Dində asanlıq prinsipi

Sual: Dinimizdə ümumi qayda “çətinləşdirməyib asanlaşdırma, nifrət etdirməyib müjdələmə” olduğu halda, İmam Qəzali və Muhasibi kimi böyük şəxsiyyətlərin qəlb titrədən, ürək yaxan ifadələri və həyatları bizə yaşanmaz, keçilməz görünür ki, bu da bəzən ümidlərimizi sarsıdır. Bu iki xüsus necə izah oluna bilər?

Cavab: İmam Qəzali cəmiyyətdə erkən tanınan simalardan biridir. Biz bir toplum olaraq onun “Əhyau Ulumid-Din”, “Mişqətül-Ənvar” və “Məqasid” kimi əsərlərini başdan axıradək oxumasaq da, müxtəlif əsərlərdə keçən bir çox mülahizə və fikirləri ilə qarşılaşmış, fərqinə varsaq da, varmasaq da, onlardan istifadə etmişik. Cəmiyyət Muhasibini isə son dövrlərdə tanıdı. Rəbbim onun kimi şəxsiyyəti bizə tanıdanlardan razı olsun. Bildiyiniz kimi, "ər-Riaye lihuquqillah" adlı əsəri də dilimizə tərcümə edildi. Bu əsərdə də göründüyü kimi, Muhasibi ixlas-riya mövzusunda çox həssas, mühasibə[1] və müraqibədə[2] hədsiz dərin, əmr və qadağalara riayət edilməsində subyektiv mükəlləfiyyətlə[3] daim əziməti[4] seçən abidə şəxsiyyətdir. Məsələn, o, nəinki hal-hərəkətə görə, hətta ağlından ani olaraq keçən xoşagəlməz şeylərə görə də böyük günah işləmiş kimi iztirab çəkir, "Mənim ağlım təmiz olsaydı, o çirkabın orada nə işi vardı!" deyə daim nəfsini sorğu-suala çəkir. İman məsələsinə bu qədər həssas yanaşan  Höccətul-İslam İmam Qəzali və Haris əl-Muhasibi kimi şəxsiyyətlərin yaşadığı pak həyat, xüsusilə, indiki dövrdə dinin asanlıq cəhətini üstün tutan insanlar tərəfindən yaşanmaz, çox çətin həyat kimi qəbul edilir.

Ancaq sözügedən şəxslər heç vaxt “hər kəs bizim həyatımızı mənimsəsin, ölçü olaraq qəbul etsin” kimi bir iddia ilə çıxış etməmişlər. Əksinə dinin ruhunda olan bu dərinliyi özləri üçün əvəzolunmaz prinsip, ölçü kimi qəbul etmiş və məhz bu həyatı yaşamağı seçmişlər.

"Mənim sevdam hara, sizin düşüncələriniz hara?"

İmam Qəzali və Muhasibinin ortaya qoyduqları bu yüksək səviyyə yalnız onlara məxsus deyildir. İslam tarixində bu müstəvidə həyat sürən nə qədər şəxsiyyət var. Məsələn, tabiunun böyüklərindən Həsən Bəsri, və ya həmişə heyrətlə yad etdiyimiz böyük qadın Rabiətul-Adəviyyə (Hz. Rabiə) kimi şəxsiyyətlər də eyni düşüncələrlə yaşamış və bu əngin iman həyatını seçmişlər. O uca qadının böyüklüyünə baxın ki, tabiunun məşhurlarından olan və hədis elmində imam saydığımız iki şəxs bir gün onun ziyarətinə gəlir, ağılasığmaz zahidanə və sadə həyatını görüncə dözə bilməyib ona “Həyatını azca dəyişdir” deyə tövsiyə edirlər. Rabiatul-Adəviyyə onları bir qədər süzdükdən sonra: "Allah, Allah, Mən qiyabən sizi müəyyən səviyyəyə çatmış insan kimi tanıyırdım. Lakin bu nə haldır belə! Mənim məfkurəm hara, sizin düşüncələriniz hara! Sizin kimi müəyyən məqama çatmış insanlardan belə təklif gözləməzdim. Xalqın böyük bildiyi insanların qayəsi, amalı bumu olmalıdır?!" – deyir.

Səhabə dövründə də belə həyatı seçən möminlər var idi. Məsələn, Osman b. Mazın, Abdullah b. Amr b. As və Ammar b. Yasir kimi şəxslər ömür boyu oruc tutma və mütəmadi namaz qılma anlayışına sahib olsalar, buna təşəbbüs etsələr də, Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) müxtəlif hikmətlərə əsasən onları bundan çəkindirmişdir.

