namaz "iqamə" sözü ilə birgə işlənir. Bu da Allahdan qeyri hər şeydən (masivadan) uzaqlaşaraq namazı daxili və xarici şərtləri ilə birgə bir bütöv kimi yerinə yetirmək, Allahın bizə verdiyi bu əmanətin hüququna riayət etmək və o abidəni özünəxas rəng, naxış və cizgiləriylə nöqsansız və qüsursuz şəkildə ucaltmaq deməkdir. Odur ki "Namazı iqamə etdim" deyən bir adama: "Sən, həqiqətən namazı zahiri və batini şərtlərinə riayət edərək yerinə yetirdin?" ‒ sual verə bilərlər. “Qılmaq” sözünə gəlincə, bu ifadədə, bir mənada “yola vermə” və “aradan çıxarma” kimi sünilik yatır.
Zənnimcə, millətimizin "namaz qılmaq" cümləsini işlətməsi onun ədəbindən irəli gəlir. Yəqin, xalqımız belə düşünür: "Əgər qıldığım namazın daxili və ya xarici rüknlərində bir nöqsana yolı vermişəmsə, buna “iqamə etdim” deyə bilmərəm. Əksinə, bacardığım qədər yerinə yetirdim. Ancaq Cənab Allahın sonsuz rəhmətindən ümid edirəm ki, mənim kimi ala-yarımçıq namaz qılanları da bağışlayar." Belə bir ifadənin məhviyyət, xəcalət və təvazökarlıqdan deyildiyinə inanır və heyran oluram.
Deməli, insanın öz işlərinə və əməllərinə güvənməsinin təhlükəli yönü var. İnsan bir tərəfdən "istədiyim şəkildə alınmadı" deyib daha mükəmməlini görməyə çalışmalı, digər tərəfdən də Allahın (cəllə cəlaluhu) formal əməllərlə belə qullarını bağışladığını və İlahi dərgahına qəbul etdiyinə inanmalıdır. Ehtimal ki, Cənabi Allah bu düşüncədə olan bir insanın əməllərindəki boşluqları (nöqsanları) onun niyyəti ilə dolduracaq və ona uyğun rəftar edəcək.
İnsanın öz xeyirxah əməllərini düşünməsi, onunla lovğalanması, onlar haqqında danışılmasını arzulaması kimi, başqalarının təqdirlərinə, alqışlarına özünü layiq bilməsi də xoş hal deyil. İnsanlar "Filan kəs o işi gördü, bu işi gördü" deyə bilər. İnsan bu sözləri onların hüsnü-zənnindən bilməli, hətta buna ictihad xətası kimi baxmalıdır. Çünki insanların hüsnü-zəndə yanılmasını günah saymaq doğru deyil. Sui-zənn edib sübuta yetirməkdənsə, hüsnü-zənn edib yanılmaq daha yaxşıdır. Beləliklə hüsnü-zənnə üstünlük vermək daha məqsədəuyğundur. Təki hüsnü-zənn edən adam ifrata yol verməsin, çərçivədən kənara çıxmasın və təqdirin sərhədini aşmasın. Əks halda qardaşını mədh etməklə onun “boynunu qırar”.
Əməllərin əngin mükafatını düşüncəmizin darlığında məhkum etməyək!
İnanan insanın tükənməz hərisliklə Allahı və Rəsulullahı sevdirməyə çalışması mühüm əhəmiyyət daşıyır. İnsan yer üzündə ruhi-rəvani-Məhəmmədinin (əleyhissalatu vəssalam) könüllərdə bayraq olub dalğalanmasına vəsilə olsa belə, bunu mükəmməl əməl kimi görməməli, bu xeyirxah əməlləri özünü göstərməyə alət edib mükafatını dar düşüncəsinə həbs etməməlidir. Hətta xalqın alqışı belə onun duyğu və düşüncəsini dəyişdirməməlidir. Çünki əməllərini nümayiş etdirməyə fürsət axtaran və bu hislərlə oturub-duran bir insan öhdəsinə düşənləri yerinə yetirməyə nə vaxt tapar, nə də imkan. Halbuki bizim dərd-sərimiz və qayəmiz Allah və Həbibullah olmalıdır. Onunla oturmalı, Onunla durmalı və Onu insanlara sevdirməyi ən böyük məfkurə bilməliyik. Onun haqqı insanların Onu sevməsi, bizim vəzifə və məsuliyyətimiz isə bu işi görməkdir. Bu ali vəzifənin yerinə yetirilməsinə mane olan ən təhlükəli əngəllərdən biri də insanın gördüyü bəzi işlərlə özünü göstərməyə və isbat etməyə çalışmasıdır. Üstəlik insanlar bir nəfəri bəzən qələminə, bəzən fikir, təklif və layihələrinə, bəzən təşkilatçılıq bacarığına, bəzən də güclü təsiretmə qabiliyyətinə görə alqışlayır və təriflə onun “boynunu qırmaq”dan narahat olmursa, deməli, vəziyyət daha da təhlükəli həddə çatıb. Əgər bizdə barmaqla göstərilmək həvəsi varsa, bəlkə də, bunu dünyada əldə edərik. Bu uca əməllərin əvəzində kiçik şeylər umduğumuza görə axirətdə çox şey itirərik. Bu səbəbdən inanan insan, məncə, məsələyə Allahın sonsuz mərhəmətindən baxmalı, daim Onun rizasını axtarmalı və əməlləri cılız düşüncələrlə, arzularla dəyərsizləşdirməməlidir.
