Mələklər və mələkləşmə üfüqü
Sual: Qurani-Kərimdə mələklərdən bir çox yönləri ilə bəhs olunur. Mələklərin hal və xüsusiyyətlərinin izahında hansı məsləhət və hikmətlər ola bilər?
Cavab: Mələklərin xüsusiyyətlərinin izah edildiyi ayələrə diqqət yetirəndə görərik ki, bu nurani varlıqların Allahın bütün əmrlərini nöqsansız yerinə yetirir, Ona qarşı təsəvvürə gəlməz dərəcədə xəşyətlə doludurlar, daima Onu Allahı tənzih, təsbeh və təqdis edir, ibadət və taətə bezginlik göstərməyib übudiyyətlərini təvazö və ehtiramla yerinə yetirirlər. Məsələn, onların bu xüsusiyyətlərindən bəhs edilən bir ayədə: "Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən mələklərdir" (Təhrim, 66/6) buyurulur, başqa bir ayədə isə bu təmiz, günahsız və məsum varlıqların Allaha qarşı rəftarları: "Rəbbinin dərgahında olanlar (mələklər) gecə-gündüz usanmadan Onu təqdis edib şəninə təriflər deyərlər" (Fussilət, 41/38) ifadələri ilə bəyan edilir. "Nəhl" surəsində isə: "Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!" ayəsi ilə onların Cənabi-Haqqa qarşı təxəyyül və təsəvvürümüzə sığmaz xəşyəti təsvir olunur.
Mələklər bir yandan ibadət və taətdən bu qədər əngin və dərin həzz alır, digər yandan da münkəratdan (Allahın qadağan etdiyi şeylər) olduqca uzaqdırlar. Kamil imandan bəhs edən bu hədisi-şərifə bir mənada onların (mələklərin) fitrətlərinin izahı kimi də baxa bilərik. Sözügedən hədisi-şərifdə Fəxri-Bəşər (sallallahu əleyhi və səlləm) belə buyurur: "Üç şey var ki, kimdə olsa, imanın həzzini dadmış deməkdir: Allah və Rəsulunu hər şeydən və hər kəsdən daha çox sevmək.. sevdiyini yalnız Allah rizası üçün sevmək.. küfr bataqlığından qurtulduqdan sonra küfrə təkrar qayıtmağı alova atılmqdan daha ürpərdici və təhlükəli görmək." (Buxari, İman 9; Müslim, İman 67). Demək ki, insan küfrdən xilas olduqdan sonra təkrar o çirkab və zülmətə qayıtmağı Cəhənnəmə girmə kimi mənfur görmədikcə imanın həzzini həqiqi mənada dadmış olmaz. Burada sadə inanışdan daha çox "izan"ı - imanı daxilən mənimsəmə; küfr, üsyan və günahdan da diksinmək və bunu təbiətin, fitrətin həqiqi rənginə, ahənginə çevirmə kimi fərqli bir dərinlikdən söz gedir. Hədisi-şərif bu mənada bir "izan"a malik insanın zövqü-ruhani və zövqü-qəlbiyəni bütün mənliyi ilə duya biləcəyinə işarə edir ki, mələklər yaradılış etibarilə bu mahiyyət və keyfiyyətə malik olan varlıqlardır.
Mələklərin xüsusiyyətlərinə qısa təmasdan sonra sualınızın əsası olan hikmət və məsləhət mövzusuna keçə bilərik.
