İnziva arzusu və başqaları üçün yaşamaq

Sual: Çağdaş həyat tərzi, maddi imkanlar və dünyəvi məşğuliyyətin çoxluğu daim insanı dünyaya çağırır. Bu səbəblə bəzən insanda özünü cəmiyyətdən təcrid etmək, inzivaya çəkilmək kimi istək və arzular oyanır. Bu duyğuları daşıyan insanlara nə tövsiyə edərdiniz?

Cavab: İnsanın təbiəti ilə, təbiətinə yerləşdirilmiş bir qisim duyğularla dünyanın cazibədar gözəllikləri arasında ciddi bir münasibət, uzlaşma və uyğunluq var. Bu inkaredilməz bir gerçəkdir. Bu səbəblə insanı dünyaya, dünyanın aldadıcı hiss və həvəsə dəvət edən dai (bais, səbəbkar), səbəb və faktor həqiqətən çoxdur. Bildiyiniz kimi, Ustad Həzrətləri də bu dövrdə müsəlmanları şiddətlə dünyaya təşviq edən bir anlayışın şəxsi-mənəvisinə xitabında bu həqiqət barədə: "İnsanı dünyaya çağıran və sövq edən səbəblər çoxdur. Onun başda nəfs və həvası, ehtiyacları, hiss və duyğuları, şeytanı, dünyanın süni gözəlliyi və sənin tək pis yoldaşları kimi bir çox səbəbkarları var. Halbuki, baqi olan axirətə və sonsuz əbədi həyata dəvət edən azdır. Əgər zərrə qədər bu biçarə milləti düşünürsənsə, ali himmətin yalan deyilsə, əbədi həyata dəvət edən azlara kömək etməlisən. Yoxsa, o az dailəri susdurub, çoxlara kömək etsən, şeytana yoldaş olarsan".

Demək ki, dünyanın bu cazibədar gözəllikləri daim insana, insanın təbiətində mövcud olan bir qisim duyğu orqanlarına, zahiri və batini hislərə xitab edir və onu özünə çağırır. Üstəlik, dünyanın bu üzü ilə üqba arasında zıddiyyət olduğuna görə, insanı dünyanın cazibədar gözəlliklərinə çağıran bu dailər eyni zamanda onu axirətdən, üxrəvilikdən uzaqlaşdıran amillərdir.

"Dünya" sözünün etimologiyası

"Dünya" sözünün etimoloji quruluşu araşdırılsa, dünyanın insan üzərindəki bu cazibədar təsiri ilə sözün quruluşu arasında yaxın əlaqənin olduğunu görmək olar. Çünki leksikoqraf alimlərə görə, "dünya" sözü ya "yaxın olmaq" mənasına gələn "dünüv" kökündən, ya da "alçaqlıq, pislik" mənalı "dənaət" kökündən törəmişdir. Əgər "dünya" sözünü "dünüv"dən gəldiyini qəbul etsək, dünya "ən yaxın" mənasına gəlir. Bu ən yaxın həyatdan sonra gələcək olan həyata isə "sonrakı həyat" mənasında "axirət" deyilmişdir. "Ötəki " mənasını verən "üxra" sözü də dünyanın ziddi olan "axirət" mənasında, sinonim kimi istifadə edilmişdir. Buna görə də, dünya insanın yanında, ona yaxın olan; axirət isə kənarda olan və ötəkidir. Dolayısilə, insanın yanında gördüyü, özünə yaxın bildiyi və ya yəqinən tanıdığı bir şey onu daha çox təsir altına alır, ovsunlayıb özünə çəkir.  Demək ki, insan oğlu ovsununa tuş gəlib sehrinə qapılacağı qədər dünyaya yaxındır. Məhz buna görə də ona "ən yaxın" mənasında "dünya" deyilmişdir.

Dünya sözünün "alçaq" mənasını verən "dənaət"dən törədiyini qəbul etsək, axirət ülya (ən uca, ən yüksək), dünya isə dəni (alçaq, alçaqlıq) mənasını verir. Hər iki mənanı birləşdirsək, "dünya insana çox yaxın olan bir dənidir" deyə bilərik.

