İnsaf
Sual: İnsaf nə deməkdir, insaflı olmanın əlamətləri nələrdir?
Cavab: İnsaf-kim tərəfindən səsləndirilirsə səsləndirilsin, haqq və həqiqəti qəbul və etiraf etmək, hər kəslə mərhəmət və ədalətlə rəftar etmək, öz haqlarının yanında başqalarının hüquqlarını da qorumaq; nəfs, həva və həvəsə deyil, vicdan, məntiq və ümumbəşəri insani dəyərlərə müvafiq davranışlar nümayiş etdirmək və haqqın ən kiçiyinə belə riayət etmək deməkdir.
İnsaf Dinin Yarısıdır
Bəzən haqq, bəzən ədalət və bəzən də düzgünlükdən heç ayrılmamaq mənalarını ifadə etmək üçün istifadə edilən insaf təbiri (söz, kəlmə, ifadə) haqq iddia edərkən əsla başqalarına qarşı haqsızlıq etməmənin, hətta öz nəfsi üçün əldə etmək istədiyi bir şeyi digər insanlar üçün də diləmənin və lazım olsa, haqq mövzusunda onları irəli keçirmənin və haqqı yerinə yetirmə barəsində ifrat və təfritdən uzaq qalaraq hər zaman müvazinəli davranmanın ünvanıdır.
Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.) insafı gözəl əxlaqın təməl ünsürləri arasında saymış; "Bu üç şey imandandır: Nəfsin tərsliklərinə baxmayaraq, insafı əldən buraxmamaq, salamı hər yerdə yaymaq və özünün sıxıntılı vəziyyətində belə başqasına kömək etmək." -buyurmuşdur.
Xalq arasında hədis olaraq bilinən "İnsaf dinin yarısıdır" sözü də şəxsən Allah Rəsulu (s.ə.s.) tərəfindən dilə gətirilməmiş olsa belə, yenə Onun haqq və ədalətlə əlaqəli mübarək bəyanlarının xülasəsi mahiyyətində bir nəzakətli kəlamdır.
İnsan bir məsələni öz məntiq və mühakiməsinə görə müəyyən bir şəkildə qiymətləndirərkən bəzən fərdi mülahizələrini mərkəzə çəkib o mövzuya nəfs və cismaniyyət baxımından baxa bilər. Bunu edərkən də çox vaxt yanıla bilər, səhv hökmlərə vara bilər və özünü mütləq haqlı sana bilər. Belə bir vəziyyətdə, şəxsi duyğu, düşüncə, təmayül və istəkləri fərqli olduğu halda, insanın -işin həqiqətini, əslini öyrənən kimi- haqqa tərəfdar çıxması və nəfsinin əleyhinə bir yön təyin etməsi insafın ifadəsidir. Hər zaman dinə ehtiram göstərmək, əxlaqı haqpərəstlik xüsusiyyəti ilə yoğurmaq, həmişə doğrunun arxasında olmaq və eqoist meyillərin təzyiqinə baxmayaraq, vicdanın səsinə uyub haqqın qolundan tutub qaldırmaq insaflı olmanın gərəyidir.
İnsafsız adam qəddardır, mərhəmətsizdir; sui-zənn etmək (başqaları barədə mənfi düşünmək) üçün hər fürsəti istifadə edir; bir pislikdən ötürü, bəlkə, onlarla yaxşılığı görməzlikdən gəlir və heç vaxt hüsnü-zənndən (hər şey haqqında gözəl düşünmək) bir zərrə belə nəsibi olmaz. İslam əxlaqı insaf və hüsnü-zənni tövsiyə etdiyi halda, insafsız adam haqsızlığı və pis düşüncəni əsas alır. Başqa sözlə, bir bağçadakı tək çürük almaya əsaslanaraq bütün bağçanın quraq və bərəkətsiz olduğu hökmünü verir. Əslində, dövlət xəzinəsindəki əzilmiş, rəngi solmuş bir pul o xəzinənin qiymətini aşağı salmaz, lakin insafsızın nəzərində həmin pul kimi bir xoş olmayan xüsusiyyətdən ötürü insan deyilən xəzinə dəyərsiz bir əşyaya çevrilə bilər.
