Fisq və fisqdən qorunma yolları
Sual: Fisq nə deməkdir? Mömin fisq xüsusiyyətlərindən uzaq olmaq üçün nələrə diqqət etməlidir?
Cavab: Bir çox məna qatlarını ehtiva edən fisq kəlməsi qısaca "insanın dinin təyin etdiyi sərhədləri pozması, böyük günahları işləyərək və ya mütəmadi olaraq kiçik günahlar edərək Allaha itaət çərçivəsindən kənara çıxması" mənasına gəlir. Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifdə: "Halallar da, haramlar da (şəkk-şübhəsiz) bəllidir. Ancaq hallarla haramlar arasında şübhəli bir sahə var ki, insanların əksəriyyəti bunu bilmir. Hər kim bu şübhəli şeylərdən qaçınsa, dinini və ismətini qorumuş olar" (Buxari, “İman” 39; Müslim, “Müsaqət” 107) buyurur. Ölkələrin qadağa qoyulmuş minalı sahələri, məftil çəkilmiş yasaq bölgələri olduğu kimi, ilahi əhkamın da insanı dünya və axirətini təhlükəyə atan amillərdən qorumaq üçün qoyduğu sərhədlər var. Bu sərhədləri pozan və şəhrahdan (geniş yoldan) çıxıb cığırda yeriyən insanlar fisqə girmiş sayılır. “Maidə” surəsində keçən bir ayədə də doğru yolu tapandan sonra nəfsin arxasınca gedib sərhədi pozan və dairədən çıxan insanlar haqda belə buyurulur: "Allahın nazil etdiyi əhkamlarla hökm etməyənlər fasiqlərdir" (“Maidə” Surəsi, 5/59)
Ərəb dilində yuvasından çölə çıxan, evin içində “at oynadıb” əşyalara, insanlara zərər verən siçan, əqrəb, ilan və s. heyvanlara “evə aid fasiqlər” mənasında "fəvasiqul-büyüt" deyilir. Çünki bu heyvanlar yerlərində durmayıb onlara aid olmayan sahəyə girirlər. Bir hədisi-şərifdə də Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): "Hill və Hərəm bölgəsinə girən bu beş fasiq öldürülsün" (Müslim, “Həcc” 67; İbn Macə, “Mənasiq” 91) buyuraraq siçan, əqrəb, ilan, sağsağan və qudurmuş itin adlarını çəkir. Ancaq bu, o demək deyildir ki, onları harada görsəniz, öldürün. Hədis zərər vermə ehtimalı olan heyvanların öldürülməsini caiz sayır. Əslində Hərəm bölgəsində heyvan öldürmək qadağandır. Bir çəyirtkə belə öldürülsə, diyə (qanbahası) verilməlidir. Ancaq sözügedən bu heyvanlar sərhədləri pozduqlarına, üstəlik insanlara zərər vermə ehtimalı daşıdıqlarına görə "fisq" kimi xarakterizə edilmiş və öldürülməsi mübah sayılmışdır. Başqa sözlə, hədis insanların özlərini “fasiq” tinətli bu heyvanlardan qorumasına icazə vermişdir.
Mömində fisq xüsusiyyəti
Qurani-Kərimdə kafir, münafiq və müşriklərdən bəhs olunan ayələrdə şəxslərdən çox onların xüsusiyyətləri (sifətlər) diqqətə çatdırılır. Çünki irşad və təbliğdə əsas məsələ şəxslərə deyil, onların xüsusiyyətlərinə baxmaq və onları bu xüsusiyyətlərdən xilas olmasını təmin etməkdir.
Üstəlik bu üslub möminlərə də mühüm bir xəbardarlıq və öyüd-nəsihətdir. Hz. Pirin ifadəsi ilə desək, hər kafirin hər sifəti (xüsusiyyəti) kafir xüsusiyyəti olmadığı kimi, hər möminin hər sifəti də mömin xüsusiyyəti olmaya bilər. Bəzən görürsən ki, bir mömində də fisq və ya küfür xüsusiyyətləri var. Odur ki, münafiq və kafirlərdən bəhs edən ayələrdə möminlər üçün də nə qədər ibrət vardır.
Bəli, insan mömin ola bilər, mömin olduğu üçün namaz qıla, oruc tuta, zəkat verə, həccə gedə bilər. Ancaq o, təyin olunmuş dairədən kənara çıxararsa, özü də bilmədən bəzən küfr, bəzən nifaq sahəsinə daxil olar. Allah qorusun, yalan, qeybət, iftira kimi böyük günahlardan birini işləyən insan sərhədi pozmuş, geniş yoldan çıxıb cığırda addımlamağa başlamış, dolayısilə, yol hərəkət qaydalarına əməl etməmiş sayılır. Bu insan imanının güclü olduğunu iddia edir-etsin, onda bir fasiqlik xüsusiyyəti var. Bu fisq xüsusiyyəti ola-ola, həmin adamın irşad və təbliğdə uğur qazanması, hədəfə çatması mümkün deyil. Çünki Allah (cəllə cəlaluhu) xüsusiyyətlərə (sifətlərə), dolayısilə, bu xüsusiyyətlərə malik insanlara təvəccöh edər.
