Ədalət nədir?

Ədalət ifrat və təfritin ortasıdır, yəni tarazlıqdır. İnsanda olan bu tarazlığı tənzimləmək də bir çox xeyirə vəsilə olan böyük potensialın yerli-yerində istifadə edilməsi ilə mümkündür. İnsanda şəhvət, qəzəb, qorxu və ağıl kimi məfhumlar düzgün istiqamətləndirilsə, ədalət ortaya çıxar, ifrat və təfritdə isə ədalətsizlik...

Məsələn, insandakı şəhvət duyğusu, ümumi mənada, həm insan həyatının davam etdirilməsinə səbəb olan şeylərə meyil oyadır, həm də nəslin çoxalmasına səbəb olur. İnsan yeməyə, içməyə istəyi, meyilliliyi ilə varlığını və səhhətini qoruduğu kimi, həmcinsinə qarşı olan hislərlə də nəslini davam etdirir.

Bu mülahizədən xaricində şəhvət duyğusunu nəzərdən keçirsək, ya onu kamillik yolunu kəsmiş cəllad cildində görüb kilsə rahibləri kimi ondan tamamilə üz döndərəcəyik ki, bu məsələnin təfrit yönüdür. Və ya dövrümüzün səfil anlayışını mənimsəyib hədd-hüdud qoymadan hər münasibəti məşru (qanuni) sayacağıq ki, bu da ifratdır.

Qəzəb də belədir. Yersiz coşub-daşmaq, xalqın dili ilə desək, “birəyə əsəbləşib yorğan yandırmaq” ifrat, ən müqəddəs və ən əziz şeylərin yerlə-yeksan olması, ismətin ayaq altında tapdalanıb namusun ləkələnməsi qarşısında sükut etmək də təfritdir. Ədalət isə küfrə, zülmə və əzab-əziyyətə qarşı olmaq, həmçinin, xeyirə səbəb olacaq yerdə müsamihəli və yumşaq olmaqdır.

Eyni şey qorxuya da aiddir. Yersiz qorxular və narahatçılıqlar həyatı əzaba çevirən ifrat və qorxulası, narahat olunası şeylərdən qorxub narahat olmamaq isə təfritdir. Birində kainatda hər şeydən qorxub hər şeyə ilahlıq, tanrılıq istinad etmə düşüncəsi var ki, Qanqa sahilləri bu təşvişin doğurduğu bütlərlə doludur. Digərində isə, yerdə və göydə heç nədən, heç kəsdən qorxmama kimi bir dəlilik və nəfsini, varsa, millətini ölümə sürükləmək qədər vəhşətdir. Ədalət isə əhəmiyyətli məsələləri nəzərə alaraq ehtiyatlı, tədbirli olmaqla yanaşı, ehtimaldan uzaq olan narahatçılıqlara qarşı da mətanətli olmaqdır.

Ağıl üçün də eyni şeyləri demək olar. Müşahidə və hissin gəldiyi nəticələri hesaba qatmadan sadəcə ağıla etimad ifrat, ağlı nəzərə almadan qatı pozitivizmi və ya vicdanı əsas götürüb bunun xaricində hər şeyi inkar etmək də təfritdir. Birincidə köhnə məntiqçilərin söz oyunlarını, indiki materialistlərin də dialektikasını; ikincidə isə Avqust Kornt pozitivizmini və Xristian mistizmini görə bilərik.

Ağılda ədalət isə hiss və müşahidənin gəldiyi nəticələri dəyərləndirmə, yeni sintezlər meydana gətirmə və bunlarla hiss və müşahidə sahəsinə daxil olmayan şeyləri qavramağa çalışmaqdır. Ağılın düzgün istiqaməti, doğruluğu isə ancaq vəhyin işıq saçan şüaları altında mümkündür. Səmavi nəğmələrdən üz döndərmiş ağıl ya Aristotel təkəbbürlü firon və ya kilsəyə özünü həbs etmiş aciz bir qış ağcaqanadıdır. Sahib olduğumuz bu duyğularda ədalət bir əsas olduğu kimi, mükəlləf olduğumuz hər şeydən əsasdır.

Həmçinin etiqadda ədalət, inancın doğru istiqamətdə olması İlahın varlığını qəbul edib Onun kamil sifətlərə malik olduğunu, nöqsan sifətlərdən uzaq olduğunu, bunları qəbul etməmək dinsizlik (ilhad), Allahın sifətlərinin qəbul etməmək (tətil) və "Allah cisimdir, cövhərdir, orqanlardan meydana gəlmişdir və bir məkanı vardır" demək də bir təşbehdir və küfrdür.

Digər etiqadi məsələləri də gözdən keçirə bilərik. Məsələn: "İnsanın qüdrəti və ixtiyarı yoxdur" demək bir cəbirdir (insanın əlindən iradənin alınmasıdır). "İnsan bütün işlərin xaliqidir" demək də ifrat bir iradə anlayışıdır. İnsan iradəsinin qəbul edilməsi və Allahın hər şeyin xaliqi olaraq mənimsənilməsi isə ədalətdir.

Əməli məsələlərdə də ədalətə şahid ola bilərik. Əvvəla qeyd edək ki, mütləq mənada hər işimizə dünya və üqba, ruh və vücud tarazlığı aspektindən yanaşmaq ədalətdir. Əgər dünyamız axirət və mənəvi həyatdan məhrumsa, bu bir maddəpərstlik və ifratdır. Cismaniyyətin inkarına gətirib çıxaran Xristian spiritualizmi isə təfritdir. Bu iki məfhum arasında tarazlıq isə doğru istiqamətdir.

Bu məsələlərdən birini yəhudilik təmsil edirsə, digərini də xristianlıq təmsil edir. Məsələn, yəhudilikdə qəsdən adam öldürmə cinayətində əfvə baxılmadan bilavasitə qatilin ölümünə hökm verilir. Xristianlıqda isə qatil mütləq bağışlanmalıdır. Yəni birində ifrat, digərində də təfrit vardır. Ədalət isə əfvi də nəzərə alaraq qisasın alınmasıdır. Gündəlik həyatda nəzəri və praktiki olaraq ədaləti görmək və göstərmək mümkündür. Lakin insanlar böyük rəhbərlərlə bu doğru yola istiqamətləndirilməsə, onların ədaləti tapması da olduqca çətindir.

Dövrümüzdə tez-tez gündəmə gətirilən ictimai ədalət isə ədalət anlayışının cəmiyyətə də əks olunan hissəsindən sadəcə biridir. Nəzəri və praktiki olaraq istiqaməti tapmış insanların ədalətsizlik etmələri qeyri-mümkün olduğu kimi, onlar arasında ictimai ədalətsizlikdən də danışmaq əbəsdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.