Peyğəmbərlərin xüsusiyyətləri

1. Rəbbanilik

Heç bir peyğəmbər düşünüb daşınıb "Belə bir sistem ortaya atım" deyərək işə başlamamışdır və başlamaz da. Allah insanlar arasından bir nəfəri peyğəmbər seçir, vaxtı və zamanı gələndə də sırf peyğəmbərlik üçün yaradılmış bu bəndəsinə peyğəmbərlik məsuliyyətini və vəzifəsini xəbər verir, o da peyğəmbərliyini elan edir.

Hər peyğəmbər vəhylə gəlir, vəhylə yaşayır və vəhy kəsiləndə də dünyadan köçür. İnsan həyatının davam etməsi üçün hava, su, çörək nə qədər zəruridirsə, peyğəmbər üçün də vəhy o qədər vacibdir. Onlar sanki Allahdan gələn "dostluq" ruzigarı ilə nə­fəs alırlar. Ən qüdsi feyz mənbəyi və müqəddəs dərgahdan daim səba yeli kimi ilhamlar əsib gəlir və onlar da nə qədər ki bu əsintilər davam edir, insanlar arasında qalmağa dözürlər. O kəsilincə də Rəbbə doğru şövqlə qanad çırpır və o biri aləmlərə pərvaz anını gözləyirlər.

Onlar bütün varlıqları ilə Allaha təslim olmuşlar. Allah nəyi buyursa, ancaq onu söyləyirlər. Onlar sırf Allahın (c.c.) buyurduqlarını, Allahın dinini təbliğ edirlər, yəni vəzifələrində rəbbanidirlər və belə bir rəbbani vəzifəni yerinə yetirməklə mükəlləfdirlər.

Vəzifəni yerinə yetirərkən də insanların dini qəbul və ya rədd etməsi, yəni təbliğin nəticəsi ilə maraqlanmazlar. Bəli, onların vəzifəsi yalnız təbliğ edib çatdırmaqdır. Etiraz edənlərin söz və ya əməllərinə əhəmiyyət verməzlər. Allahın əmrlərini güzəştsiz və qətiyyətlə yerinə yetirərlər. "Ayı bir çiynimə, Günəşi bir çiynimə qoysalar da, vallah bu yoldan dönmərəm!"[1] onların ümumi düsturudur.

2. Hasbilik[2]

Peyğəmbərlər peyğəmbərlik vəzifəsinin müqabilində maddi-mənəvi heç bir təmənna ummazlar. Qurani-Kərim onların bu xüsusiyyətlərini müxtəlif vəsilələrlə və ayələrdə dilə gətirmişdir. Hamısını "Mənim mükafatım ancaq Allaha aiddir"[3] həqiqəti birləşdirir. Bizlər maddi olmasa da, mənəvi mü­kafat gözləyə bilərik. Halbuki nəbilər bunu da ummurlar və Allahın əmrlərini sırf Onun əmri olduğu üçün yerinə yetirirlər. Cəhənnəm alovlarında yanacaqlarını bilsələr belə – haşa – yenə də bu müqəddəs yoldan geri durmaz və daim vəzifələrini yerinə yetirməyi düşünərlər.

Peyğəmbərlər maddi-mənəvi füyuzat (feyz, ləzzət) hislərini fəda edir və bu yolda əlçatmaz zirvələrə yüksəlirlər. Onlara bu çətin və ağır vəzifəni icra etdirən cənnət arzusu və ya cəhənnəm qorxusu deyil, yalnız və yalnız Rəbbin rizasını qazanmaq istəyidir.

Hər bir peyğəmbər hasbidir. Ancaq hasbiliyin zirvəsində Nə­bi­­lər Sultanı dayanır. Dünyaya göz açanda "Ümmətim!" demiş, məhşərdə də "Ümmətim, ümmətim!" deyəcək.[4] Bu hasbilik Ona Cənnət qapıları taybatay açılıb təşrifini gözləsə də, ümmətini də oraya aparmaq üçün məhşərin ən bürkülü anlarını Cənnətdən üstün tutdurur. Və bu elə bir hasbilikdir ki, təkcə qan qohumluğu və mənəvi dərəcə etibarilə Zatına yaxın olanları deyil, ən günahkarı da daxil olmaqla bütün ümmətini Cənnət aparmaq arzusu ilə alışıb yanır.

