Tərifdə mübaliğə və zərərləri
Sual: Gözəl bir işin görülməsinə səbəb olan bir insanın təqdir edilməsinin təşviq baxımından faydalı olduğunu düşünürük. Ancaq bəzən bu təqdir qarşıdakı insanın qürrələnməsinə də səbəb olur. Bu mövzuda hansıl məqamlara diqqət yetirməliyik?
Cavab: Həqiqətən, bəzən əldə olunan uğurlar təqdir edilərkən mübaliğəyə yol verilir. Halbuki İlahi qanundur: kimi həddindən artıq tərifləyirsiniz, həmişə əksini görürsünüz. Deyək ki, bir insanı sevməyə borclusunuz, sevilmək də onun haqqıdır. Məhz belə bir insanı da tərifləyəndə mübaliğəyə yol versəniz, ilahi qədərin silləsi qaçılmaz olar. Çünki Allahın bu davranışdan xoşu gəlmir. Beləliklə, insanlara sevginizi və heyranlığınızı dilə gətirəndə, onlara qiymət verəndə tarazlığı qorumalısınız ki, İlahi dərgahda ifrata yol verməmiş olasınız. Belə ki, siz biri haqqında “filankəs havada uçur, suda gəzir, eyni anda müxtəlif yerlərdə peyda olur” kimi sözlərlə ifrata varsanız, Cənabi-Allah "Bu insan dediyiniz kimi deyil. Onu çox şişirtdiniz" buyuraraq sizi fikrinizdə yanıltmaqla cəzalandıra bilər.
Həsədkarların hədəfinə çevrilən şəxslər
Bu cür yanaşmaq, yəni insanları həddən artıq tərifləmək digər insanların münasibəti baxımından da yanlışdır: Siz birini göyə qaldırsanız, tərifləsəniz, bu, kimlərinsə xoşuna gəlməz, onlar da sizin əksinizə həmin şəxsi gözdən salmağa çalışarlar. Beləcə, həmin şəxsə qarşı düşmən münasibətin formalaşmasına səbəb olarsınız. Bu baxımdan bir tərəfdən sevdiyiniz insanı tərif edərkən ifrata yol verməməyə çalışmalı, digər tərəfdən də onun haqqında duyğu-düşüncələrinizi başqalarının yanında dilə gətirərək onlarda rəqabət və həsəd hislərini körükləməməyə diqqət etməlisiniz.
Məsələn, iman və İslam həqiqətlərini Həzrəti Piri-Muğanın vəsiləsi ilə öyrənən insan onu çox sevə bilər. Hətta onu yada salanda gözləri yaşla dola bilər. "Sən bizə çox şey öyrətdin. Üfüqümüzü açdın. Sənin vasitənlə İnsanlığın İftixarını düzgün tanıdıq" deyərək ona qəlbən minnətdar ola bilər. Lakin insan bu hislərə qapılıb onu "nəbi, rəsul" adlandırmaqla, o böyük şəxsiyyəti özünün belə ağlına gətirmədiyi məqamlarda görməklə xəta işləməməlidir. Üstəlik, o böyük şəxsiyyət haqqında gözəl fikirləri başqa böyük insanın ardıcıllarının yanında dilə gətirsəniz, fərqinə varmadan onlarda həmin insana qarşı rəqabət və qısqanclıq hislərinin oyanmasına səbəb olarsınız.
Hətta İnsanlığın İftixarı – Ona canlar fədadır − haqqında danışanda belə diqqətli olmaq məcburiyyətindəsiniz. O, dünya və axirət qurtuluşumuzun, iki dünyada səadətimizin vəsiləsidir. Çünki varlıq aləminin çöhrəsindəki pərdəni qaldıran, əşyanın ruhunda gizli qalan sirləri gün üzünə çıxaran, zahirən xaos və mübarizəyə bənzəyən bu dünyanı cənnətin yollarına çevirən Odur. Əgər hazırda inancın füsunkar ab-havasında imanımızın dərinliyi nisbətində az-çox qəlb hüzurumuz varsa, hamısı Onun sayəsindədir. Bütün bunlara baxmayaraq ilahlıq kimi başa düşülən vəsfləri – haşa – Ona (Rəsulullaha) isnad etməməlisiniz.