İnsanın mələkuti yönü
Bilindiyi kimi, insanın bir mülki (zahiri, maddi yönü), bir də mələkuti (hər şeyin özünəxas ruhu, canı, həqiqəti) yönü var. Yəni onun fiziki yönü olduğu kimi, xarici, mənəvi aləmə açıq bir mahiyyəti də var. Bəli, onun həm bəhimi hisdən, şəhvətdən, qəzəbdən, kindən, nifrətdən ibarət heyvani, cismani yönü, həm də izan, ürfan, mərifət, sevgi, qulluq və təvazökarlıq kimi mələkuti bir cəhəti, yönü var. İnsanın potensial insanlıqdan həqiqi insanlıq üfüqünə yüksəlməsi mahiyyətindəki bu mələki yönü inkişaf etdirməsi ilə mümkündür. Əksinə nə qədər ki, cismaniyyətinə bağlı qalır, heyvani yönünün əsarətində yaşayır; yəni yeyib-içib yatır, o müddətdə o mülk aləminin dar çərçivəsində sıxılıb qalır və əhsəni- təqvimə (Cənabi-Haqqın hər şeyi ən gözəl mahiyyətdə yaratması) məzhər (yaxın, layiq) bir varlıq ikən heyvanlardan da aşağı düşür. Lakin o heyvani yönündən uzaqlaşıb cismaniyyəti buraxsa, yəni nəfsani, heyvani və cismani çirkabdan təmizlənərək Cənabi-Haqqın əsmeyi-ilahiyyə (Allahın isimləri), əvsafi-sübhaniyə və şüunu-rabbaniyənin (Allahın şanı) nuru ilə tənəvvür etsə (nurlansa, parıldasa), fərqli mahiyyətə bürünər, fərqli möhtəva qazanar.
Ayə və hədislərdə mələklərin bu qədər zikr edilməsinin hikmətlərindən biri insanın bu potensial olaraq daşıdığı mələki yönünü hərəkətə gətirmək, nəşvü-nümasına zəmin hazırlamaq, beləcə onu mələki üfüqə yüksəltməkdir. Bəli, mələklərin xüsusiyyəti nəzərə verilərək mələkləşməyə təşviq və dəvət edilir, mahiyyətimizdə gizli olan mələkuti yönü inkişaf etdirməyimiz istənilir.
Mələklər və sonsuzluq duyğusu
Bir az əvvəl də ifadə edildiyi kimi, insan bədənin və cismaniyyətin dar çərçivəsində qalıb aləmi-mələkuta qanad açmasa, eynilə çuval içində qalıb cücərə bilməyən və beləliklə, yox olub gedən bir toxum kimi olar. Bu toxumda çoxalma, artma və bərəkətlənmə qeyri-mümkün olduğu kimi, mövcud halı dəyişmədiyi müddətdə də çürüməyə və məhvə məhkumdur. Toxum nə vaxt, torpaq altına düşər və nəşvü-nüma mərhələsinə qədəm qoyar, o zaman boy atar, boy atdıqca sünbüllənər və Allahın izni ilə bir toxum anbarla buğdaya çevrilər. Bunun kimi insan maddiyyatın dar məhbəsində qurd basıb çürümək üçün deyil, sonsuzluq üçün yaradılmışdır. Bu səbəblə o mahiyyətinə yerləşdirilmiş əbədiliyi duymalı, ölümsüzlüyə oyanmalı, oyanıb qəlb və ruhunu sonsuzluğa istiqamətləndirməlidir. İnsanın bütün bunları daxilən duyub hiss edə bilməsi, hiss edib həyata keçirə bilməsi üçün mələklərin Allahla olan daimi münasibətləri, aktiv, canlı və fasiləsiz qulluğu nəzərə verilmişdir. Çünki Əfəndimiz (sallallahu əleyhi və səlləm) bizə Merac əsnasında hər keçdiyi yerdə oraya məxsus mələkləri qulluqla bütünləşmiş halda müşahidə etdiyini və kimi rükuda, kimi səcdədə və kimi qiyamda olan bu mələklərin yarandıqları gündən bəri eyni ibadətlə Rəbbilərinə ibadət etdiklərini bildirir. Onların bu qulluğu, Allahla olan münasibəti bizim üçün canlı, əbədi bir varlığa çağırış, dəvət kimidir.
