Fədakarlığın meyarı və infaqda tarazlıq
Sual: Allah rizası yolunda ortaya qoyulan xidmətlərin bir həddi, sərhədi varmı? Həyatını təhsil xidmətlərinə həsr edən bir insan maddi-mənəvi fədakarlığı hansı meyarlara söykənməlidir?
Cavab: Bildiyimiz kimi, Allaha yaxınlıq səviyyəsinə görə insanların hamısı eyni deyildir. Hətta bəzilərinin arasında yerlə göy qədər fərq var. Başqa sözlə desək, hər bir insanın iman, mərifət, məhəbbət və eşqi-iştiyaqı nə səviyyədədirsə, Cənabi-Allaha yaxınlığı da o dərəcədədir. Məsələn, dinin hər əmrini son dərəcədə həssaslıqla yerinə yetirən, bununla qane olmayıb nafilələrlə də Allaha yaxınlıq yollarını arayanlarla yanaşı, yalnız fərz mükəlləfiyyətlərlə kifayətlənən insanlar da var. Ancaq hansı səviyyədə olur-olsun, heç kimin Allaha yaxınlığı əhəmiyyətsiz hesab edilə bilməz. Çünki kiminsə Allahla irtibatını əhəmiyyətsiz saymaq Allahın dəyər verdiyi şeyə əhəmiyyət verməməkdir. Bir qədər aydınlıq gətirək: fitnələrin ayaq açıb yeridiyi belə bir dövrdə kəlmeyi-tövhidi, kəlmeyi-şəhadəti söyləmək, beş vaxt namaz qılmaq, ramazanda oruc tutmaq, düşürsə, zəkatı verib həccə getmək, bununla yanaşı, “filançı, fəsməkançı” şəklində hücumlara, müxtəlif təzyiqlərə baxmayaraq, mətin dayanmaq öz-özlüyündə güclü mövqe nümayiş etdirmək deməkdir. İnanırıq ki, axirətdə belə insan Cənabi-Allahın sonsuz lütfünə nail olacaqdır. Çünki belə qarmaqarışıq dövrdə Allah yolunda edilən hər bir əməlin Onun dərgahında bambaşqa dəyəri var. Ona görə də Rəbbin adını ucaltmaq uğrunda mal və canını əsirgəməyən insanların göstərdiyi heç bir fədakarlıq əsla əhəmiyyətsiz sayılmamalı və onların hər bir köməyi mütləq təqdirlə qarşılanmalıdır.
Gözəl əməlləri alqışlayaraq insanları ruhlandırmaq
Məsələyə infaq nöqteyi-nəzərindən baxanda, səhabələr arasında belə səviyyə fərqi olduğunu görürük. Məsələn, Təbük səfəri ərəfəsində infaq etməyə çağırılanda Həzrəti Əbu Bəkir bütün sərvətini bağışlamış, Rəsuli-Əkrəmin (sallallahu aleyhi vəsəlləm): “Əhli-əyalına nə qoymusan?” − sualına isə: “Onlara Allah və Rəsulunu (sallallahu aleyhi vəsəlləm) saxladım”, − şəklində cavab vermişdi (Əhməd ibn Hənbəl, “Fəzailüs-səhabə”, 1\360). Budur siddiqlik mərtəbəsi! O, Allaha və Rəsuluna sadiq olmaqla yanaşı, İslamı qəbul etməkdə də örnəkdir. Həzrəti Ömər isə sərvətinin yarısını bağışlamışdı (Əhməd ibn Hənbəl, “Fəzailüs-səhabə”, 1\360). (Bir məqamı da qeyd etmək vacibdir: “Həzrəti Ömər Həzrəti Əbu Bəkirdən daha aşağı səviyyədəydi”, demək ona qarşı hörmətsizlik olar. Çünki Həzrəti Ömərin xüsusi fəzilətdə üstün cəhətləri vardır.) Həzrəti Osman və Əbdürrəhman ibn Avf isə təxminən beş yüz baş dəvə bağışlamışdı (Bax.: Əhməd ibn Hənbəl, “Müsnəd” 6\115). Bu dövrlə müqayisədə beş yüz dəvə beş yüz mersedes deməkdir. Həzrəti Əli isə məsələyə bir qədər ixlas dərinliyi qataraq malın bir hissəsini gizlin, bir hissəsini isə hər kəsin gözü özündə infaq etmişdi. Aşkara infaq etməklə başqalarına gözəl nümunə olmuş və heç kimdən geri qalmadığını göstərmiş, gizlin infaq etməklə də yalnız Allahın bilməsini diləmişdi. Bu xeyir kərvanına xüsusən ilk dövrlərdə iki-üç ovuc xurma ilə, üç-beş quruşla qoşulanlar da vardı. İnsanların təbiəti belədir. Kimisi hər şeyini fəda edir, kimisi sərvətinin yarısını, kimisi dörddə birini, yaxud da onda birini verir. Nəticə etibarilə, bu gün də belə insanlar ola bilər. Ona görə də ən kiçik fədakarlıq belə təqdirlə qarşılanmalıdır.
