Ana-Ata

Ana-ata insanın ən başda hörmət edəcəyi müqəddəs iki varlıqdır. Onlara hörmətdə qüsur edən Haqqa qarşı gəlmiş sayılır. Onları incidib qəlblərini qıran, gec-tez incidilib qəlb qırılmasına məruz qalar.

* * *

İnsan hələ kiçik yaşlarından ana-atanın çiyinlərində və onlara yük olaraq inkişaf edir. Bu mövzuda nə ata-ananın uşaqlarına olan şəfqətlərinin dərinliyini, nə də onların çəkdikləri çətinliklərin hədd və hüdudunu təyin etmək mümkün deyildir. Buna görə də, onlara hörmət həm insanlıq borcu, həm də vəzifədir.

* * *

Valideynlərin qədrini bilib onları Haqqın mərhəmətinə səbəb sayanlar bu dünyada da, axirətdə də ən xoşbəxt insanlardır. Onlara laqeyd yanaşan, yaşlılıqlarının gətirdiyi çətinliklərə qatlanmaq istəməyib qaba davrananlar isə sürüm-sürüm sürünməyə namizəd uğursuzlardır.

* * *

İnsan ata və anasına olan hörməti nisbətində Yaradanına da hörmətkar sayılır. Onlara hörməti olmayanın Allaha (c.c.) da hörməti yoxdur. Əfsuslar olsun ki, hal-hazırda, sadəcə Allaha inanmayanlar deyil, Onu sevdiyini iddia edənlər belə, ana və atalarına qarşı hörmətsizlik edirlər.

* * *

Övlad ana və atasına fövqəladə hörmətli və itaətkar, onlar da ən az onun cismaniyyətinə verdikləri əhəmiyyət qədər qəlb və ruh həyatına əhəmiyyət verib onu ən qısa zamanda məharətli həkimlərin tərbiyəsinə təslim etməlidirlər. Uşağının qəlb və ruhunu unudan ana-ata cahil, bu cür məhdud dünyagörüşünə qurban gedən uşaq da talesizdir!..

* * *

Ana-atanın hüququnu heçə sayan və onlara üsyan edən övlad "insanlığını itirmiş vəhşi bir canavar", uşağın mənəvi həyatını təminat altına alma dərdindən məhrum valideynlər də mərhəmətsiz bir qəddardırlar. Hələ, uşaq yolunu tapıb qanadlandıqdan sonra onu iflic edən ana və atalar..!

* * *

Yuva cəmiyyətin təməl ünsürüdür. Orada fərdlər nə qədər bir-birilərinin haqq və hüquqlarına qarşı hörmətli olsalar, cəmiyyət də bir o qədər möhkəm və sağlam olar. Yoxsa, yuvada itirilən şəfqət və hörməti cəmiyyət içində axtarmaq bihudədir..!

* * *

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.