Münafiq

Sual: Rəvayətlərə görə: "Möminlərlə birlikdə olaq, qənimət alsaq, nə yaxşı, almasaq, geri dönərik" deyən iki nəfər haqqında nazil olan وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللّٰهَ عَلَى حَرْفٍ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انْقَلَبَ عَلَى وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْاٰخِرَةَ ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ “İnsanlardan eləsi də vardır ki, Allaha şəklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!" (“Həcc” surəsi, 22/11) ilahi bəyandakı عَلَى حَرْفٍ qeydi nə ifadə edir?

Lüğəvi mənası "حَرْف – hərf" bir şeyin sahili, iti üzü, yan tərəfi, uc, sərhəd, kənar, hüdud kimi mənalara gəlir. Məsələn "harfül-cəbəl" deyiləndə "dağın kənarı, dağın ucu, uçuruma baxan tərəfi" nəzərdə tutulur.

İcazənizlə etimoloji təfərrüata girmədən bu sözün lüğəvi mənasını nəzərə alaraq ümumi ayənin məna və məzmununa nəzər yetirək:

Elə insanlar var ki, müəyyən avantaj və imkan əldə edə biləcəklərini düşünərək inanmadıqları halda inanmış kimi görünür, qəlbən inkar etdikləri halda dildə "İnandıq" deyir və ikiüzlülük edirlər. Buna görə də onlar işin mərkəzində yox, künc-bucağında durur, bu işdə mənafeyi və gəliri varsa, din-dəyanətin bir ucundan tutur, "az da olsa, İslama dayaq oluram" kimi bir mənzərə göstərməyə çalışırlar.

Buna görə də onların yeri müsəlmanlarla müşriklərin tam ortasıdır.

فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ

“Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar)" o iki zümrədən hansına mal-mülk, maddi rifah, şan-şöhrət cəhətdən "xeyir" dəysə, dərhal onların tərəfinə keçməyi və onların cərgəsinə girməyi yaxşı bilirlər. Çünki onların durduğu nöqtə yeri gələndə hər iki tərəfə keçmək, hər iki tərəfdə mövqe tutmaq üçün əlverişlidir. Məsələn, müsəlmanlar bir qənimət əldə edəndə, dərhal özlərini yetirib onlarla birgə olduqlarını deyirlər. Hətta ağızlarından çıxan sözlər insanda "sabiqunu-əvvəlun"un - o ilk qəhrəmanların təəssüratını da oyada bilirlər. Ancaq

وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انْقَلَبَ عَلَى وَجْهِهِ

“Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar)” "Xeyir, qətiyyən biz müsəlmanlarla birgə deyildik" deyərək onlardan uzaqlaşarlar. Vəziyyətdən asılı olaraq fikrini asanlıqla dəyişdirmək üçün elə yer seçir, elə bir məqamda dururlar ki, onları təsbit etmək mümkün deyildir. Rəngdən-rəngə, cilddən-cildə düşən halları ilə, daha çox alatoran və boz bir mənzərə əks edirlər.

Bəli, mövqe etibarilə onları nə oraya, nə də buraya aid etmək mümkün deyil. Bir tərəfdən baxanda işin içində görünürlər. Lakin elə bir yerdə dururlar ki, başlarına bir müsibət gəldiyi zaman dərhal sıyrıla bilsinlər. Onsuz da, bir sıxıntıya düşən kimi, bir sınağa çəkilən kimi, ələ fürsət keçən kimi iç üzlərini ortaya çıxarır və "Biz bu işin içində yox idik, heç vaxt da olmadıq, sadəcə “Görək bu müsəlmanlar nə edir, nə düşünür!” deyə onlarla bərabər idik" deyirlər. Hətta bəzən "Onlarla yaxınlığımızın səbəbi hansı oyunlardan çıxdıqlarını öyrənmək idi" deyib möminlərə böhtan atmaqla işin içindən çıxmağa çalışırlar.

