Gələcəyi inşa edən fikir memarları
Sual: Bəzi müəllimlər maddi imkansızlıq və çətinliklərlə yanaşı, bir də şagirdlərin yaramazlığının, oxumağa, öyrənməyə laqeydliyinin onlara mənfi təsir etdiyini dilə gətirir. Bu haqda fikirlərinizi bizimlə bölüşə bilərsiniz?
Cavab: Bəzi dini əsaslara söykənərək öyrənmək və öyrətmək bir ucu göylərə çatan iki uca vəzifədir. Bir çox ayə və hədis elmin əhəmiyyətini vurğulayaraq insanları təşviq etmişdir. Məsələn, bir ayədə Cənabi-Allah: “Heç bilənlərlə bilməyənlər bir olar?” (“Zumər” surəsi, 39/9) bəyanı ilə bilənlərin bilməyənlərdən üstün olduğunu bildirir. Bir başqa ayədə isə: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?” (“Ənam” surəsi, 6/50) buyuraraq “bilənlər”i görənlərə, “bilməyənlər”i isə korlara bənzədir.
Peyğəmbər yolunun varisləri
Həzrəti Adəmin mələklərdən üstünlünyündən bəhs edən ayədə onun potensial etibarilə elmə meyilli olmasının vurğulanması Qurani-Kərimin elmə verdiyi əhəmiyyəti göstərir. Allah-taala Hz. Adəmə bütün isimləri öyrədəndən sonra bunu mələklərdən soruşmuş, lakin onlar heç birini bilməmişdilər. Hz. Adəmsə öyrədilən əsmanı (isimləri) bilmiş və xəbər vermişdir (“Bəqərə” surəsi, 2/31-32). Demək, insanı mələklərdən üstün mövqeyə ucaldan ən əsas məziyyət ona “əsma”nın öyrədilməsi, yəni onun potensial etibarilə elmə meyilli (açıq) olmasıdır.
Elmi bir mənada peyğəmbərlik mirası kimi xarakterizə edən Allah Rəsulu (əleyhissalatu vəssalam) : “Peyğəmbərlərin mirası nə dirhəm, nə də dinardır. Onlardan qalan miras ancaq elmdir. Onu əldə edənin nəsibinə böyük bir pay düşmüş olar” (Əbu Davud, Elm 1; İbn Macə, Müqəddimə 17)
Başqa bir hədisində də “Mən bir müəlliməm, müəllim olaraq göndərilmişəm” (İbn Macə, Müqəddimə 17), – buyuraraq elmi öyrənmək və öyrətmənin əhəmiyyətini vurğulamışdır.
Müəllim məhz bu ülvi missiyanın təmsilçisi, fikir işçisi və memarıdır. Zənnimcə, məfkurəsinə bağlı idealist bir müəllim dövrün geniş imkanlarından da faydalanaraq, elmin mahiyyətinə vararaq, riyaziyyat, biologiya, fizika, kimya, anatomiya, fiziologiya, geologiya kimi hər sahədən bir yol taparaq şagirdin həm ağlını, həm ruhunu işıqlandıra bilər. Odur ki, əsl şəxsiyyət yetişdirməyin ən əlverişli yolu müəllimlikdir. Məhz buna görə Quran və Peyğəmbərimiz öyrənmə işinə bu qədər əhəmiyyət vermişdir. Ölkəsinə, xalqına, bəşəriyyətə faydalı olmaq istəyən bir insan bütün çətinliklərə sinə gərərək bu sahədə xidmət etməli və bu vacib peşədən mütləq yararlanmalıdır.