İman etmək, imanı izan səviyyəsinə çatdırmaq, sonra onu ürfana yüksəltmək, ürfanı məhəbbətlə, məhəbbəti də Allaha eşqü-iştiyaqla süsləmək, eyni zamanda imana ibadətü-taətlə dərinlik qatmaq və ibadətü-taətini ihsan şüuru ilə bəzəmək möminə xas xüsusiyyətlərdir. İnsan ancaq bu xüsusiyyətlərə yiyələndikdə məqsədə çata bilər. Çatmasa da, Allahın inayəti və lütfü ilə hədəfə çatanlar kimi, mükafat alar. Çünki əsas məsələ insanın öhdəsinə düşəni yerinə yetirməsidir. Məsələn, elə peyğəmbərlər var ki, heç ümməti olmayıb. Bəzi peyğəmbərlərə isə cəmi üç-dörd adam iman gətirib. Buna baxmayaraq, bütün bəşəriyyət bir peyğəmbərə tən olmaz. Yəni bütün insanları süzüb insani dəyərlərini toplayaraq ondan bir abidə qoysanız, bir peyğəmbərin abidəsinə çata bilməz. Çünki onlar Allahın xüsusi seçdiyi üstün istedad və qabiliyyətlərə malik insanlardır. Bəzi peyğəmbərlər cəmi iki-üç nəfərin imana gəlməsinə vəsilə olsalar da, buna məhəl qoymadan öz vəzifələrinə axıradək sadiq qalmışlar.
Ola bilsin ki, bir-iki nəfərlik ümmətə malik peyğəmbərin göndərilmə qayəsi barədə insanın ağlına bəzi suallar gəlsin. Əvvəla qeyd edək ki, sözügedən peyğəmbərlər öz vəzifəni layiqincə yerinə yetirdiyinə görə, peyğəmbərlik savabına və Allahın mükafatına haqq qazanmışlar. Digər tərəfdən əgər o, ona tabe olan iki-üç insanla birlikdə sonrakı nəsillərə bir yol açmış, beləcə onların işini asanlaşdırmış və yeni nəsil də həmin yoldan gedərək bir cəmiyyətin islahına səbəb olmuşsa, o peyğəmbərin göndəriliş qayəsi baş tutmuş sayılır. Üstəlik sələflərin savabları xələflərin də əməl dəftərinə yazılacaqdır. Bu mükafat başqaları üçün də keçərlidir. Məsələn, ötən əsrdə iman həqiqətlərinin təbliğində böyük əzm və fədakarlıq göstərən Hz. Pir əgər yüz, iki yüz, üç yüz insanla Anadolunun sinəsində belə bir geniş iman yolu açmasaydı, xalqımız iman və Quran yolunda həyata keçirilən fəaliyyətlərə bu səviyyədə dəstək verməz, işarə edilən yerlərə gedib dünyaya yayılmazdılar. Odur ki, əsas məsələ nəticəyə, mükafata baxmadan mömin xüsusiyyətlərinə yiyələnərək hədəfə can atmaqdır.
Fasiqi gözləyən uçurumlar
Fasiqə gəlincə, o, həyat yolları bu gözəl dairə ilə kəsişsə də, çox vaxt həvaü-həvəsinə (nəfsani arzu-istəklər) uyğun gəlməyən şeyləri bəyənməzlik edərək başqa şeylər axtarmağa başlayır. Əslində dilə gətirməsə də, onun saysız-hesabsız təmənnası var. Ancaq əksər hallarda bu arzu və istəkləri cavabsız qalır. Buna görə də insanlardan inciyir və küsür. Elə bil insanlar onun ürəyini oxumağa borcludur, "Niyə mənim kimi dahi, müstəsna bir insanın fikrini oxuyub istəklərini yerinə yetirmədilər?" deyir və bir vaxtlar eyni duyğu-düşüncədə, eyni idealda birləşdiyi dostlarından ayrılır, yersiz bəhanələrlə çıxıb gedir, təkbaşına işlər görməyə çalışır. Bu da bir fasiqlikdir. Əlbəttə, bu ayrılıq dindən çıxmaq deyildir. Ancaq o, öz arzu və həvəslərinə uyub xeyirxah bir yoldan ayrıldığına, taleyin bəxş etdiyi dairədən kənara çıxdığına görə, Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) halqadan ayrılmaqla bağlı buyurduğu xəbərdarlıqlarına tuş gəlir. Bildiyimiz kimi, Həzrəti Ruhi-Seyyidül-Ənam (əleyhi əlfü əlfi salatin və salam) səhabələri ilə meydana gətirdiyi halqada oturmayan və çıxıb gedən bir adam haqqında "O üz döndərdi, Allah da (Ona xas bir mahiyyətdə) ondan üz döndərdi" buyuraraq məsələnin əhəmiyyətini vurğulamışdır.
