İlahi Muradı təqib etmə

İlahi muradı təqib etməkdən bəhs edilir. Burada nəzərdə tutulan nədir? İnsan hal və hərəkətlərində Allahın muradını necə təqib edə bilər?

İlahi murad istək, arzu və seçimlərdə Cənabi-Haqqın rizasını əsas götürmə; hal, hərəkət, münasibət və davranışlarda Onun razılığını düşünmə şəklində də ifadə etmək olar İlahi muradın təqib edilməsi mövzusunu mükəlləfin iman və idrak üfüqünə, qabiliyyət və fitrətinə, mərifət və ehsan şüurundakı dərinliyinə görə iki baxımdan nəzərdən keçirmək olar.

Obyektiv və Subyektiv Mükəlləfiyyət

Birincisi; bütün inananların əmr və qadağalara riayət etməli olduğu obyektiv mükəlləfiyyət sahəsidir. Bu sahədə ilahi muradın gözlənilməsi bir yandan dinin əmrlərini dəqiq şəkildə yerinə yetirmə, digər tərəfdən də yasaqları pozamamaqda əzmli və mətanətli olmaqla gerçəkləşə bilər. Bundan başqa, hökmünün tam şəkildə dərk edilə bilmədiyi və ya günah şübhəsinin olduğu mövzularda ehtiyat edib bunlardan uzaq qalma səyi də bu mərtəbə üçün əhəmiyyətli bir əsas və ölçüdür. Bir başqa ifadə ilə dinin yasaq etdiyi ilahi hüdudları aşmama, sərhədləri pozmama, çərçivədən çıxmama və bu mövzuda mövqeyini qəti şəkildə ortaya qoyma; hökmü dəqiq bilinməyən və hədisin ifadəsi ilə "şübühat" (şübhəli) xüsuslarda da ehtiyatlı olma, araşdırma, təkrar-təkrar qaynaqlara baxma obyektiv mükəlləfiyyət sahəsi üçün zəruri əsaslardır.

Bu əsas və meyarları təyin etmək üçün ilk müraciət etdiyimiz iki təməl qaynaq Kitab və Səhih Sünnətdir. Bundan başqa, böyük fiqh alimlərinin şərhi zamana həvalə olunmuş məsələlərdəki ictihadlarından ortaya çıxan hökmlər də bu mövzuda əhəmiyyətli bir meyardır. Məhz həyatımızı bu əsaslara bağlı davam etdirsək, onda obyektiv mükəlləfiyyət çərçivəsində ilahi muradı təqib etmə yolunda olarıq.

Məsələnin digər yönü isə fərdin öz vicdanı ilə Allah arasındakı münasibətin dərinliyi ilə əlaqəlidir, subyektiv mükəlləfiyyət üfüqünə baxır və daha çox mübah dairəsində cərəyan edir. Məlum olduğu üzrə mübahlar bir mənada sərbəst hərəkət dairəsidir və bizi aşan, əhatə edə bilmədiyimiz geniş bir dairəni ehtiva edir. Bu geniş dairədə zahirən təhlükəli bir vəziyyət görülməsə də, şəxsin mövqeyinə görə, Allah rizasına müvafiq olmayan münasibət və davranışlar da ola bilər. Məhz bu nöqtədə bizim öhdəmizə düşən iş iradəmizin gücündən lazımınca istifadə edərək hər cür istək, arzu, tələb və seçimlərimizdə ilahi muradı qazanmağa çalışmaq və ona uyğun hərəkət etmək olmalıdır. Bunun üçün də yolların ayrılma nöqtəsində işin mahiyyətini tam olaraq bilmədiyimizi, dəqiq görə bilmədiyimizi etiraf edərək könüldən Allaha yönəlməli, seçimimizi Ona həvalə etməli və muradi-Sübhanisi hansı istiqamətdə isə bizi o yönə yönəltməsini diləməliyik.

Mübah Dairəsində İlahi Muradı Təqib Etmə

Hədisi-şəriflərdəki dualardan ilhamlanaraq tez-tez "Allahım, mənim bütün istəyim; əfvin, afiyətin və razılığındır. Allahım, Səndən başqa şey deyil, yalnız Sənin sevib və razı olduğun şeyləri istəyirəm", şəklində dua etməyə çalışırıq. Məhz bu dua sözü gedən mövzuda bizim hər vaxt müraciət edə biləcəyimiz, daha doğrusu, müraciət etməli olduğumuz bir "mənhəlul-azbil-məvrud"dur.

