Allahın istədiyi həqiqi saleh əməl

Sual: Allahın istədiyi əsl saleh əməl necə olmalıdır?

Cavab: Allah-taala bəndələrindən tələb etdiyi hər şeyi dəqiq, aydın və təfsilatlı surətdə bəyan etmişdir. Nəyi necə tələb edir, necə yerinə yetirilməsini istəyirsə, insan təbiətini də nəzərə alaraq, o cür vəzifələr tapşırmış, sonra da anlaşıqlı bir dillə bunları onlardan tələb etmişdir. “Vəhyi-mətluv” olaraq başdan sonadək Qurani-Kərim, Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) ilahi kəlamın izahı və şərhi mahiyyətini kəsb edən bütün söz, təqrir və feilləri insanın idrak səviyyəsinə uyğundur. Buna “İlahi kəlamın bəşərin idrak səviyyəsinə müvafiq olaraq nazil olması” deyilir ki, bu da Allah-taalanın insanın təbiətinə müvafiq mükalimə etməsi, onların ağıl, şüur və idrakını diqqətə alması deməkdir.

Məhz bu səbəbdən məna aləmin üfüqlərində süzən övliya, əsfiya, müqərrəbin və s. Allah dostları bizim kimi adi insanların başa düşdüyü mənalarla yanaşı, Quranın dərin batini mənalarına da baş vurur, oradan fərqli işari mənaları[1] tapıb çıxarırlar. Kaşani və İbn Ərəbinin təfsirlərinə baxsanız, təfsir meyarlarına uyğun gəlməyən bir çox məlumatlara rast gələrsiniz.

Bu mənalar batinidir, amma Qurani-Kərim səhli-mümtəni[2] olub uşaqdan qocaya, avamdan alimə qədər bütün bəşəriyyətin idrak səviyyəsinə müvafiq anlaşıqlı bir dilə malikdir. Onda işlənən sözlərə baxan insan ilk baxışda elə düşünür, bunları özü də deyə bilər. Halbuki hər səviyyədəki insanı nəzərə alan və ifadə tərzinin tayı-bərabəri olmayan Quran kəlamı bəşəri gücün və dərrakənin fövqündə dayanır. Oxumaq bilməyən bir çoban da qulaq versə, onun ilahi kəlam olduğunu anlayar və ona öz düşüncə pəncərəsindən ən üstün kəlam kimi baxar. Bununla yanaşı, vicdanı pozulmayan, qəlbi və ağlı ilə təbiət elmlərini qavrayan insan Qurani-Kərimi oxusa, “Bu, Allah kəlamıdır!” deyər və səcdəyə qapanar. Məhz bu səbəbdən ən avam insanlarla yanaşı, Farabilər, İbn Sinalar və Qəzalilərin belə Qurani-Kərimin parlaq ifadə tərzindən gözləri qamaşmış və ömür boyu ona heyran qalmışlar. Xülasə, İlahi Kəlama − səviyyəsindən asılı olmayaraq − kim müraciət edirsə-etsin, hamı ondan özünə bir pay götürəcək.

Hər insanın öz səviyyəsinə görə faydalandığı Qurani-Kərim “saleh əməl” ifadəsi ilə nəyi qəsd etdiyini də aydın surətdə bildirmişdir. Quran “Tin” və “Əsr” surələrində olduğu kimi, digər bəzi surələrdə də “saleh əməl”i qısa şəkildə izah etmişdir. Allah-taala: “Biz insanı ən gözəl biçimdə (əhsəni-təqvimdə) yaratdıq! (İradəsini şər işlərdə istifadə etdiyinə görə də) onu əsfəli-safilinə atdıq” dedikdən sonra bəzi insanların bundan istisna olduğunu bildirir: “Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! (“Tin” surəsi, 95/4-6) “Əsr” surəsində isə: And olsun zamana ki, insan ziyandadır. Yalnız iman gətirib yaxşı əməllər işləyən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!” (“Əsr” surəsi, 103/1-3). Gördüyünüz kimi, bu ayələrdə “saleh əməl” xülasəli şəkildə bildirilmişdir.

 “Bəqərə” surəsinin əvvəlində isə “saleh əməl” yuxarıdakı ayələrlə müqayisədə daha təfsilatlı verilir: Belə ki, Qurani-Kərim müttəqilərə hidayət mənbəyidir. O kəslər ki, qeybə inanır, namaz (doğru-dürüst) qılır və onlara verdiyimiz ruzidən infaq edirlər” (“Bəqərə” surəsi, 2/2-3) məallı ayə salihatın (saleh əməllər) ruhundakı və mahiyyətindəki həqiqətləri qismən də olsa, izah edir. Buna görə də Qurani-Kərimdə namaza, oruca, zəkata aid nə qədər ibadət varsa, hamısı “salihat” sözü ilə ifadə edilir.