Bəli, onların ruh pəncərələri bircə yönə açıqdır, o da Allahın (c.c.) rizasıdır. Onlar qapılarını bundan qeyri hər şeyin üzünə bağlamış, sürgüsünü vurmuşlar.

Bu gün peyğəmbərlik vəzifəsini, yəni təbliğ və irşad vəzifəsini çi­yinlərində daşıyanlar bu məqama xüsusi diqqət yetirməli və bu mövzuda çox həssas davranmalıdır. Çünki sözün təsiri bəlağət və fəsahətdə deyil, səmimilikdədir. Bunu kökündə isə hasbilik yatır.

Allah-Təala Qurani-Kərimdə bu mənaya belə işarə edir:

"Sizdən (haqqa dəvət müqabilində) heç bir şey (mükafat) istəməyən və doğru yolda olan kəslərin ardınca gedin!" (Yasin surəsi, 36/21)

Bəli, onlar hidayət səmalarında pərvazlanarkən siz də onlara tabe olun. Çünki sizdən heç bir dünya malı istəmirlər. Özünüzə rəhbər seçərkən yaxşıca götür-qoy edin və Allah yoluna xidmət eşqi ilə gecə-gündüz çırpınan, iztirabla qıvrılan, gələcək nəslin zəfər dəstələrinə yollar açmağı o dövrün dəbdəbəli və möhtəşəm günlərini görüb yaşamaqdan üstün tutan insanların ardınca gedin... Hasbiliklə yoğrulmuş könül dünyasına bu qədər məsum bir istəyin kölgəsi də düşməyən qəhrəmanların... Məhz bu cür lider və liderlər seçin və onların ardınca gedin!

Allah Rəsulu hasbi idi. Ömrü boyu arpa çörəyi ilə də olsa qarnını doyurmamışdı. Bəzən günlərlə, həftələrlə, hətta aylarla Onun evində ocaq asılmaz, şorba qaynamazdı.[5]

Əbu Hureyrə (r.a.) nəql edir: "Bir gün Allah Rəsulunun hüzuruna getdim. Namazı oturaraq qılırdı. Qurtarandan sonra soruşdum:

– Ya Rəsulallah, xəstəsinizmi?

– Xeyr, aclıq, ya Əba Hureyrə, – dedi.

Ağlamaya başladım. Hörmətinə kainat yaradılan və Rəbbin ən sevgili qulu olan bir Rəsulun aclıq üzündən ayağa qalxmağa taqəti yox idi, namazını oturaraq qılırdı. Mənim ağladığımı görüncə təsəlli etdi:

– Ağlama, ya Əba Hureyrə! Bu dünyada aclıqdan iztirab çəkən o biri aləmdə ilahi əzaba məruz qalmayacağına əmin olacaq,[6] – dedi.

Ənsardan bir qadın Ona döşək kimi bir şey gətirmiş və Həzrət Aişə Anamız da (r.a.) onu Allah Rəsulunun həmişə istirahət etdiyi həsirin üstünə sərmişdi. Evə gələndə bu mənzərəni görən Allah Rəsulu onun nə olduğunu soruşmuş və belə buyurmuşdu:

– Aişə, Onu dərhal geri qaytar. Allaha and olsun ki, əgər arzu etsəydim, Allah mənim sağımda və solumda qızıldan və gümüşdən dağlar döşəyərdi, lakin mən istəmirəm.[7]

Bəli, O istəsə idi, firavan yaşaya bilərdi, amma istəmirdi. Bir gün bir mələk gəldi və Allahdan (c.c.) salam gətirdi. Sonra da soruşdu: "Ya Rəsulullah, Allahın salamı var, soruşur ki: hökmdar peyğəmbər olmaq istəyirsən, yoxsa qul peyğəmbər?"

Cəbrail imdada yetişdi: "Ya Rəsulullah, (Rəb­binə qarşı) təvazökar ol!" Və Allah Rəsulu seçimini etdi: "(Bir gün ac qalıb dua edən, bir gün tox olub şükür edən) qul peyğəmbər olmaq istəyirəm".[8]

Oturub kölə və xidmətçilərlə birlikdə yemək yeyirdi. Bu mənzərəni görən bir qadın: "Oturub kölə kimi yemək yeyir", – dedi. Kainatın Fəxri cavab verdi: "Məndən gözəl kölə olar! Mən Allahın köləsiyəm".[9]

Allah Rəsulunun həyatı hasbilik tabloları ilə doludur. Hələlik misalların təfsilatını Onun həyat yolundan bəhs edən minlərlə kitaba həvalə edirik. Bəli, başda Rəsulullah olmaqla bütün nəbilər hasbi ömür sürmüşlər, insanlığa maddi və mənəvi xidmət müqabilində dünyəvi-üxrəvi heç bir şey ummamışlar. Onun üçün də sözləri təsirli olmuşdur. Elə isə sözlərinin iksir kimi təsirli olmasını istəyənlər əvvəlcə gördükləri işlərin müqabilində kimsədən heç bir şey istəməməyi öyrənməlidirlər.

