Şəfaət, Ya Rəsulallah!..
Sual: "Şəfaətim ümmətimdən böyük günah işləyənlərədir (əhli-kəbairədir)", hədisini necə anlamalıyıq? Böyük günahlar hansılardır? "Əhli-kəbair"ə kimlər daxildir?
Cavab: Şəfaət sözünün lüğəvi mənası bir insanın bağışlanması üçün vasitəçi olmaq, birindən üçüncü bir şəxsə yaxşılıq etməsini istəmək, bir ehtiyacı olanın ehtiyacını ödəmək üçün onun önünə düşərək səlahiyyətli mövqeyə çıxıb müşkülün həlli üçün xahiş etməkdir. Termin baxımından isə, Peyğəmbərlər, siddiqlər, şəhidlər, elm və biliyi ilə əməl edən ixlaslı alimlər və kamil möminlər kimi Allah dərgahında müəyyən məqama yüksəlmiş Haqq dostlarının axirətdə bəzi günahkar möminlərin bağışlanmaları və bəzi saleh qulların da daha yüksək mərtəbələrə ucalmaları üçün Allah-Təalaya yalvarmaları, dua etmələri və beləcə Cənabi-Haqqın izni ilə onların əbədi səadətlərinə vəsilə olmaları deməkdir.
Şəfaəti-Uzma (böyük şəfaət) Sahibi
Axirətdə Nəbilər, övliyalar, əsfiyalar və şəhidlər dərəcələrinə görə Cənabi-Haqqın onlara bəxş etdiyi səviyyədə şəfaətə vəsilə (şəfaətçi) olacaqlar. Ancaq bu mövzuda da yenə İnsanlığın İftixarı Əfəndimiz (s.ə.s.) ən yüksək zirvədə olacaq. Çünki hər Nəbi ona bəxş edilən bir dəfəyə məxsus sərhədsiz tələb (şəfaət) haqqını dünyada istifadə edərkən, böyük fətanət (yüksək zəkalılıq,iti qavrama) sahibi Əfəndimiz (s.ə.s.) bunu axirətə saxlamışdır. O gün hər kəs öz dərdinə çarə axtararkən, Rəsulü-Əkrəm Əfəndimiz (s.ə.s.): "Ümməti, ümməti!..", -deyə inləyəcək və Ona az da olsa, bağlı olan hər kəsin qurtuluşunu Allahdan diləyəcək.
Müşfiq Nəbi (s.ə.s.) məhşərin və hesabın dözülməz dəhşəti və şiddətli çətinliklərində kömək axtaran insanların müraciətlərini nəzərə alaraq mühakimə və hesabın asan olması üçün Allah-Təalaya yalvaracaq; "Şəfaəti-Uzma" və "Məqami-Mahmud"un Sahibi ünvanı ilə imandan nəsibi olan hər kəsin imdadına qaçacaq. Allah Rəsulu (s.ə.s.) insanların pərişan və dərbədər olduqları, lakin onların xilas olmağa bir vəsilə tapa bilmədikləri məqamda bütün insanlığı qucaqlayan şəfqəti ilə dada yetişəcək və "ən böyük şəfaət" mənasına gələn "şəfaəti-uzma"sı ilə bir çox insanın əlindən tutacaq.
Axirət, məhşər və şəfaətdən söz açılan bir məclisdə Həbibi-Əkrəm Əfəndimiz (s.ə.s.) həm şəfqətinin ənginliyini və genişliyini ifadə etmək, həm də günahkarların ümidsizliyə qapılmalarına yol verməmək və onları tövbəyə istiqamətləndirmək üçün: "Şəfaəti liəhlil-kəbairi min ümməti-Mənim şəfaətim ümmətimdən böyük günah işləyənlərədir",- buyurmuşdur.
Bəli, mütəmadi olaraq böyük günah işləməməklə birlikdə, qəflət anında kəbairdən birinə, ya da bir neçəsinə düşmüş, lakin vaxt keçirmədən dərhal Allaha təvəccöh etmiş və günahın peşmançılığını həmişə içində duymuş insanlar da axirətdə şəfaətə nail olacaqlar. Əgər öz saleh əməlləri və Haqq dostlarının kömək üçün uzanan əlləri belə insanların qurtuluşlarına kifayət etməsə, Rəsulü-Əkrəm Əfəndimiz (s.ə.s.) "şəfaəti-kübra"sı ilə onların imdadına çatacaq; əsas odur ki, günahlardan qəlbləri tamamilə möhürlənmiş və axirətə imansız getmiş olmasınlar!..
