Tarix və Fəlsəfə: “Axirət Vardir,”- Deyir

Tarix, həşr əqidəsi baxımından götürüləndə, ilk insandan günümüzə qədər bəşəriyyət çapında həşr inancının var həmişə olduğu nəzərə çarpır. Uill68 müxtəlif millətlərin mədəniyyət tarixini araşdıraraq onların öldükdən sonra dirilməyə aid düşüncələrindən, məzarlara necə basdırıldıqlarından, bunu təsvir edən divar yazıları və dəhlizlərində çəkilən rəsmlərdən bəhs edir.

Dünyanın ən maddəpərəst insanları olan Fir’onlar belə öldükdən sonra dirilməkdən bəhs edirdilər. fir’onların qəbirlərində aparılan qazıntı işlərində aşağıdakı mənanı ifadə edən sözlər aşkar edilmişdir: “İnsanlar öldükdən sonra günahkarlar yerin altında, çirkin surətlərə çevrilməklə əbədi qalacaqlar, saf və tərtəmiz ruhlar isə mələklərə qoşulacaq, yüksəkliklər içində bir həyat sürəcəklər.”

Bu etiqada görə də Fir’onlar yemək, içki və gözəl paltarlar, zinət əşyaları ilə bir yerdə məzarlara dəfn edilirdilər.

Anlayışda yanlışlığa baxmayaraq onları belə hərəkət etməyə vadar edən axirətə etiqaddır. Bundan başqa, məzarlara gedərkən ilahların bu rəsmlərdən xoşlandıqlarına inanaraq dəhlizlərin divarlarına balıq və ilan rəsmləri çəkdirirdilər. Bu inam belə onların öldükdən sonra başlayan ikinci bir həyata etiqad etdiklərini isbat edir. Çünki etiqadlarına görə çəkdirdikləri bu rəsmlərlə ilahlarının razılıqlarını qazanacaq və beləcə o biri dünyada rahat yaşayacaqlar.

Bir də ”Kitabü’l-Mövta“ deyilən ölülərlə bərabər basdırılmış vəsiyyətnamə və ya dua mənalarını daşıyan kitabələr vardır. Bu kitabələrdə ölənlərin dilindən belə deyilir: “salam sənə, ey uca ilah! Sonsuz camalını müşahidə etmək üçün hüzuruna gəldim. Lütf et, camalını görüm. Səndən bunu gözləyirəm. Mən heç kəsə zulm etmədim. Xəyanətə əl atmadım. Kimsəni ağlatmadım. Heç kəsi öldürmədim. Əzab etmədim və kimsənin yanında özümü böyük göstərmədim... Halımı sənə ərz edərək hüzuruna gəldim. Dərdim camalını görməkdir.”

Beləcə, bu və ya bu mənaya yaxın kitabələr belə bizə o dövrdə bir axirət inancı oldugundan bəhs edir.

Bütün bəşər övladı ayri-ayri yerlərdə, ayrı-ayrı mədəniyyət şərtləri altında və ayrı-ayrı zamanlarda əmələ gəlmələrinə baxmayaraq onlardan hansının məzarını, ocağını qarışdırsaq, oradan keçmişin səssizliyində ”Əbəd! Əbəd!“ deyən nərələri eşidəcəyik.

Şəhristani Zərdüştün belə dedigini nağıl edir: ”İnsan dünyaya vəzifəli olaraq göndərilmişdir. Vəzifəsini yaxşi yerinə yetirənlər saflaşaraq mələklər aləminin sakinlərinə qovuşacaqlar. Yerinə yetirməyənlər də əbədi olaraq yerin dibində məhkum qalacaqlar.“

Bu sözlər tərcümə edilə-edilə, əsas tələffüzdəki mənasından uzaqlaşsa da, burada ifadə etmək istədiyimiz məna eynidir və mühüm olan da elə bu ifadə olunan mənadır. Misirdə Fir’on, bütün fir’onluğuna baxmayaraq öldükdən sonra dirilməyin mübarizəsini aparırsa, İranda da Zərdüst və tərəfdarları eyni dinin mübarizəsini aparırlar.