Mələk ənginliyi və mənəvi aləmlər
Axirət aləmini mələklər qədər geniş və onlar qədər dərin duyub hiss etmə mövzusuna keçmədən əvvəl digər aləmlə bağlı bir fikrimi demək istəyirəm. Belə ki, axirət aləmində cismaniyyətimizin mahiyyəti bizə məlum deyil. Bu mövzudakı üsuluddin və kəlam alimlərinin mütaliələri başımızın tacıdır. Onlar Quran və Sünnəni imanın gərəyi olaraq, nəssləri o dövrün dünyagörüşünə görə şərh etmiş və bu istiqamətdə dəlillər gətirmişlər. Onların bu mütaliələrinə heç nə deyə bilmərik. Ancaq axirətdə bizə veriləcək bədənin mahiyyəti haqqında dəqiq söz demək olduqca çətindir. Allah (c.c.) bizi bu aləmdə atomlar, elektronlar, neytronlardan və ya efirdən (əsirdən) yaratdısa, axirətdə də bizi efirdən (əsirdən) çox fərqli bir ünsürdən, ona maddə demək olarsa, daha fərqli bir maddədən yarada bilər. Bu baxımdan "Axirətdə də, şübhəsiz, ətimiz, sümüyümüz olacaq, orada da oksigen alıb və karbon di oksid verəcəyik, buradakı kimi yeyib-içəcəyik…" deyib məsələni məhdudlaşdırmamız daraltmağımız doğru deyil. Çünki o aləmin xüsusiyyətləri bu dünyaya heç bənzəmir, orada hər şey çox fərqli baş verəcək. Məsələn, Cənnətdə istirahət və həzz üçün olsa belə, yorğunluğun səbəb olduğu mürgüləmə tələbatı olmayacaq. Bu səbəblə, bizim axirət aləmi ilə bağlı ayə və hədislərdə keçən ifadələrə hüdüd qoymamağımız, digər aləmin mahiyyəti haqqında dəqiq söz deməkdən uzaq olmağımız gərəkdir düşünürəm. Təsəvvürə belə gətirə bilmədiyimiz o axirət aləmini hər yönü ilə duyub hiss etmə, həzz alıb yaşamağımız bu dünyada mələki yönümüzün inkişafı nisbətində olacaq. Mələklər isə təbii olaraq dünyamızın hüdudlarında belə bu vüsətə, bu dərinliyə malik olan varlıqlardır. Çünki bu nurani məxluqların inikası da həqiqi, gerçəkdir. Güzgüdəki əksi onun bilavasitə həqiqi mahiyyətinin əksidir. Bu səbəblə, Bədiüzzaman Həzrətlərinin sözləri ilə: "Məsələn, Həzrəti Cəbrayıl Əleyhissalam Dihyə cildində Əfəndimizin hüzurunda olduğu halda, Allahın hüzurunda əzəmətli qanadları ilə Ərşin önündə səcdəyə gedər, eyni anda həm saysız yerlərə gedər, İlahi əmirləri təbliğ edərdi. Bir iş başqa işə mane olmazdı." Bu baxımdan, biz nurdan yaradılan mələklərin həyat boyu malik olduqları xüsusiyyətlərə mələki yönümüzü inkişaf etdirdiyimiz nisbətdə axirət aləmində sahib olacağıq. Bir mənada, Cənnətdəki mahiyyətimiz mələklər kimi olacaq. Bunun təzahürü olaraq da, Cənnətdə eyni anda bir çox nemətlərdən istifadə etmə imkanı əldə edəcəyik. Məsələn, Cümə yamaclarında Cənabi- Haqqın camalını müşahidə edərkən, eyni anda Əfəndimizin (sallallahu əleyhi və səlləm) yanında Ona təqdim olunan semavi süfrədən istifadə edəcək və Onun boyası ilə boyanacaq. Bəlkə də, min illik məsafələrin Meracda Əfəndimiz (sallallahu əleyhi və səlləm) üçün dürülüb qısaldıldığı kimi, Cənnətdə də minlərlə neməti eyni anda duyub hiss edəcəyik. Bütün bunlar mələki xüsusiyyətlərdir.
