Səfər Ədəbi
Sual: İrşad və təbliğ könüllüləri üçün hansı xüsuslar səyahəti zərurət halına gətirir? Yola çıxmağa niyyətdən səfər boyu əhvala və geri qayıdış keyfiyyətinə qədər ümumi mənada səyahət ədəbinə necə riayət edilməlidir?
Cavab: Şübhəsiz ki, səyahət dinimizi təbliğ etmə baxımından böyük əhəmiyyətə malikdir. İrşad və təbliğdəki səyahətin rolunu anlamaq üçün Əfəndilər Əfəndisinin (sallallahu əleyhi və səlləm) bu nur saçan bəyanına nəzər yetirə bilərik: O buyurur ki: "Ümmətimin səyahəti Allah yolunda cihaddır". (Əbu Davud, Cihad 6).
Bildiyimiz kimi, cihadın müxtəlif mənaları var. Bunlardan biri maddi cihaddır ki, vətən və millət düşmənləri ilə qarşı-qarşıya gəlmə, əlbəyaxa olma deməkdir. Bu cihadın bir yönüdür. Cihadın digər bir yönü isə ilayi-kəlimətullahdır. Yəni Allahın adının yayılması üçün cəhd və səy göstərməkdir. Bu mənada cihad daima keçərli və zəruri, müqəddəs bir vəzifədir. Bu, elə bir vəzifədir ki, biz dua və diləklərimizdə bir ülvi xəyal, bir məfkurə kimi həmişə onu arzulayır və mütəmadi: “Allahım! Dinin İslamın dünyanın hər yanına yayılmasını nəsib et və bizi də bu işdə vəzifələndir" deyə dua edirik. Çünki bu şərəfli yolda xidmət etmək sözün əsl mənasında şərəfdir və Allaha yaxın olmağın ən kəsə yoludur.
Həmçinin unudulmamalıdır ki, hədisi-şərifdə də ifadə buyurulduğu kimi, cihad tərk edildiyi vaxt vəhyin bərəkəti kəsilər. Belə ki, insanlar haqq və həqiqət naminə ciddi fəaliyyətlərə təşəbbüs edə bilməz, hətta teoloqların dedikləri sözlər dinlənilməz, havada qalar. Bu baxımdan da, möminlər daima ilayi-kəlimətullah naminə səy və cəhd göstərməli və hər şeyi sırf Allah rizası üçün etməli, bu işə nəfslərini əsla qatmamalılar.
Əfəndimizin (sallallahu əleyhi və səlləm) bəyanlarında cihada bərabər olan başqa bir əməl yoxdur və bu, misli-bərabəri olmayan bir əməldir. Bu xüsus Əbu Hüreyrə Həzrətlərinin rəvayət etdiyi bir hədisi-şərifdə belə izah edilir: "Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) bir gün belə bir sual verdilər: “Ey Allahın Elçisi! Allah yolunda cihada bərabər hansı əməl var?” O buyurdu ki: “(Başqa əməllə) ona gücünüz çatmaz.” Sualı verənlər ikinci və hətta üçüncü dəfə təkrar soruşdular. Rəsulullah (sallallahu əleyhi və səlləm) hər dəfə eyni cavabı verib: “(Başqa bir əməllə) ona gücünüz çatmaz,” - dedi və sonra belə əlavə etdi: “Allah yolunda cihad edən, cihad edən cihaddan qayıdana qədər dayanmadan oruc tutan, namaz qılan və Allahın ayələrini oxuyan insana bənzər.'" (Buxari, Cihad 2; Müslim, İmaret 110)
Niyyətin Ənginliyi
Yuxarıda qeyd olunanları nəzərə alaraq ümumi mənada deyə bilərik ki, bu ümmətin səyahəti daha çox cihada bağlıdır. Elə isə ömürünü irşad və təbliğə həsr etmiş həqiqət könüllüləri əvvəlcə ileyi-kəlimətullah niyyəti ilə səyahətə çıxmalı və səfərlərini İslam Dinini təbliğ etmə qayəsinə bağlamalıdırlar. Bu nöqtədə:
"Əməllər (qeyrisi deyil) ancaq niyyətlərə görədir, hər kimsənin niyyəti nə isə, əlinə keçən də o olacaq" (Buxari, Bed'ü'l-vahy 1), həqiqətini xatırlaya bilərik. İnsan bu saf niyyətlə yola çıxa bilsə, əldən gəldiyi qədər cihad vəzifəsini edər, edə bilmədiklərini də Allah (c.c.) o səmimi niyyətin hörmətinə etmiş kimi qəbul edər. Bəli, insanıq və aciz insan oğlunun hər şeyi layiqincə əda etməyə gücü çatmaya bilər. Bu səbəblə, biz, həqiqətən, bəzi boşluqlar buraxa bilərik. Lakin niyyətimiz beləcə təməldə və kökdə saf olsa, Allah (c.c.) kərəm və lütfü ilə əməlimizdə buraxdığımız boşluqları niyyətlə doldurar.