Ən Böyük Günahlar
Bu hədisdə əksini tapan "kəbair" sözü "böyük günahlar" deməkdir(onun tək forması isə "kəbirə"dir).Beləliklə, əhli-kəbair "böyük günah işləmiş insanlar" mənasına gəlir. Böyük və dəhşətli bir cinayət olduğu Kitab, Sünnə və ya icma ilə sabit olan, hədd cəzasını zəruri edən və bu günaha düşənin axirətdə də cəzalandırılacağı bildirilən əməllərə "böyük günah" deyilir.
Rəsulü-Əkrəm Əfəndimiz (s.ə.s.) müxtəlif səbəblərlə böyük günahlara diqqət yönəltmiş, həmsöhbətlərinin xüsusi hallarına görə, bəzən üç, bəzən beş, bəzən də yeddi kəbairi sıralayaraq, bunlara qarşı ümmətinə xəbərdarlıq etmişdir. Rəhbəri-Əkməl Əfəndimiz (s.ə.s.) bəzi günahlar haqqında "əkbərül-kəbair" ifadəsini işlətmiş, onların "böyük günahların ən böyüyü" olduğunu ifadə etmişdir. Bir dəfə: "Böyük günahların ən böyüyünü sizə bildirimmi?"- dedikdən sonra: "Allaha şərik qoşmaq, ana-ataya qarşı üsyankar olmaq", -deyərək, sadəcə ilk ikisini saya bilmiş, bu cinayətlərin çirkinliyinin təəssüratından ayaq üstə dura bilməyəcək hala gəlib oturmuş və sözlərinə belə davam etmişdi: "Ələ və kavluzzur!.. Ələ və şəhadətüzzur!.." Allah Rəsulu: "Baxın, sizi xəbərdar edirəm, diqqət edin, ağlınızı başınıza yığın və özünüzə gəlin; o məhvedici günahlardan biri də yalan yerə şahidlikdir, yalandan şahidlik etməyin!.." sözünü o qədər təkrar etmişdi ki, Onun iztirabını görən Əshabi-kiram: "Kaş ki, sükut etsə!.." deməkdən özünü saxlaya bilməmişdi.
Kainatın Fəxri Əfəndimiz (s.ə.s.) müxtəlif zaman və məkanlarda böyük günahlara üç, beş, yeddi sayı ilə sərhəd qoyduğuna görə, sələfi-salehin kəbairin sayı barədə fərqli görüşlər bəyan etmişlər. Alimlərin əksəriyyəti hədislərdə sayılan maddələrin hasr (məhdudlaşdırma) ifadə etmədiyini söyləmiş; "böyük günah" tərifinə əsaslanaraq, dinin əsas mənbələrində qınama və cəzalandırma xəbərdarlığı olan günahların hamısını bu kateqoriyada qiymətləndirmişlər. Məsələn, İmam Zəhəbi yetmiş altı kəbirədən bəhs edir. Allaha şirk qoşmaq, ana-ataya üsyan etmək, haqsız yerə adam öldürmək, iffətli insanlara böhtan atmaq, fahişəlik etmək, mücahidə günü cəbhədən qaçmaq, sehrbazlıqla məşğul olmaq, yetimin malını yemək, qumar oynamaq, sərxoş edici və uyuşdurucu maddələrdən istifadə etmək, yalan yerə şahidlik etmək və dinə zərər verəcək bidətlərə tərəfdar olmaq kimi cinayətlər böyük günahlardan bəziləridir.
Əhli-Sünnə etiqadına görə, mütləq şirk xaricində böyük günah işləyənlər dindən çıxmış olmazlar və Cəhənnəmdə əbədi olaraq qalmazlar. Böyük günahlarından tövbə etmədən ölsələr də, imanla axirətə imanla gedəcəkləri təqdirdə Allah-Təala fəzli-kərəmi ilə diləsə,onları da bağışlayar, ya da ədalətlə onlara Cəhənnəm əzabını müvəqqəti daddırar.