Haram yeməmə, haram geyməmə, harama baxmama, haram danışmama kimi əməllər də salehatdan olub ibadət sayılır. İnsan xeyir əməl işləyər, şər əməlləri də tərk edərsə, salehlərdən olar. Hətta nikah, boşanma, alış-veriş və s. müamilətə aid olan məsələlədə belə dinə əməl edənlər saleh əməl işləmiş sayılır.

İmanı izana çevirmək, onu qüvvətləndirmək, iman edilən şeylərə zərrəcə şəkk-şübhə etməmək imanda tələb olunan keyfiyyət sayılır. Bəli, mömin imana dair nə qədər şübhə və tərəddüd varsa, hamısının kökünü qazımalı, hətta məqamca yüksəlib xəyallarında belə imanın dadını hiss eləməli, saleh əməlləri bu mənəvi əhval-ruhiyyə ilə işləməlidir. Məsələn, insan namaz qılarkən başdan ayağa xəşyətlə dolub-daşmalıdır. Mövlanın hüzuruna bu hislərlə çıxmalı, namazın hər anında özünün bəndə, Onun isə məbud olduğunu duymalı və bu düşüncələrlə Onun qarşısında əyilməlidir. Bütün bunlar saleh namaz qılmağın şərtləridir.

Həmçinin bəndə zəkatı Allahın verdiyi əmanəti geri qaytarmaq – infaq etmək niyyəti ilə verməlidir və verəndə də:“Rəbbim, mən Sənin mənə verdiklərini verirəm. Sən Rəhman və Rəhimsən, axirətdə saleh bəndələrinə vəd verdiyin mükafatları mənə də lütf et!” deyə düşünməlidir. Bu qarmaqarışıq dünya həyatında mal-mülkünü qorumağa qadir olmayan insan övladı o nemətləri Allah-taalaya əmanət etməsi, axirətdə sonsuz nemətlərə çevriləcəyinə inanaraq zəkat və sədəqələrini verməsi zəkatı saleh əmələ döndərir.

Saleh əməllərdən biri olan həcc milyonlarla insanın birlikdə Cənabi-Allaha üz tutduğu bir ibadətdir. Mömin o müqəddəs məkanlarda hər anı bu duyğu və düşüncələrlə keçirməlidir. Həcdə şeytanın ən xoşlamadığı mərasimlərdən biri də şeytan daşlamadır. Çünki insan orada daşa daş atır. Bu, ağıla və məntiqə açıq-aşkar ziddir. Mömin orada şeytana daş atarkən özünü Cənabi-Allahın hüzurunda hiss etməli və ibadətini bu şüurla yerinə yetirməlidir. Namaz qılmaqdan şeytana daş atma mərasiminədək bütün ibadətlərimizə bu ülvi ruhu nəqş etsək, bunların hər biri saleh əməl sayılar.

Bu gün birinci sırada dayanan saleh əməllərdən biri də cihaddır. Bəndə cihadı da saleh surətdə yerinə yetirməlidir. Bəli, irşad və ya cihad da mühüm saleh əməllərdəndir. Bəli, yaxın qohumlardan başlayaraq bütün insanlara Allah və Rəsulunu sevdirmək və bu işə bir anda olsun ara verməmək ən mühüm saleh əməllərdəndir. Bəzən insanı böyük vəzifələrə gətirirlər. Ancaq bu kimi vəzifələr müvəqqəti və fanidir. Millət vəkilliyi, baş nazirlik kimi vəzifələr həyatın sadəcə bir hissəsinə aid olub müvəqqətidir. Ancaq həyat boyu əsas vəzifədən qalmamaq isə möminliyin şüarıdır.

Möminin daimi vəzifəsi böyük cihad, yəni nəfslə mücadilədən başlayaraq yaxınlardan tutmuş bütün bəşəriyyətədək hər kəsə haqq və həqiqəti – şübhəsiz özü də əməl edərək – təbliğ etməklə davam edir. “Daimi vəzifə”dən qalmamaq saleh əməli saleh surətdə yerinə yetirmək deməkdir. Əslində evin içində layiqincə saleh əməl işləməyənlər evin çölündə müvəffəq ola bilməzlər. Ancaq saleh əməlin şüurunda olan insan “Başqa yerdə iş olmasa da, xüsusi işlərimiz qurtarmaz” deyə düşünər. Hal-hazırda kənd-kənd, qəsəbə-qəsəbə gəzib haqq və həqiqəti insanlara çatdırmaq bu qəbildən saleh əməllər sayılır.

[1] İşari məna - bir kəlamın birbaşa mənası deyil, işarə etdiyi mənalar.
[2] Səhli-mümtəni ə. – Zahirən asan görünən, ancaq həqiqətdə çətin olan dərin mənalı yazı və ya nitq qabiliyyəti.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.