Elə qulluğun təməlində də bu incə məqam gizli deyilmi? Məsələn, deyək ki, biz altmış il yaşayırıq. Bu altmış ilin hər anını ibadətlə keçirə bilmirik. Ömürümüzün çox hissəsini yuxuda və uşaqlıq dövründə, bir hissəsi xəstəliklərlə keçir və nəticədə biz Rəbbimizə qulluğumuzu layiqincə yerinə yetirə bilmirik. Lakin Allah (c.c.) bu ömrü tamam olaraq qəbul (ibadətlə keçən ömür kimi qəbul edir) edir. Mövzu ilə bağlı bir misal verib deyə bilərik ki, bir mömin gecə yatmağa hazırlaşarkən: "Bir dincəlim ki, qalxıb səhər namazımı gümrah qıla bilim" niyyəti ilə yatağına girsə, Əfəndimizin (s.ə.s.) müjdəli bəyanları nöqteyi-nəzərindən onun hər alıb-verdiyi nəfəs də təsbeh, zikir yerinə keçər. Bəli, bu, niyyətlə boşluqları doldurmaqdır.
İndi isə əsas mövzumuza dönək. Əgər biz də başdan ileyi-kəlimətullah və Əfəndimiz (s.ə.s.) adına saf, təmiz niyyətlə yola çıxıb niyyətimizi işin axırına qədər qoruya bilsək, səyahət boyu boşluqlarımız olsa, məramımızı tam həyata keçirə, onu kamil mənada təmsil edə bilməsək də, belə inanır və ümid edirik ki, Allah (c.c.) rəhməti ilə boşluqlarımızı dolduracaqdır.
Yeri gəlmişkən, içimizi Cənabi-Haqqa qarşı minnət və şükür hisləri ilə doldurma naminə bu mövzunun başqa bir yönünə də diqqət çəkmək istəyirəm. Məsələn, deyək ki, indiki dövrdə bir mömin İslamiyyəti dövrün şərtlərinə görə təbliğ etmək məqsədi ilə bir yerdən başqa bir yerə getdi, ya birbaşa kiməsə nəsə anlatmaq və ya bir seminar vermək niyyəti ilə yola çıxdı. Belə bir səfər cihad sayıldığına görə, yol boyu onun hal-hərəkətləri, benzini, zəhməti, yorğunluğu… bütün bunlar axirətdə bu adamın savabına yazılar. Çünki hədisi-şəriflərdə də ifadə edildiyi kimi, Allah yolunda cihadda istifadə olunan heyvanların təzəyi belə o biri dünyada tərəziyə savab kimi qoyulacaq (Buxari, Cihad 46). Bu səbəblə, belə bir mömin o biri dünyada (Allahu bilir) bu sürprizlərlə qarşılanacaq: Birinci, sən o dünyada haqqı deyib, həqiqətə tərcüman oldun. İkinci, hal və hərəkətlərinlə, yəni təmsilinlə də bunu təbliğ etdin. Üçüncü, o qədər zəhmət çəkib getdiyin yerə çatdın. Dördüncü, səyahətdə filan qədər xərcə girdin. Beş, bu iş üçün vaxtını ayırdın… və bütün bunlar o tərəfdə bir yerə toplanaraq bu insana: "Sən bir deyil, beş dəfə, on dəfə cihad etdin", deyilər.
İcazənizlə "səyahətə niyyət" mövzusunu burada nöqtələyib, səyahət ədəbi ilə bağlı vacib bildiyim başqa bir məsələyə keçmək istəyirəm.