Əhəmiyyətsiz Hesab Edildikcə Böyüyən Günahlar
Qurani-Kərimdə: "(O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər…" (Nəcm, 53/32) ayəsi kimi böyük-kiçik günah ayrımına, "kəbirə" ilə "ləməm" fərqinə işarə edən bəyanlar mövcuddur. Ləməm, kəbirənin sahə və ya tərifi xaricində qalan, israrlı və davamlı olmadan edilən kiçik günahlardır; mütləq cəzası (hədd cəzası) olmayan və bu günahları işləyənin Cəhənnəm atəşi ilə hədələnməsinə səbəb olmayan mənfiliklərdir. Belə ki, bu cür qadağaların xaricinə çıxmalar barədə mütləq cəzanın, ya da Cəhənnəm atəşi kimi hədələyici bəzi ünsürlərin olmaması insanı aldatmamalıdır. Çünki kiçik görüb əhəmiyyət verməmək, günaha girə-girə vərdiş edərək, tamamilə qəflətə dalmaq və mənfilikləri işləməkdə israrlı olmaq kimi səbəblərlə ən kiçik üsyan çuxurları belə, dəhşətli,məhvedici uçurumlara çevrilə bilər.
Məsələn, bir insanı alçaltmaq və qaş-gözlə ona lağ etmək zahirən kiçik bir günah sayılır. Əgər insan səhvən belə bir günaha girər, lakin dərhal qəbahətini anlayıb istiğfar edərsə (Allahdan əfv dilərsə), bu mənfilik "ləməm" olaraq qalar, lakin günah işləməkdə israr edər və onu fitrəti (xasiyyəti) halına gətirərsə, artıq o qəbahət kəbirəyə (böyük günaha) çevrilər. Necə ki, Qurani-Kərimdə: "(Arxada) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına (veyl olsun)!" (Huməzə,104/1) buyurulur, insanların arxasınca danışan, hörmətdən salan, qaş-göz hərəkətləri ilə onlarla əylənənlər qınanılır. "Veyl" həm "vay halına" mənasına gəlir, həm də Cəhənnəmin ən dərin dərəsinin adıdır. Başqa sözlə, möminləri ayıblayan və əl, qaş-göz işarələri ilə onlara lağ edənlər bu günahda israr edib-etməmələrinə və tövbə ilə təmizlənib-təmizlənməmələrinə görə: "vay halına" qınağından tutmuş Cəhənnəm əzabına qədər müxtəlif cəzalara məhkum edilə bilər.
Beləliklə, qəbahətin kiçiyinə-böyüyünə baxaraq deyil, günahları işləməklə kimə qarşı olduğumuzu və Onun əzəmət və böyüklüyünü düşünüb günahlardan çəkinmək lazımdır. "Lə sağirətə məal-israr, vəla kəbiratə məal-istiğfar–İsrar edildiyi təqdirdə heç bir günah kiçik sayıla bilməyəcəyi kimi, istiğfarla məhv edilən bir günah da əsla kəbirə olaraq qala bilməz" ifadəsinə əsasən, əsas böyük günahlar israrla edilən kiçik üsyanlardır. Çünki insan bir günahın küfrə səbəb ola biləcəyini və məhvedici olduğunu bilsə, bir anlıq qəflətlə o əməli işləsə də, ağlı başına gələn kimi dərhal tövbə çeşməsinə tələsər, göz yaşları içində istiğfar edər və üsyan kirlərindən təmizlənər. Lakin "ləməm" hesab etdiyi günahlara əhəmiyyət verməsə, "axırıncı dəfə, bir dəfə də..." deyə-deyə tələyə düşər və bir daha günahlardan yaxasını qurtara bilməz.
Bəli, israrla edilən kiçik günahlar böyüyər, tövbə ediləndə isə, böyük günahlar kiçilər və bağışlanar. İnsan, ən böyük bir günaha girmiş də olsa, tezliklə səcdəyə qapanar, peşmançılıqla qıvranar, göz yaşları tökər, qəlbdən istiğfar edərsə və hələ yetmiş il sonra ağlına gələndə belə onu bir dəqiqə əvvəl etmiş kimi iztirab duyarsa, həqiqi tövbə etmiş deməkdir. Əksinə isə, əhəmiyyət vermədiyinə görə unutduğu kiçik günahlar yığılıb çoxalar, axirətdə insanın həlakına səbəb ola bilər. Bu baxımdan, günahın ən kiçiyinin belə böyük sayılması və həmişə xatırlanması, savabın isə ən böyüyünün belə çox kiçik hesab edilməsi və dərhal unudulması əsasdır.