Bir səhv bu qədər gözəl əməli örtməməlidir!..
Halbuki, Haqq qatında həsənənin (gözəl iş, xeyir iş) on, seyyiənin (pis iş, günah) isə bir sayıldığına görə, bir səhv bu qədər həsənəyə qarşı ürəyi bulandırmamalıdır. İnsaflı mömin hər zaman gözəl düşünməyə və yaxşılıqları görməyə çaışmalıdır. İnsaflı mömin bir insanı hər hansı bir səhvindən ötəri dərhal ədəmə məhkum etməməli (yox saymamalı, silib atmamalı), əksinə, bəlkə də, onun bir yaxşılığını bütün pisliklərinə kəffarə bilməlidir. Məsələn, insaflı bir mömin eyni məfkurəyə könül vermiş qardaşını dəyərləndirərkən, "Filankəs bu pis işi gördü, lakin onun dininə və imana sədaqətini görməzlikdən gələ bilmərəm!" deməli, yol yoldaşına qarşı fövqəladə vəfalı olmalı və həmişə haqqı ali tutmalıdır.
Necə ki, hədis kitablarında nəql edilən bu hadisə mövzu ilə əlaqəli çox əhəmiyyətli bir əsası vurğulayır. Hələ içkini, şirəni və şərbəti bir-birindən ayıra və bu vərdişdən xilas ola bilməyən bir səhabə bəzən sərxoş olacaq qədər xumarlanır və hər dəfə də Rəsuli- Əkrəm tərəfindən nəsihət alır. O səhabə bir gün yenə eyni günahla Rəsulullahın hüzuruna gətirilir. Camaatdan biri, "Allahım, bu adama lənət et! Bu neçənci dəfədir eyni günahla cəzalandırılır, amma heç cür islah olmur," deyə qarğış edir. Bu sözü eşidən Şəfqət Peyğəmbəri (s.ə.s.) "Ona lənət etməyin. Allaha and içərəm ki, o, Allahı və Rəsulunu könüldən sevir!" deyib, "Allahım, ona rəhmət et və onun təqsirini bağışla!" şəklində dua etməyi əmr edir.
Bəli, səhabənin Allah və Rəsuluna olan münasibətinə bu qədər təvəccöh göstərilməsinə nəzər yetirilsə, Haqq kəlamını sevdirməyə çalışmanın insana nələr qazandırdığı və Allahın adının ürəklərə nəqş etmə yolunda səy göstərən insanın səhv və qüsurları qarşısında necə davranacağımız barədə məqsədəuyğun bir görüş bildirilə bilər.
Haqq eşqi və həqiqəti tənzih (açığa çıxarmaq, təmizləmək) arzusu
İndiki zəmanədə insafsızlığın ən çox boy atıb inkişaf etdiyi və dəhşətli bir mərəz halına gəldiyi sahə isə, qərəz, hiyləgərlik və təkəbbürə istinad edən tənqid sahəsidir. Əslində, bir insanın, ya da bir şeyin yaxşı və ya pis tərəflərini, mənfi və ya müsbət yönlərini tapıb meydana çıxarmaq, olanla olması gərəkən arasında müqayisə etmək demək olan "tənqid", ideala varmada əvəzsiz bir yoldur.
Müsbət mənada tənqid etmək və tənqidə açıq olmaq elmi əsaslardan biridir. Belə ki, onun da bir üslubu və uyğun bir şəkli vardır. Hər şeydən əvvəl, tənqid edən insaflı davranmalı, söyləyəcəklərini nəfsi hesabına deyil, Haqq rizası adına söyləməli və xeyir mülahizəsindən başqa bir niyyəti olmamalıdır. Tənqidin saiqəsi (səbəbi, amili) haqq eşqi və həqiqəti tənzih arzusu olmalıdır. İnsaflı bir münəqqid (tənqid edən adam) yalnız haqq və həqiqətin inkişafını məqsəd bilməlidir. Əks təqdirdə, təkəbbür və demaqoqluğa inzimam (qatılan) edən insafsız tənqid həqiqəti korlayıb haqsızlığa səbəb olar.
