Hər tövbə yeni bir dirilişdir

Fəthullah Gülən: Hər tövbə yeni bir dirilişdir

"Günahdan üz döndərib tövbə edən onu heç işləməmiş kimidir" (İbn Mace, zühd 30; et-Taberani, el-Mucemül-kebir 10/150) hədisi-şərifində keçən "əttəibu” ifadəsi sürüşüb üzüstə düşdükdən sonra dərhal ayağa qalxıb tövbə, inabə və ya övbə (tövdənin dərəcələri – tövbə, övbə, inabə) ilə özünə gələn, səhvini başa düşüb Allah-Təalaya təvəccöh edən (Ona yönələn), sonra da yalvar-yaxarla tövbə çeşməsində təmizlənməyə çalışan adamı təsvir edir.

Hədisi-şərif ismi xəbər cümləsi ilə ifadə edilmişdir. İsmi xəbər cümləsi isə davamlılığı və sabitliyi ifadə edir. Deməli, bu nurlu bəyanda eyni zamanda tövbə və istiğfarın davamlılığına diqqət çəkilir. Yəni insan nə vaxt ayağı ilişərək səndələyib günah çuxuruna düşsə, hər dəfə vaxt itirmədən dərhal tövbə, inabə və övbə çeşmələrinə tələsməlidir.

Hədisi-şərifdə günah mənasına gələn "zənb" sözü ilə quyruq mənasına gələn "zənəb" eyni kökdən gəlir. Deməli, günah insan fitrətinə təzad, təbiətinə zidd quyruq kimidir. Bəli, günah insanı quyruqlu varlığa çevirir. Quyruq quyruqla yaradılan məxluqata yaraşsa da, insana yaraşmaz. Buna görə insan oğlu hər günah işləyəndə özünə bir quyruq taxdığını başa düşüb tövbə ilə dərhal o quyruğu kəsməyi bacarmalıdır. Əks təqdirdə həmin quyruğa başqa quyruq əlavə olunar və insan sonra bu quyruqları qoparıb atmağa çətinlik çəkər. Belə bir insan üçün hədisi-şərifdə buyurulan: "Qul bir günah işləsə, qəlbində qara bir ləkə meydana gələr. Əgər tövbə edib əfv diləsə, qəlbi yenə parlayar. Ancaq təkrar günaha dönsə, o ləkə böyüyər və bütün qəlbini istila edər" (Tirmizi, Tefsir, Muteffifin) həqiqəti keçərlidir. Bir ayədə isə bu "Allah onların qəlblərini möhürləmişdir" (“Bəqərə” surəsi, 2/7) ifadəsi ilə izah olunur. Hər günahda küfrə gedən bir yol olduğuna görə Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) "əttəibu" sözü ilə diqqəti tövbəyə çəkib bizi belə bir aqibətdən qorumaq istəmişdir.

İnsanı için-için əridən dərin tövbələr

Hədisi-şərifdə “tövbə edən adam heç günah işləməmiş kimidir” buyurulur. Diqqət edəndə görünür ki, hədisdə tövbə edən "günah işləməmişdir" deyil, "günah işləməmiş kimidir" deyilir. Yəni burada məhabət və məxafət (qorxu) qapısı açıq buraxılmışdır. Dolayısilə, bu üslubdan "kaş ki, insan bu günahı heç işləməsə idi, heç ləkələnməsə idi" nəticəsini də çıxara bilərik. Bəli, hər nə qədər tövbə və istiğfar qəhrəmanı o yara-paranı tövbə iksiri ilə silsə, təmizləsə də, yaradan iz qalmayacağı mövzusunda bir təminatımız yoxdur. Əlbəttə ki, Allah (c.c.) aşınmış mənəvi, ruhi və qəbi həyatımızı təkrar ummadığımız şəkildə təzələyə bilər. Ancaq bu həmişə belə olacaq deyə mütləq bir təminatımız yoxdur.

İnsan bəzən bir şeyə güclü meyil göstərib günaha dala bilər. Məsələn, şəhvani duyğuların əsiri və ya ehtiras və həsədə məğlub olub qorxunc cinayətə səbəb ola bilər. Günahın böyüklüyü nisbətində tövbə və istiğfar da dərin, əngin və əhatəli olmalı, insanı için-için əritməlidir. Əgər tövbə bu səviyyədə deyilsə, günahı tamamilə silib aparması mümkün deyildir. Hədisdə keçən "Günah heç işləməmiş kimi.." həqiqətinə bir də bu aspektdən baxmaq olar.

Günahlardan qorunma və Allah sevgisi

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hədisin davamında: "Allah bir qulunu sevdiyi zaman, artıq ona günah zərər verməz" buyurur. Bu peyğəmbər bəyanından başa düşülür ki, Allahın bir qulu sevməsi həmin qulun günahlardan qorunması üçün çox əhəmiyyətlidir. Çünki Allah (c.c.) sevdiyi qulun qəlbinə günahın çirkinliyini bütün dəhşəti ilə duyurar və onda günaha qarşı diksinmə duyğusunu oyadar. Həmin qul hər necəsə günaha düşübsə, bu zaman da Allah-Təala onun qəlbində nədamət, peşmançılıq alovunu tutuşdurar və ona tövbəyə gedən yolları göstərər.