Səfərdə Dua və Əvradü-Əzkar (Vird və Zikirlər)
Əfəndimizin sünnəsinə nəzər yetirəndə yola çıxma anından miniyə minmə əsnasına, gedilən yerin uzaqdan görünməsindən bu yerə giriş vaxtına, geri dönüş yolundan ailə üzvlərinin yanına çatana qədər səfərin hər addımımın dualarla dolu olduğunu müşahidə edirik. Məsələn, səhih qaynaqlarda Peyğəmbər Əfəndimizin (s.ə.s.) səfərə çıxarkən miniyinə minincə əvvəlcə üç dəfə təkbir gətirdiyi, sonra bu ayəni oxuyub belə dua etdiyi rəvayət edilir:
"Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin nemətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı. Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!" (Zuxruf, 43/13-14). Allahım bu səfərimizdə Səndən hər cür yaxşılıq, xeyir, təqva və məmnun olacağın əməllər istəyirik. Allahım, bu səyahətimizdə bizə asanlıq ver, məsafələri bizə qısalt. Allahım səfər boyunca bizim sahibimiz, arxada qalan ailə üzvlərimizi də qoruyub nəzarət edən Sənsən. Allahım, səfərin məşəqqətindən, dərd, kədər, kefsizlikdən, mal, ailə və övladlarımın pis vəziyyətə düşməkdən Sənə sığınaram." (Müslim, Həcc 425. Üstəlik bax.: Əbu Davud, Cihad 72; Tirmizi, Daavat 45-46.)
Səhabə əfəndilərimizin (r.a.) nə gözəl insanlar idi. Məsələn, onlar səfər əsnasında şövq, həyəcan və coşqu ilə təkbir gətirir, təsbih çəkir, yüksək səslə dua edərdilər. Belə ki, İnsanlığın İftixarı Əfəndimiz (s.ə.s.) "Əsammü-qaibə səslənmirsiniz. Allah hər şeyi eşidir." (Buxari, Daavat 50, 67; Müslim, Zikr 44) buyuraraq içdən gələn bu ksəsli zikrin dəyişdirilməsi zərurətini vurğulamışdı. Bəli, onlar getdiyi yerə Allahı anaraq gedir; təsbihat, təhmidat, təkbiratla elə bil qanad açır və beləliklə, qəflətdən iraq bir həyat yaşayırdılar.
Səhabə əfəndilərimizin bu davranışının bu gün də eyni şəkildə həyata keçirilməsi, həyata həyat verilməsi zərurətini düşünürəm. Biz də bir miniyə minəndə Əfəndilər Əfəndisinin (s.ə.s.) etdiyi duaları oxuyaraq yola çıxaq və səyahətimizi qəflətə düşmədən iraq tamamlamağa çalışaq.
Səfərdə müsibətlərdən qorunmaq və səyahəti bərəkətləndirmək üçün başqa dualar da oxuna bilər. Məsələn, hər nə qədər mə'suratda (Əfəndimizdən rəvayət edilən dualar) yeri olmasa da, “Ayətül-kürsi” bəlalardan qorunma naminə çox böyük mənəvi bir zireh hesab edilir. Məsələn, bir haqq dostunun miniyə minərkən yeddi dəfə “Ayətül-kürsi” oxuduğunu eşitmişdim.
Həmçinin mütəmadi oxuduğunuz, mənimsədiyiniz bir əvradü-əzkarınız varsa, səfərdə onu da oxuya bilərsiniz. Bununla, təməli dini mənbələrdə olub bilavasitə Şəriətin vəz etmədiyi məsələləri nəzərdə tuturuq. Məsələn:
"Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu–deyin!)" (Əhzab, 33/56) ayəsində əmr olunan səlat və salamın təməli dində var. Ancaq bəzən, məsələn, Səlati-Təfriciyəni oxuyaraq da Əfəndimizə (s.ə.s.) səlat və salam gətirə bilərsiniz. Gedəcəyiniz yerə qədər min, qayıdanda da min oxuyar; bir başqa vaxt da bu formada oxuyub 4444 sayını tamamlaya bilərsiniz. Eyni şəkildə yolda İbn Bəşişin səlat və salamını; “Dəlailun-nur” və ya “Dəlailul-hayrat”da əksini tapan səlat və salamları oxuya bilərsiniz. Və ya Muhamməd ümmətinin zəfər çalması, insanların axın-axın İslama girməsi üçün daim oxuduğunuz “Nəsr” surəsini, yeri gələndə əbcəd sayını da tapıb o sayıya görə səfərdə oxuya bilərsiniz və beləcə boşboğazlıqdan xilas olmuş olarsınız.