Bütün həmd-sənalar Ona məxsusdur
Zati-Üluhiyyəti (Allah-taalanı) təqdir və təbcil etməyə gəlincə, istədiyinizi deyə bilərsiniz. Çünki Cənabi-Allahın tayı-bərabəri və şəriki olmadığı kimi, rəqibi də yoxdur. Kimsə "Niyə Onu mədh edir, amma mənim sahibimi, böyüyümü mədh etmir" − deyə bilməz. Çünki O, mənim də Sahibimdir, sənin də Sahibindir, sənin sahibinin də, mənim sahibimin də Sahibidir. Bəli, O, sahiblərin sahibinin Sahibidir. Peyğəmbərimizin də buyurduğu kimi, əsl seyid Allahdır, O, hər kəsin Seyididir (rəhbər, sahib). Bu baxımdan Onu istədiyiniz qədər, istədiyiniz şəkildə təqdir, təbcil və mədh-səna edin. Hətta o Şəmsüş-Şümus (Günəşlər Günəşi) qarşısında bir işıldaquş kimi sönüb gedin. Belə olmasanız, Onu tam qavraya bilməzsiniz. Onun görünməsi, bilinməsi, əzəmət və ehtişamı ilə özünü göstərməsi insanın yox olmasından asılıdır. Şair necə gözəl deyir: "Sən təcəlli eyləməzsən pərdədə mən var ikən / Şərti-izharı-vücudundur adim olmaq mənə... "
Bir pərdədə iki şeyin birdən olması mümkün olmadığına görə, mədum olmalıyıq (yox olmaq) ki, mövcud hiss olunsun, onu mütaliə və müşahidə imkanı ortaya çıxsın. İnsan özünü kölgə bilməlidir ki, əsli görsün. Nəbilər, əsfiyalar, övliyalar kimi kölgə olmağa can atan o qədər qul var ki, bizə çox bəridə, bərinin də bərisində, onun da bərisində ... bir kölgəlik düşər. Kim bilir, bəlkə də axirətdə Allahın kölgəsinə sığınmaqla şərəflənənlər də dünyada kölgə kimi yaşayanlar olacaq. Allah onlara deyəcək ki, "Madam siz dünyada kölgə kimi yaşadınız. İndi gəlin heç bir kölgənin olmadığı belə bir gündə Mənim kölgəmə sığının." Bəli, Həzrəti Allah haqqında belə düşünə bilərik, ancaq digər varlıqlar barədə təmkinli, diqqətli olma və ehtiyatlı olmalıyıq.
Əslində sizin başqaları haqqında düzdüyünüz bütün mədh-sənalar Onun haqqıdır. Çünki kimdən kimə, nə vaxt və necə deyilməsindən asılı olmayaraq, dil-dodaq arasında söz qəlibini tapan və ağızdan çıxan bütün həmd-sənalar Ona məxsusdur. Gündə qırx dəfə oxuduğumuz (Əlhamdulilləhi Rabbil aləmin) ayəsi ilə də bunu dilə gitrmirikmi? (əlhəmdu) sözündəki "əlif lam" ümumilik (qeyr-müəyyən) bildiriyi üçün "həmd" hansı həmiddən (həmd edən) hansı mahmuda (həmd olunan) gedirsə-getsin hər biri Ona məxsusdur. Bu baxımdan bizi də, sevdiyimiz insanları da yaradan O olduğu üçün, onlara etdiyimiz sənalar (təriflər) belə əslində Ona aiddir.
Məzluma bənzəyən böyük zalım
Xülasə biz tərif, təqdir və təbcilə layiq böyük şəxslərdən danışanda belə təmkinli və tədbirli hərəkət etməli, həmçinin ülvi mülahizə və fikirlərimizi əks münasibət göstərmə ehtimalı olan insanların yanında dilə gətirməkdən də çəkinməliyik. Çünki həsəd və rəqabət hisləri oyansa, həm düşmən cəbhənin sayı artar, həm də o məsum insanları günaha sövq etmiş olarsınız. Çünki insan həsəd etməklə günah işləmiş, beləcə əməllərinin üstündən qara xətt çəkmiş olar. Həsən Bəsri Həzrətləri "Həsədkar qədər məzluma bənzəyən böyük zalım görmədim" demişdir. Yəni insan həsəd etməklə öz-özünü acınacaqlı vəziyyətə salır. Bizim heç kimi bu vəziyyətə salmağa haqqımız yoxdur. Düzdür, hər kəsdən belə bir həssas mövzuda diqqətli olmağı tələb etmək qeyri-mümkündür, ancaq müəyyən mövqedə olan insanlar bu məsələdə daha diqqətli və həssas olmalıdırlar.
- tarixində yaradılmışdır.