Necə ki, övladını sevən ana uşağını əyni çirkli həyətə buraxaraq onu başqaların qarşısında alçaltmaz. Uşaq əlli dəfə də əynini kirlətsə, yenə də onu təmizləyər, əlini, üzünü, gözünü silib tərtəmiz edər və elə həyətə buraxar. Allahın insanlara bağlılığı, mərhəməti və sevgisi ana-ata ilə müqayisə belə oluna bilməz. Allah-Təala sevdiyi qullarının üzünə günaha gedən yolları bağlayar, dərəcəsinə görə, bəlkə, bəzilərinə heç günah işlətməz. Günaha düşmüş sevgili qulunu da eləcə buraxmaz. Qulun qəlbinə min bir iztirab salaraq o günahı quluna duydurar və bu qulunu tövbə ilə yenidən dirildər, hər bir tövbə ilə ona hər dəfə "basu-badəl-mövt" yaşadar. Beləcə bu insan bir dəfə deyil, Allahın inayət və mərhəməti ilə tövbənin sayı qədər əngin və dərin həyat yaşayar.

Zinhar günahını unutma!

Uca Rəbbimiz əzəli kəlamı Qurani-Kərimdə buyurur: “Allah onların günahlarını savaba çevirər”. Bu əslində günahkara verilən çox böyük bir bəşarətdir, gözaydınlığıdır. Ancaq bu günahların savaba dönməsi üçün bəndə də müəyyən işlər görməlidir. Birincisi, günah şəxsi münasibətlərlə əlaqədar işlənmişsə, yəni ortada qul haqqı varsa, hökmən qarşı tərəfdən halallıq istəmək lazımdır. İkincisi, edilən günahı ömür boyu unutmamaq, daim onun iztirabını çəkmək və günahın təzəliyini daima hiss eləmək. Bu məsələyə belə bir izah da gətirmişdik: “Günah çox pis şeydir, ancaq bir yerdə onu yaxşı saymaq olar. O da günah işləyən bəndənin ömür boyu peşman olub ah-nalə etməsidir. Məsələn, harama baxan bir adam illər ötsə də, bu günahını unutmur, hər dəfə yadına düşəndə başını aşağı salıb rəhmət qapısına üz tutursa, bu günahı bir çox xeyirlərə səbəb ola bilər”.

Bəndə bu iki şeyi bacararsa, Allah da onu axirətdə rüsvay etməz. Ancaq günahı unudubsa, eyni nəticəni gözləmək mümkünsüzdür. Bəli, əslində yaxşı və gözəl əməllər unudulmalıdır.Zənnimcə bu gün müsəlmanlar bu iki şeyi bir-birinə qarışdırır, nələr ki unudulmalıdır, onları yaddan çıxarmır. Hansı əməllər ki unudumamalıdır, onları yaddan çıxarırlar.

Bu məsələnin bir başqa cəhəti də var: hər bir insanın Rəbbi ilə irtibatda nöqsanları, günahları var. İstəyirik ki, Allah bizi bağışlasın. Eyni şeyi başqalar üçün də istəməli, diləməli deyilikmi? Niyə bunu unuduruq? Allah hamımızın Allahıdır, O, Rauf, Rəhim və Kərimdir. “Rahməti vəsiat kullə şey” buyurur, yəni mərhəməti hər şeyi əhatə etmişdir. Madam Onun adəti-sübhanisi palçığa düşənləri çıxarır, yuyub-təmizləyir, üstünə gül ətri səpir, o halda bizim onları palçıqda görməyə haqqımız yoxdur. İstəsə, əfv edər onları. Dolayısilə, günahları unutmama prinsipini hər insan əldə rəhbər tutmalıdır.Günahı əlli il əvvəl işləmiş də olsa, onun peşmançılığını və ağırlığını elə hiss etməlidir ki, sanki elə indicə edib.

Həftənin duası

Rəbbimiz, bizi zahiri və batini nemətlərinlə bəzə… Sən dərgahına yaxın saleh bəndələri bu payə ilə şərəfləndirdiyin kimi, bizi də dünya və üqbada məsud eylə… Dünyada razı olmadığın işlərdən, axirətdə də əzabından qoru bizi … Əbədi həyatın son mənzilinə – Cənnətinə bizi qəbul et… Camalını müşahidə etməyi lütf buyur və bizi Sənə müxatəb olma payəsi ilə şərəfləndir!..

Sözün cövhəri

Dualarda hizmət eşq və şövü istəmək olar. Mən dualarıma “Sənin istədiyin və razı olduğun…” sözünü də əlavə edirəm. Siz də axırını bilmədiyiniz, nəticəsini kəsdirmədiyiniz şeyləri istəməyin. İnsanın şəxsi arzu-istəklərini unudub Rəbbin əmr və muradı ilə yaşaması vacibdir və məncə, mənəvi tərəqqi də məhz budur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.