Səyahət əsnasında boşboğazlıq bəlasına düşməmək üçün edə biləcəyimiz son iş bir ilahi dinləməkdir, zənnimcə. Bəli, dünyəvi-üxrəvi faydası olmayan, dinimizlə bağlı olmayan bir mövzuda danışmaq, Quran ya da ilahidən xaric nəsə dinləməklə zehni doldurmaq, heç kim inciməsin, icazənizlə, mən bunların hamısını boşboğazlıq adlandırıram. Çünki əgər Allahın adını könüllərə nəqş etmə naminə yola çıxmışıqsa, bu yol bu şəkildə nurlandırılmalıdır. Yol bu şəkildə nurlandırılarkən biz də nurlanacağıq və bu bizim mahiyyətimizə, heykəlimizə əks edəcəkdir. Nə bilmək olar, bəlkə də Allah (c.c.) getdiyimiz yerdə müvəffəqiyyəti bu əhval-ruhiyyə ilə səyahət etməyimizə bağlamışıdır.
Əhval-Ruhiyyəni Qorumaq və Laübaliliyə Girməmək
Yol gedərkən laübaliliyə girməmək, işin ruhunu qorumaq üçün həqiqətən çox böyük məna kəsb edir. Bəzən təbii olaraq ciddiyyət tələb edən bu cür müsbət fəaliyyətlərdə belə laübalilik ola bilər. Məsələn, tənbəllik edər, utanmazlıq sayıla biləcək qədər kresloya yayılsanız, belə bir əhval-ruhiyyə ilə qsürəti artırsanız, üstəlik nəfsə xoş gələn nəsə açıb dinləsəniz, Allah qorusun, ruhunuzu öldürərsiniz. Hətta tənbeh mahiyyətində, Allah qorusun, başımıza bir müsibət də gələ bilər və tənbeh mənasında belə bir xitaba məruz qala bilərik: "Allahı, Peyğəmbəri təbliğ etməyə gedərkən belə ali və müqəddəs bir işin bir müqəddiməsi olmalı deyilmi?"
Elə isə irşad və təbliğ kimi ülvi bir vəzifənin təməli möhkəm olmalı və onu sağlam zəmin üzərinə oturtmalıyıq. "Allahım, məni nəfsim adına danışdırma, gözə girmək üçün boşboğazlıq etməyimə izn vermə!" deyərək nəfsmizi sorğuya çəkib, ürəyimiz titrəyə-titrəyə gedəcəyimiz yerə getməliyik. Bir daha qeyd edim ki, yolda mənən dolmalıyıq ki, getdiyimiz yerdə də irşad naminə haqq və həqiqət adına boşala bilək.
Səyahət əsnasında diqqət tələb edən bir başqa məsələ də imkan daxilində yolda görəcəyimiz işlərin müzakirəsini etməkdir. Məsələn, gedilən yerin kültürü müzakirə edilə bilər. Çünki gedəcəyimiz yerin insanları nəticə etibarilə o kültürün övladlarıdır. "Görəsən, onlara nə anlatmalı, haradan başlayıb, nəyi, necə təqdim etməliyik?" və s. məsələlərin müzakirəsi aparıla bilər. Beləcə, ünvana hazır halda getmiş olarıq.
Sözün qısası, yuxarıda qeyd etdiyimiz xüsuslara riayət edə bildiyimiz nisbətdə bir yandan Rəbbimizlə möhkəm əlaqədə, Onunla münasibətimizdə tam hazır şəkildə yola düşmüş; digər tərəfdən də şeytanın təsirinə açıq olan bütün mənfəzləri qapalı halda gedəcəyimiz yerə getmiş olarıq. Belə ki, xəyalımıza belə gələcək laübaliliyə qarşı qərarlı davranıb və bizə yad olan şeylərin zehnimizə girməsinə imkan vermədən: "Bihudə yorulma, qapılar sürməlidir," deməliyik, çünki qərəz və nəfsanilikdən uzaqlıq bu yolu tamamlayan ünsürlərindəndir.
- tarixində yaradılmışdır.