Halbuki, bizim bu dünyada cismani olaraq paylaşdığımız atmosfer, yaşadığımız mühit var ki, bu hərəkət sahəmiz olduqca məhduddur. Məsələn, əlimizi uzatsaq, ancaq yanımızdakı insana təmas edə bilərik. Çayı əlimizə alıb içməyimiz, yeməyimizi yeməyimiz, oturmağımız, qalxmağımız hamısı dar dairəli, dar sahəli və dar çərçivəli hərəkətlərdir. Lakin Cənnətdə dünyada bəzi abdallara nəsib olduğu kimi, eyni anda müxtəlif yerlərdə ola bilərik. Məsələn, eyni anda rəhmaniyyət, rəhimiyyət, rəzzaqiyyət üfüqündən Cənabi-Haqqı müşahidə edə bilərik. Nurani və mələki mahiyyətimizlə arzuladığımız hər yerdə Onu duya bilərik. Məhz buna görə də, Cənnətin bir saatlıq ömrü dünyanın min illik xoşbəxt həyatından üstün tutulur. Çünki orada min illəri dürülmüş bir kitab kimi eyni anda duymaq imkanını əldə edirik. Görmə qabiliyyətimiz də dünyadakı kimi üç ölçülü, dörd ölçülü və ya beş ölçülü deyil, bəlkə, yüz ölçülü olacaq və biz bir şeyi eyni anda yüz ölçüsü ilə görüb hiss edə biləcəyik. Qurani-Kərimdə mələklərin vəsf edilməsi ilə bu dünyada mələkləşmə yolunda olanların axirətdə həmin üfüqü paylaşacağına işarə olunur və sanki onların mütləq aqibəti nəzərə çatdırılır.
Əfəndimiz və mələkləşmə üfüqü
Əsasında Nəbilər Sərvərinin (sallallahu əleyhi və səlləm) inci sözləri və nurani həyatı insan təbiətinin mələkləşmiş halını canlı nümunələrlə ortaya qoyur. Məsələn, O (sallallahu əleyhi və səlləm), bir hədisi-şərifində: "Allah hər nəbiyə bir arzu, istək və şəhvət vermişdir. Mənə gəlincə, mənim şəhvətim gecə namaz (təhəccüd) qılmaqdır" (Taberani, el-Mu'cemü'l-kebir, 12/84) buyurur. Demək ki, bizim yemə, içmə və başqa cismani şeylərə qarşı olan arzu, iştah və şəhvani hisslərimiz təbiətimizin bir hissəsi olduğu kimi, Peyğəmbər Əfəndimizin (sallallahu əleyhi və səlləm) ibadət və taətə olan düşkünlüyü də Onun təbiətinin bir gərəyi idi. Bəli, itaət və qulluq Onun təbiəti ilə bütünləşmişdi. Çünki O (sallallahu əleyhi və səlləm) ağlasığmaz ibadət və übudiyyəti ilə mələki yönünü dərinləşdirib genişlətmişdi. Fitrətinə yerləşdirilmiş mələki toxumları cücərtmişdi. Həzrəti Busirinin ifadəsi ilə Həzrəti Məhəmməd Mustafa (sallallahu əleyhi və səlləm) bir bəşər kimi bizim aramızda idi, lakin O adi bir bəşər kimi deyildi. Bəli, O özünü aşmışdı; ayağı mülk aləmində olsa da, lakin mələkut aləminin göyərçini idi.
Nəbilər Sərvərinin (sallallahu əleyhi və səlləm) xüsusu olaraq daşıdığı bu mələkləşmə üfüqü ümumi mənada bizim üçün də keçərlidir. Yaxşı olardı ki, biz də Qurani-Kərim və Sünnəti-Səhihədə keçən mələklərə məxsus xüsusiyyətləri nümunə götürüb həyatımıza tətbiq edək və bu yolda səy göstərək.
- tarixində yaradılmışdır.