3. İxlas

İxlas bir şeyi sırf Allah (c.c.) rizası üçün etmək və ya etməmək deməkdir. İxlas kimi uca məziyyət Peyğəmbərlərə yolun başlanğıcında bəxş edilir. Əslində insan çalışmaqla, cəhd göstərməklə ixlasda müəyyən səviyyəyə çata bilər, amma insanların ixlasda əldə etdiyi son nöqtə nəbilər üçün yalnız bir başlanğıdır. Allah kamil ixlası peyğəmbərlərdə təcəssüm etdirmişdir. Onlar muxlasindir (ixlas sahibləri). Qurani-Kərim peyğəmbərlərin ixlasını bəzi nəbilərin şəxsində diqqətə çatdırır:

"(Ya Rəsulum!) Kitabda (Quranda) Musanı da yad et! Həqiqətən o, ixlaslı bir elçi, bir peyğəmbər idi." (Məryəm surəsi, 19/51)

Və Həzrət Yusuf (ə.) üçün "...O, həqiqətən, Bizim ixlaslı bəndələrimizdəndir!" (Yusuf surəsi, 12/24)

Və Allah Təala Rəsulunun şəxsində ümmətinə belə səslənir: "(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Elə isə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et!" (Zumər surəsi, 39/2)

Yenə Allah (c.c.) Həbibinə (Sevgili Rəsuluna) belə deməyi əmr edir: "De: "Mən Allaha dinimi (ibadət və itaətimi) yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) qulluq edirəm!" (Zumər surəsi, 39/14)

Qulluğun səbəbi Allahın əmridir, nəticəsi Allahın rizasıdır, meyvə və səmərəsi isə Rəbbin axirətdə verəcəyi mükafatlardır. Qulluq bütün həyatı ehtiva edir və möminin hər bir davranışında şüur və anlayış şəklində özünü büruzə verir.

Əsrimizin böyük mütəfəkkiri "Allah üçün işləyin, Allah üçün başlayın, Allah üçün çalışın və Onun razılığına uyğun hərəkət edin" deməklə ixlasın həm tərifini verir, həm də əhəmiyyətini dilə gətirir.

İxlas insanın doğru və müstəqim olmasının ünvanıdır. İxlaslı insanın həyatında ziqzaqlara rast gəlinməz, o, daima mənən yüksəlişdədir. Onlar bu müqəddəs yola ilk addımlarını atanda necə təvazökardırlarsa, zirvələrə yüksələndə də o qədər təvazökar olurlar. Ancaq onlar nə qədər azdır!

Bəşər tarixində bu üfüqün zirvəsində yalnız bir insan dayanır, o da Həzrət Məhəmməd Mustafadır. İslamı yaymağa başlayanda necə sadə və təvazökardısa, Məkkəni fəth edəndə də o qədər təvazökar idi.

Məkkə sülhlə alınmışdır. Tək-tük hadisə olsa belə, bunu ümuma şamil etmək doğru deyil. İki Cahan Sərvəri neçə il əvvəl çıxarıldığı bu müqəddəs yerə müzəffər sərkərdə görkəmi ilə girmirdi. O gün miniyinə minmiş və başını o qədər aşağı əymişdi ki, az qala yəhərin qaşına dəyəcəkdi.[10]

Mədinədə keçən illər Onu dəyişdirə bilməmişdi. Rəsulullah gələndə səhabə ayağa qalxardı və qalxmalı idi. O gələndə hətta ölülər belə qəbirdən sıçrayıb ehtiram göstərməli idilər. O, bütün bunlara artıqlamasıyla layiq idi. Ancaq səhabənin ayağa qalxmasından ciddi narahat olar və hər dəfə: "Əcəmlərin (böyüklərinə) ayağa qalxdığı kimi ayağa qalxmayın!"[11] deyib xəbərdarlıq edərdi.