Bunu da yaddan çıxarmayaq ki, kiçik fədakarlıqları təqdir edib alqışlamaq məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə insanları mütəmadi şəkildə kamilliyə yönəltmək, yeni-yeni xeyir qapıları göstərərək qarşılarına yeni məqsədlər qoymaqdır. Çünki bir insan yerinə yetirdiyi minimal vəzifələrlə yanaşı, bir çox saleh əməllər də işləyə bilər. Ona görə insan heç vaxt dunhimmət olmamamlı, alihimmət olmalıdır. Hər yeni günə başlayanda bir daha vicdanında Allahı dərindən duymağa, hiss etməyə çalışmalı, dinin ruhuna daha dərindən vaqif olmağa qeyrət göstərməli, Peyğəmbərimizlə (sallallahu aleyhi vəsəlləm) qəlb tellərini qüvvətləndirmək üçün yollar aramalı və qarşısına yüksək məqsədlər qoymalıdır. Mənən yüksəldikcə qədəm basdığı məqamlarla əsla kifayətlənməməli, daima “Həl min məzid – Yenə varmı?” deyərək atını mahmızlayıb irəli şığımalıdır. Hətta bir gün fəna-fillah və bəqa-billah dərəcəsinə çatsa, yəni sübuhati-vəch şüaları ilə bütün xilqət aləmi gözündə yox olsa, bütün fani və müvəqqəti şeylərin üstündən xətt çəksə, cismani və nəfsani cəhətləri ilə yox olub vücudi-cavidani ilə yenidən varlıq libasını geyinsə, qəlb, ruh və hisləri təzədən cana gəlsə və beləcə başının kamillik ərşinə toxunduğunu görsə, yenə də “Allahım, mənə yüksək istedad və qabiliyyətlər ver, bu qabiliyyətləri inkişaf etdirərək lütfünü leysantək başıma yağdır!” deməli və həmişə alihimmət olmalıdır.
Bəli, istər mənəvi keyfiyyət baxımdan, istərsə haqqa xidmət yolunda insanlar arasında səviyyə fərqi olsa da, unutmayaq ki, mənəvi tərəqqi yolu bu yolda minimum iş görənlərin də üzünə açıqdır. Onlar xeyirli bir işi − hizməti görə-görə onun mahiyyətini və əsasını dərk edəcək, dərk etdikcə də daha da əzmlə çalışacaq və onun ruhunu qavrayacaqlar. Belə ki, gün gəlib də ehtiyac qalmayanda, Haqqa xidmət yolunda bir şey istənilməyəndə, "Gəl, bu işə çiyin ver" deyilməyəndə özlərini dərin bir boşluqda hiss edəcək, bunu ölümdən betər sanacaq, iztirabla belləri büküləcək və infaq üçün başqa yollar axtaracaq. Lakin belə bir səviyyəyə çatmaq üçün zaman, fəal səbir (Allah yolunda çalışmaqla paralel səbir etmək) və məfkurəni mənimsəmək tələb olunur.
Həmsöhbətləri çox yaxşı tanımaq lazımdır
Mövzuya aydınlıq gətirmək üçün bir yanaşma tərzini də qeyd edək: Bəziləri məsələni Mədinədəki müqəyyəd şəri hökmlər (İslam huququnda müəyyən şərtlər çərçivəsində yerinə yetirilən ibadətlər) prizmasından qiymətləndirib fərzləri yerinə yetirməklə kifayətlənirlər. Əgər bunlar mallarının qırxda bir zəkatını və ya məhsullarının onda bir öşrünü verirlərsə, vəzifələrini yerinə yetirmiş sayılırlar. Bəziləri də məsələyə Məkkədəki itlaq (mütləq (itlaq edilmiş) çərçivəsi bəlli olmayan, zaman və şərtlərdən asılı olaraq dəyişə bilən deməktir. Məsələn, Məkkədə nazil olan ayələrdə infaq mövzusunda bir məhdudiyyət, sərhəd qoyulmamışdır. Bir xurma belə infaq sayılır. Mədinədə nazil olan hökmlərdə isə sərhədlər müəyyən edilmişdir.) aspektindən yanaşır, infaq məzmunlu məkki ayələrdə müəyyən bir miqdarın təyin edilmədiyinə əsaslanır və imkanları çatanı verməyə çalışırlar. Məhz bu nöqtədə haqqa xidmət yolunda müəyyən xeyirli işlərə rəhbərlik edən, başqalarını da bu gözəl işə qoşmağa çalışan insanların bəsirət və fərasətlə hərəkət edib həmsöhbətlərini çox yaxşı tanıması əhəmiyyət kəsb edir. Əgər onlar görülən işləri az sayar və ya insanlara gücləri çatmayan yükü yükləyərlərsə, həmsöhbətlərdə, Allah qorusun, bir istəksizlik, bir bezginlik və bir nifrət hissinin meydana gəlməsinə səbəb ola bilərlər. Bu məsələdə bir nümunə kimi indiki kimi xatırladığım bir hadisəni nəql etmək istəyirəm:
İzmir Bozyaxada insanların köməyinə müraciət edilmişdi. Orada məsələnin əhəmiyyəti ilə əlaqədar danışandan sonra yatıb durduğum otağa doğru yönəlmişdim. Bir nəfər pilləkəni qaça-qaça çıxaraq yanıma gəldi. Onu tanıyırdım, dövlət işindən təqaüdə çıxmışdı. Təqaüd pulu ilə aldığı evinin açarlarını əlimə atıb: "Aşağıda hər kəs bir şeyi öhdəsinə götürdü. Mənim bundan başqa dəyərli bir şeyim yoxdur. Mən də evimin açarlarını verirəm," − dedi. Mən dində belə bir mükəlləfiyyət olmadığını ona söyləyib açarları geri qaytardım. Daha sonra da: "Get, ailənlə evində yaşa. Rəbbim sənə verdikcə, sən də infaq edərsən", − dedim. Qənaətimcə, əgər müvazinəti bu şəkildə qorumasaq, dində məcburiyyətə əl atmış olarıq. Halbuki Cənabi Haqq, لَا إِكْرَاهَ فِي الدِّينِ (“Bəqərə” surəsi, 2/256) ayəsində dində məcburiyyət olmadığını bəyan buyurur. Bəli, insanları istər dinin qəbulunda, istərsə də diyanətdə dinlə bağlı bəzi şeylərə məcbur etmək olmaz.
Bəli, İslam dininin əsasında asanlıq prinsipi dayanır. Onu çətinləşdirərək bəzi insanların təbiətinə uyğun olmayan şeylər tələb etsəniz, dini ağırlaşdırmış olarsınız. Əgər siz dinin asanlıq prinsipini pozub onu çətinləşdirsəniz, mərdlik gözlədiyiniz, əlini daşın altına qoymasını istədiyiniz insanlar bunun əleyhinə çıxa bilər və beləcə itirən siz olarsınız. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm): “Şübhəsiz bu din asanlıq dinidir. Kim bu dini çətinləşdirsə, din ona üstün gələr”, − buyurmuşdur (Buxari, “İman” 29; Nəsayi, “İman” 28)
Bu baxımdan rəhbər mövqeyində olan insanlar həmsöhbətini ətraflı tanıyaraq, kimin hansı işi, nə qədər bacardığını yaxşıca götür-qoy edərək bəsirət və fərasətlə hərəkət etməlidir.
Unutmayaq ki, bu cür aqilanə hərəkət etmək eyni zamanda ilahi əxlaqla üst-üstə düşür. Çünki Uca Allah: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)” (“Bəqərə” surəsi, 2\286), − buyuraraq heç kimə gücü çatmayan mükəlləfiyyət yükləmədiyini bildirmişdir. O halda insanların çiyninə ağır yük qoymaq yerinə, gözəl əməllərini təqdir edərək onları sevindirməli, müxtəlif yollarla ruhlandırmalıyıq.
İnfaqda mütəmadilik
Əslində insanları infaqa məcbur edərək imkanlarını tamam-kamal əlindən almaq onları gəlir yerlərindən məhrum edə bilər. Halbuki onların “çarxlarının dönməsi” və gəlirlərinin artması Allah yolunda daha çox infaq etmələrini təmin edər. O baxımdan “verməkdən doymayan” infaq qəhrəmanları cuşa gələrək əlində-ovucunda nə varsa hər şeyi ortaya qoysa da, siz təmkinli hərəkət etməli, gələcəyi nəzərə almalı və bu işin mütəmadi davam etməsinə zəmin hazırlamalısınız.
Bir məsələyə də diqqətinizi çəkmək istəyirəm: görüləsi işlərin çoxluğundan müxatəbindən daha çox fədakarlıq istəyən insanlar məsələni yeknəsəqlikdən çəkib çıxarmaq üçün möhkəmata xələl gətirmədən mütəmadi olaraq forma dəyişdirməli, inandıqları dəyərləri yeni rəng, yeni naxış və yeni çalarda təqdim etməli və beləcə onları ruhlandırmalı, həyəcana gətirməlidirlər. Unutmayaq ki, “Hər yeni şey insana ləzzət verir”.
Bu baxımdan fərqli metodlarla təqdim etdiyiniz həqiqətlər yeni bir dad, yeni bir nəşə meydana gətirəcək, dolayısilə, həmsöhbətlər tərəfindən rəğbətlə qarşılanacaqdır. Əksinə bu iş yeknəsəq hal alarsa, insanlarda bezginlik əmələ gətirər. Belə hallarda da təqdim etdiyiniz həqiqətlərin könüllərdə əks-səda doğurmasına nail olmaqda çətinlik çəkərsiniz.
- tarixində yaradılmışdır.