Qurani-Kərim bu xarakterli insanları: وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللّٰهَ عَلَى حَرْفٍ “İnsanlardan eləsi də vardır ki, Allaha şəklə ibadət edər” sözləri ilə ifadə edir. Ayənin sonunda da həyatını bu cürə ikiüzlülüklə keçirən insanın خَسِرَ الدُّنْيَا وَالْاٰخِرَةَ həm dünyada, həm də axirətdə hüsrana düçar olacağını, bunun da ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ açıq-aşkar ziyan olduğunu xəbər verilir.

Nazil Olma Səbəbi Xüsusi, Hökm isə Ümumidir

Sualda bu ayənin:”Möminlərlə birlikdə olaq, qənimət alsaq, nə yaxşı, almasaq, geri dönərik" deyən iki nəfər haqqında nazil olduğu deyildi. Təfsir üsulunda "əsbabi-nüzul" deyə adlandırılan bu mövzu haqqında müxtəlif zamanlarda və müxtəlif vəsilələrlə ifadə etməyə çalışdığım bir məsələni, icazənizlə, bir daha dilə gətirmək istəyirəm. Bəzi ayələrin müəyyən şəxslərə və müəyyən hadisələrə görə nazil olması bir həqiqətdir. Ancaq həmin ayə sadəcə o şəxs və o hadisələrə məxsus deyil. Yəni əsbabi-nüzulun (nazil olma səbəbi) qeyd edildiyi bir çox yerdə olduğu kimi, burada da nazil olma səbəbinin xüsusi, hökmün isə ümumi olduğunu görmək olar. Beləliklə, bu ayənin həmin iki münafiqə görə nazil olduğu deyilsə də, ifadə etdiyi məna etibarilə eyni kateqoriyaya daxil olan, eyni vəziyyəti və eyni şərtləri paylaşan hər kəsi maraqlandırdığı və onlar barədə də hökmlər daşıdığını nəzərə almaq lazımdır.

Ayənin Dövrümüzlə Bağlı Tərəfi

Mövzuya bu aspektdən baxsaq, müasir dövrdə də nifaq düşüncəsini və nifaq hakimiyyətini təmsil edənlərin var olduğunu rahatlıqla deyə bilərik. Məsələn, elə insanlar var ki, əlinə düşən hər fürsətdə dinini kamil şəkildə yaşamaq istəyən möminləri "Dinçi, İslamçı" kimi əsassız sözlərlə qaralayır, müsəlmanları təhqir edir; "İrtica, Mürtəcelik" deyib İslama hücum edir və din-dəyanət əleyhinə istədiyini danışır, amma yeri gələndə müəyyən məqsəd və məsləhətlərinə nail olmaq üçün dilucu imandan donquldanır və içlərindəki ilhad və inkar düşüncəsini, din və dəyanət düşmənçiliyini gizləməyə çalışırlar. Bir baxırsan: "Mənim babam da “Yasin” oxumadan yatağa girməzdi", "Rəhmətlik nənəm də Qurana çox hörmət edərdi. Bir yerdə mövlud oxunursa mütləq orada olardı. Hələ o, səs sənətkarlarını dinləməyi çox sevərdi" kimi sözlərlə özlərini tamamilə inanan insanlardan təcrid etməz və onlara yaxın olduqlarını göstərməyə çalışarlar. Halbuki, bu mövzularda zərrə qədər payları yoxdur, ola da bilməz. Çünki bəzi nifaq əhlinin dinə, dindara qarşı təhqiramiz sözlərinə bu ifadələrlə giriş verdiklərini və beləliklə, təzyiq və hücumların daha inandırıcı olması üçün bu sözlərdən məqsədi ilə istifadə etdiklərini görürük.

Bəli, cahiliyyə dövründə olduğu kimi, indiki dövrdə də Əbu Cəhil, Utbə, Şeybə, İbn Əbi Muayt kimi, bir mənada "mərd kafirlər" var. Ancaq indiki dövrdə həm də, yuxarıda qeyd edilən ayədə bəhs olunduğu kimi, bir orada, bir burada görünməyə çalışan "namərd şəxslər" də az deyil və bunlar hər an dinə, dindara hücum edir: "Dindarlıq təkcə sizə aid deyil, biz də müsəlmanıq, bizim evimizdə də dini ayinlər olurdu" kimi sözlərlə əksəriyyət etibarilə dindar olan geniş xalq kütləsinə açıq-aşkar qarşı çıxmır, xalqın etibar və inamını itirməməyə çalışırlar.