Dünyanın üç üzü

Ancaq dünyanı yalnız həva və həvəs, bədən və cismaniyyət yönü ilə qiymətləndirmək də doğru deyil. Bu məqamda Bədiüzzaman Həzrətlərinin yanaşması diqqətəlayiqdir. O, dünyanın üç üzü olduğunu bildirib belə deyir:

Dünyanın bir üzü Cənabi-Haqqın gözəl isimlərinə baxır və onların güzgüsüdür. Bu baxımdan, dünyaya bir məşhər, bir seyrangah; təkvini əmirlərin (Allahın təbiətə qoyduğu qanunlar) məcmuəsi, bir səyahət gəmisi; mərifətullaha, məhəbbətullaha açılan bir liman və nəticə etibarilə, Rəbbimizi dərindən təfəkkür edə biləcəyimiz bir aləm nəzəri ilə baxmaq olar. Dünya bu yönü ilə Allahın (c.c.) sonsuz gözəlliklərinə, gözəlliyin təcəllilərinə səhnə vəzifəsini yerinə yetirib Onun məhəbbətinə vəsilə olduğuna görə, tənəyə deyil, əksinə sevgiyə layiqdir.

İkinci üzü axirətə baxır. Bir hədisdə də buyurulduğu kimi: "Dünya axirətin tarlasıdır". Burada əkilənlər orada biçiləcək. Yol azuqəsi burada tədarük edilir, Cənnətin o nurani nemətləri burada hazırlanır və əbədi səadət bu dünyada qazanılır.

Dünya hər iki üzü ilə də sevilməyə layiqdir. Çünki bu üzləri ilə o, mömini Allaha aparan, Allaha yüksəldən işıqlı bir nərdivan və nurani bir hələzondur.

Üçüncü üzü isə insanın fani həva və həvəsinə baxır. Bu yönü ilə dünya qatıdır, maddidir, cismanidir. Keçici, müvəqqəti və aldadıcıdır. Dünyanın bu yönünü sevmək insanı Allahdan və yaradılış məqsədindən uzaqlaşdırır, fəlakətə sürükləyir. Dünyanın bu üzü ilə insanın təbiəti, arzu və həvəsləri arasında ciddi bir bağlılıq və əlaqə var. Əgər insan dünyanın bu yönünə qarşı iradəli davranmasa, arzu və istəklərini şəriətlə cilovlamasa, özünü həva və həvəsin atmosferinə atsa, deməli daim puç olub getmə təhlükəsi ilə üz-üzədir.

Çünki -əvvəllər də izah etməyə çalışdığım kimi- insanın yoldan çıxması üç ehtimaldan iki ehtimaldır. Doğrunu tapıb doğruya getməsi, ardınca doğru ilə üzləşməsi isə üç ehtimaldan bir ehtimaldır. Belə ki, insan iradəsini sərf etməz, doğru yolun qanunlarına riayət etməzsə, hüsrana getməsi qaçılmazdır. İkincisi, insan olduğu yerdə hərəkətsiz dayansa, onun yenə də hüsrana getmə ehtimalı var. Qalan bir ehtimal isə iradəli olma, özünü zorlama ilə və beləcə hidayətə çatma yoludur. Bəli, insan bir ehtimalla hidayətə çatır. Ancaq o, bu ehtimal və alternativi istifadə etməsə, iki alternativlə yanlış yola düşmə təhlükəsi ilə qarşı-qarşıya qalar. Demək ki, insanın doğrunu tapıb o istiqamətdə həyatını davam etdirməsi çox ciddi cəhd və səydən asılıdır. Bu, atmosferin yüksək təbəqələrinə qalxma və ya sonsuz fəzaya yüksəlmə və beləcə yer kürəsinin cazibə xəttindən çıxaraq məsafə qət etmək qədər çətin işdir. Bu isə şübhəsiz ki, müəyyən qədər enerjinin sərf olunmasını tələb edir. Halbuki, yerdə duranda enerji sərf etməyə ehtiyac yoxdur. Ölülər belə yerdə dura bilir. Bilindiyi kimi, yer cəsədi çölə atmır, əksinə özünə çəkir, hətta zamanla –səbəblərlə bağlı olaraq- özünə bənzədir, çürüdüb torpağa çevirir.