Bu duada ilk növbədə istənilən şey Rəbbimizin əfvidir. Onun əfvi, insanın etmiş olduğu və ya etməsi mümkün olan xətaları silməsi, belə demək doğrudursa, üzərindən xətt çəkməsi, görməməsi, Səttar ismi ilə onları örtüb Ğaffar ismi ilə məğfirət buyurması (bağışlaması) deməkdir.

Duada ikinci dilək isə afiyət məsələsidir. Çünki səhhət və sağlıq bir vəzifə və məsuliyyətin tələb edilən səviyyədə və doğru bir şəkildə yerinə yetirilməsi üçün çox əhəmiyyətlidir. Burada məsələni yalnız bədən səhhəti ilə əlaqələndirərək düşünmək doğru deyildir. Belə bir yanaşma onun mənasını məhdudlaşdırmaq olardı. Buna görə də bu və bənzəri dualarda bədən səhhəti ilə birlikdə qəlb, ruh, ağıl, zehin, hiss... kimi zahir-batin insana bəxş edilən bütün təchizatların səhhət və afiyətinin istənildiyini mülahizəyə almalıyıq. Çünki ağlımız, yaddaşımız, məntiqimiz, mühakiməmiz, qəlbimiz, hissimiz, lətif duyğularımız… səhhət içində (sağlam) olmazsa, doğrunu tapmada çətinlik çəkər və müxtəlif xəstəlik və sapmalara düçar olarıq.

Duada əfv və afiyətin ardından Rəbbimizin razılığını istəyirik. Qurani-Kərimdə "Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür." (Tövbə Surəsi, 9/72) ayəti-kəriməsi ilə də buyurulduğu kimi heç bir şey Allahın razılıq və məmnuniyyətindən üstün deyildir. Həzrəti Sadiqu-Masduq (əleyhis-salatu vəs-salam) bu ayə münasibəti ilə buyurur ki; "Cənabi-Haqq kafirləri Cəhənnəmə, mömin qullarını isə Cənnətə qoyduqdan sonra qurtuluşa çatanlara belə səslənəcək: "Bundan belə sizə daha böyük bir lütf edəcəyəm: Sizdən əbədi olaraq razı olacaq və sizə heç qəzəblənməyəcəyəm" (Əhməd b. Hanbəl, əl-Müsnəd, 3/94).

Hədisi-şərifdə ifadə edilən "Sizdən əbədi olaraq razı olacağam", lütfünün o biri aləmdə qarşımıza necə bir sürprizlə çıxacağını, insandakı ruh, qəlb, mənəvi hislər və batini duyğular tərəfindən necə qəbul ediləcəyini, onlar üzərində necə təsir icra edəcəyini bu an təxmin edə bilməyimiz, dərinlik və keyfiyyətini dərk edə bilməyimiz mümkün deyildir. Çünki qüdsi bir hədisi-şərifdə "Mən saleh qullarıma, (axirətdə) elə şeylər hazırladım ki, nə göz görmüş, nə qulaq eşitmiş, nə də bir kimsənin xəyalına gəlmişdir" (Buxari, Tövhid 35) buyurulduğu üzrə axirətdə verilənlər insan təsəvvürünə sığmayacaq. Demək ki, Həzrəti Mütəalın (cəllə cəlaluhu) qarşısında duyğular da fövqəladə səviyyədə olacaqdır. Bu səbəblə, bəlkə də, axirətdə Rıdvanı (cənnəti) duyub, hiss etdiyimiz an min il özümüzdən kedəcək ölçüdə məstü-sərməst hala gələcəyik.