Əslində təzadlarla dolu ömürlərini hədər edən bu şəxslər bir orada, bir burada olma təlaşı içində çox vaxt etdiyi xətaların sarsıntısını keçirir, sezilmə həyəcanı ilə qorxuya qapılır və daim ləngər vururlar. Çünki onlar durduğu yerə yaraşmır, sadiq və etibarlı olduğunu xalqa inandıra bilmir. Bir tərəfdən digər tərəfə keçmək istəyəndə özlərini təkrar-təkrar ifadə etmə, təsdiq etmə zərurətini duyur, zillət içində dil tökür, bəhanələr uydurur. Beləliklə, bu insanların axirəti tamamilə puç olub getdiyi, gedəcəyi kimi, çox vaxt dünyada da çətinliklərdən qurtula bilmir, həssas insanların heç vaxt düşmək istəmədiyi çətin və ağır vəziyyətə düşürlər.

Sual: Bu ayə insanların etimadını qazanmış bir hərəkatın etibarından şəxsi mənafe naminə istifadə etməyə çalışanlara da şamil edilə bilərmi?

- Sadəcə bu bəd niyyət və davranışlara görə belə insanlara mütləq və həqiqi mənada "münafiq" deyilə bilməz, "xalis münafiq" gözü ilə onlara baxıla bilməz. Çünki yuxarıda təsvir etməyə çalışdığımız nifaq əhli: وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللّٰهَ عَلَى حَرْفٍ “İnsanlardan eləsi də vardır ki, Allaha şəklə ibadət edər” ayəsində vəsf edilib prototipi verilmiş münafiqlərdir. Yəni bəzi mənfəətlər əldə edə bilmək üçün qəlbən inanmadıqları halda inanırmış kimi görünənlərdir.

Mövzunu daha aydın olması üçün münafiqin vəsfləri ilə bağlı məşhur bir hədisə nəzər yetirək. Səhih qaynaqlarda verilən bu hədisi-şərifdə İnsanlığın İftixarı (s.ə.s.) belə buyurur:

" أرْبَعٌ مَنْ كُنَّ فيهِ كَانَ مُنَافِقاً خَالِصاً. وَمَنْ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنْهُنَّ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنَ النِّفَاقِ حَتّى يَدَعَهَا: إذَا أُؤْتِمِنَ خَانَ، وَإذَا حَدّثَ كَذَبَ، وإذَا عَاهَدَ غَدَرَ، وَإذَا خَاصَمَ فَجَرَ

“Dörd xislət var ki, kimdə olsa, o, xalis münafiqdir. Kimdə də bunlardan biri olsa, onu tərgidənə qədər onda nifaqdan bir xislət var deməkdir. O dörd xislət bunlardır: Əmanətə xəyanət etmək. Yalan danışmaq. Sözdə durmamaq. Bir məsələyə tərəfdar olanda həddi aşıb, haqsızlıq edərək, düşmənçilik etmək." (Buxari, İman 24; Müslim, İman 106)

Məsələyə bu hədis aspektindən baxsaq, deyə bilərik ki, işi yola verərək künc-bucaqda duran, vəziyyətə baxıb ona görə davranan, mənfəət və gəlir arxasınca qaçan bu şəxslər hər nə qədər şəxsi mənafelərini güdərək imana xidmət edənlərin önündə olsa da, əgər Allaha və Əfəndimizə (s.ə.s.) inanırlarsa, onlara sözün həqiqi mənasında xalis və tam münafiq demək doğru deyil. Lakin bu da bir həqiqətdir ki, belə insanlarda nifaq əlamətləri var. Bu elə bir həqiqətdir ki, o nifaq xislətindən sadəcə birini çiynində daşıyan belə bir insan hər an büdrəyib yıxılma və ya başaşağı yuvarlanıb əsfəli-safilinə düşmə təhlükəsi ilə üz-üzədir.