Xeyirxah əməllərin “hafiz”i olmaq, yəni onları bir-bir yadda saxlamaq fəzilət deyildir. Bir atalar sözündə bu məna necə də gözəl ifadə edilir: "Yaxşılıq et, dənizə at, balıq bilməsə də, Xaliq bilər". İnsan yaxşılıq edəndə bunu nəsib edən Allaha təhdis-nemət (şükür niyyəti ilə verilən nemətdən bəhs etmək) niyyətilə "əlhəmdülilləh", "əşşükrülilləh" deyə şükr edə bilər. Bu başqa bir məsələ... Ancaq insanın "Mən filan vaxtı filan işlərə dəstək oldum, filan kəsə əl uzatdım, bu işləri gördüm" deyib xeyirxah əməllərini bir-bir sayıb ortaya tökməsi o əməlləri elə dünyada hədər etməsi deməkdir. İnsan bu məsələdə həssas olmalı, etdiyi yaxşılıqları həqiqətən unutmalı və hətta biri gəlib vaxtilə onun gördüyü işlərdən söz açanda "yadıma düşmür" deməyi bacarmalıdır. Lazım gəlsə, özünü məcbur edib yaddaşından silməyə çalışmalıdır.
Ən böyük qüsur – qüsurunu görməmək
Mömin yetmiş il əvvəl bir günah işləmiş və sırf buna görə yetmiş min dəfə tövbə etmiş olsa belə, bu günahı dünən işləmiş kimi vicdanında hiss etməli, xəcalət belini bükməli və daima Allahdan əfv diləməlidir. Ola bilsin ki, ağıl, təsəvvür və xəyala aid xətalar əməl dəftərinə yazılmasın. Ancaq insan yenə də belə bir xəta işləyəndə: "Ya Rəbbim! Necə oldu ki, belə şeyləri ağlıma gətirdim. Necə oldu ki, xəyal aləmimə bu cür xoşagəlməz şeylər girdi. Gör mən nə qədər ədəbsiz insanmışam", – deyərək kədərindən ikiqat olmalıdır. İnanın, bu cür yaşayan insan heç nə itirməz. Əksinə ömrünü xətalarının iztirabı ilə keçirən adam çoxlu tövbə və istiğfar savabı qazanar. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) əməl dəftərində çoxlu istiğfar olanlar haqqında "müjdələr olsun" ifadəsini işlədir. Üstəlik o Rəhbəri-Əkməl bir hədisində gündə yetmiş dəfə, başqa bir hədisdə yüz dəfə istiğfar etdiyini bildirir. Halbuki O, həyatı boyu zərrəcə günah işləməmişdi. O (s.ə.s.), dünyaya məsum gəlmiş, məsum yaşamışdı. Bəli, O, vəhyin təminatı altında ömür sürmüşdü. Buna baxmayaraq, hər gün yetmiş və ya yüz dəfə Allahdan əfv diləyirdi.
Xülasə, günah işləyən insanın gecə yuxusunu bölüb səccadəyə başını qoyması, göz yaşlarını ceyhun edərək "əlfü əlfi əstağfirullah" deməsi böyük bir mənəvi qazancdır. Özünü xətasız görən, öz fəzilətlərinin sehrli dünyasında yaşayan, əldə etdiyi uğurlardan məst olan, gözləri qamaşan insanlara gəlincə, belələrinin məhviyyət və xəcalətlə Allaha yönəlməsi müşkül məsələdir. Ancaq ən kiçik xətasını böyük cinayət sayan insanlar səmimiyyətlə Cənabi Allaha yönələr, dərdini ərz edib yalvararlar. Dolayısilə insanın mədh olunmaqdan xoşu gəlməsi nə qədər pis hiss və düşüncədirsə, özünü sorğu-suala çəkməsi də bir o qədər fəzilətli əməldir. Rəbbim bizi həqiqi mənada özünü sorğu-suala çəkən xoşbəxt qullarından eləsin!
- tarixində yaradılmışdır.