Məhz bütün bunları ifadə etmə və Cənabi-Allahdan tələb etmə naminə اَللّٰهُمَّ عَفْوَكَ وَعَافِيَتَكَ وَرِضَاك اَللّٰهُمَّ إِلٰى مَا تُحِبُّ وَتَرْضٰى deyir; bu və bənzəri dualarla ilahi muradı yaxından izləməyə çalışırıq. Beləcə qərarsız olduğumuz vəziyyətlərdə; "Ey Şanı Uca Rəbbim! Mən nəsslərdə (Quran və hədis hökmləri) açıq şəkildə bəyan etdiyin ilahi murada müvafiq olan və ya muradi-sübhaninə müxalif olan hökmləri anladım və ona görə əməl etməyə çalışdım/çalışıram. Lakin bu mübah dairəsindəki hər cür söz, əməl və münasibətimi də Sənin istək və arzuna müvafiq şəkildə yerinə yetirmək istəyirəm. Ancaq bu dairədə hansı davranışların Sənin muradın istiqamətində olduğunu tam olaraq bilmir, dərk edə bilmirəm. Ağlımın qavramadığı bu xüsusları, ey Rəhməti Sonsuz Rəbbim, Sənə həvalə edirəm. Sən nədən məmnunsansa, mənə onu nəsib et!" deyir, mübah dairədə də olsa həmişə ilahi murad istiqamətində yaşamaq məqsədi ilə niyyət və əzmimizi ortaya qoyuruq.

Bəli, dualarımızdakı bütün bu mülahizələrlə heyrət etdiyimiz, tam seçib təqib edə bilmədiyimiz mövzuları Cənabi-Haqqa həvalə edib o aşılmazları bu gözəl sözlərə əmanət edərək aşmağa çalışırıq. Necə ki Cənabi-Haqq möminin bu mövzudakı niyyət və əzmini, səbat və mətanətini əməlindən daha xeyirli qəbul edəcəyini vəd buyurmuşdur. Bu səbəblə əgər biz istək, dilək və dualarımızda həmişə Cənabi-Haqqın muradını təqib etməyə çalışar, onu tələb edər, onun ardınca olsaq, Allah da (cəllə cəlaluhu) bu dualarımızı qəbul buyurar, lütf və ehsanı ilə onları reallaşdırma fürsəti verər və hifzü-inayəti ilə bizi bizimlə, bizi nəfsi-əmmarəmizlə baş-başa buraxmaz. Büdrəyəcəyimiz yerdə əlimizdən tutar, qaldırar və yolumuza davam etdirər.

Məşəqqətlər və İlahi Murad

Bir məsələ də hikmətini tam olaraq bilmədiyimiz əmr və yasaqlar, hadisə və imtahanlar qarşısında ilahi muradn təqib edilməsidir. Bu vəziyyətə bir misal kimi: "(Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.". ("Bəqərə" surəsi, 2/216) ayəsini verə bilərik. Məlum olduğu kimi "qıtal" şərtləri tamamlandıqda, yəni bir ölkənin namusu, şərəfi, torpağı, istiqlalı.. və s., təhlükə ilə üz-üzə olduğu hallarda başdakı idarəçilərin qərarı ilə qüvvəyə minən və müəyyən üsul və prinsiplərlə icra edilən bir mübarizə şəklidir. Yoxsa filan şəxsin, filan qrupun öz ağlına görə hərb elan etməsinin, canlı bomba kimi hücumlar etməsinin, günahsız insanları öldürməsinin Uca Bəyandakı "qıtal" məfhumu ilə bir əlaqəsi yoxdur, bu olsa-olsa bir vəhşiliyin adı ola bilər. Üstəlik də, bu işin dinin adından həyata keçirilməsi, ancaq "mükab (qatı) vəhşilik" ifadəsi ilə izah edilə bilər. Bəli, hərb və sülhün müəyyən üsul və qaydaları vardır və döyüş ancaq bu çərçivədə həyata keçirilə bilər.

Əsas mövzuya qayıdası olsaq, məhz qorunmalı xüsuslarda, xüsusilə üsulü-xəmsə deyilən din, can, mal, ağıl və nəslin qorunması barəsində dövlət səlahiyyətliləri tərəfindən bir vəzifə verilərsə, bu vəziyyət bədən və cismə toxunduğu üçün maddi rahatlığı pozduğuna görə, insan təbiəti bunu kərih (pis) görər, xoş qarşılamaz. Onun üçün ayədə; "fərz qılındı" ifadəsindən istifadə etdikdən sonra; "Bu sizin xoşunuza gəlmir, onu kərih görürsünüz", buyurur. Ardından da ayəti-kərimədə; "Bəzən pis gördüyünüz şeylər sizin üçün xoşdur, Allahın razılığına uyğundur. Bəzən də sizin xoş gördüyünüz şeylər əslində pisdir, ilahi murada müxalifdir", deyilir.