Buna görə, Allaha xidmət edərkən şəxsi mənfəət və gəlir mülahizələrindən daim uzaq durmağa çalışmalıyıq. Bəli, əsla unutmamalıyıq ki, Cənabi-Haqqın bizi Ona xidmətdə istehdam etməsi, vəzifələndirməsi bizə ən böyük şərəf, ən böyük mükafatdır. Bunu belə bilib, belə görməli və Rəbbimizə belə yalvarmalıyıq: "Ya Rəbbim! Sənə minlərlə həmd-səna olsun ki, Sən bizi insan və eyni zamanda mömin yaratdın. Üstəlik başımızdan leysan kimi yağdırdığın lütf və ehsanınla bizi İslam dininə xidmətdə saxlayır, bu yolda bizi istehdam edirsən. Bizimlə gözəl işlər görür, muradın istiqamətində bizi pərdədar olaraq istifadə edirsən. Sənə minlərlə həmd-səna olsun. Bu bizim üçün ən böyük mükafatdır".

Bəyənilmə Arzusu - Alqışlanma İstəyi

Bu məqamda mühüm gördüyüm bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Allahın dininə xidmət edərkən şəxsi mənfəət və mükafat arzusunu sadəcə maddi mənfəət və mükafat təmənnası kimi anlamamalıyıq. Alqışlanma arzusu, iltifat istəyi, möminlər tərəfindən yaxşı mömin görünmə təmənnası belə insanın ağlını başından alar, gözlərini kor edər və qazanma ərəfəsində ziyana uğradar. Bu baxımdan heç bir təmənna və arzunuz olmadığı halda təqdir və alqışla qarşılaşdığınızda belə vicdani dərinlik və həssaslığınıza görə müxtəlif yollarla bu təqdir və alqışların qarşısını ala bilərsiniz. Məsələn, alqışdan nifrət edib, iyrəndiyinizə görə sizdən bəhs edib alqışlanacağınız yerlərə getmirsinizsə, deməli, iradəli hərəkət edirsiniz. Ancaq əksinə, səpdiyiniz toxumların başında durub onları əkən, biçən siz olduğunuzu hiss etdirir və bir mənada onlardan gəlir əldə edən bir insan mənzərəsini təsvir etdirirsinizsə, deməli, mənfəət güdmüş sayılarsınız ki, bu da nifaqın əlamətidir və bundan ilandan-çayandan qaçar kimi qaçmaq, uzaq durmaq lazımdır.

Bəli, insan vəzifəsini görüb, toxum səpib getməlidir. Onu kim böyüdür böyütsün, kim biçir biçsin, kim döyür döysün, kim anbara yığır-yığsın buna məhəl qoymamalıdır. Çünki görülən işlər qarşılığında az da olsa alqış arzusuna düşər və ya əldə olunan nailiyyətlər nəticəsində aza da olsa həva-həvəs dolu duyğularınızın başını oxşayan bir sevinclə üzləşərsəniz, deməli, münafiqliyə bir addım atmısınız. Əgər sevinəcəksinizsə, bu sevinc verilən nemətə şükür hisləri ilə dolu olmalıdır. Əldə olunan gözəl nailiyyətlər nəticəsində: "Allahım, Sənə minlərlə həmd-səna olsun ki, mənim kimi üzərində bir sünbülün belə nəşvü-nəması mümkün görünməyən bu quraq bir əraziyə Sən insanları təvəccöh etdirir və məni bu gözəlliklərin meydana gəlməsinə vəsilə edirsən. “Deyil bu mənə layiq bu bəndə” başıma yağan bütün bu lütf və ehsanlar Səndəndir Allahım!" - deməyi bacarmalıyıq.