Hindistan yüzlərcə dinin mövcud olduğu bir yerdir. Bəlkə də eyni dinin içində yetişən böyük və ulular sonralar əsas məna və mahiyyətdən uzaqlaşdırılaraq ayrı bir din qurucusu kimi təlqin edilmişlər və bu qədər çox dinin meydana çıxmasına da elə bu cür xəta səbəb olmuşdur. Bütün bu ayrı-ayrı dinlərin hamısının birləşdikləri bir nöqtə vardır ki, o da, ruhların həyatlarının davam etməsinə inamdır. Hindistanda İslam prinsiplərinə görə xətalı bir inanc olan tənasüh əqidəsi69 hakimdir. Bu yönü ilə onların etiqadları yanlış və xətalıdır. ancaq bizim üzərində dayandığımız mövzu ruhların ölümsüzlüyünə inamdır. Tənasüh əqidəsinin mahiyyəti mövzusunda ixtilafa düşən bu dinlərdən bəzisinə görə müntəzəm cəsəddəyişdirmə və birindən digərinə keçmək xassəsi yalnız aşağı (günahkar) ruhlara məxsusdur. Digərlərinə görə isə bütün ruhlar belə bir mərhələdən keçmək məcburiyyətindədirlər. Bununla belə hər iki ayrı qənaətin birləşdiyi xassə nəticə etibarı ilə ruhların bu dövrləri başa vurduqdan sonra eyni bir mərhələdə dayanıb durmasıdır.

Budda, ruhların dövri-daim içindəki əzabına dözə bilməz. Ona görə ruhların dövri-daimi yoxdur. Bəlkə ilk baslanğıcda belə bir dövr ola bilər. Lakin əsas olan ruhların gedib Nirvanaya dayanmasıdır. Bu, bədənin Mutləqə geri dönməsi deməkdir.

Bütün hind ədəbiyyatı diqqətlə tədqiq edilsə, hər səhifəsindən axirət inancının damla-damla axmasına rast gələrik. Onlarda da ölən insanın cəsədi yandırılır. Bu hərəkəti bəlkə də tənasüh əqidəsi doğurmuşdur. Məqsəd güya ruhun eyni cəsədə qayıdıb yenidən eyni iztirablara düçar olmasına mane olmaqdır. Bu hərəkətin özü belə yenə axirət əqidəsinin mövcud olmasının bir sübutudur.

Yunan tarixçisi Homer tez-tez ruhların toplu halda yaşadıqlarından bəhs edir. O, bu dünyada özlərini cəsədlər kimi göstərən ruhların başqa bir yerdə gizli yaşayış yerlərinin olduğunu qəbul edir.

Həşr əqidəsindən bəhs edənlərin biri də Pifaqordur. ona görə bir nəfis təmizdirsə, yüksək aləmin yüksək varlıqlarına qovuşur. Əks halda o, ətrafı alovlarla bürünmüş olan yer üzündə həbs olunub qalacaqdır. İnsanlar başqasının şəxsiyyəti içərsində yox, öz zat və şəxsiyyətləri ilə həşr olunacaqlar. Bu diriliş isə istər lətif, istər kəsif70 olsun, cismani olacaqdır.

Sokratın öznə aid kitabı yoxdur. Onun bütün düsüncələri Platon tərəfindən nağıl edilir. Elə Sokratın edam edilməsinin səbəblərindən biri də onun axirətə inanması və gənc nəslə bu inancı aşılaması olmuşdur. Platon isə öz növbəsində onun bu fikirlərinin müdafiəçisidir. O, bu mövzu ilə əlaqədar çox sayda dəlillər gətirir. Bunlardan bəzilərini nəzərinizə çatdırırıq:

Təbiət-Fəzilət dəlili: İnsan fəzilət üçün yaradılmışdır. Onun fəzilətli ola bilməsi heyvani və şəhəvi hislərdən uzaqlaşa bilməsi ilə mümkündür. Bu isə bir insan üçün məhrumiyyətdir, nəfsin bədəndən ayrılması deməkdir. Elə isə insanın öz nəfsinin ziddinə gedib belə bir məhrumiyyətə qatlanması daha sonra şərəfləndiriləcəyi bir həyatın var olduğuna dəlildir.