Bu ayənin hökmünü yalnız cihada bağlamaq, yəqin ki, doğru olmazdı. Çünki üsuldakı (fiqh metodologiyası) ifadəsi ilə səbəbin xüsusiliyi hökmün ümumiliyinə maneə olmur. Məhz mövzunu ümumi şəkildə nəzərdən keçirərkən demək olar ki, bəzən bizim xoşumuza gələn, "Bunda bir maneə yoxdur", deyə biləcəyimiz xüsuslar da ola bilər. Halbuki, bunlar ilahi murada müvafiq deyil, çünki onlarda bizim öz hissiyyatımız, öz istək və arzularımız, özümüzü ifadə etmə dərd və qayğısı vardır.

Sözün Bitdiyi Yer

Heç birimiz nəfsimizin başını əzmək surətilə, onu bir mənada ağızını, burnunu, gözünü dağıtmaqla təmizləmiş sayılmırıq. Bəli, heç birimiz nəfsani yönü ilə tərtəmiz, pak deyilik. Bu səbəblə bəzən elə düşünürük ki, yaxşı şeylər edirik, amma bu vaxt rizayi-ilahiyə zidd münasibət və davranışlara yol verə bilərik. Məsələn, bir nəfər məscid kürsülərində hayqırarkən elə zənn edər ki, natiqlik qabiliyyətini göstərərək "Dinə xidmət edir, insanları rüşdə, hidayətə dəvət edir". Ancaq əsl əhəmiyyətli məsələ bu əməldə ilahi muradın nə dərəcədə arzu edilməsidir. Əgər o adam: "Mənim sözlərimlə könüllərdə həyəcan meydana gəldi, mənim sözüm-sazım bunlara təsir etdi, mənim xitabım nəticəsində bu insanlar əkin kimi yerlərə yatıb sünbüllər kimi buğda verməyə başladılar.." kimi mülahizələrin onda birini belə ağılından keçirsə, o insan Ərşin yanında özünü Allahın yerinə qoyur, "tövhid, tövhid" dediyi eyni anda yuvarlanıb şirk bataqlığına düşür. Bəli, məsələ bu qədər ciddidir. Buna görə də insanlara xitab etmə məqamında olan bir adamın ağlından belə bir mülahizə keçərsə, qənaətimcə, edəcəyi iş budur; "İnciməyin qardaşlarım, bura sözün tükəndiyi yerdir", deyib kürsüdən aşağı enmək. Çünki belə bir adam özünü yox edib ortadan qaldırmamış, ortadan qaldırıb nəfsini yox etmək surəti ilə Onun varlığını isbat etməmişsə, bilməlidir ki, haqq və həqiqəti bina etmək yerinə, öz nəfs bütünü ucaltmağa çalışır, hər söylədiyi sözlə nəfs heykəlinin bir daşını qoyur.

Hal-hazırda eqoizm çox irəli getdiyi üçün əhli-ilhad və əhli-dəlalət "o etdi", "o elədi" "o qazandı", "mən etdim", "mən yaratdım", "mən müvəffəq oldum"… kimi tövhid əqidəsinə zidd sözlərlə bu məsələni o qədər yaydı ki, bir hədisi-şərifin ifadəsi ilə mülhidlər onun altında qalıb əzildi, möminlər də onun radioaktiv təsiri ilə zökəmə tutuldular. Belə ki, məsciddəki imamda da, müəzzində də, vaizdə də, xatibdə də onun radioaktiv təsiri hiss edilməyə başladı. Məhz eqoizmin bu dərəcədə azğınlaşdığı, qulyabani halına gəldiyi bir dövrdə, zənnimcə, özümüzü yaxşı-yaxşı mühakimə etməliyik. Bir az əvvəlki misalla ifadə etsək, deyək ki, bir yerdə xitab etmə mövqeyini qazanan bir adam xitabından əvvəl hüsnü-niyyətlə, səmimi bir şəkildə əllərini açmalı və "Allahım! Danışacağım şeylər içində Səni nəzərə verməyib özümü ifadə edəcək söz və bəyanlar olacaqsa, canımı al, amma o işi mənə etdirmə!" deyəcək qədər mərd olmalıdır. Və yenə "Allahım! Səni izah etməyən sözlərimdə bəlağətli və fasih bir şəkildə atəşli nitq söyləməkdənsə, zəif bir xütbəni üstün tuturam", deyəcək qədər cəsur olmalıdır. Çünki bizim məsələmiz qəhrəmanlıq dastanları danışmaq deyil, könüllərə Allahı duyurma, qəlblərə Allahı sevdirmə məsələsidir.

