Səmərəli tənqidin əsasları
Sual: Görülən işlərin daha yaxşı və gözəl nəticələr verməsində mühüm rol oynayan “tənqid”in müsbət və faydalı olması üçün hansı prinsiplərə riayət edilməlidir? Tənqid edən və tənqid olunan hansı ədəb-ərkan qaydalarına əməl eləməlidir?
Cavab: Hər hansı bir söz, hərəkət və davranışı analiz etmək, mənfi və müsbət cəhətlərini ortaya qoymaq və olanla olması lazım gələn arasında müqayisə aparmaq mənalarına gələn tənqid ideal nəticələrə çatmaqda mühüm elmi əsaslardan biridir. Odur ki tənqiddən sələfi-salehin dövründən bu yana geniş istifadə edilmişdir. Məsələn, Allah Rəsulundan (sallallahu aleyhi vəsəlləm) nəql edilən rəvayətlərin səhih olub-olmadığını müəyyənləşdirmək üçün sənəd və mətnlər[1] tənqid süzgəcindən keçirilmişdir. Alimlər tənqid metodundan təkcə hədis sahəsində deyil, ilk dövrlərdən etibarən ümumiyyətlə nəsslərdə əksini tapan mənaların aydınlaşdırılması, ayə və hədislərin təvil və təfsir edilməsi kimi məsələlərdə də həqiqəti ortaya çıxarmaq məqsədilə tez-tez faydalanmışlar. Bu elmi prinsip sayəsində mükəmməl bir süzgəc meydana gətirilmiş və yad fikirlərin İslamiyyətə qarışdırılmasının qarşısı alınmışdır. “Münazirə” elminin də inkişafı ilə paralel aparılan müzakirələrdə alimlər fikir müsadiməsi (fərqli fikirlərin səsləndirilməsi) və mübadiləsi sayəsində ortaya qoyulan şərh və ictihadları gözdən keçirmiş, təhlil etmiş, mütləq hökmlərlə müqayisəyə cəlb eləmiş və beləliklə, həqiqətin ortaya çıxmasına nail olmuşlar.
Xüsusilə, “sənəd tənqidi” sahəsində böyük nailiyyətlər əldə edilmiş, xeyli təcrübə qazanılmışdır. Belə ki, hədis ravilərinin cərh[2], tədili[3] və araşdırılmasına cildlərlə əsər həsr edilmiş və nəticə olaraq Allah Rəsulundan (sallallahu aleyhi vəsəlləm) nəql edilən hədislərin səhihliyi müəyyənləşdirilmişdir. Ancaq üləma bu qədər vacib bir məsələnin tənqidində belə, nalayiq və xoşagəlməz sözlər işlətməməyə xüsusi diqqət yetirmiş və həssaslıq göstərmişlər. Məsələn nağd (nağd ödəmələr) məsələsini ilk dəfə sistemə salan alimlərdən Şubə ibn Həccac həzrətləri hədis ricalı[4] ilə əlaqədar tənqidə başlamazdan əvvəl “Gəl Allah yolunda bir az qeybət edək!” deməklə həm bu işin zəruriliyini, həm də sırf Allah rizası üçün edilməsinin vacibliyini diqqətə çatdırarmış.
