Hüznlü Qürbətin Adı: Amerika

Amerika Xoca Əfəndi üçün hüznlü qürbətin adı olur. Bəzən ayağa qalxa bilməyəcək qədər ağırlaşan xəstəlikləri səbəbilə burada qalmaq məcburiyyətində olsa da, qəlbi hər zaman Tür­kiyə ilə döyünür. Bu həsrət onun yazdığı şerlərdə və məqalələrdə, verdiyi müsahibələrdə də daima öz əksini tapır.

Xoca Əfəndinin vətən sevgisi o qədər dərindir ki, Türkiyədən gedərkən əynində olan paltarları bir dəfə də olsun yudurtmadan saxlayır. Onu bu paltarda görən bir qonağı:

- Əyninizdəki kostyum Türki­yə­dən gələrkən geyindiyiniz kost­yumdurmu? -deyə soruşduqda Xoca Əfəndi:

- Bəli, gəldiyim gündən bəri qoruyuram. Bir dəfə də olsun, yuyulmayıb. Tozunu belə almamışam. Bu kostyumun to­zun­da, qoxusunda, Türkiyə var, -deyərək vətəninə olan sevgisini dilə gətirir.

Bundan başqa, otağında Türkiyənin dörd bir tərəfindən gətirilmiş torpaq nümunələrini saxlayır və onlardan Vətənin qoxusunu duyur.

Amerikada qaldığı yer böyük bir qoruqdur. Qaldığı evin birinci mərtəbəsində mətbəx və qonaqlar üçün yeməkxana var. İkinci mərtəbədə böyük bir oxu zalı var. Xoca Əfəndi bəzən bu salona düşür. Evin üçüncü mərtəbəsi isə Xoca Əfəndinin otağının da yerləşdiyi mərtəbədir. Bu mərtəbə bir növ Xoca Əfəndinin sirdaşı və onun iztirablarının şahididir. O, dünyada baş verən bütün mənfi hadisələrdən kədərlənir, otağında bu üzüntünü bütün ruhu ilə yaşayır, bəzən də otağından çıxıb eyni dəhlizdə yerləşən otaqlara gedərək dərdini bölüşəcək bir dost axtarır.

Xoca Əfəndi söhbətlərində dünyaya aid hər hansı bir məsələnin müzakirə edilməsinə fürsət vermir. Bütün söhbətlərində sözü çevirib Allaha və Rəsuluna (s.ə.s.) gətirir və onlardan bəhs edir. Boş və faydasız mövzularda söhbətə əsla razı olmur.

Tənha yaşayan Xoca Əfəndinin hərdən qonaqları da olur. Qonaqları onun iztirablarının şahididirlər. Gələn qonaqlar arasında bəzən uşaqlar da olur. Uşaqları çox sevən Xoca Əfəndi, onların başını sığallayır, hal-əhval tutur, onlara şokolad və buna bənzər hədiyyələr verir.

Bir gün atası ilə gələn bir uşağa Xoca Əfəndi:

- De görüm, adın nədir? –deyə soruşur. Balaca qızcığaz:

- Zeynəb, -deyə cavab verir. Xoca Əfəndi:

- Adının mənasını bilirsənmi, -deyə soruşur. Arxasınca da cavabı özü verir:

- Zeynəb, atasının bər-bəzəyi deməkdir.

Bu söhbətdən sonra oradakı insanlarla birlikdə nahar edirlər. Balaca Zeynəbdən başqa hər kəs yeməyini yeyib bitirir. Bunu görən Xoca Əfəndi Zeynəbə:

- Sən yeməyi hamımızdan daha düzgün yeyirsən. Yavaşyavaş, həzm edərək. Belə davam etsən, böyüyəndə də sağlam olarsan -deyir.

O, sadəcə gələn uşaqlara qayğı göstərmir, eyni zamanda digər qonaqlarla da yaxından maraqlanır. Yemək yeyərkən belə qonaqlardan hər hansı birinin ye­məyinin əskik olub-olmadığını yoxlayır və qonaqların heç bir əksiyinin olmamasına diqqət edir.

Qonaqlarına qarşı bu qədər hörmət və izzətlə yanaşan Xoca Əfəndi qonaqlarının ona xüsusi bir hörmət göstərməsini isə əsla istəmir. O, salona daxil olarkən ayağa qalxmağa çalışan insanlardan belə etməmələrini xahiş edir.