Təvali-i Əzdad dəlili:71 Dünyada ziddlər bir-birini təqib edir. Bahari qış, qışı bahar, zülməti işıq, işığı zülmət, gecəni gündüz, gündüzü gecə və həyatı ölüm, ölümü də həyat təqib edir.

Bu çox uzun dünya həyatının vəfatı da özündən sonra yenidən bir doğum gətirəcəkdir. İşıq qaranlığı qovduğu kimi, dünya da qaranlığın qovduğu apaydın bir axirət olacaqdır.

Zakirə dəlili:72 İnsan bəzən ilk dəfə qarşılaşdığı bir mənzərəni, sanki bundan əvvəl görübmüş kimi xatırlayır. Halbuki, bu dünyada ona ilk dəfə rast gəlir. Həyat bir-birindən fərqli modellərin birinin digərini təqib etməsindən ibarətdir. Demək olar ki, bizim burada xatırladıqlarımız dünyaya gəlmzədən əvvəl başqa bir aləmdə yaşadığımız şeylərdir. Elə isə, bu aləm daha əvvəlki aləmin bir nəticəsi və özündən sonra gələcək bir aləmin də baslanğıcıdır.

Bu son dəlildə bir az tənasüh əqidəsi sezilsə də, Platon də buna inanır. Lakin bizim üzərində dayandığımız mövzu, onun axirətə inanması və bu sahədə ümumiləşdirmələr aparmasıdır.

Aristotel belə deyir: “İnsan maddəsinin xaricində mücərrəd bir varliq vardir ki, o ölümsüzdür.”

Aristotel materialistlərin bayraqlaşdırdıqları bir filosofdur. Buna rəğmən o, heç bir şərtə bağlı olmayan ölümsüz bir varlığın mövcudluğundan bəhs edir. İnsan bəlkə cəsədi ilə çürüyəcək, lakin məzar onu hər şeyi ilə əhatə edib həbs edə bilməyəcəkdir. Məzarı, maddəni, cəsədi və dünyanı aşmaqla o biri aləmdə qanad çalacaq mücərrəd bir varlıq vardır...

Revakiya cərəyanın lideri Zenon: “İnsanda bədənindən başqa daha bir nəfs də vardır ki, insan öldükdən sonra bu nəfs davam edəcəkdir,”-deyir. Revakiyanın özünəməxsus əxlaq prinsipləri vardır. Bu prinsiplər içərisində “Bu kainatı bu qədər gözəl yaradan insana olan sevgisi ilə kainatı tənzim edən Zatın insanı öldürüb bir daha diriltməməsi mümkün deyildir,” fikrinə rast gəlirik.

Heraklit də bu mövzu ilə əlaqədar olaraq bunları deyir: “İkinci dəfə var edilərkən insanlar, ulduzlar ətrafında atəşdən mühasirəyə alınmış şəklində dirildiləcəklər. Oradan qurtulamayan xəbis ruhlar o atəş içində əzab çəkəcəklər. Saf ruhlar isə onların arasından sıyrılıb durulacaq və mələklər aləminə yüksələcəklər. o biri aləmin səması ulduzsuz olacaqdır. Ulduzların hamısı tökülərək bu aləmin ətrafını saracaq və cəhənnəmi əmələ gətirəcəklər.”

İşrakiya məktəbinin bizim içimizdən yetişdirdiyi böyük şəxsiyyətlər vardır. Bunlardan Sührəverdini, Həllaci-Mənsuru və dövrünün imamı qəbul etdiyimiz Mühyiddin Ərəbini göstərmək olar. İşrakiyə Əndəlüsdə73 də İslam filosofları tərəfindən qəbul edilmiş və Yeni Aristotelçilik (Neo-Platonizm) adı ilə bütün Islam aləmini bürümüşdü. Bütün Neo-Platonizm məktəb və mədrəsələri öldükdən sonra dirilmə prosesinin bu həyatın zəruri davamı olduğunu təsdiq etmiş və bu həqiqəti qəbul etmişdir. Bütün bunlardan da anlaşılır ki, Epikür və Demokrit kimi maddədən başqa heç bir şey görməyən bir neçə dar düşüncəli və yeniliklərə qapalı görüş sahibləri istisna edilərsə, fəlsəfə tarixinin özü də axirət əqidəsinə, ruhun əbədiliyinə inanan və bu barədə ümumiləşmələr aparan minlərlə filosofun fikirləri ilə zəngindir.