Bəli, bizim dünyamızda xüsusilə hicri I-V əsrlərdə istər dini, istərsə də dünyəvi elmlər sahəsində ən gözəl nəticələrin əldə edilməsi məqsədilə tənqid metodundan istifadə olunmuşdur. Başqa sözlə, bu gün də bu üsula baş vurmaq olar, bir şərtlə ki, tənqidə cəlb edilən məsələdə insafı əldən verməyək, ədəb-ərkana riayət edək və məsələləri həssaslıqla gözdən keçirib təqdim edək. Bu məqamda tənqidin ədəb və üsulu ilə əlaqədar bəzi əsas prinsiplər meydana çıxır ki, onları da bu şəkildə xülasə etmək olar:
İnsaf və yumşaq üslubla açılan düyünlər
Tənqid edilən mövzunu düzgün üslubla ortaya qoymalı və bu zaman danışıq tərzinin insani olmasına artıq dərəcədə diqqət etməliyik. Yəni, məsələni elə tənqid etməliyik ki, qarşı tərəfdən etirazla qarşılanmasın və rahatlıqla qəbul edilsin. Əgər siz müəyyən problemlərin həlli ilə bağlı alternativ təkliflərinizi, məqsədəuyğun fikirlərinizi insaflı, yumşaq və insani bir üslubla ortaya qoysanız, həm hörmətlə qarşılanarsınız, həm də fikirləriniz qəbul edilər. Məsələn, bir mövzu haqqında fikir bildirirsiniz. Ancaq müsahibiniz tam əksini düşünür. Belə bir məqamda əgər siz “Mən bu məsələni başqa cür bilirdim. Sizin sözləriniz sayəsində məsələnin başqa bir cəhətini də gördüm” şəklində münasibətinizi bildirsəniz, ola bilsin həmin adam bir gün yenə yanınıza gələr və “Həmin məsələdə siz haqlıydınız” deyər. Siz də “Təşəkkür edirəm, çox insaflısınız” şəklində münasibət bildirərsiniz. Bəli, insan bir həqiqətin ehtiramla qarşılanması və qəbul edilməsi naminə, lazım gəlsə öz şəxsiyyətini, təcrübə və biliyini azca ayaqlamağı bacarmalı, ancaq Haqqın xatirini daima əziz bilməlidir. Başqa sözlə desək, ağlabatan bir fikrin qəbul olunmasını istəyiriksə, başqalarının “ağla batmayan” düşüncələrini belə öz çərçivəsində diqqətə almalı, onları xoşgörü ilə qarşılamalı və elə bir səmimi şərait hazırlamalıyıq ki, haqq və həqiqəti qəbul edə bilsinlər.
Ümumi danışmaq və pərdəni yırtmamaq
Tarix şahiddir ki, hansı sahədə olur-olsun, başqalarının fikirlərinə hörmət etməyən, qəlp pul kimi həmişə bir qırağa tullayan, “boş” sayan adam fərqinə varmadan nə qədər faydalı “dolu”ları da hədər edir. O baxımdan hər bir fikri saxta da olsa, mis, dəmir, qurğuşun da olsa, müəyyən çərçivədə hörmətlə qarşılamaq bir düstur kimi qəbul edilməlidir. Bu düstura sadiq qalsaq, həqiqətləri insanlara qəbul etdirməkdə faydalı bir yol tutmuş olarıq. Əks halda, fikir və layihələriniz nə qədər mükəmməl olur-olsun, insanların başına vura-vura, ayağına basa-basa dediyiniz sözlər heç vaxt rəğbətlə qarşılanmayacaq. Hətta dinin konkret hökmləri tənqid etdiyimiz məsələnin yanlışlığını isbat etməklə bizi haqlı çıxarsa belə, üsluba diqqət yetirməsək, əks reaksiya ilə qarşılaşmaq qaçılmaz olar. Məsələn, gördünüz ki, bir qardaşınız harama baxır. Şayəd aradakı pərdəni yırtıb: “Gör nə işlər görürsən. Bəlkə, gözlərini bir az çəkəsən?!. Günah işləyirsən axı!” deyə tənqid etməklə onu, Allah eləməsin, şeytani fikirlərin vəkilinə döndərə bilərsiniz. Xüsusilə, həmsöhbətiniz hərəkət və davranışlarının tənqid edilməsinə hazır deyilsə, hər tənqidiniz əks reaksiya doğuracaq, onda haqqa qarşı hörmətsizlik hissini oyadacaq, bəlkə də, onu dəyərlərin düşməninə çevirəcək. O, dedikləriniz doğruluğuna inansa belə, üzünə çırparaq onda əmələ gətirdiyiniz ruhi travmanın təsiri ilə batili haqq göstərmək üçün min cür fəlsəfə yürüdəcək, yatağa girib yorğanı başına çəkəndə belə aldığı tənqidlərə cavab quraşdırmaqla məşğul olacaq.