Dini yaşantısındakı həssaslığını burada da davam etdirən Xoca Əfəndiyə həkimləri şəkər xəstəliyinə görə Ramazan ayında oruc tutmamağı tövsiyə edirlər. Ancaq Xoca Əfəndi:

- Mənim kimi xəstəlikləri olan bir adama mən də oruc tutmamağı məsləhət görərdim. Ancaq özümə bunu deyə bilmərəm, -deyərək oruclarının hamısını tutur.

Xəstəliyi üzündən oruc onu bəzən yerindən qalxa bilməyəcək hala salır, lakin o, heç bir ibadətini tərk etmədiyi kimi, bütün bu çətinliklərə baxmayaraq oruc ibadətini də tam yerinə yetirir.

Bir dəfə həkimlər xəstəliyinə görə ona oturaraq namaz qılmağı məsləhət görürlər, lakin o yenə də:

- Rəbbimdən utanıram, -deyərək namazını bütün çətinliklərə baxmayaraq, ayaq üstə qılmağa davam edir.

* * *

Xoca Əfəndi görülən hər işin daha da mükəmməl ola biləcəyini düşünür. Odur ki, Allahı məmnun etmək üçün hər kəsin bütün imkanlarından istifadə etməsinin vacibliyini deyir. O, din və millət üçün görülən işlərin müqabilində hər hansı bir qarşılıq ummanın doğru olmadığını müxtəlif söhbətlərində dəfələrlə qeyd edir. İnsanların dininə və millətinə xidmət edərkən bu duyğu və düçüncə içərisində olmağın vacib olduğunu ifadə edir:

- Görəsən, həqiqətən də, Haqqa xidmət edirikmi? Xidmətimizdə məqsədimiz sırf Allah rizasıdırmı yoxsa, niyyətimizə başqa şeylər qarışır? Hansı ölçüdə xidmət edirik? Xidmətə nə qədər, dünya işlərinə nə qədər, özümüzə, ailəmizə nə qədər vaxt ayırırıq? Bütün bu vəziyyətlərdə ən vacib şey özümüzü Allaha xidmət etməyə həsr etmək və bunun müqabilində dünyəvi heç bir şey gözləmədən Allahın rizasını qazanmaqdır .

Xoca Əfəndi vücudundakı xəstəliklərdən çox, dünyada başda müsəlmanlar olmaq şərtilə bütün insanların sıxıntılarının dərdini çəkir. Çox vaxt o, öz dərdini unudur və dünyanın hər yerində baş verən üzücü hadisələrdən təsirlənir, xəstələnir, yatağa düşür.

Bir gün vücudundakı xəstəliklərdən əziyyət çəkərkən söhbət zamanı yanında olanlardan biri :

- Cənub-şərqi Asiyada, İndoneziya yaxınlığında sunami ilə nəticələnən güclü bir zəlzələ olub. Sahilə doğru xeyli irəliləyən nəhəng dalğalar minlərlə insanın həyatına son qoyub, -deyərək böyük bir fəlakətdən xəbər verir.

Bu xəbər qarşısında sarsılan Xoca Əfəndi:

- Eləmi? -deyir və gözləri dolur. Təxminən beş dəqiqə boyunca otağa səssizlik çökür. Bu sükutu Xoca Əfəndinin iztirabını dilə gətirən iki cümlə pozur:

- Mən o insanların pərişan vəziyyətlərini, səfil hallarını düşününcə, dərdlərimin hamısı yadımdan çıxır. Onların yanında mənim bütün xəstəliklərim çox kiçilir.

Bu cümlələr onun dərdli qəlbindən süzülən ikicə damla idi. Tək-tənha qalanda bu hadisələr ruhunda daha dərin yaralar açır və dünyanın hər hansı bir yerində sıxıntı çəkən insanların dərdi onu çox üzür.

Bir müddət sonra mövzuya yenidən qayıdan Xoca Əfəndi:

- Görəsən, bu insanlar üçün nə edə bilərik, əlimizdən nə gələr? -deyərək böyük bir yardım kampaniyasının əsasını qoyur. Daha sonra isə mövzunun fərqli bir yönünə diqqət çəkir və:

- Kaş isanlar başlarına gələn bu fəlakətlərin onlar üçün bir xəbərdarlıq olduğunu başa düşələr, -deyir.

