İstiğfar-1
Sual: Günahların yoluxucu xəstəlik kimi hər tərəfə yayıldığı bu müasir dövrdə istiğfar inanan insanlar üçün nə mənaya gəlir? İstiğfar üçün xüsusi müəyyən edilmiş vaxtlar varmı?
Cavab: Allah Rəsulunun (sallallahu aleyhi vəsəlləm) hədislərində buyurduğu kimi, hər bir uşaq İslam fitrəti (təbiət, yaradılış) ilə dünyaya gəlir. (Bax.: Buxari, “Cənaiz” 80, 93) İnsanın çiyninə qoyulan mükəlləfiyyətlərin əsas məqsədi də bu anadangəlmə fitrəti qorumaqdır. Yəni insan Cənabi-Allahın bəxş etdiyi ilk fitrəti vəfat edənədək qorumaqla mükəlləfdir. Munciyat (qurtuluşa aparan əməllər) kateqoriyasına daxil bütün ilahi əmrlər əsil fitrəti qorumağa, muhliqət (həlaka, fəlakətə sürükləyən əməllər) adlanan bütün haramlar isə ilk fitrəti pozmağa xidmət edir. O halda insan bir tərəfdən həlakət gətirən günahlardan qorunmaq üçün dərin sipərlər qazmalı, digər tərəfdən də mütəmadi saleh əməllərin izinə düşməli, ilk fitrətini pozmadan, kirlətmədən və deformasiyaya uğratmadan qorumağın yollarını axtarmalıdır.
Hər bir günah insan təbiətinin deformasiyaya uğraması deməkdir. Bu cür deformasiyaya uğramış bir insanın təkrar öz formasına, yəni ilk fitrətinə qayıtması isə ancaq istiğfarla mümkündür. Başqa sözlə desək, günah insanın təbiətində bəzi mənfi dəyişikliklər meydana gətirir. Belə ki, günahla kirlənən bir qəlb bir müddət sonra öz funkisiyasını yerinə yetirməkdə çətinlik çəkməyə başlayır. Üstəlik hər bir günah insanı Allahdan uzaqlaşdırıb küfrə yaxınlşadırır. İnsanı tədricən küfrə yaxınlaşdıran günahlardan qurtulmaq və qəlbdə meydana gələn ləkələri silib təmizləmək ancaq istiğfarla mümkündür. (Bax.: Tirmizi, “Təfsiru-surə” (83) 1)
İlkin tədbirlər
Əslinə qalsa, insan lap başlanğıcdan ən kiçik günaha sarı addım atmamaqda belə, qətiyyətli olmalıdır. Bundan ötrü günahdan uzaq təmiz və nəzih mühit formalaşdırmağa çalışmalı, günaha aparan yollardan ilandan-çayandan qaçdığı kimi uzaq durmalıdır. Bu isə ancaq günah içindəki cəhhənnəm odunu vicdanən dərindən hiss edən möminə müəssər olacaqdır. Günahdan iyrənməyən, ondan diksinməyən qəlbi ölü saymaq olar. Bəli, xətalara, günahlara əks reaksiya verməyən, günahdan narahat olmayan, etdiyi səhvlərə görə yuxusu qaçmayan bir qəlb ölmüş cəsəd kimidir. İnanan bir insanın qəlbi isə günaha reaksiya hökmən göstərir. Başlıca reaksiyalardan biri isə istiğfardır.