Göz Yaşları ilə Əridilən İltifat və Alqışlar

Digər tərəfdən, insanlar bizi tənqid edəndə sarsıntı keçirib üzüldüyümüz qədər, təqdir edilib alqışlananda da sarsılıb kədərlənmir, iltifat və alqışlar qarşısında bir kənara çəkilib nəfsimizi sorğuya çəkmiriksə, "Aman Allahım!" deyib istiğfar etmir, Rəbbimizdən əfv diləmiriksə, deməli, təhlükəli bir zəmində dururuq. Bu mövzuda: "Mən məni bəyənmirəm, məni bəyənənləri də bəyənmirəm", deyəcək qədər səmimi olmaq, təqdirləri göz yaşları ilə əridib unutmağa çalışmaq lazımdır. Əllərimizi açıb duaya yönələndə: "Allahım bizə peyğəmbərlərin gördüyü işləri gördürt, o yolda bizi istehdam et ki, Sənin rizanı və sevgini qazanaq!" deməli, lakin bununla kifayətlənməyib: "Ey Rəhməti Sonsuz Rəbbim! Bizi onların qapı qulu və xəlayiqləri qədər də olsa xalqın gözünə girmə duyğusuna bizi əsir etmə!" deyəcək qədər ixlas və səmimiyyət axtarışında olmalıyıq. Belə bir cəhd və səy Allaha qarşı səmimi və vəfalı olmanın gərəyi, əksinə isə elə-belə də olsa nifaqa bulaşmanın ifadəsidir. Bəli, gördüyümüz işlər əvəzində nə nəfsimiz adına "şan, şöhrət, məqam, mənsəb, alqış" kimi dünyəvi arzular, nə də - Cənnətə girmə və Cəhənnəmdən xilas olma bizim üçün çox mühüm olmasına baxmayaraq - üxrəvi arzular arxasınca düşməməliyik. Bütün bunları Allahın lütf və fəzlindən istəməli, qulluq mükəlləfiyyətlərimizi qarşılıq görmə mülahizəsinə bağlamamalı, gördüyümüz işləri Onun qapısının azadlıq bilməz kölələri kimi yerinə yetirməli və nəticədə hər şeyi "Allah, Allah olduğu" üçün etməliyik.

Təsəvvür edin, sahibinin yanında bir kölə, hökmdarın hüzurunda bir xidmətçi alqış umar, belə bir arzuya qapılarsa, bu kölə və xidmətçiyə hansı gözlə baxar, onunla necə rəftar edənlər? Yaxşı, bəşəri bir hökmdarın yanında ədəb və nəzakət meyarları varsa, Əzəl və Əbəd Sultanının hüzurunda tərbiyə və ədəbin ölçü və qaydaları yoxmu? Əlbəttə ki, var. Bəli, alqışı bəyənmək, gördüyü işlər əvəzində dünyəvi arzulara qapılmaq, "Mən etdim" mülahizələrinə girmək, nəzakətlə desək, ədəbsizlik və tərbiyəsizlikdir. Halbuki, tərbiyə və ədəb odur ki, qul hər şeyi Allahdan bilə və Allah üçün etdiyi şeylərin əvəzini də sadəcə Ondan gözləyə. Bu barədə qətiyyən başqalarına əl açmaz, onlardan nəsə istəməz. Yalnız Allaha təvəkkül edib Ona sığınar və heç kəsə də boyun əyməz.

Xülasə, Allahın bəxşişində hüdudsuz varidat və mövhibələri (hədiyə) var ikən, alacağımız şeyləri niyə öz zövq və həzlərimizin darlığına məhkum edirik?! Üstəlik burda insanlar bizi alqışlasa nə olar, alqışlamasa nə olar? Heç unutmuram bir nəfər: "Filankəs kimi, görəsən, mən öləndə də başıma bu qədər insan yığılarmı?" kimi şeylər demişdi. Halbuki, qətiyyən unudulmamalıdır ki, əgər o işdə Allahın rizası yoxsa, dünyada bütün insanlar o adamın dəfninə toplansa, bunun yenə də ona zərrə qədər faydası olmaz. Çünki əsas olan qulun Allahla münasibəti və onun Allah nəzdindəki dəyəridir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.