Bəli, O, müqəddəs vəzifəyə necə başladısa, elə də sona çatdırdı. Onun həyatı musiqi ahəngi içində keçmişdi. Başladığı işi başladığı pərdədə bitirirdi ki, bu, böyük müvəffəqiyyət demək idi. Hətta O, bir mənada bu ilahi nəğməyə bəmlə başlamış, zilə qalxıb yeri-göyü vəlvələyə salmışdı.

O, bütün ömrü boyu dini Allaha məxsus bilərək ancaq Ona qulluq etdi, könlü yalnız Onu tanıyıb bilməklə, ilahi mərifətlə dolub-daşdı, gözü hər yerdə Onun əsərlərini süzdü və bütün duyğuları Ondan gələn mənəvi zövqlərlə coşub-çağladı. O, Haqqı dərk etmiş, həqiqətə yönəlmiş və sonsuz iştiyaqla "Allah" deyib yürümüşdü. Çünki ixlasın canlı timsalı idi.

Onun ihsan şüuru da ixlasının bambaşqa yönünü təşkil edirdi. İhsan − Onun sözləri ilə − Allaha Onu görürmüş kimi qulluq etmək idi.[12] Bir bənzətmə aparsaq; Başqası qibləyə dönüb namaz qılanda O, namazını Kəbənin içində əda edirdi.

4. Gözəl nəsihət

Peyğəmbərlər dini təbliğ edərkən qətiyyən dialektikaya əl atmaz, insanlara "gözəl nəsihət" və "hikmət"lə yanaşarlar. Qurani-Kərimdə Peyğəmbərimizə buyurulur: "(Ya Rəsulum!) İnsanları hikmətlə gözəl öyüd-nəsihət ilə Rəb­binin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə mücadilə et". (Nəhl surəsi, 16/125)

Varlığın hikmətini, xilqətin sirrini onlara yumşaq dillə və inandırıcı üslubla çatdır! Yəni onların hislərini təhqir etmədən qəlb və ağılı qane etməyə çalış!

Peyğəmbərlər demaqogiya, dialektika və fəlsəfi üsluba heç vaxt müraciət etməmişlər. Çünki nə dünən, nə də bu gün demaqoqluğa meyilli bir neçə axmaq istisna olmaqla, heç kimə bu yolla bir şey anlatmaq mümkün olmamışdır. Allah da onları bu cür əbəs şeylərlə məşğul etmək istəməmişdir. Onların vəzifəsi dinə aid məsələləri hikmətlə və "gözəl öyüd"lə yaymaqdan ibarətdir.

İnsan təkcə zehin və ağıldan ibarət deyil, onun qəlbi, ruhu, sir­ri, xafisi, əxfası[13] vardır və bunların hamısını təmin etmək lazımdır. Məhz nəbilər insanı bütün bu cəhətləri ilə birlikdə götürür və onların bu xüsusiyyətlərinə, duyğularına qaneedici cavablar verirlər. İnsanın bütün xüsusiyyətlərini ehtiva edən belə bir təbliğin nəticəsi isə bütün tərəddüdləri aradan qaldırıb həm­söh­bə­ti imandakı vəhdətə çatdırmaqdır ki, bu da insanın yaradılış qa­yəsidir.

Peyğəmbərlərin dərs halqasında yetişənlər dinə qəlbən inanarlar. O hüzurda bu aləmə baxan gözləri ilə yanaşı, qəlb gözləri də açılar və başqasının görmədiyi, bilmədiyi məsələlərdən agah olarlar. Bundan sonra bütün dünya tərəddüd və şübhə ilə dolub daşsa da, onlar sadəcə təbəssümlə baxıb keçərlər. Çünki onların vic­danlarında hasil olan mərifət (Allaha tanıma) pətəyinə şübhənin tozu da qona bilməz.

Allah (c.c.) onların bildiyi biri min edər, bildiklərinə bərəkət verər və bilmədiklərini də öyrədər.[14] Səmadan gələn ilham mehləri onların qəlblərini bir səmaya çevirir və onlar bu bildiklərini hərfi-hərfinə tətbiq etməklə səmaya doğru yüksələn "kəlimeyi-tayyibə"[15] miniyini tapar və yüksəldikcə yüksələr.[16]

Hətta onların arasında "Qeyb pərdəsi açılsa, inancım artmaz"[17] deyən və sirr qapılarını aralayan Həzrət Əli (r.a.) kimi insanlar yetişir. Yəni "Qeyb pərdəsi qalxsa, mən nə lazımsa, görsəm, ehtimal etmirəm ki, hazırkı imanım artsın, çünki mən qeybə imanın zirvəsindəyəm."

