Quran və elmi kəşflər
Sual: Yeni elmi kəşflər və icadlardan dərhal sonra Quranda bu nailiyyətlər haqda bəzi işarələr olduğunu deyirlər. Bu baxımdan tədqiqatçıların Quranda mövcud elmi həqiqətlərə münasibəti necə olmalıdır? Bu kimi ayələr, xüsusilə də, dəqiq elmlər sahəsində çalışanlara nə deyir?
Cavab: Quran və kainat Cənabi-Allahın iki ayrı kitabıdır. Bu səbəbdən onların bir-birinə zidd olması mümkünsüzdür. Bəli, Cənabi-Allahın kəlam sifətindən gələn Qurani-Möcüzül-Bəyan Onun qüdrət sifətinin təcəllisi olan bu əzəmətli kainat kitabının əzəli tərcümanı, şərh edən dili və bir açıq-aşkar dəlili, bürhanıdır. Quran kainat kitabını şərh etməkdə və işıqlandırmaqdadır. Başqa şəkildə desək, Qurani-Kərim təkvini əmrləri, ilahi sirləri və ilahi icraatı bəyan etməkdədir.
Kainatı şərh və təfsir etdiyinə görə də haqq ilə batili bir-birindən ayıran o şanı uca kitabda kainatdakı hadisələri araşdıran bəzi elm sahələrinə işarələr vardır. Məhz buna görə də erkən dövrlərdən bəri iman, ibadət və əxlaq mövzularının yer aldığı ayələrlə yanaşı, elmi həqiqətlərə işarə edən ayələrin şərh və təfsiri ətrafında da müxtəlif mülahizələr dilə gətirilmişdir. Məsələn, hicri IV əsrin sonlarında yaşamış İbn Cərir ət-Təbəri həzrətlərinin bəzi ayələrin təfsiri ilə bağlı irəli sürdüyü fikirlərə baxsaq, bu təfsir və şərhlərin müasir elmi təsbitlərə yaxın olduğunu görərik. Bəli, bu böyük təfsir aliminin on bir əsr əvvəl irəli sürdüyü fikirlər və verdiyi şərhlər dövrünün elmi səviyyəsini çox geridə qoymuşdur. Məsələn o, “Biz yüklü külək göndərdik” (“Hicr” surəsi, 15/22) ayəsinin təfsirində küləklərin bitkiləri tozlandırmasından bəhs edir. Ən maraqlısı da odur ki, bu ayənin küləklərin buludları “tozlandırmasına” və beləcə yağış əmələ gətirməsinə işarə etdiyini bildirmişdir. Halbuki onun zamanında elm aləmi buludların müsbət-mənfi yüklərə malik olmasından xəbərsiz idi.
Təkcə İbn Cərir həzrətləri deyil, başqa təfsirçilər də təkvini əmrlərdən bəhs edən ayələr haqda bir çox maraqlı izah və təsbitlər ortaya qoymuşlar. Halbuki, son bir-iki əsrədək bu məsələ müstəqil bir elm sahəsi kimi araşdırılmamışdır.
Dövrümüzə gəldikdə isə, Quranda yer verilən elmi məsələləri, bir az da pozitivist anlayışın təsiri altında daha ətraflı araşdırmaya başlamışlar. Məsələn, Qurani-Kərimi “Yusuf” surəsinə qədər təfsir edən və bu araşdırmasını on beş cilddə nəşr etdirən Məhəmməd Əbdüh elmi həqiqətlərə aid ayələrlə bağlı bəzi müasir şərhlər vermişdir. Onun istedadlı tələbələrindən Rəşid Rza da həmin təfsirin bəzi yerlərini təshih etmiş, qalan surələrin təfsirini də özü tamamlamışdır. Lakin bu təfsirdə əhli-sünnə vəl-camaatın ənənəvi təfsir anlayışına zidd şərhlər də vardır. Məsələn, “Fil” surəsində keçən, “(Rəbbin) onları (həşərat) yemiş əkin yarpağına döndərdi!” (“Fil” surəsi, 105/5) ayəsinin təfsirində müfəssir yazır ki, Əbrəhənin ordusu quşların atdıqları mikroblardan "cüdəri", yəni çiçək xəstəliyinə tutularaq həlak oldular. Halbuki ayə istiarə ilə (bədii təsvir vasitəsilə) quşların atdığı daşların əsgərləri həşəratın yediyi yarpaqlar kimi dəlik-deşik etməsindən danışır.