Nəticə etibarilə bunu deyə bilərik: başdan bəri nümunə göstərdiyimiz bu şəxslər Allah Rəsulunun (s.ə.s.) ümuma şamil olmayan qulluğunun üstün və fərqli cəhətlərini kəşf etmiş və bu çərçivədə  yaşamağı hədəf seçmişlər. Bu cəhətdən onlar hər kəs üçün obyektiv bir nümunə deyil. Bəli, imanda dərinlik arzusunda, axtarışında olan bu insanlar vüslət düşünmədən daim göz yaşı axıdaraq alışıb yanmağı, Allah yolunda iztirab çəkməyi həyatının qayəsi seçmiş və bu istiqamətdə yaşamağa çalışmışlar.

İnsanlığın İftixarı Peyğəmbərimiz (s.ə.s.) isə kamil rəhbər olduğundan, ümuma, kütləyə aid məsələlərdə hər kəsi nəzərə alar və hər kəsin gücü çatan qulluq, ibadət anlayışını ortaya qoyardı. Məsələn, namaz qıldıranda çox uzatmaz və imamlıq edənlərə də bu mövzuda ciddi xəbərdarlıq edərdi. Lakin İbn Məsudun (radıyallahu anh) dediklərinə baxanda görürük ki, Rəsuli-Əkrəm bir gecə öz evində namaz qılarkən bir rükətdə “Bəqərə”, “Ali İmran”, “Nisa” və “Maidə” surələrini oxuyur. Bəzən “səvmi-vüsal” – yemədən-içmədən iki, üç gün oruc tutar və beləliklə, öz fərqliliyini ortaya qoyardı.

Bu gün bəzi insanların qənaətinə görə,  Allah Rəsulunun (s.ə.s.) məhz o dərin yönünü sezib həyatını buna əsasən quran, başqa sözlə, dindəki əzimətlər və ən ağır mükəlləfiyyətlər çəçivəsində ömür sürməyi hədəf seçən insanlar dini çətinləşdirirlər (çətinləşdirmişlər). Lakin mən fəqir (özünü nəzərdə tutur) heç vaxt nə İmam Qəzali, nə Muhasibi, nə də adlarını bilmədiyimiz bir çox sələfin o dini həyatını yaşanmaz, dözülməz bir din kimi görmədim. Əlbəttə ki, “onların bu zirvə həyatı hər kəs üçün obyektiv yol və üsuldur, hər kəsə şamil olunur” iddiasında deyilik. Lakin obyektiv mükəlləfiyyət sahəsində görməsək də, əngin dünyalara qanad açmış və yüksəklərdə uçan bu böyükləri tanımağın, xəyalımızın qayəsi olaraq onların izi ilə getməyin həddsiz faydası vardır və bizim qəlb və ruh həyatımızın sabitliyi, müstəqimliyi üçün böyük əhəmiyyət kəsb edir.

Üfüq insanları və bizə qazandırdıqları

Əvvəla, o böyükləri tam şəkildə anlamasaq, dərk edə bilməsək də, onların bəzi xüsusiyyətləri bizim üçün üfüq və hədəfdir, bu bizim üçün ürfan və mərifət mənbəyidir. Bəli, onların dini yaşamaq üçün göstərdiyi ağılasığmaz həssaslığa və dərinliyə vaqif olanda heyranlıq duyur və qibtə edirik. Beləliklə, bizdə də mükəmməli əldə etmə, o üfüqlərə yüksəlmə hissi özünü biruzə verir, arzu və iştiyaq hislərimiz coşur. Onların yaşadığı kimi yaşamağı, yəni Haqdan qeyri hər şeyi düşüncələrimizdən silib ataraq yalnız Allaha bağlanmağı, məsafələri aşaraq Ona qovuşmağı, Ona qovuşub mütləq qürbətə (Haqqa yaxınlıq) çatmağı hədəf seçir, bu uca məqsədin gerçəkləşməsinə  çalışırıq; arzumuza çata bilməsək də, bu niyyət və səyin mükafatını alacağımıza inanırıq. Çünki möminin niyyəti əməlindən xeyirlidir.

Əlbəttə ki, bir Yəhya b. Saidul-Kattan, Şubə b. Həccac kimi cismani və maddi zövqlərdən üz çevirib çox həssas bir həyat yaşamaq, qumru kimi daim səmalarda uçma əzm, iradə və qətiyyətini sərgiləmək  çox çətindir.

Belə ki, Yəhya b. Saidul-Kattan həzrətləri haqqında "Onun güldüyünü görmədik, sadəcə təbəssüm edərdi" deyirlər. Ona yaxın olan bir şəxs də: "Mən onu uşaqlıqdan tanıyıram, nəinki günah, bir xətasını da görməmişəm" deyir. Qəlb və ruh üfüqünün qəhrəmanı olan bu şəxs eyni zamanda hədis elminin böyük alimlərindəndir.