Həzrət Əli (r.a.) kimi bir insan bu sözü "təhdisi-nemət"[18] məqamında demişdir. Allah Rəsulu Haqqın təqdiriylə onu qiyamətədək gələcək vəlilərin atası elan etmişdir. Onu şəxsən yetişdirmiş və qadınların ən gözəli, ən incəsi, ən zərifi, huriləri geridə qoyan peyğəmbərlik bağçasının çiçəyi Həzrət Fatimə anamızı onunla nikahlamış və bu müqəddəs izdivacdan də bir gözəllə bir gözəlciyəz, yəni Həzrət Həsən və Həzrət Hüseyn dünyaya gəlmişdir. Bundan başqa bütün vəlilər və vəlilər arasında da qütblər[19] daima bu mənbədən fışqırmışdır.

Bəli, Həzrət Əli ilə davam edən bu qızıl silsilənin, demək olar, hər bir halqası onun kimi bu şüuru layiqincə təmsil etmişlər.

Bəli, iman və İslamla ihsan sirrinə vaqif olanlar bu şüura yiyələnir və dünyada ikən "Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!" (Qaf surəsi, 50/22) ilahi xitabına layiq görülürlər. Qərbin intuisiya adlandırdığı bu hal vicdanda varlığını hiss etdirməyə başladımı, artıq xarici dünya susar və iç sezişlərin pıçıltıları mənliyi sarar, ruhun yüksəlişi başlayar. Çünki Mərifət Sultanı könül taxtında oturmuşdur. Onu başqa yerlərdə axtarmağa nə hacət?

Ardıcıllarını bu duyğu və düşüncə üfüqünə yüksəldən Nəbi həmişə ən geniş mənasıyla "gözəl öyüd"ü metod götürmüş və irşad binasını da bu bünövrə üstünə inşa etmişdir.

Bizim burada söyləməyə çalışdığımız məqamları ayə ən yığcam və möcüzəvi üslubu ilə dilə gətirir:

"Həmçinin (nemətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi (günahlardan) təmizləmək, Kitabı (Quranı), hikməti və bil­mə­dik­lərinizi öyrətmək üçün sizə öz içinizdən bir peyğəmbər göndərdik." (Bəqərə Surəsi, 2/151)

İki Cahan Sərvərinin bu məsələdə həssaslığını və metodunu müxtəlif yerlərdə ərz edib misallar verdiyimiz üçün burada nəsə söyləməyi artıq hesab edirik. Yenə də bir-iki cümlə ilə xülasə edək:

O, daima həmsöhbətin halına və səviyyəsinə uyğun, onun ağlını, qəlbini və vicdanını doyuran, nə əskik, nə artıq, hikmət çərçivəsində bir üsul və üslubla xitab edərdi və Onu dinləyənlərin əksəriyyəti hüzurundan iman və itminanla[20] çıxardı. Vəlid b. Muğirə və Utbə b. Rəbiə kimi bəzi insanlar Həzrət Məhəmmədin (s.a.s.) sözlərinin haqq olduğunu qəbul etsələr də, qürur və kibirləri üzündən iman gətirə bilməmiş, bəziləri də qorxularının qurbanı olub inkardan əl çəkməmişdilər ki, bu da tamamilə müxatəblərə aid qüsurlardır. Bəzən şair Aşa kimi, hər şeyi qəbul etməklə yanaşı, köhnə vərdişlərini tərgidə bilməyib möhlət istəyənlər də olurdu ki, əgər hidayətə çatmadan ölmüşlərsə, bu da onların taleyidir. Bunların heç birində Allah Rəsuluna aid bir nöqsan və qüsur yoxdur və ola bilməz də.

