İlhan İşbilən AKP-dən istefa verdi

İlhan İşbilən AKP-dən istefa verdi

Ötən ilin dekabr ayının 17-də Türkiyədə həyata keçirilən rüşvət və korrupsiya ilə bağlı əməliyyatın üstünün hökumət tərəfindən ört-basdır etmə cəhdləri və bu çərçivədə günahsız insanların üzərinə iftira və böhtanlar atılması nəinki ölkə daxilində, həm də AKP üzvləri arasında güclü narazılıqlara gətirib çıxarıb.

Bu müstəvidə də AKP-dən istefalar başlayıb. Dünən Türkiyənin “Zaman” qəzetinin ilk baş redaktorlarından biri və “Zaman-Azərbaycan” qəzetinin qurucusu, İzmirdən seçilən millət vəkili İlhan İşbilən AKP sıralarından istefa verdiyini bəyan edib. İlhan İşbilən AKP-dən istefa etməsinin səbəbini “Könüllülər” hərəkatına, o cümlədən möhtərəm Fəthullah Gülən əfəndiyə Ərdoğan və ətrafındakılar tərəfindən iftira və böhtanlar atılması ilə əlaqələndirib. AKP-yə üzv olarkan bu partiyanı quranların demokratik və sivil dövlət quruculuğuna xidmət edəcəyinə ümid etdiyini xatırladan İlhan İşbilən: “Lakin mən bunun əksini, düz sözü deyənlərə təzyiqlər edildiyini, rüşvət və korrupsiyanın daha da artdığını, haqq sözü deyənlərə iftira və böhtanlar atıldığını gördüm. Bu müstəvidə də 17 dekabr əməliyyatı ilə bağlı Xoca əfəndiyə hücumlar edilməsi, onun yalançı peyğəmbər elan edilməsi, “haşhaşi”, paralel dövlət başçısı adlandırılmasına dözə bilmədim. Halbuki bu sözü deyənlər, o cümlədən Bülənt Arınc, Əhməd Davudoğlu, Zəfər Çağlayan və digər AKP rəsmiləri dəfələrlə ABŞ-a gedərək, Xoca əfəndinin xeyir-dualarını aldılar. Ərdoğan ötən ilin may ayında Xoca əfəndi ilə görüşmək istəyirdi. Bu mümkün olmayınca Bülənt Arıncı ABŞ-a onunla görüşməyə göndərdi. O vaxt onlar Xoca əfəndi ilə deyil, “haşhaşi” iləmi görüşdülər?”-deyib.

İlhan İşbilən Fəthullah Gülən əfəndinin ona israrla AKP-dən çıxmamağı tövsiyə etdiyini, ancaq vəziyyətin artıq dözülməz hala gəldiyini görərək, AKP-dən istefa etməyə məcbur olduğunu söyləyib.

Bununla da son günlər AKP-dən istefa edənlərin sayı 9 nəfərə çatıb. AKP-nin isə Türkiyə Böyük Millət Məclisindəki (TBMM) millət vəkillərinin sayı 327-dən 318-ə düşüb.

Xatırladaq ki, dünən Ədalət və İnkişaf Partiyasının qurucularından biri, Konyalılar Dərnəkləri Birliyi Federasiyasının (KONFED) ümumi başçısı Mehmet Aydoğan da partiyasından istefa verərək, Cümhuriyyət Xalq Partiyasına (CHP) keçib.

Aydoğan AKP-dən istefası ilə bağlı verdiyi açıqlamada: “İzmirdə 39 ildir QHT başçısıyam. İzmirdə AK Partiyanı quranlardan biriyəm. Korrupsiya və rüşvət iddiaları ilə bağlı AK Partiyadan istefa verdim”,-deyib.