Dekartın Allahın varlığı və ruhun ölümsüzlüyünü şərh edən “Saniha” adlı bir əsəri vardır. Mövzu ilə əlaqədar qəlbinə doğanları qeyd etdiyi bu əsərdə ilk dəfə, nəfsin mücərrəd bir ruh oldugunu və ölümsüzlüyünü ciddi şəkildə götürüb təhlil etmişdir. Dekart ruhun necə əbədiyyət tapacağını başqa bir əsərində izah edəcəyini vəd etsə də, lakin onun bizə gəlib çatan irsi arasında bundan bəhs edən başqa əsərinə rast gəlinmir. Ancaq ”Sanihə” əsərində axirətə aid məsələləri elə gözəl təhlil etmişdir ki, ikinci belə bir əsərə heç ehtiyac da qalmamışdır.

Dekartdan sonra da ilahiyyatçı filosoflar olmuşdur və vardır. Leybniç və Spinoza bunlardandır. Leybniç monatlar prinsipindən istifadə edir: “Monatlar sonsuz inkişaf etməyə məcburdurlar. Halbuki, burada zaman məhduddur. Dolayısı ilə, sonsuz inkişaf ola bilməz. Ola bilməsi üçün zamanın sonsuz olması lazım gəlir. Deməli, bu monatların sonsuz inkisaf edə biləcəkləri zaman sonsuz bir aləm olacaqdır. Elə isə, hər şəxs monatlarını inkisaf etdirmək üçün əbədi və diri olaraq yaşayacaqdır.”

Spinoza isə məsələni ümumiləşdirir. Şəxsi olaraq deyil, ümumi olaraq ümumi və fərdi vücud halında bir yaşayışın olacağından bəhs edir. O, bu düşüncəsi ilə vəhdəti-vücud əqidəsinə sahibdir.

Məsələni günümüzə qədər uzatsaq, Pascal və Bergsonun da həşr əqidəsinə inanan filosoflar oldugunu söyləyə bilərik.

Maar dinsiz bir şairdir. Fürsət düşəndə dini məsələləri lağa qoyurdu. Lakin o da ”Risalətü’l-Güfran”ında Qur’an-i Kərimdən iqtibasla həşr gününü təsvir etməyə çalışmışdır.

Dante Cənnət, Cəhənnəm və Ə’raf təsvirləri ilə sanki Maarın təqlidçisidir. Bunlar və bu kimilərin əsasları dinə düsmənçilik üzərində qurulduğu kimi, həşr əqidəsinə toxunmadan keçə bilməyən minlərlə başqa ədib və şairlər də vardır.

Bəli, həşr əqidəsi elə bir gerçəklikdir ki, özünü düsmənlərinə də təsdiq etdirmişdir.


68. Uill (Will) - Misirdə Fir’onların qəbirlərində böyük tədqiqat aparmış arxeoloq-alim.

69. Tənasüh əqidəsi - bu əqidəyə görə güya insanlar öldükdən sonra onların ruhları müxtəlif heyvanların bədənlərində yaşamaqda davam edir.

70. Lətif və kəsif - zərif, incə və bərk, sıx.

71. Təvali-i Əzdad - Dünyada ziddlərin bir-birini təqib etməsi.

72. Zakirə dəlili - ”Zakir“ sözündəndir. Mənası ”zikr edən“, ”hafizəsi qüvvətli“ mə’nalarını ifadə edir. Burada ”hafizədə qalma dəlili“ mənasındadır.

73. Əndəlüs - Ispaniya.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.