Yerin sürtünmə və ya cazibə qüvvəsinin xaricinə çıxmaq üçün xüsusi təchizata ehtiyac olduğu kimi, qəlbin və ruhun üfüqündə səyahət etmək üçün də mənəvi, xüsusi təchizata ehtiyac vardır. Elə isə, insan ilk başdan dünyanın bu üzü ilə bəşəri arzu və istəklərin əlaqəsini, fitrətən bu yönə meyilli olduğunu bilib qəbul etməlidir. Bu səbəblə o, iradəsi ilə dünyanın Allaha və axirətə aid gözəl yönünə baxmalı və daim bu yöndə cəhd və səy göstərməlidir. Əks halda o, dünyanın dünyaya baxan yönünün cazibəsinə qapılıb yerə çırpılar.

İnziva və başqaları üçün yaşama

Belə bir təhlükədən qorunmaq üçün tarix boyu Xəlvətilər kimi, münzəvi (inzivada) ömür sürənlər, mağaraya qapananlar olmuşdur və bu seçim bir baxımdan şəxsi həyatın qurtuluşuna səbəb ola bilər. Lakin bilməliyik ki, bu, mütləq deyil və insan üçün həmişə qurtuluş yolu deyildir. Məsələn, Ustad Həzrətləri Erek dağında mağaraya qapanmışdı, lakin onu orada rahat qoymadılar. İndi təsəvvür edin, əgər Ustad Həzrətləri həyatını mağara həyatı kimi çox saf, təmiz və kamil dünyagörüşünə görə tənzimləməsə idi Vandan sürgünə göndəriləndə, inzivadan uzaq bir həyat yaşamağa məcbur ediləndə o yüksək səviyyə və keyfiyyətini qoruya bilərdimi? Lakin həyatı da şahiddir ki, o, ömrünü mağaradakı inziva həyatından daha təmiz və daha səviyyəli keçirmişdir. Özü də həmd və şükrün bir ifadəsi olaraq buna: "Ərhamür-rahimin mənə Barlanı o mağaraya çevirdi, mağara bəhrəsini verdi. Lakin ağır mağara zəhmətini bu zəif bədənimə yükləmədi" sözləri ilə işarə edir. Bəli, sürgündən sonra zindanlar, amansız təqiblər, məhkəmələr Ustad Həzrətlərinin yaxasını buraxmadı, lakin o, məişətini səmimi tələbələrinə əmanət etdi iman həqiqətlərinə və Qurana aid əsərləri nəşr edərək səadət dolu bir həyat yaşadı.

Həmçinin bunu da bilmək lazımdır ki, inzivanı seçib orada mənəvi rahatlıq axtaran insanlar mübarizə zəminindən uzaqlaşdıqlarına görə, tərəqqiyə əsas olan hərəkətverici qüvvədən məhrum olurlar. Necə ki, bədənimiz bir qisim viruslarla tanış olmasa, immunitet sistemi inkişaf etməz və kiçik bir mikrob qarşısında belə məğlub olar; mənən mübarizə aparmayan bir insanın da qəlbi və ruhi həyatı günah virusundan iflic olar.

Bir mənqibədə bu xüsus necə də gözəl ifadə edilir. Deyilənlərə görə, iki qardaş Haqq dostu varmış. Onlardan biri dağ başında təkbaşına inziva həyatı keçirir, digəri isə xalq içində dinini yaşayıb haqq və həqiqəti təmsil etməyə çalışırmış. Münzəvi qardaşın bezdən bir zənbili varmış. O, zənbilə yemək-içməyini qoyub mağaranın bir küncündən asarmış. Xeyli vaxtdan sonra görür ki, Cənabi-Haqq ona bir kəramət ehsan edir. Zənbilə qoyulmuş mayelər sızıb axmır. Bir gün münzəvi qardaş şəhərdəki qardaşına baş çəkir və qardaşının da eyni kəramətə sahib olduğunu görür. Münzəvi qardaşının yanında bir müddət qalır. Şəhərin o təmtəraqlı həyatı ona dərhal təsir edir və evin çölündə asılı duran zənbili su sızdırmağa başlayır. Halbuki, qardaşının zənbilində heç bir dəyişiklik olmur. Onda başa düşür ki, qardaşı həm başqalarının qurtuluşuna vəsilə olur, həm də iradənin haqqını verərək şəhərdə ömür sürdüyü üçün günah viruslarına qarşı möhkəm müqavimət qazanır.