Zənn edirəm ki, bütün bunlarda nəfs kənarlaşdırıldıqda ortaya İlahi murad həqiqəti çıxacaqdır. Burada Niyazi-Misrinin bu beytini xatırlamaq yerinə düşərdi:

Mən sanırdım aləm içrə mənə heç yar qalmadı
Mən məni tərk eylədim, gördüm ki, əğyar qalmadı.

Bəli, insan məsələləri özünə bağlı davam etdirdikcə, yəni öz başı, öz bəyanı, öz bilgisi, öz qəhrəmanlıq dastanları işin içində olsa, o zaman "aləm içrə" (aləm içində) özünə yar tapa bilməz. Amma nəfsini bir kristal kimi yerə çırpıb parça-parça edərsə, o zaman da heç bir əğyarın qalmadığını, hər şeyin ona dost olduğunu görər. Onun üçün Ustad Həzrətləri; "Allah üçün işləyin, Allah üçün görüşün, Allah üçün çalışın. Lilləh, livəchillah, liəclillah razılığı dairəsində hərəkət edin. O vaxt sizin ömürünüzün dəqiqələri illər hökmünə keçər", deyir. O zaman niyə biri min, milyon, trilyon… etmək imkanı varkən məsələlərə öz darlığımız içində yanaşıb onların uxrəvi səmərələrindən məhrum olaq!

Bəli, biz bir mömin olaraq hər rəftar və davranışımızda mütləq Cənabi-Haqqın muradını axtarmalıyıq. Çünki Allah özünün arzu edilməsini istəyir. Məsələni təsəvvüfü kəlamla ifadə etsək; siz Allahı murad halına gətirsəniz, özünüz də Allahın muradı olarsınız. Siz mürid olsanız –Allah üçün o təbirin istifadə edilib-edilməyəcəyini tam olaraq bilmirəm– Allah da sizin müridiniz (murad ediləniniz), yəni sizi iradə buyuran olar. Siz həmişə Allaha baxsanız, Allah da (cəllə cəlaluhu) varlığa sanki bir lupa kimi sizinlə baxar, sizin əməl və davranışlarınıza görə məxluqata müamilə edər. Allahın icraatına təsəvvüfü ifadə ilə müamilə deyilir. İnsanın Onunla müamiləsinə isə, eşq və bağlılıq və ya ubudiyyət (qulluq) deyilir. Bu baxımdan insan Allah nəzdində murad olmağı, mələklərin və Cənnət əhlinin muradı halına gəlməyi istəyirsə, əğyarı fikrindən silib atmalı, hər şeydə bir yönü ilə həmişə Onu görməli, Allahı murad olaraq düşünüb hər hal və davranışında Onun rizası və məmnuniyyətini yaxından təqib etməlidir. Etdiyi işin, içində olduğu halın ilahi murad istiqamətində olmadığını az da olsa gördüyü, sezib hiss etdiyi hallarda isə, dərhal o işdən imtina etməli, o haldan uzaqlaşmalıdır.

Xülasə, istər aşkar prinsiplərlə bağlı obyektiv mükəlləfiyyət dairəsində, istərsə hər kəsin öz üfüqü etibarilə subyektiv prinsiplər çərçivəsində müamilə və davranışlarda, arzu və istəklərdə, tələb və seçimlərdə, niyyət və təsəvvürlərdə… həmişə Allahın muradı axtarılmalı və təqib edilməlidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.