Bildiyimiz kimi, hər hansı bir həqiqətin aşkar edilməsi üçün fikir mübadiləsi etmə, müəyyən qayda və qanun çərçivəsində müzakirələr həyata keçirmə, müştərək düşünmə, qarşılıqlı söhbət və insaflı ifadə sayəsində fərdi mülahizələri ortaq ağıla həvalə etmə işinə "münazirə (etika dairəsində müzakirə)" deyirik. Əfsuslar olsun ki, indiki zəmanədə münazirə adına cərəyan edən demək olar ki, bütün müzakirələrdə də insafsızlığın tənqid rənginə boyanmasına şahid oluruq.
Bu gün fikir dueli də deyə biləcəyimiz cidal (şiddətli qalmaqal, mübahhisə), müğalitə (həqiqətə əsaslanmayan mübahisə) və demaqogiya sahəsindəki atışmalara iştirak edən hər kəsin bəzi kompleksləri olur və müzakirə edənlər, ümumiyyətlə hər hansı bir həqiqətin aşkara çıxmasından daha çox hər nə olursa olsun öz mülahizələrini qarşı tərəfə qəbul etdirmənin mübarizəsini aparırlar. Belə ki, bu barədə ciddi səy göstərir, bəzən söz və məntiq oyunlarına girir, rəqiblərini qızışdırma, qarşıdakını ağız açmağa imkan verməməyə və utandırma kimi mənasız şeylərə müraciət edir və həqiqətə qarşı həmişə qapalı yaşayırlar. Həqiqətlərin ortaya çıxmasından daha çox, qarşı tərəfin düşüncə, ifadə və fəlsəfəsinə zidd şeylər deyərək söhbəti dialektikaya çevirirlər və artıq münazirlər şahmat oynayırmış kimi bir-birini mat etmə, hörmətdən salma və məğlub etmə mülahizəsi ilə hərəkət edirlər. Əslində, bu cür müzakirələrə qətiyyən münazirə deyilə bilməz, buna deyilsə deyilsə, ancaq ağıl və fikir əlillərinin deyişməsi deyilər. Əfsuslar olsun ki, hal-hazırda münazirə məclisləri dialektika meydanlarına çevrilmiş haldadır.
Bu xəstəliyin yeganə çarəsi insafın əldən buraxılmaması, haqqın xatirinin hər zaman əlüstə tutulması və heç kimə fəda edilməməsidir. Hər münazirin öz-özünü ittiham etməsi və nəfsinə deyil daim həmsöhbətinə tərəfdar olmasıdır. Bir-birini utandırmaq bir tərəfə, haqlı çıxanın rəqibini xəcalətə salmaq kimi bir cəhətin insani dəyərlərə hörmətsizlik sayılmasıdır.
Nur Müəllifinin dediyi kimi: "Elmi-münazirə alimləri arasında haqpərəstlik və insaf düsturu belədir: Əgər insan bir məsələnin münazirəsində öz sözünün doğruluğuna səmimiyyətlə tərəfdar olub özü haqlı çıxdığına sevinsə və rəqibinin haqsız və səhv olduğundan ötürü məmnun olsa, insafsızdır. Çünki əhəmiyyətli olan haqlı çıxmaq deyil, haqqın ortaya çıxmasıdır. Digər tərəfdən, özünün haqlı çıxmasına və rəqibinin səhvinə sevinən insan zərərə düşər. Çünki haqlı çıxdığı vaxt o münazirədə bilmədiyi bir şeyi öyrənə bilməz, əksinə bəlkə də təkəbbürə qapılıb çox zərərə məruz qalar. Lakin əgər haqq rəqibindən çıxsa, heç bir zərər ehtimalı olmadan bilmədiyi bir məsələni öyrənib mənfəətdar olar və nəfsi də qürurundan xilas olar. Deməli, insaflı haqpərəst haqqın xatirinə öz nəfsini qırır, haqqı rəqibinin əlində də görsə, yenə razılıq ilə qəbul edib onun tərəfini saxlayır."
Biz insaflıyıqmı?!.