Hadisə Xoca Əfəndiyə çox təsir etmişdi. Bu söhbətdən sonra namaz qılınır. Namazdan sonra söhbətinə davam edən Xoca Əfəndi məsələnin insanla bağlı tərəfinə diqqəti yönəldərək dünyada baş verən hadisələrdə insanların xətalarının da rolu olduğunu bir daha qeyd edir:

- İctimai zəlzələlərlə yanaşı, bəzən fiziki mənada da zəlzələlərin baş vərməsi qaçınılmazdır. Bu gün bəhs etdiyimiz fəlakətdən daha böyük fəla­kətlər də ola bilər. Hər tərəfdə Haqqa üsyan var, çox böyük günahlar işlənir. İnsanlar utanmadan, çəkinmədən, Yaradanına qarşı üsyan edir. Məncə yer üzündə seldən, zəlzələdən, yanğından daha böyük bir bəla varsa, o da insanın özünü qəflətə salması və Rəbbi ilə münasibətin əhəmiyyətini dərk etməməsidir. Gec və ya tez bir gün Günəş mütləq tutulub söndürüləcək, ulduzlar qaralıb töküləcək, dənizlər qaynadılacaq, ruhlar bədənlərlə birləşdiriləcək, əməl dəftərləri açılacaq, göy üzü sıyrılacaq, cəhənnəm qızışdırılacaq, cənnət yaxınlaşdırılacaq, hər kəs nə edibsə hamısını gö­rəcək. Bun­ların hamısı qaçılmazdır.

Xoca Əfəndi millətinin və ümumiyyətlə, bəşəriyyətin məruz qaldığı mənəvi aşınmadan böyük iztirab duyur və bu pozulmanın, aşınmanın sona çatacağı günün, həyatının ən xoşbəxt günü olacağına inanır. Bir gün ikindi namazından sonra kreslosunda əyləşir. Ətrafındakılar daima ikindi namazlarından sonra etdiyi söhbəti səbirsizliklə gözləyir. Yenə belə bir ab-hava var idi.

Xoca Əfəndi:

- Günortadan sonra içəridəki otağa keçdim. Yuxuya getdim və bir yuxu gördüm. Gördüm ki, namaz qıldırıram. Səflər arasında atam da var. Tanıdığım başqa bir-iki nəfər də var. Namazda “Fil” surəsini oxuyurdum, -deyə söhbəti­nə başlayır.

Yuxu yozmalarla əlaqəli kitaba baxılır və namazda “Fil” surəsini oxumağın düşmənlik bəsləyənlərin məğlub olmasına və həccə getməyə işarə etdiyi məlum olur. Yuxuda atanın görülməsinin isə, məqsədə çatmağa və əgər yuxunu görən insanın itirdiyi bir şeyi varsa, onu tapacağına işarə etdiyi bildirilir.

Bu yozum Xoca Əfəndini sevindirməkdənsə, kədərləndirir və göz yaşlarının axmasına səbəb olur. Arxasınca da özündən əvvəl hər zaman müsəlmanlara və bütün bəşəriyyətə aid dərdləri və arzuları olduğunu ifadə edən bu cümlələri söyləyir:

- Mənim itirdiyimi tapmağım çox çətindir. Çünki mənim itirdiyim hamımızın itirilmiş cənnətidir. İtirdiyimiz ölkə­miz, milli, mənəvi dəyərlərimiz, vəfa və sədaqət anla­yı­şımız, dinimizi anlatma həyəcanımızdır. İtirdiyimiz yo­lumuzdur... Digər itirdiklərimə gəldikdə, onlara zərrə qədər belə əhəmiyyət vermirəm. Onsuz da, itirəcək başqa bir şeyim olmadı ki, onu da itirim. Özümü belə itirsəm, Allah şahiddir ki, əhəmiyyət vermərəm. Əsas odur ki, biz tezliklə əsil itirdiklərimizi geri qaytaraq.

* * *

Xoca Əfəndi uşaqlıq dövründən etibarən elmi ilə, əxlaqı ilə idealları ilə fərqli bir insan olduğunu göstərmişdir. Onun həyatı, milləti və bütün insanlıq üçün çəkdiyi sıxıntılarla və bu sıxıntılara baxmayaraq, gördüyü və görməyi tövsiyə etdiyi xidmətlərlə doludur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.