Bir İlahi İnayət (ehasn, lütf)
İnşaallah, səhvlərini "ləməm" sərhəddində saxlaya bilənlərin tövbələri, ibadətləri və saleh əməlləri onlara şəfaətçi olacaq. Cənabi-Haqqın şərəfinə, ululuğuna və əzəmətinə toxunacaq səhvlər etməyən bəzən yol itirsələr də, əgər dərhal: "Rəbbim, Sənə qayıtdım!.." deyərək bir daha Allah-Təalaya yönəlsələr, bu tövbələri sayəsində xilas olacaqlar. Tövbə onların nicatı üçün bir səbəb sayılacaq. Bəli, kiçik qüsurları xaricində günahların böyüklərindən və hər cür çirkin əməllərdən çəkinənlər üçün istiğfarın özü bir şəfaətçidir, tövbə özü başqa bir şəfaətçidir və yenə də dua tamamilə fərqli bir şəfaətçidir.
Hələ dünyada ikən kəbair çirkabından təmizlənənlər, bəlkə də, çox kiçik yaxşılıqları hörmətinə bağışlanacaqlar. Necə ki, bəhs etdiyimiz hədisin zikr edildiyi yerlərdə belə bir əlavəsi də mövcuddur: "Bir nəfərin Cəhənnəmə atılması üçün əmr verilir. O atəşə doğru gedərkən, quraqlıq vaxtı su vermiş olduğu bir nəfəri görür, onu tanıyır və: "Mənim üçün şəfaət etməyəcəksənmi?"- deyir. O şəxs: "Sən kimsən?", -deyə soruşanda həmsöhbəti: "Filan gün sənə su içirmədimmi?"- cavabını verir. Bu sözdən sonra o yoldaşını tanıyır və İlahi dərgahda onun üçün şəfaətə vəsilə olur. Beləcə, Cəhənnəmə aparılan adam Cənnətə göndərilir."
Buna görə də, hər ibadət və hər yaxşılıq bir şəfaətçidir; namaz bir şəfaətçidir, oruc bir şəfaətçidir, həcc bir şəfaətçidir. Böyük günahlarla axirətə getməyənlərə bu hasənədən(xeyirli əməllərdən) biri, ya da bir neçəsi şəfaət edəcək. Az da olsa sədəqə şəfaətçidir, gözəl bir söz şəfaətçidir, yoldakı bir maneəni aradan qaldırmaq şəfaətçidir və bir heyvana mərhəmət göstərmək şəfaətçidir. Cənabi-Haqq bəzilərini də bunlardan biri ilə bağışlayacaq. Axirətdə bəzilərinə İlahi Bəyan, bəzilərinə xidməti-Quran və bəzilərinə də azan şəfaətçi olacaq. Bəzi ana-atalar haməleyi-Quran(Quran həqiqətlərini tanıdan və yayan insanlar) olan övladları sayəsində, bəziləri yetkinliyə çatmadan vəfat etmiş uşaqları vasitəsilə və hətta bəziləri də düşürdükləri körpələri səbəbilə qurtuluşa nail olacaqlar.
Bundan başqa, Allah-Təala bəzi qullarına da şəfaət etmə haqqı vermişdir; insan bu haqqı küfr və dəlalətlə çürütməsə, Allah-Təala, rəhmətinin təcəllisi olaraq verdiyi o lütfü-ehsanı geri almayacaq. Beləliklə də, nəbilər, övliyalar, əsfiyalar və şəhidlərdən ibarət çox böyük bir təbəqə onlarla dünyada münasibət quran,onlara bağlı olan, onlara məhəbbət bəsləyən və vəfa göstərən möminlərə şəfaət edəcəklər. İmanlı ölməklə yanaşı, böyük günahların yükünü çiynindən ata bilməmiş kəslər, əgər yuxarıda sayılan şəfaətçilərdən heç birinin ətəyindən tuta bilməsə, bax o zaman da Şəfaətı-Uzma və Məqamı-Mahmudun sahibi Müşfiq Nəbi (s.ə.s.) Allahın izni ilə "İndi isə növbə mənimdir!.." deyəcək, imanın, Allaha məhəbbətin və Onunla münasibətin hörmətinə əhli-kəbairə əl uzadacaq.
- tarixində yaradılmışdır.