Digər tərəfdən, bəzən başqa din və fəlsəfənin mənsubları haqqında "Kaş ki, bu insanlar bir az insaflı olalar, Qurani-Kərimə və Rəsuli-Əkrəm Əfəndimizin çağrısına da bir nəzər yetirələr! İnsaf onların da gözlərini aça bilər və fərqli şərhlərə səbəb ola bilər. Kaş ki, kompleks düşüncələrdən xilas olalar, İslama insafla baxa bilələr!" şəklində bəzi mülahizələrə dalıb həmsöhbətlərimizi insafa çağırırıq.
Lakin onları insaflı olmağa dəvət edərkən, görəsən, insafın bizə düşən yönünü hesaba qatırıqmı? Görəsən, biz haqqı və həqiqəti onlara nə səviyyədə izah edə bildik? İnandırıcı və əmniyyət təlqinedici bir üslub nümayiş etdirə bildikmi? Onlardakı insaf duyğusunu hərəkətə gətirəcək keyfiyyətdə bir təmsil ortaya qoya bildikmi?
Müsəlmanlar olaraq, dünyanın bir çox ölkəsinə getdik. Bəzi yerlərdə müəyyən bir hörmət edilən saya da çatdıq. Lakin o əhaliyə bərabər bir nüfuza sahib ola bilmədik. Çünki əksəriyyətlə, dünyəvi məqsədlərə bağlı olaraq, bəzilərinin qapılarında hambal kimi çalışdıq. Ağaların qullarını dinləmədikləri kimi, onlar da bizim sözlərimizə qulaq asmadılar.
Ümumiyyətlə, müsəlmanları kölə kimi istifadə etdilər və işləri bitincə də qapının eşiyində qoymanın yollarını araşdırdılar. Beləliklə də, müsəlmanlar çox yerlərə getmiş olsalar da, İslamın dəyərləri o diyarların insanlarına çatmış sayılmaz. Hələ materializm və naturalizmin hakim olduğu bir dövrdə, əşya və hadisələrə materialist nəzərlə baxmağa alışmış insanların İslam və Quran məntiqi ilə tanış olduqlarını deyə bilmərik. Başqa sözlə, bu gün (yer üzünü qana bulayan və məzlumlara qan qusduran zalımlar istisna) insaf gözlədiyimizin çoxu bir yönü ilə hələ fətrət dövrünün (peyğəmbər gəlmədən keçən dövr) insanları sırasındadırlar.
Elə isə, əvvəlcə biz insaf etməli deyilikmi? Dünyanın hər tərəfinə gedə bilmədiyimiz, inandırıcı bir haldır. Rəftar və keyfiyyət nümayiş etdirə bilmədiyimiz və nəzəri yönü ilə çox gözəl olan Quran həqiqətlərini eyni gözəllikdə təmsil edə bilmədiyimiz üçün əvvəla özümüzü sorğu-suala çəkməli deyilikmi? Əgər həmsöhbətlərimiz: "Deyilənlər çox gözəl şeylərdir, lakin o həqiqətləri yaşayan və yaşadan bir camaat görə bilmədik. O ali əxlaqla nurlanmış insanlara şahid ola bilmədik. Həssaslıqla yaşayan fəzilətli insanlara rast gələ bilmədik. Hanı günaha axıra qədər qapalı və qapalı qalmağa da əzmkar insanlar? Hanı mömin kimi yaşayan canlı təqva sahibləri? Belələrini görmədən biz inana bilmərik!.." desələr və bu bəhanələrini dilə gətirsələr, Allah hüzurunda biz nə edərik? Bu baxımdan, "insaf" deyərək başqalarını haqpərəst olmağa dəvət edərkən, qarşı tərəfdə o insaf duyğusunu hərəkətə gətirəcək bir görünüşə ehtiyacımız olduğu da unudulmamalıdır.