Bu baxımdan bir məsələni tənqid edəndə şəxsləri birbaşa hədəf seçməməli, dolayı yolla fikri çatdırmalıyıq. Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) qüsur görəndə və ya kiminsə səhvinə şahid olanda üzünə deməz, camaatı bir yerə yığıb ümumi danışar və xətası olan da özünə bir nəticə çıxarardı. Məsələn, Allah Rəsulunun (sallallahu aleyhi vəsəlləm) bir bölgəyə zəkat toplamağa göndərdiyi bir adam camaatdan yığdığı vergini təhvil verərkən: “Bunlar sizə çatacaq. Bunu da mənə hədiyyə ediblər” demişdi. Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) də minbərə çıxıb hər kəsə üz tutmuş, ümumi danışaraq, ad çəkmədən xəbərdarlıq etmişdi: “Birinizi Allahın mənə əmanət etdiyi bir işin dalınca göndərirəm. O adam da gəlib “Bunlar sizə çatacaq, bunu da mənə hədiyyə ediblər” deyir. Əgər bu adam düz deyirsə, qoy ata və ya anasının evində otursun, görək, hədiyyəsi ayağına gələcək?” (Buxari, “Əyman”, 3; Müslim, “İmarət”, 26)
Tənqidin kim tərəfindən edilməsi də əhəmiyyətlidir. Bir nəfərə nəsə izah edilməli, nəsə danışılmalıdırsa, “İllah mən deyəcəyəm” deyə israr edilməməli, bu iş həmin adamın sevdiyi bir başqa şəxsə həvalə olunmalıdır. Belə olanda tənqidlər belə, iltifat kimi qəbul edilər. Bəli, əgər sözünüz etirazla qarşılanacaqsa, geri çəkilib bu işi başqa adama həvalə etməlisiniz. Zira əsas olan həqiqəti söyləyənin kimliyi deyil, həqiqətin qəbul edilməsidir.
Yeri gəlmişkən, Həzrəti Həsən və Həzrəti Hüseyn haqqında bir rəvayət var. Bu mənqibə mötəbər hədis kitablarında yer almasa da, ibrətamiz motivləri ehtiva edir. Mənqibədə deyilir ki, bir gün Həzrəti Həsən və Həzrəti Hüseyn (radiyallahu anhum) dəstəmaz almaq istəyəndə bir qocanın ətrafa su sıçradaraq və bəzi bədən üzvlərini ala-yarımçıq yuyaraq dəstəmaz aldığını görürlər. Yüksək fərasət yiyəsi bu iki nadidə şəxs öz aralarında bir qərar verir və ona üz tutaraq xahiş edirlər ki, baxsın görək onlar dəstəmazı düzgün alır, yoxsa səhvləri var. Allah Rəsulundan və ataları Həzrəti Əlidən (r.a.) öyrəndikləri kimi Qocanın qarşısında dəstəmaz alıb “Əmi, kiminki düzgün idi?” deyirlər. Tənə, qınaq eşitməyən, səhvi üzünə vurulmayan qoca çox rahat şəkildə: “Balalarım, ikinizinki də düzdür. Sən demə, mənimki səhv imiş!” deyir. Təkrar edək, səhvin düzəldilməsində və həqiqətin göstərilməsində seçilən üslub, təqdim etmə tərzi və vasitələr (sözlər) tənqid edilən məsələnin qəbul edilməsində mühüm rola malikdir.
Tənqidə dözümlü insanlar yetişdirmək
Mühüm bir məsələ isə insanlarda tənqidə dözümü artırmaq və onlara haqqa hörmət düşüncəsini aşılamaqdır. Bu səviyyəyə yüksələn səhabələr səhvləri bir-birinə çox rahatlıqla deyirdilər və bu, onların arasında mənfi münasibətə səbəb olmurdu. Məsələn, bir gün Həzrəti Ömər (radiyallahu anh) xütbədə nikahı asanlaşdırmaq haqqında bəzi fikirlərini deyir, mehrin hər kəsin imkanına uyğun olmasının zərurliyindən söz açır və insanları mehr məsələsində çox pul istəməməyə çağırır. Əslində, onun dilə gətirdiyi bu məsələ bəzi sui-istifadə hallarının qarşısını almaqda olduqca məqsədəuyğundur. Müasir dövrdə də bəzi ictimai problemlərin həlli bu məsələyə anlayış və həssaslıqla yanaşılmasından asılıdır. Həzrəti Ömər (radiyallahu anh) bu məsələdən bəhs edərkən arxada dayanan yaşlı bir qadın aradan pərdəni çəkir və “Ya əmirəlmöminin! Bu məsələ haqda sənin bildiyin, bizim bilmədiyimiz bir ayə və ya hədis var? Çünki Qurani-Kərim:
“وَإِنْ أَرَدْتُمُ اسْتِبْدَالَ زَوْجٍ مَكَانَ زَوْجٍ وَآَتَيْتُمْ إِحْدَاهُنَّ قِنْطَارًا فَلَا تَأْخُذُوا مِنْهُ شَيْئًا
Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) yüklərlə mal vermiş olsanız da, ondan heç bir şey geri almayın!” (“Nisa” surəsi, 4\20) ayəsi ilə buna konkret miqdar təyin eləmir”, - deyir.