5. Tövhidə çağırış

Qurani-Kərimdə bir çox peyğəmbərin qövmünə xitabında bu məqama toxunulur: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir ilahınız yoxdur".[21]

Hər bir peyğəmbərin davası bu uca həqiqətlə başlayır və onunla sona çatır. Fərqli zaman və məkanlarda zühur edən bu mümtaz (üstün, seçilmiş) şəxsiyyətlərin belə bir məsələdə ittifaqı və daima eyni həqiqətləri hayqırması qəti göstərir ki, onlar öz fikir və düşüncələrini deyil, Allahın buyurduğu əmrləri təbliğ edirlər. Çünki fərqli istedad və qabiliyyətə malik insanların, həm də müxtəlif məkan və zamanlarda yaşamalarına baxmayaraq, eyni məsələ ətrafında birləşməsi əqlən mümkün görünmür. Siz eyni məktəbə aid bir qisim fəlsəfi axınların həm də eyni dövrdə yaşayan mənsubları arasında belə çox kiçik və bəsit məsələlərdə bir sıra ziddiyyət və fərqlərə şahid olursunuz.

Məhz bəşər düşüncəsi və mülahizələrindən qaynaqlanan cərəyanların bu ixtilafı və ilahi vəhylə şərəflənmiş zatlar tərəfindən təq­dim edilən sistemlərin bu ittifaqı birincilərin həva və həvəs mənbəli, ikincilərin də hidayət rayihəli olduğunu göstərir. Bəli, bu ikincilərin eyni sözləri söyləməsi və hamısının tövhid həqiqəti ilə gəlməsi də peyğəmbərlik gerçəyinin bariz xüsusiyyətidir. Bu sə­bəbdəndir ki, Allah Rəsulu: "Mənim və məndən əvvəlki bütün peyğəmbərlərin ən fəzilətli kəlməsi: "Lə iləhə illəllahu vahdəhu lə şərikə ləh" mənasını verən sözdür", − buyurur.[22]

[1] Baxın.: İbn Hişam, əs-Siratün-nəbəviyyə, 2/101; Təbəri, Tarixul-üməm vəl-mülk, 1/545.
[2] Təmənnasızlıq, Allahdan savayı kimsədən qarşılıq ummamaq
[3] Baxın: Tövbə surəsi, 10/72; Hud surəsi, 11/29; Səbə surəsi, 34/47.
[4] Buxari: Tövhid 36; Müslim, İman 326-327.
[5] Buxari, Hibə 1; Riqaq 17; Müslim, Zühd 28-36.
[6] Əbu Nuaym, Hilyətül-övliya, 7/109; 8/42-43.
[7] İbn Əbi Asam, Kitabüz-zühd, s. 14; Təbərani, əl-Mücəmül-övsat, 6/141; Beyhaqi, Şuabül-iman, 2/173.
[8] İbnül-Mübarək, əz-Zühd, s. 264-265; Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/231; Nəsayi, əs-Sünənül-kübra, 4/171; Təbərani, əl-Mücəmül-kəbir, 10/288, 12/348; Beyhaqi, əs-Sünənül-kübra, 7/48-49; Şuabul-iman, 1/177; 2/167; 5/107; Heysəmi, Məcməüz-zəvaid, 9/19-20.
[9] Təbərani, əl-Mücəmül-kəbir, 8/200.
[10] Əbu Yala, əl-Müsnəd, 6/120.
[11] Əbu Davud, Ədəb 152; İbn Macə, Dua 2; Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/253.
[12] Buxari, İman 37; Müslim, İman 5, 7.
[13] Qəlbə aid incə duyğular
[14] "Kim bildiyinə əməl etsə, Allah ona bilmədiyi elmi də lütf edər" məalında bir hədisə işarə edilir. (Əbu Nuaym, Hilyətül-övliya, 10/15).
[15] Allah və Rəsulullahın kəlamı. Dua, niyaz və salavatlar kimi kəlamlar. Məsələn, "Subhanallah vəlhamdulilləh və lə iləhə illəllah vallahu əkbər"
[16] "Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar". (Fatir surəsi, 35/10)
[17] Əbu Nuaym, Hilyətül-övliya, 10/203; Aliyyül-qari, əl-Əsrarul-mərfua, s. 193.
[18] Allahın verdiyi neməti şükür niyyəti ilə dilə gətirmək
[19] Övliyalar, Allah dostları
[20] Qəlbin inancla doyması, aram tapması, qəlbən inanmaq
[21] Əraf surəsi, 7/59, 65, 73, 85; Hud surəsi, 11/50, 61, 84; Muminun surəsi, 23/23, 32.
[22] Tirmizi, Daavat 122; Muvatta, Quran 32; Həcc 246. (İfadə Muvattaya aiddir.)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.