İnsaf duyğusunu hərəkətə gətirmə təmsili
İnsanlığın Fəxri Peyğəmbərimizi (s.ə.s.) görənlər: "Biz bu günə qədər Sənin heç bir yalanına şahid olmadıq!.." -demədilərmi? "Sənin əmin və etibarlı bir insan olduğun barəsində əsla şübhə etmədik!.." -deyə təsdiq etmədilərmi? Bəli, Rəsuli Əkrəm Əfəndimizin (s.ə.s.) o yüksək və ali əxlaqı bir yönü ilə həmsöhbətlərinin Qurani-Kərimə meyil göstərmələrinə, İslamın çağırışına qulaq asmalarına və Sadiq Elçi Peyğəmbərimizi dinləmələrinə səbəb oldu. Rəhbəri-Əkməlin (s.ə.s.) bənzərsiz təmsili vicdanlarda insaf duyğusunu hərəkətə gətirdi.
Hal-hazırda da könüllərə təsir edən və insanları insafa gətirən "təmsil"dir. "Bu sözləri eşidərək haqqı tapdım!" -deyən çox azdır, lakin "Filan səmimi möminin halını görüb hidayətə gəldim!" -deyən insanların sayı çoxdur. Əslində, hidayətə səbəb olan sözlər də həmişə könül dili və hal şivəsinin damlaları olan ifadələrdir. Çünki təbliğin ancaq həqiqi təmsillə gerçək dəyəri bilinər.
Amerikalı bir professorun bu xatirəsi təmsilin gücünə dəlil olan yüzlərlə hadisədən yalnız biridir. Dinlər tarixi üzrə mütəxəssis olan bu şəxs bir qrup yoldaşı ilə birlikdə Türkiyəyə gəlir. Bir gün yolu Urfaya, könül insanlarının hümmətinə müraciət edilən bir yığıncağa düşür. Bir masanın ətrafında oturarkən yanına əyləşən bir Anadolu insanı ilə tanış olur. Söhbət əsnasında amerikalı professor Cənub-şərqi Asiyadan yeni döndüyünü deyir. Bunu eşidən o adam təvazö və xəcalətlə professorun qulağına: "Eləmi? Mənim də Kambociyada bir məktəbim var!" -deyə pıçıldayır. Professor o haqq aşiqindən danışarkən "Görünüşcə kasıb bir insan idi, çox təvazökar idi, lakin heyrət etdim ki, haradasa bütün qazancını, bəlkə də, dünya gözü ilə heç görə bilməyəcəyi bir məktəbə göndərirdi. Onun hümmətinin də olduğu fədakarlıqlar sayəsində açılan məktəbdə kambociyalı uşaqların təhsil almalarından hədsiz dərəcədə sevinc duyurdu." -deyir və o gündən sonra onların ixlas və səmimiyyəti barədə başqa dəlilə ehtiyac duymadığını dilə gətirir.
O professor və digərləri Qurandan bixəbər insanlar deyillər. Lakin onlara təmsil təsir edir. Yenə bir tanışım… Bəlkə də, on il İslamla əlaqəli kitablar oxuyur, amma həyatında bir dəyişiklik meydana gəlmir. Bir gün bir yoldaşınıza qonaq gedir, o səmimi insanın hər halı ilə "Allah" dediyini hiss edir. O qədər səmimi imiş ki, bəlkə çox az danışar, amma hal və hərəkətləri ilə oturarkən "Allah" deyir, qalxarkən "Allah" deyir, baxarkən "Allah" deyir, başını səcdəyə qoyarkən "Allah" deyir... və inanmış insanın davranışları o şəxsə də çox təsir edir. Məhz o zaman kitablarda gördüyü təfsilatı möhkəm bir zəminə oturda bilir və "Bu hərəkətlər bu təməl intizamlara istinad edir!" -deyir.
Bu baxımdan, fərqli anlayışların nümayəndələri insafa dəvət edilərkən, onları insafa gətirə biləcək təmsilin vacibliyinə də göz yumulmamalıdır. Haqpərəstliyə çağırılan insanlara gözəl təmsil ilə haqqı göstərmək də insaflı olmanın gərəyidir. Hətta demək olar ki, bu gün sevgi dili ilə dünyanın hər yanına açılan məhəbbət ərlərinin yeganə vəzifəsi insaf duyğusunu hərəkətə gətirmə təmsilidir.
- tarixində yaradılmışdır.