Bir şagirddən oymağa qədər uzanan təsir sahəsi
Hər nə qədər din uşaqların şahidliyini qəbul etməsə də, əslində uşaq insan psixologiyası baxımından, dünyada ən güclü şahiddir. Nə desələr, böyüklər inanır. Bir atalar sözü var bizdə “Uşaqdan xəbər al”. Bu baxımdan müəllimlər təkcə şagirlərlə ünsiyyət qurmur. Çünki hər şagirdin ata, ana, dayı, əmi, qardaş, bacı kimi yaxınları, qohum-əqrəbası var. Uşaq evə gələndə müəllim-şagird münasibətlərini – məktəbdə olan hər şeyi yaxınlarına danışacaq. Müəllim özünü uşağa necə tanıtsa, uşaq da müəllimini ailəsinə o cür tanıdacaq. Məsələn, ona qayğı göstərən sevdiyi bir müəllimi “Müəllim bizə alicənablıq göstərdi. Dərdimizə şərik oldu. Problemlərimizi həll etdi. Bizə təsəlli oldu... “ kimi sözlərlə ailəsinə danışacaq və ailədə müəllim haqqında müsbət rəyin formalaşmasına səbəb olacaq. Üstəlik müəllim uşaqların ailələrinə baş çəkərək və digər fürsətlərdən yararlanaraq onlarla yaxşı dialoq qurmağı bacarıbsa, bir də görərsən ki, bir şagird vasitəsilə böyük bir oymaqla müansibət qurulub. Odur ki, bir şagirdin sevgisini qazanan müəllim bir ailəyə, hətta o ailənin az-çox münasibət saxladığı insanlara da dəyərlərini çatdıra bilər. Dolayısilə, müəllimin təsir dairəsi çox genişdir.
Qənaətimcə, nə qədər məşəqqətli olursa-olsun belə bir yararlı peşə mütləq icra edilməlidir. Yeri gəlsə, bir loğma çörəklə gün keçirməli və maaşın azlığı və s. maddi çətinliklərə məhəl qoymamalıdırlar. Çünki hər şey pulla olmur. Dünyanın ən kasıb insanları, bəlkə də, peyğəmbərlərdi. Ancaq könüllərdə taxt quran, bəşəriyyəti xeyrə yönəldən və dünyaya yeni həyat bəxş edən də onlardır. Bununla “müəllimlər hökmən süni olaraq kasıblığı seçsinlər” demək istəmirəm. Demək istəyirəm ki, pul hər şey deyil, əsl zənginlik könülləri fəth etmək, ruhlara nüfuz etmək və insanları ülvi amala yönəltməkdir.
Xüsusilə, təhsil fəaliyyətləri ilə qloballaşan dünyada müəllimliyin əhəmiyyəti artmışdır. Başqaları narazılıqları qulaq ardına vuraraq bu işi zorla və nifrətlə icra edir. Siz isə həlimliklə, mehribanlıqla insanların qəlbinə “könül səfərləri” təşkil etməyə çalışırsınız. Bunun arxasında dayanan gücün adı isə müəllimlikdir. Odur ki, fikrimcə, səviyyəsindən asılı olmayaraq bütün şagirdlər bu peşəyə həvəsləndirmək və istiqamətləndirmək lazımdır. Səhv başa düşməyin, əlbəttə, cəmiyyəti ayaqda saxlayan, onu canlandıran bütün peşələrə ciddi yanaşmalı, həyatın heç bir sahəsində boşluqların yaranmasına imkan verməməliyik, ancaq unutmayaq ki, cəmiyyətin dirçəlişində müəllimlik peşəsinin rolu bambaşqadır.
Ömür boyu dua edən insan yetişdirmək
Şagirdlərin yaramazlığı və dərsə laqeydliyi mövzusuna gəlincə, ilk növbədə qəbul etmək lazımdır ki, bütün şagirdlər nadinc və biganə ola bilər. Elə müəllimlik də bu cür çətinlikləri qəbul edib ona sinə gərməkdir. Adicə bir heykəltəraş belə sərt bir mərmərdən heykəl düzəltmək üçün nə qədər əziyyət çəkir. Tər tökür, yorulub əldən düşür, mərməri yonur, ona şəkil verir, müəyyən bir qəlibə salmağa çalışır. Müəllimin işi bundan asan deyildir! O potensial insanı, onun sivri tərəflərini yonaraq kamil insanlıq səviyyəsinə yüksəltməyə çalışır. Başqa sözlə desək, insanda mövcud olan cövhərləri zərgər dəqiqiliyi ilə işləyərək ruhunun abidəsini ucaltmağa kömək edir. Bəli, o, bir sənətkar kimi insanı yenidən inşa edir. Ancaq çox ciddi problem çıxaran və ümumi ab-havanı pozan şagirdlər varsa, ailəsi ilə görüşərək, əlavə rəhbərlik proqramları tətbiq edərək ən azı onların ətrafa verdiyi zərərin qarşısını almaq və onları müəyyən qədər nəzarətdə saxlamaq və qorumaq olar. Məsələn, bu cür şagirdlərin valideynlərini məktəbə dəvət edərək uzaqdan övladlarını müşahidə etdirmək və müəllim-valideyn şurasında həll yolları axtarmaq olar.
Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) qan tökmək üçün bəhanə axtaran, təəssübkeş, vəhşi, bədəvi insanlardan dünyaya mədəniyyəti öyrədən müəllimlər yetişdirmiş, beləcə qəlblərdə taxt qurmuşdur. Belə ki, Kainatın İftixarı Peyğəmbərimizin hüzuruna çıxanda “ Əbdülmüttəlibin oğlu Məhəmməd kimdir?” - deyə qışqıran insanlar gün gəlmiş Onun jüzurunda kəlmə kəsməyə həya edən səhabələrə çevrilmişdir. Ən böyük müəllimlik və mürşidlik də məhz budur. Bəli, peyğəmbərlər ən vəhşi insanlardan dosdoğru və uca insanlar yetişdirdiyinə görə demək ki, bu, həmişə mümkündür. Elə isə müəllim ağrı çəkəcək, iztirabdan qıvrılacaq və nəticə etibarilə ona ömür boyu dua edən insan yetişdirəcək. Üstəlik onların yaxşı əməllərinin savabından müəllimin əməl dəftərinə də yazılacaq. Belə şey üçün nəyə qatlansan, hər şey dəyər.
Ola bilsin ki, müəllim bütün şagirdləri istədiyi səviyyəyə gətirə bilməsin. Ən kamil rəhbərlərdən belə ayrılıb gedən, hədər olan insanlar var. Müəllimin borcu əlindən gələni etməkdir. Nəticəni yaradan Allah-taaladır. Unutmayaq ki, əgər müəllim gördüyü işi birinci sıraya qoyar və peşəsinə layiq olma sancısını çəkərsə, Cənabi-Allah da onun əməyini heç vaxt hədər etməz, lütfünü əsirgəməz və neçə-neçə həll yolları ilham edər.
Elə bir məsələ yoxdur ki, gözəl əxlaqla həll edilməsin
Müəllimlik peşəsində mühüm məsələlərdən biri də dəyərləri yaşayaraq şagirdlərə rəhbərlik etməkdir. Çünki şərə, insanı əsfəli-safilinə atan şəhvət, qəzəb, kin, nifrət, haqq-hüquqa təcavüz kimi mənfi hallara meyil edən və bunlarla baş-başa qalanda batıb getməsi qaçılmaz olan pis duyğuları ancaq gözəl əxlaqı ilə ürəklərə yol tapan rəhbərlər cilovlaya və yaxşı hislərin nəşvü-nüma tapmasına zəmin hazırlaya bilər.
Son olaraq bir hissimi dilə gətirim və xahiş edirəm, bunu lovğalıq saymayın. Hazırda yetmiş dörd yaşındayam. Əgər bu gün mənə Kəstanəbazarındaki taxta komada bir iş tapşırsalar, qaça-qaça gedər, o işi görməyə çalışaram. Bəzi yoldaşlar bu işi bəsit və kiçik görə bilər. Lakin mən heç vaxt bu işi kiçik görməmişəm, görmərəm də. Hətta bəziləri indi də burada yoldaşlarla dərs müzakirə etməyimizi, mənim tələbələrlə məşğul olmağımı bəsit və kiçik iş saya bilər. Halbuki mənə görə bu, insanı ən yüksək səviyyələrə çatdıran ən mühüm işdir.
Xülasə, məncə, insan müəllimliyi çox müqəddəs bir peşə saymalı, onu bir peyğəmbər peşəsi kimi qəbul etməlidir. Bu, bir həqiqətdir ki, xalqa xidmət edənlər arasında müəllimə bərabər bir insan göstərmək mümkün deyil. Çünki insana edilən xidmət və ona qoyulan sərmayə hər şeydən müqəddəsdir. Siz başdan-başa bütün dünyanın bağ və bağçalarına bağban olsanız, bunun üç nəfərə bir şey izah etmək qədər bir qiyməti yoxdur. Nənki dünyanın bağbanı, sultanlıq belə bu işdən qiymətli deyil. Böyük hökmdarların özləri də böyük müəllimlərin yetirmələri deyilmi? Odur ki, Allaha ən yaxın bəndələr həyatını insanlara həsr etmiş müəllimlərdir. Çünki insanı “inşa” edən onlardır, cəmiyyəti “inşa” edən onlardır, bu günü “inşa” edən və gələcəyə möhür vuran yenə onlardır.
- tarixində yaradılmışdır.