Bəli, təmənna ummaq, qiymət verilmədiyini düşünmək, istedad və qabiliyyətinə görə daha çox mükafata layiq olduğuna inanmaq, beləcə əldə etdikləri ilə qane olmayıb başqa şeylərin arxasınca düşmək fisqdir. İnsan bu fisq xüsusiyyəti üzündən çox vaxt məqsədinin əksi ilə qarşılaşır. Axirətdə isə: "Niyə heyətdən ayrılıb özünü qurdlar ulaşan yerlərə atdın?" deyə sorğu-suala çəkilər.
Bunlarla yanaşı, üstəlik kibirli-kibirli orada-burada kimlərinsə qeybətini edir, onun-bunun əleyhinə danışır, beləcə fitnə-fəsada səbəb olursa, bir mənada, bu qədər insanın əməyi ilə ərsəyə gələn fəaliyyətlərə ləkə yaxmış olur.
Vəzifəpərəstlikvə fisqə açılan qapılar
Bu fitnə şəraitində insan üçün ən böyük imtahan xarakterindəki məqam və mənsəb arzusudur. Bəli, qismət elə gətirər ki, sizdən iyirmi yaş kiçik bir insan gəlib başınıza keçər. Məsələn, siz illərdir bir məktəbdə çalışırsınız, orda böyük əməyiniz var. Lakin qismətdən bir başqasını gətirib başa qoyurlar. Bəlkə də, başa keçən amirin vəzifəsi yaşca, təcrübəcə böyük insanların fikirlərindən faydalanmaq, onların yüksək düşüncələrindən istifadə etmək, beləcə onların xətrinə toz qondurmamaqdır. Onların vəsizfəsi isə yaşından asılı olmayaraq başa keçən insanın sözünü dinləməkdir. Bunun əksini etmək fisqə yol vermək deməkdir. Hətta bunu xəyala, təsəvvürə gətirmək və təəqqül etmək belə bir növ fisqdir. Odur ki, insan gərək özünü buna öyrəşdirsin, hər şeyə hazır olsun, xəyalına belə fisqin sızmasına imkan verməsin.
Yeri gəlmişkən Üsamə ibn Zeyd (r.a.) hadisəsini xatırlayın. Bildiyimiz kimi, İnsanlığın İftixarı (əleyhissalatu vəssalam) vəfatından əvvəl romalılara qarşı bir qoşun hazırlamış, başına da on səkkiz yaşlı Hz. Üsaməni sərkərdə təyin etmişdi. Düşünün ki, Hz. Əbu Bəkir, Hz. Ömər kimi böyük səhabələr bu qoşunda sıravi bir əsgərdi. Lakin qoşun Mədinədən yeni ayrılmışdı ki, Rəsuli-Əkrəm Peyğəmbərimizin vəfat xəbəri yayıldı, Hz. Üsamə də geri qayıdıb bayrağı Allah Rəsulunun qapısının önündə sancdı və gözləməyə başladı. Allah Rəsulunun vəfatından bir qədər sonra Bəni Səid saqifəsində (Səid oğulları çardağında, kölgəliyində) Hz. Əbu Bəkir xəlifə seçildi. Xəlifə seçilir-seçilməz Peyğəmbərimizin (əleyhi əlfü əlfi salatin və salam) vəfatı ilə gözləyən qoşunu yola salmaq oldu. O, şəxsən ordunu Mədinə sərhədinə qədər yola salmış, oğlu, hətta nəvəsi yaşında Hz. Üsamənin yanına gələrək qolundan tutmuş və "İcazə ver, Ömər yanımda qalıb mənə kömək etsin" demişdi. Mömin məhz belə bir tərbiyəyə yiyələnməyə çalışmalıdır.
Bəli, kim olur-olsun, əgər biri vəzifənin başına gəlibsə, möminin vəzifəsi – idarəçinin gördüyü işlərdə bir xətaya yol verərəsə, üsul və üslubuna uyğun xəbərdarlıq etmək haqqı və məsuliyyəti öz yerində - bunu sorğu-sualsız qəbul etmək, qarşı çıxmamaq, qətiyyən əleyhinə olmamaqdır. Əks halda, heyətə zərər verər. Allah Rəsulu (s.ə.s.) bir hədisində belə buyurur: "Başınıza təyin edilən insan üzüm gilələri kimi buruq saçlı zənci bir kölə də olsa, dinləyin və itaət edin" (Buxari, “Əhkam” 4). Çünki müvəffəqiyyət, zəfər və qurtuluş bundadır. Yoxsa hər kəs arzu və həvəsləri ilə bir şey umsa, fitnə-fəsad çıxar. O halda insan fisqə, fəsada qapı açmamaq üçün içindəki məqam və mənsəb arzusuna müharibə elan etməli və verilən vəzifəyə qane olmağı bacarmalıdır..
- tarixində yaradılmışdır.