O dövrdə dünyanın iki hegemon dövlətinə diz çökdürən, iyirmi Türkiyə boyda bir dövlətin başında dayanan yer üzünün xəlifəsi qoca qarının bu sözlərini eşidib duruxur və dilindən bu sözlər tökülür: “Ya Ömər! Qoca bir qarı qədər dinindən xəbərin yoxdur.” (əl-Beyhaqi, “əs-Sünnənül-kübra”, 7\233). Bildiyiniz kimi, bu xüsusiyyətinə görə Həzrəti Ömərə (radiyallahu anh) “əl-vəqqaf indəl-haq” ünvanını vermişlər. Yəni o haqq olan yerdə - üzü enişə gedən maşının əyləcinin çəkilib qəfil dayandırılması kimi, - dərhal geri çəkilməyi bacaran bir insansdı. İnsanlara bax bu hissi aşılmaq lazımdır. Buna görə də hər kəs tənqidlərə hazır olmaq, tənqidə dözümlülük hissinə yiyələnmək üçün bir nəfərlə sözü bir yerə qoymalı, əhd bağlamalı və ona səlahiyyət verməlidir ki, hər səhv söz, davranış və hərəkətini rahatlıqla üzünə desin.
Son olaraq, müəyyən bir məsələni tənqid etmək, daha doğrusu düzəltmək istəyən adam ilk öncə həmin mövzunu ətraflı araşdırmalı, həqiqəti çatdırmaq üçün ciddi cəhd göstərməlidir. İkincisi, bir məsələni tənqid edəndə qarşı tərəfin hislərini yaxşı bilməli, buna hazır olub-olmadığını nəzərə almalıdır. Əks reaksiya alacağını bilə-bilə həqiqəti deməkdə israr etməməli və bunu bir başqasına, sözü daha təsirli olanlara həvalə etməlidir. Bəzi dövrlərə nisbətən eqoizmin baş alıb getdiyi və insanların tənqidə dözümsüzləşdiyi zəmanəmizdə bu prinsiplər yüksək əhəmiyyətə malikdir. Tənqidə məruz qalan insanlar da haqqı hər şeydən üstün tutmalı və tənqidə etirazla deyil, təşəkkürlə cavab verməlidirlər. Zira Həzrəti Pirin dediyi kimi, sənin çiynində əqrəb olduğunu xəbər verən, yəni nöqsanlarını göstərən insana ancaq təşəkkür etmək olar ki, bu da bir ağlın-kamalın nişanəsidir.
[1] “Sənəd” sözü dini istilahda “bir hədisin Rəsuli-Əkrəmdən bu günədək keçdiyi yol” mənasını verir. Sənəddə hədisi rəvayət edən ravilərin adları keçir. Sənəddə keçən ravilərin sıra ilə düzülüşü “isnad” adlandırılır. “Sənəd” və “isnad” istilahları bir-birinin yerinə də işlənir. “Sənəd” hədisin bir hissəsini təşkil edir. Hədisin digər hissəsini mətn təşkil edir.
[2] Hədis ravisinin ədalət və qavrama qabiliyyətini tənqid edərək sıradan çıxarmaq.
[3] Hədis ravisinin ədalət və qavrama qabiliyyəti baxımından etibarlılığını açıqlmaq.
[4] Hədisləri rəvayət edən ravilər, ricalül-hədis, yəni hədis ricalı. Hədis tarixində sırf hədis ravilərinə həsr olunmuş rical kitabları qələmə alınmışdır.
- tarixində yaradılmışdır.