Şubə b. Həccac isə məkruh vaxtlar xaric, daim namaz qılarmış. O da hədis elmində tanınmış alimlərdən biridir. Hədis elminin məşhur bilicisi idi: hədis deyilən bir rəvayəti bir iki-dəfə təkrar edən kimi rahatlıqla "Bu sözdən Peyğəmbər ətri gəlmir!" deyə bilirdi. Onlar bu dərin elm, əngin biliklə yanaşı, eyni zamanda ibadətə vurğun və Allaha məftun insanlar idi. Çox rahatlıqla deyə bilərik ki, bəşəriyyət bu səviyyədə insan görməmişdir. Bəli, qısaca desək, onlar İslamiyyətin möcüzəsidir.

İndi bu böyük şəxslərin yaşadığı həyata, yüksəldiyi səviyyəyə, məqama baxıb: "Belə həyat yaşamaq olmaz, yaşamaq mümkün deyil!" deyə onları inkar etsək, xətaya yol vermiş, özümüzü belə bir ürfan, hikmət, mərifət qaynağından məhrum etmiş olarıq. Çünki bu böyük şəxsiyyətlər yaşadıqları həyat və dini düşüncə ilə önümüzdə üfüq açır, hədəf qoyur və qayəyi-xəyalımızın şəklini dəyişdirərək bizi aliliyə təşviq edirlər. Bir az öncə də ifadə etdiyimiz kimi, bu hədəf və məqsədə çata bilməsək də, gözümüzü onlara dikib daim yüksək üfüqləri arzular, himmətimizi ali tutar[5] və beləliklə, hər an inkişaf və tərəqqi yolunda olarıq.

Davayi-nübüvvətin varisləri

Bu yerdə bir məqamı ifadə edək: Dini həssaslıq və dərinliyi ilə zirvələrə ucalsalar da, düşüncə və mülahizələrini hər kəsin səviyyəsinə uyğun çatdırmağı bacaran məna aləminin bir çox qəhrəmanı da var ki, biz onlara "davayi-nübüvvətin[6] varisləri" deyirik. Onlar bir tərəfdən uca həqiqətləri, ülvi məsələləri layiqincə dərk edir, daim yüksək məqamlara meyil göstərir və bu istiqamətdə ömür sürürlər. Digər tərəfdən də dərindən dərk etdikləri məsələləri bizim səviyyəmizə enərək bizim başa düşəcəyimiz şəkildə, məharətlə izah edirlər. Başqa bir ifadə ilə, davayi-nübüvvətin varisləri sadə insanların səviyyəsini nəzərə alaraq hərəkət edirlər. Bu eyni zamanda ilahi əxlaqdır. Çünki ilahi bəyan da bəşərə onun idrak səviyyəsinə uyğun səslənmişdir. Əgər Allah (c.c.) öz əzəmətinə uyğun, vahid və ya cəlal təcəllisi ilə bizimlə danışsaydı, qeybdən gələn bu ilahi bəyandan heç nə anlamaz və Hz. Musa kimi huşumuzu itirərdik. Lakin Cənabi-Haqq idrak səviyyəmizi nəzərə alaraq xitab etmişdir. Eynilə bunun kimi, davayi-nübüvvətin varisləri də fərqli şərhlərə girmədən, heç bir təvil və təfsirə baş vurmadan, məsələlər İslama görə necə anlaşılmalıdırsa və insanların səviyyə və mövqeyi nəyi tələb edirsə, haqq və həqiqətləri buna uyğun  ifadə etməyə çalışırlar.

Əslində sualınızda adı keçən Höccətul-İslam İmam Qəzali Həzrətləri də hər kəs üçün maraqlı olan  bir çox məsələni bu üslubda, bu tərzdə insanlara çatdırmışdır. “Əhyayi-Ulumid-Din” adlı əsərinə baxanda xüsusən ibadət və taət, etiqada aid məsələləri usulid-din alimlərinin izah etdiyi şəkildə şərh etdiyini görmək olar. Əlbəttə, bu kimi şəxslərin müəyyən səviyyə və dərəcəyə çatmış insanlara aid, onlara ünvanlanmış bəyanları da var.

Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) şərəfli həyatına da baxanda görərik ki, Allah Rəsulu ümumən səhabələrinə bildirmədiyi bəzi həqiqətləri müəyyən sirdaşları ilə bölüşmüşdür. Çünki Onun (s.ə.s.) elə bir xüsusiyyəti vardı ki, Cəbrayıl (əleyhissalam) belə Ona sirdaş olmağa can atırdı. Çünki O, "

أوَّلُ مَا خَلَقَ اللّٰهُ نُوري

- Allahın ilk yaratdığı mənim nurumdur" (“Keşfü'l-hafa”, 1/311-312) həqiqətinin qəhrəmanı idi, əşyanın həqiqəti idi. Xarici vücud nöqteyi-nəzərindən fiziki aləm etibarilə ilk var edilən O idi. Əzəli olmasa da, əzələ ən yaxın olan da O idi. İki Dünya Sərvərinin (sallallahu əleyhi və səlləm) məhz bu cəhətinə görə Hz. Huzeyfə və Əbu Hureyrə (radıyallahu anhumə) kimi sirdaşları vardı. “Ən çox hədis rəvayət edən səhabə” ünvanını alan Həzrəti Əbu Hureyrə (radıyallahu anh) Allah Rəsulundan (sallallahu əleyhi və səlləm) eşitdiyi hədislərin yarısını rəvayət etdiyini bildirmiş və belə demişdi: "Əgər Peyğəmbərimizdən eşitdiyim hədislərin qalan yarısını da sizə söyləsəydim, başımı bədənimdən ayırardılar". Deməli, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) ona söylədiyi çox dərin xüsuslar vardı və bunlar hər kəsə şamil olan məsələlər deyildi. Bəlkə də, Həzrəti Əbu Bəkir, Salman Farisi və ya İbn Məsud kimi şəxslərə pıçıldadığı xüsusi mövzular idi. Bu səhabələr də həmin həqiqətləri anlaya bilən bir həmsöhbət tapanda, zahiri hökmlərlə yanaşı, başqa həqiqətləri də dilə gətirirdilər. Deməli, ifadə ediləsi xüsuslar müxatəbin mövqeyindən, səviyyəsindən asılı olaraq fərqlilik kəsb edir.

Son olaraq bunu deyə bilərik: Biz də xas dairədə müxatəblərimizin səviyyəsinə görə o böyük insanların həssaslıq və dərinliyindən nümunələr verə bilər, o heyrətamiz həyatları qibtə doğuran üslubla çatdırıb mütaliəyə təqdim edə bilərik. Lakin ümumi olaraq, hər kəsə xitab edərkən bəzən ibrət olsun deyə onlardan bir-iki nümunə versək də, ümumi üslubumuz etibarilə məsələlərin hər kəs üçün keçərli olan obyektiv mövzular olmasına diqqət yetirməliyik.

Bəli, dini yaşanmaz hala gətirməmək, gətirib bunun altında əzilməmək şərtilə özümüz son dərəcədə həssas bir müstəvidə yaşaya bilərik. Lakin məsələ ümuma, hər kəsə gəlincə dairəni genişlətməli və ətrafa hüsnü-zənlə baxmağı bacarmalıyıq.

Məsələn, xalis, səmimi bir mömin hal və hərəkətinə görə deyil, ilahi rizaya müvafiq olmayan bəzi təxəyyül və təsəvvürə görə günah işləmiş kimi iztirab çəkə bilər; nəfsini yerə vurub əzə bilər, əldəki imkanları səmərəli istifadə edə bilmədiyini, axirətdə bunun üzünə vurulacağını düşünüb qorxa, əndişələnə bilər. Eyni şəkildə, ətrafında bu qədər gözəl insan olduğu halda onların gözəlliklərindən ilham alıb niyə daha yüksək qayələr seçmədiyini, niyə daha yüksək üfüqlərə qanad açmadığını düşünüb özünü sorğu-suala çəkə bilər. Özünə belə həssas yanaşan, bir mənada özünü “gözümçıxdıya salan” insan başqalarına gəlincə ən kiçik bir qurtuluş ehtimalı olan bir şəxs haqqında Rəbbimizin ona mərhəmət edəcəyini və bağışlayacağını, çox kiçik əməllərlə Cənnətə qoya biləcəyini düşünməlidir. Bu iki məsələ bir-biri ilə zidd görünsə də, bilməliyik ki, davayi-nübüvvətin varislərinin peyğəmbəranə dünyagörüşü məhz bu olmalıdır.


[1] İnsanın özünü hesaba çəkməsi
[2] Daxili aləmini nəzarət altında saxlamaq
[3] İnsanın mükəlləf olmadığı şeylərlə belə özünü mükəlləf bilməsi. Bax. http://az.fgulen.com/content/view/635/59/
[4] Allahın əmrlərini ən mükəmməl və nöqsansız şəkildə yerinə yetirməyə çalışmaq. Təqva ilə əməl etmək.
[5] Qəlbin var-gücü ilə Allaha və müqəddəas dəyərlərə yönəlməsi.
[6] Peyğəmbərlik məfkurəsi, davası

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.