Mömin “əstağfirullah” sözü ilə feilin müzare formasının (geniş zaman) geniş və əngin çərçivəsində bir mənada “Allahım, mən Səndən bağışlanma diləyirəm/diləyərəm/diləyəcəyəm!” deyir. Bəli, burada keçmiş zaman əvəzinə, indiki, geniş və gələcək zamanı da əhatə edən müzare formasından istifadə edilməsi düşündürücüdür. İnsan bununla keçmişdə etdiyi bir günaha görə əfv diləyini uzaq gələcəyə də aid etmiş olur. Əslinə qalsa, Cənabi-Allah bəndəsinin bir dəfə etdiyi tövbə və istiğfarı da qəbul edib onun günahını bağışlaya bilər. Ancaq insan əlin, ayağın, gözün, qulağın günaha meylinə görə bir deyil, min dəfə tövbə etməli, bir dəfə günah işləmiş olsa da, ömür boyu “Allahım, Məni bağışla, nə qədər ki canımda can var, bunu Səndən diləyəcəyəm. Səndən bir dəfə bağışlanma diləmək azdır. Mən əfv diləməklə birlikdə, bu xətama görə də ömür boyu peşmançılıq çəkəcəyəm. Bağışla məni, ey Rəbbim!..” kimi dualarla nədamət hissi keçirməlidir. Bəli, günah işləyən mömin savaba gedən yol dura-dura günah yoluna düşməyin necə böyük ayıb olduğunu düşünməli, Alahın Cənnət kimi bir nemət vədini qulaqardına vurub günah işləməyin böyük ədəbsizlik olduğunu bilməli, daim həmin günahın xəcalətini ürəyində çəkməli və beləliklə mütəmadi istiğfar etməlidir. Hətta bəzən bir günaha görə on min dəfə istiğfar çəkməlidir. Yeri gəlsə bunu da az görməli “Əlfü əlfi əstağfirullah!” deməli və bir milyon istiğfarı hiss etməyə çalışmalıdır.
Şər əməllərə meylin kökünü kəsən iksir
İstiğfar pozulmuş mahiyyəti yenidən bərpa etdiyi kimi, şərə meylin kökünü də kəsir. Zira mütəmadi şəkildə istiğfar edən, tez-tez arınan bir insan yeni bir günahı işləmə ehtimalını da aradan qaldırmış olur. Yəni belə insanın qəlbində mikrobları səsləyən virusa yer qalmaz. Üstəlik Cənabi-Allah bilmədiyimiz şəkildə istiğfar edən insanın pis əməllərə meyil hissini korşalda da bilər.
Allah-taala “Furqan” surəsində: “Allah onların pis əməllərini yaxşı əməllərə, günahlarını savablara çevirər.” (“Furqan” surəsi, 25/70) müjdəsini verərək iman, saleh əməl, istiğfar və tövbə ilə Ona yönənənlərin pis əməllərini yaxşı əməllərə çevirəcəyini bildirir. Bəli, Cənabi-Allah günahlarla çirklənmiş səhifə və sətirləri (bəndənin Ona yönəlməsi şətrilə) silə bilər; boş qalan o səhifə və sətirləri də boş qalmasın deyə əngin mərhəməti ilə doldura bilər. Bu da ki Allahın mərhəmətinin qəzəbindən çox olmasının başqa bir sübutudur (Bax.: Buxari, “Tövhid”, 22)
Ustad həzrətləri bu ayəyə fərqli yanaşmış, tövbə və istiğfar nəticəsində insandakı şər əməl işləmə qabiliyyətinin xeyir əməl işləmə qabiliyyəti ilə əvəz olunacağını bildirmişdir. Buna görə də günahdan sonra sədaqət göstərib tövbə ilə ilahi dərgaha üz tutan bəndəyə Cənabi-Allah: “Madam qayıtdın, o halda Mən də sənin şər qabiliyyətini xeyirə çevirirəm” şəklində cavab verə bilər.
İstiğfar üçün bərəkətli vaxtlar
Fərz namazlarından sonra üç dəfə əfv diləmək sünnədir (Müslim, “Məsacid” 135). İnsanın Allaha ən yaxın bir məqama qədəm qoyandan və Onun ən çox bəyəndiyi bir ibadəti yerinə yetirəndən sonra istiğfar etməsini iki cür izah etmək olar. Birincisi, insanın namazda bütün varlığı ilə Rəbbinə yönələ bilməməsi, hələ də öz dünyasından çıxıb mənəvi ab-havaya girməməsi, fikir-zikrinin dünya işlərində qalması ki, merac sayılan bir ibadətdə bu kimi şeylər Allaha qarş ədəbsizlikdir. Dolayısilə, bir insanın Allahın hüzurunda Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) meracda duyduğunu hiss etməyə çalışmayıb nəfsanilikdən qurtula bilməməsi, etinasızlığa, laqeydliyə yol verməsi öz-özlüyündə istiğfar tələb edir.