Bu mülahizə və yanaşmalardan inzivanı tamamilə rədd etdiyimiz mənası çıxarılmamalıdır. Biz sadəcə bu mülahizələrlə inzivanın mütləq mənada hər kəs üçün obyektiv bir qurtuluş yolu və metodu olmamasına diqqət çəkmək istəyirik. Yoxsa, tarix boyu nəfsi tərbiyə etmək üçün "seyru-süluqu-ruhaninin" bir mərhələsində inzivaya çəkilib gözünü, qulağını, dilini masivadan (Allahdan qeyri hər şey) çəkərək tamamilə mərifətullah və məhəbbətullah üfüqünə yürüyən və bu yöndə kamilləşən həqiqət yolçularının varlığı inkar edilə bilməz. Üstəlik o yolun yolçuları zaman keçdikcə tədricən dünyaya da alışdırılmış və beləcə o şəraitdə də mahiyyəti, keyfiyyəti qorumağı öyrənmişlər. 

Qurtarma yolunda ol ki, qurtuluşa çatasan

Bu da bir həqiqətdir ki, ömrünü bir münzəvi kimi keçirən insan, ümumiyyətlə, insanlara haqq və həqiqəti çatdıra bilmir, şəxsən qurtuluşa nail olsa belə, başqa birinin qurtulmasına vəsilə ola bilmir. Halbuki, mömin yalnız öz qurtuluşu üçün deyil, başqalarının qurtuluşu üçün də çalışan insandır. Və bu vəzifə inanan insan üçün bir mükəlləfiyyətdir. Hətta bizim fəlsəfəmizə görə, qurtuluşun yolu başqasını qurtarma niyyət və əzmindən keçir. Özünü kimisə qurtarmağa həsr etmisənsə, Allah da səni qurtarar. Bəli, qurtar ki, sən də qurtulasan; qurtarma yolunda ol ki, qurtuluşa çatasan. Bu isə xalq içində Haqqla birgə olmaq, təsəvvüf dili ilə desək, xəlvətiliyi bir kənara qoyub cəlvətiliyi seçməklə əldə olunan üfüqdür.

Bu mövzuda əsas məsələlərdən biri də, bəzi hallarda insandakı inzivaya meyilliliyi məsuliyyətdən qaçmaqdan, fərdi olaraq rahatlıq axtarışından qaynaqlanmasıdır. Ədirnədə xəlvətiliyə mənsub bir şəxsin məscidin pəncərəsinə bir neçə misra nəqş etdiyinə şahid olmuşdum. Bu misralar vurğuladığım məsələyə gözəl bir nümunədir. Belə deyilirdi o divara nəqş olunmuş misralarda:

رَاحَتِي في خَلَوَتِي يَا إخْوَتِي
لأَنِّي كُلَّمَا صَحِبْتُ قَوْمَاً
أَظْهَرُوا عَيْبِي وَأَبْدَوْا ذِلَّتِي
مَا وَجَدْتُ في حَيَاتِي صَادِقَاً
بَلْ وَجَدْتُ رَاحَتِي في خَلَوَتِي

"Qardaşlarım, mənim rahatlığım xəlvətdədir, çünki kimlə dostluq qurdumsa, ayıblarımla məşğul oldu və nöqsanlarımı faş etdi. Düzü, həyatımda heç sadiq birinə rast gəlmədim. Beləliklə də mən qəlb və zehin  rahatlığını təklikdə tapdım".

