Gözlədiyimdən daha gözəl şeylərlə qarşılaşdım

Gözlədiyimdən daha gözəl şeylərlə qarşılaşdım

Dr. Joçen Tays (Jochen Thies) Almaniyada Türk təşəbbüskarlar tərəfindən açılan məktəblər haqqında qələmə aldığı “Biz bu toplumun bir parçasıyıq-Gülən Hərəkatının təhsil təşəbbüslərinə baxış” adlı kitabını oxuculara təqdim etdi. Təqdimetmə mərasimində iştirak edən “Alman Şərqşünaslıq İnstitutu”nun direktoru dr. Qunter Mülak (Günter Mülack) artıq Əfqanıstanda ən yaxşı təhsil ocaqlarının alman və fransız məktəbləri deyil,türk məktəbləri olduğunu qeyd etdi. Kitabın müəllifi dr. Tays isə alman cəmiyyətinin türk məktəblərinə lazımi diqqət göstərməməsini tənqid etdi.

Dünyanın digər ölkələrindən fərqli olaraq, Almaniyada təhsil deyiləndə ilk ağıla gələn türklər olmur. Hətta Berlin kimi türklərin çoxluq təşkil etdiyi bölgələrdə “Bir məktəbdə türkiyəli şagirdlərin sayı nə qədər çoxdursa, o məktəb o qədər pisdir” kimi mənfi bir fikir formalaşıb.

Təhsil uşaqların həyatında həlledici rol oynadığı halda və alman uşaqlarının 40 faizinin tam orta təhsil almasına baxmayaraq, Almaniyada yaşayan türk uşaqlarının ancaq 10 faizi tam orta təhsil alır.

Bütün bu xüsuslara baxmayaraq, xeyli vaxtdır, təhsil sahəsində təqdirəlayiq işlər görən türklər də var. Hal-hazırda onlarına Almanyada yüzlərlə hazırlıq kursu və bir çox məktəbi fəaliyyət göstərir. Həyata keçirilən bu layihələr Fəthullah Gülənin adı ilə anılır. Yaxşı bəs bu məktəblərə kimlər dəstək verir? Hansı məktəbləri təsis ediblər? Məqsədləri nədir, alman cəmiyyətinin bu məktəblərə baxışı necədir?

Artıq bu və buna bənzər suallara cavab verən bir kitab işıq üzü görüb. “Herder” nəşriyyat evi tərəfindən çap edilən “Wir sind Teil dieser Gesellschaft. Einblicke in die Bildungsinitiativen der Gülen-Bewegung” adlı kitabın müəllifi tarixçi və jurnalist dr. Joçen Taysdır.

Dr. Tays əvvəllər Baş Nazir Helmut Şmidtin nitqlərini yazıb, “Die Velt” qəzetinin xarici siyasət şöbəsinin müdiri işləyib, “Europa-Archiv/Internationale Politik” jurnalının buraxılışından məsul şəxs kimi çalışıb, ARD kanalında və Almaniya radiosunda yüksək vəzifələrdə karyerasını davam etdirib, məktəb direktoru olub.

Müəllif bu kitabı qələmə alarkən Berlindəki “TÜDESB”, Kölndəki “Dialoq” və Ştuqqartdakı “Bil” məktəblərinə baş çəkib, bu təhsil ocaqlarında çalışan insanlarla çoxsaylı görüşlər keçirib.

Kitabın təqdimatı Berlin əyalət parlamentində oldu. Təqdimat mərasimində dr. Joçen Taysla birgə, haxam prof. Volter Hamolka, İncil üzrə tədqiqatçı prof. Kristof Bultmen, sabiq xarici işlər naziri dr. Markus Mekel və “Interkultureller Dialog e.V.” dərnəyinin sədri sosiloq Ercan Qaraqoyun da iştirak edirdi. Çoxlu sayıda türk və alman dinləyicinin qatıldığı tədbirə Alman Şərqşünaslıq İnistitunun direktoru Dr. Qünter Mülak rəhbərlik etdi.

O, çıxışında bildirdi ki, Kabildə (Əfqanıstan) ən yaxşı məktəblər artıq Alman və Fransız məktəbləri deyil. Onların yerini Türk liseyləri tutub. Prof. Bultmen isə çıxışında mətbuat əxlaqına nəzarət edən Alman Mətbuat Şurasının (Deutscher Presserat) “Der Spiegel” qəzetində dərc olunan bir yazı ilə əlaqədar qeyri-müəyyən mövqeyinə diqqət çəkdi.

Prof. Bultmen bir müddət əvvəl “Der Spiegel” qəzetində Fəthullah Gülən və Hizmət hərəkatı haqqında bəzi şəxslərə istinadən verilən fikirlərin təhrif olunaraq dərc edildiyini, Alman Mətbuat Şurasının bunu araşdırıb təsdiq etsə də, qəzetdən heç bir təkzib tələb etmədiyini nəzərə çatdırdı.

Tədbirin sonunda kürsüyə çıxan dr. Joçen Tays kitabın necə ərsəyə gəlməsi haqda məlumat verərək kitabdan bəzi hissələri oxudu. Yazar sonda bildirdi ki, bu kitab türklərin ona etibar etməsi və qapıları üzünə açması sayəsində ərsəyə gəlib.

Araşdırma və görüşlərinə başlayanda ümidli olduğunu, ancaq gözlədiyindən daha gözəl şeylərlə qarşılaşdığını qeyd edən yazar Alman cəmiyyətinin bu məktəblərə etinasızlığını tənqid etdi. Dr. Tays xəbərdarlıq etdi: “Türklər midiya kimi açıldı, indi qapana bilərlər.