İkincisi, namaz təzərrö və niyazların qəbul edildiyi bir məqam olduğu üçün namazdan sonra edilən duaların bambaşqa qiymət və əhəmiyyəti var. Odur ki belə bir məqamda Cənabi-Allaha üz tutub günahlardan arınma ehtiyacını hiss edən Peyğəmbərimiz üç dəfə “Əstağfirullah” çəkməyi tövsiyə buyurmuşdur. Bu baxımdan gün ərzində qılınan beş vaxt namaz istiğfar üçün əlverişli zəmin və əvəzolunmaz bir fürsətdir.
Qurani-Kərimin: “Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.” (“Zariyət” surəsi, 51/17-18) məallı ayəsi istiğfar üçün sübh vaxtının nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu ayədə bir tərəfdən səhərlər istiğfar edən, yana-yana Allaha ürəyini boşaldan, başını səcdəyə qoyub qaldırmağı unudan möminlər təqdir edilir və bu təqdir səma sakinlərinə, ruhanilərə və bütün möminlərə elan olunur. Digər tərəfdən də möminlərə bir hədəf göstərilir. Zira Qurani-Kərim və Sünnənin möminlərə xas bəzi vəsfləri təsvir etməklə həm bu xüsusiyyətlərə malik müsəlmanları təqdir edir, həm də hələ bu vəsflərə yiyələnməmiş insanlara hədəf göstərir. Demək, insanların yuxuda olduğu səhər vaxtlarında heç olmasa iki rükət təhəccüd namazı ilə Rəbbi-Kərimə üz tutmaq, bu gözdən uzaq anlarda istiğfar etmək çox əhəmiyyətlidir.
Habelə, insanın qəlbinin yumşaldığı, günahların yükü altında əzildiyi və həyacanla cuşa gəldiyi anları da istiğfar üçün əlverişli vaxtlar sayılır. Çünki bu dəqiqələrdə qürbətin (Allaha yaxınlığın) səsi-nəfəsi duyulur.
Günah və xətaların arxasınca vaxt itirmədən, yəni “insanın xəta və günaha addım atdığını hiss etdiyi an” dərhal Cənaba-Allaha yönəlmək də istiğfar üçün əlverişli vaxtdır. Çünki günah girdab kimidir, özü də insanda vərdiş əmələ gətirir. Dolayısilə günaha qapılan insanın ondan yaxa qurtarması asan olmur. Hətta boğazadək günaha batan bir insan əgər ciddi şəkildə əzmkarlıq göstərməsə, iradəsini ortaya qoymasa, bir gün işlədiyi günahın qadağan olmamasını arzulaya bilər ki, bu, etiqadi baxımdan fəlakətə sürüklənməkdir. Batanları batıran da əksər hallarda bu cür fikirlər olmuşdur. Məhz buna görə də nə qədər ki vaxt var, “Bu yolun axırı bataqlıqdır. Bir-iki addım da atsam, bəlkə də, qayıda bilməyəcəm” deyib dərhal işlədiyimiz xəta və günahdan dönməliyik.
Yekun olaraq bunu deyim ki, istiğfar üçün yuxarıda keçən vaxtlar əlverişli fürsət olsa da, illah da xüsusi vaxt təyin etmək şərt deyil. İstiğfarı ancaq bu vaxtlarla məhdudlaşdırmaq qəti doğru deyil. Zira insan səhər-axşam, gecə-gündüz – həmişə əfv diləyə, ömrünün hər anını bu yolda dəyərləndirə bilər. Bəli, insan imkan tapan kimi bir kənara çəkilib istər diz çökərək, istərsə də başını yerə qoyaraq istiğfar və tövbə ilə Cənabi-Allaha yönələ bilər. Hətta yol gedəndə, sükan arxasında olanda, birini gözləyəndə vaxtını boş keçirməməli, çeşidli istiğfarlarla ürəyini Allaha boşaltmalıdır. Əslinə qalsa insan hər anını bu istiğfarla süsləməlidir. Zira ölüm bizi qəfil haqlaya bilər. Ölümü istiğfar pıçltıları ilə qarşılamaq isə axirətə tərtəmiz getmək üçün ələdüşməz bir imkandır.
- tarixində yaradılmışdır.