Bu təfsirin nəşrindən qısa müddət sonra Tantavi Cövhəri “əl-Cəvahir” adlı təfsir qələmə alaraq elmə dair Quran ayələrini elmi-texniki sahələrin inkişafı fonunda təfsir etmişdir. Təfsirin bəzi yerləri istənilən səviyyədə olmasa da, Cövhəri bir çox ayəni müasir elmi inkişaf müstəvisində izah etməyə çalışmışdır. Buna baxmayaraq təfsir mütəxəssisləri bu əsəri təfsirdən çox ensiklopediya kimi xarakterizə etmişlər. Mərhum Səid Həvvanın da bu sahədə fəaliyyətləri olmuşdur. Nəticə etibarilə, yaxın dövrdə bir çox alimin cəhd və səyi nəticəsində bu istiqamətdə yeni bir cığır açılmış, istər ölkəmizdə, istərsə də Ərəb dünyasında elmi təfsir sahəsində xeyli araşdırma aparılmışdır. Məsələn, xeyli vaxtdır Səudiyyə Ərəbistanın kanallarından izlədiyim Zəğlulun-Nəccar bu sahədə mühüm işlər görmüşdür. Bu qiymətli alim həm Qurana dərindən vaqifdir, həm öz sahəsini mükəmməl bilir, həm də işlədiyi mövzuları hərtərəfli araşdırmağı bacarır.
Həzrəti Ustada gəlincə, o, əsərlərində bu mövzunun təfərrüatına girməmiş, Hz. Musanın əsasını daşa vuraraq su çıxarması və ya Hz. Süleymanın Bəlqisin taxtını gətirtməsi kimi o dövrdə tənqidlərə hədəf olan bəzi ayələrin izahını verməklə kifayətlənmişdir. Ancaq o, peyğəmbər möcüzələrinin fonunda ortaya qoyulan elmi həqiqətlərin bugünədək əlçatmaz olduğuna və insanları araşdırmaya təşviq etdiyinə işarə etmişdir ki, fikrimcə bu, mühüm bir təsbit və yanaşmadır.
Elmi kəşflər və Qurandakı yeri
Qurani-Kərimdə elmi kəşf və icadlara nə qədər yer verilməsinə gəlincə, Hz. Pirin yanaşması ilə desək, Qurani-Kərimin ümumi məqsədində elmi kəşflərin yeri nə qədərdirsə, ayələrdə də o qədər təmas edilmişdir. Qurani-Kərimə ümumi bir nəzərlə baxsaq, onun ilk öncə iman və İslamın əsaslarını bəyan edərək axirət səadətinə aparan yolları göstərdiyini görərik. O, eyni zamanda fərd, ailə və cəmiyyətlə bağlı lazımi islahatlar apararaq insana dünya səadətini də vəd edir. Başqa sözlə desək, Qurani-Kərim insanın həm dünya, həm də axirət xoşbəxtliyi üçün zəruri olan həyati məsələlərə üstünlük vermişdir. Mövzuya bu çərçivədə baxsaq, görərik ki, Quranda əksini tapan elmi kəşf və ixtiralara dair məsələlər dünya və üqba səadətinin təmini baxımından həyati əhəmiyyətli mövzularla müqayisədə ikinci dərəcəli yer tutur. Üstəlik Qurani-Kərim sırf elm adamlarına aid bir kitab deyildir. Əksinə o, bütün insanlara xitab etməkdədir. Dolayısilə, mahiyyət etibarilə hər kəsə xitab etdiyi kimi, üslubu da əksəriyyətin dünyagörüşünə uyğundur. Əgər Qurani-Kərim məsələləri toplumun heç beş faizini də təşkil etməyən elm adamlarının səviyyəsinə uyğun çatdırsaydı, bəşəriyyətin doxsan beş faizi ondan faydalana bilməzdi.
Natamamlıq kompleksi və mürəkkəb şərhlər
Digər tərəfdən bir qisim elmi həqiqətlərdən bəhs edən ayələri şərh edərkən məsələni mürəkkəbləşdirmək, təmtəraqlı, fantastik fikirlər irəli sürmək, “mütləq elmi şərh verməliyəm” düşüncəsi ilə əlaqəsi olmayan məsələləri Qurana istinad etmək də düzgün deyil. Üstəlik Qurani-Kərimi dəqiq elmlərin sınağından keçirməyə cəhd etmək Kəlamullaha böyük hörmətsizlikdir. Bəli, elmi-texniki məsələləri əsl həqiqət kimi götürərək Quran təfsirini ona uyğunlaşdırmağa, nəssin prinsiplərini pozaraq hər bir elmi kəşf və nailiyyəti ayələrlə əsaslandırmağa çalışmaq İlahi bəyana qarşı hörmətsiz yanaşmadır.