Məncə bu cür yanaşma qaçmaqdır. Çünki mömin yalnız özünü düşünən, özü üçün yaşayan, rahatlığa düşkün bir insan ola bilməz. O, həm öz tərəqqisini, həm də başqa insanların imanını düşünər, belə müqəddəs bir vəzifə yolunda həyatını tənzimləyər. Bu səbəblə deyə bilərik ki, haqq və həqiqətə tərcüman olma niyyət və məqsədi ilə xalqdan ayrılmama eyni zamanda böyük peyğəmbərlərin və xüsusilə, Əfəndilər Əfəndisinin (sallallahu əleyhi və səlləm) yolu və üsuludur. Bəli, Allahın istəyi əksinə olsa idi, Rəsuli-Əkrəm (əleyhissəlatu vəssəlləm) həyatını Hirada keçirər, orada xəlvəti həyat yaşayardı. Heç kəs də Ona müdaxilə etməz, heç nə deməzdi. Bəs onda irşad və təbliğ işi necə olardı? Halbuki, ilk vəhydə Cənabi-Haqq Ona belə xitab edirdi: "Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! "(Müddəssir surəsi, 74/1-3)

Allah-Təala bu ayələrlə irşad və təbliğ üçün insanlara qarışmağı, onlara əl uzadıb qəlblərinə haqq və həqiqəti duyurmağı peyğəmbərlik vəzifəsi olaraq bildirir və Əfəndimizə (sallallahu əleyhi və səlləm): "Sən bunula mükəlləfsən!" deyir. Bir başqa ayədə isə: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan" (Maidə surəsi, 5/67) buyurur. Əslində bu ayədə mətnaltı məna var, "əgər vəzifəni yerinə yetirməsən, mövqeyindən məhrum edilərsən" mənası var. Bu baxımdan, insan kənara çəkilsə, Allah (c.c.) o insana ehsan etdiyi nemətləri ala bilər. Bu səbəblə, inziva arzusunu mağarada qoymalı, bu arzumuzu mağarada gömməli, Haqq xatirinə xalqın içində olma şövq və iştiyaqını şahlandırmalı, yoldaşlarla əl-ələ verərək iman və insanlığa xidmət etməli. Burada yenə Akifin dili ilə belə deyək: "Allaha sığınıb, səy göstərib, hikmətə ram olmalı. Yol varsa, budur. Bilmirik başqa bir yol."

Qaldı ki, Cənabi-Haqq Onun yolunda inanaraq yürüyən, Ona xidmət edən insanları xalq içində də qoruyar. Qorumadımı, Allah xətrinə, hər kəs etiraf etsin. Bir az əvvəl də bəhs etdiyimiz kimi, dünyanın fani, azdırıcı, ağlı başdan alan yönü ilə təbiətimiz arasında ciddi bir uzlaşma, anlaşma və uyğunluq var. Təbiətimizin günahlara olan meyli azğınlığı o qədər güclüdür ki, bir mənada qarşısıalınmaz görünür. Bu mənzərəyə insafla baxanda "azğın nəfs, həva və həvəs fasiləsiz insanı dünyaya çağırarkən dünyanın cazibədar gözəllikləri hər an onun ağlını başından ala bilər" qənaətinə gələ bilərsiniz. Qənaətimcə, burada əsl heyrətamiz xüsus budur: Allaha xidmət edən insanlar sel kimi axan haramlarda Rəbbimizə həmd olsun ki, boğulmur, öz yoluna davam edir. Bəli, bu qədər haram içində insan ağlını itirə bilər, gözləri tutula bilər, səhv yollara düşə bilər. Lakin ilahi hifz, ilahi inayət və ilahi himayə sayəsində yoldan çıxmırlar. Deməli inananları, inandığı dəyərlərə xidmət edənləri bürüyən bir ilahi himayə var.

Elə isə bizim vəzifəmiz bu lütf və ehsanın şüurunda olub:

اَللّٰهُمَّ َحِفْظَكَ وَحِرْزَكَ وَكِلاَئَـتَكَ وَوِقَايَتَكَ وَحِمَايَتَكَ وَعِنَايَتَكَ وَأَمْنَكَ وَأَمَانَكَ

"Allahım! Səndən Sənin hifz və siyanətini, qorumanı, himayəni, əmin-amanlıq içində bizi hüzuruna almağını diləyirik " deyib Rəbbimizdən daim bunları istəməkdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.