Üstəlik, Qurani-Kərimin müxtəlif elmi məsələlərə təmas etməsi onun spesifik üslubu ilə bağlıdır. Onun özünəməxsus üslubu həm o dövrün insanına, həm də elm və texnikanın xeyli inkişaf etdiyi müasir əsrin anlayışına xitab etir. Başqa sözlə, ogünkü insanların anlayış səviyyəsinə uyğun nazil olan Quranın ayələri ilə bu günün elmi həqiqətləri arasında bir ziddiyyət yoxdur. Məsələn, Qurani-Kərim “Həcc”, “Muminun” və “Mursəlat” surələrində açıq-aşkar dölün ana bətnindəki inkişaf mərhələlərindən bəhs edir. Bu ayələri o dövrün insanları oxuyub, anlayıb öz idrak səviyyəsinə görə yararlandığı kimi, müasir ginekoloqlar da Quranın özünəxas üslubu ilə müxtəsər şəkildə bəyan etdiyi bu həqiqətlər qarşısında heyrətlərini gizlədə bilmirlər.
Bir məsələni də diqqətə çatdırmağı vacib bilirəm. Ayə və hədisləri elmi-texniki inkişaf işığında şərh və təfsir edərkən həmişə alternativ fikirləri də nəzərə almaq, ayələrin başqa mənalara da gəlmə ehtimalını hesaba qatmaq və məsələni birdəfəlik kəsib atmamaq lazımdır. Xüsusən də, yeni bir sahə və yeni bir mövzuda araşdırma aparılırsa, məsələ dəqiqləşmədən ayələrin şərhi ilə bağlı qəti hökm vermək ciddi səhvlərə yol aça bilər. Üstəlik, keçmişdə təfsir sahəsində görülən işlərə, aparılan araşdırmalara mütləq baş vurmalı və mövzu ilə bağlı bütün əsas qaynaqların nə dediyinə baxılmalıdır.
Bir məqama da təmas etmək faydalı olacaq: Təfsirlə məşğul olan bir ilahiyyatçı ilk növbədə öz sahəsini çox yaxşı bilməlidir. Məsələn, ərəb dilininin spesifik xüsusiyyətlərini və qaydalarını yaxşı bilməli, o cümlədən təfsir, hədis, fiqh, üsuli-təfsir, usuli-din kimi elmlərə də vaqif olmalıdır. Bununla yanaşı, dəqiq elmləri bilməlidir ki, elmi məsələlərə dair ayələrdə keçən sözləri anlaya bilsin. Digər tərəfdən, dəqiq elmlərlə məşğul olan bir tədqiqatçı da eyni şəkildə öz sahəsinə dərindən bələd olmaqla yanaşı, düzgün nəticələr əldə etmək üçün ensiklopedik səviyyədə də olsa, dini elmlərdən başı çıxmalıdır. Təəssüflər olsun ki, bu gün bu iki elm fərqli yollarla irəliləyir. Baxırsan ki, bir tərəfdə dəqiq elmlər sahəsinin bir mütəxəssisi öz sahəsində başını alıb gedir, amma dindən elə də xəbəri yoxdur. "Xəbəri yoxdur" deyəndə bunu nəzərə alıram: elmihal səviyyəsində məlumatlı olmaq dini bilmək demək deyildir. Hətta Buxarini əzbərləmək belə, dini bilmək demək deyil. Qurani-Kərimi başdan ayağa əzbərləmək də kifayət eləmir. Çünki Quran və hədisi əzbərləməklə yanaşı, ilahi məqsədi düzgün anlamaq üçün üsul elmlərini də bilmək lazımdır.
Kəşf aşiqi imanlı könüllər
Bu gün Qərb dünyası dəqiq elmlər sahəsində apardığı araşdırmalarla varlıq aləmini, hadisələri ələk-vələk edir. Onların araşdırma cəsarətinə, səylərinə heyran olmamaq mümkün deyil. Ancaq onlar Allahı (cəllə cəlaluhu) və Peyğəmbərimizi (s.ə.s.) tanımadıqlarına görə, hər şeyi maddi meyarlar çərçivəsində izah edirlər. Bu səbəbdən qurduqları sistemlər gedib ya materializmə, ya pozitivizmə, yaxud da naturalizmə çıxır. Başqa sözlə, hər şeyi maddədə görən bu sistemlər nəyi, nə qədər əhatə edirsə, qərbli tədqiqatçının dünyagörüşü də o məhdud çərçivədə “var-gəl edir”.
Elm və fəlsəfə tarixi üzrə tədqiqatçılarının da təkidlə dilə gətirdiyi kimi, bizim intibah dövrümüzdə, yəni hicri V əsrə qədər müsəlman alimləri elm sahəsində nəhəng işlər görmüşlər. Bəli, Qərbdə bu cür məsələlərin ağıla gətirmədiyi bir dövrdə müsəlman alimləri tibb, həndəsə, astronomiya sahələrində dərin tədqiqat işləri aparmış, yeni kəşflər ortaya qoymuşlar. Amma təəssüf ki, biz hicri V əsrdən sonra, yəni təxminən on əsr əvvəl bu işi həmin yerdəcə buraxdıq, qərblilər bu bayrağı götürüb daha da irəli apardılar. Beləcə, dəqiq elmlərə aid müasir sistemin bünövrəsini qoydular. Sistemi öz əsasları ilə qurduqlarına görə, əşya və hadisələri də öz dünyagörüşlərinə uyğun izah edirlər. Halbuki həqiqətin dərkində mücərrəd ağılın müəyyən sərhədi vardır. İnsan ağılla ancaq müəyyən yerə qədər gedə bilər və araşdırdığı məsələlərə ancaq müəyyən qədər aydınlıq gətirə bilər. Elə məsələlər var ki, vəhyin süzgəcindən keçmədən anlaşılması mümkünsüzdür, o sahədə son nöqtəni vəhy qoymalıdır.
Elə isə bu gün bir daha fizika ilə yanaşı, ruh və metafizikanı da nəzərə almaq, bu müvazi özül üzərində elm və tədqiqat sistemi bina etmək lazımdır. Məhz o zaman teleskop, mikroskop və ya ultrabənövşəyi şüalarla tədqiq etdiyiniz əşyanı doğru görüb doğru qiymətləndirə bilərsiniz. Bu sözlərim "Qərblilərin ortaya qoyduqları hər şey səhvdir" kimi başa düşülməməlidir. Çünki ağılın da bir hikməti var və onun əsasında nə qədər həqiqətlər ortaya qoyulmuşdur. Ancaq son əsrlərdə təkcə maddəni (materiyanı) əsas götürən bütün nəzəriyyələr təkrar gözdən keçirilməli, doğru yanlışdan ayrılmalıdır. Bu da dəqiq elmlərin bir daha Qurani-Kərim müstəvisində, əqidəmiz çərçivəsində tədqiq edilməsindən asılıdır. Bunu da ancaq Quranı düzgün anlayan insanlar bacaracaqdır.
Bəziləri elmin “transfer edilib” islamlaşdırılmasından danışır. Məncə, bu, əmanət geyinilən köynək kimi, nəticəsiz və nöqsanlı bir təşəbbüsdür. Bunun yerinə, məsələləri əsas dinamikləri ilə götürməli, mövcud elmlər bir daha əqli-səlim, hissi-səlim və xəbəri-mütəvatir (İslamiyyətdə elmin kriteriləri) süzgəcindən keçirməli və bu kriterilər çərçivəsində öz doğrularımızı ortaya qoymalıyıq. Bu da həqiqətə, elmə və kəşfə aşiq insanlar yetişdirməkdən asılıdır.
Əgər müasir insanın anlayışına uyğun həqiqi bir təfsir yazmaq istəyirsinizsə, ilk növbədə bütün elm sahələrinin mütəxəssislərindən ibarət heyət qurmalısınız. Bu heyət məsələləri ilk öncə birlikdə müzakirə etməli, üsuli-təfsir və usuli-din kriterilərinə görə nəyin doğru, nəyin yanlış olduğunu ortaya qoymalı və ancaq bu cür kollektiv şüurun rəyini alan təfsir və şərhlər yazıya alınmalıdır. Həm islami elmlərə, həm də dəqiq elmlərə dərindən bələd olan mütəxəssislərdən ibarət belə bir heyət qurularsa, Allahın izni və inayəti ilə, fantaziya və uydurma şərhlərə yol verilməz. Ümid edirik ki, qəlbi imanla dolu müasir elm adamları bütün təcrübələrini birləşdirərək təfsir sahəsində öz sözlərini deyəcək və beləcə çağdaş müsəlmanların uca kitabımız Qurani-Kərimə sədaqət və vəfasını ortaya qoyacaqlar.
- tarixində yaradılmışdır.