“AKP Çanaqqala savaşından sonra başımıza gələn ən böyük fəlakətdir”

AKP Çanaqqala savaşından sonra başımıza gələn ən böyük fəlakətdir

1995-98-ci illər arasında Tayyib Ərdoğanın müşaviri olan tədqiqatçı yazar Əli Bulaç: “İttihadçılar 2011-ci ildə Xarici İşlər Nazirliyinin və AKP-nin məxfi informasiyalarını ələ keçirdilər. Bu qrup Ərdoğanı yenidən Osmanlını quracağına və Yaxın Şərqin lideri olacağına inandırdılar”,-deyir.

- Yaxın Şərqin bu qədər qarışacağını təxmin edirdiniz?

- Mövcud vəziyyət Türkiyə və İranın Yaxın Şərqdə apardıqları yanlış siyasətin nəticəsidir. Yüksələn Çin və Hindistan gerçəkliyi var. ABŞ Uzaq Şərqə gedərkən Yaxın Şərqin qarşıdurmalar meydanı olaraq qalmasını istəmirdi. Burada vacib bir rol oynayacaq gücə ehtiyac vardı. Bölgədə üç önəmli siyasi aktyor var: Türkiyə, İran və Misir. İran İslam inqilabından bu günə kimi Qərblə qarşıdurma vəziyyətindədir. Misirdə də Mübarəkin diktaturası vardı. Türkiyə NATO ölkəsidir. Avropa Birliyi ilə üzvlük müzakirələri aparır. 200 illik bir müasirləşmə təcrübəsi var. Demokratiya və İslamı birlikdə yaşamaq iddiasındadır.

Türkiyədən istənilən 3 şey vardı. Birincisi, İsrailin təhlükəsizliyi. İkincisi, neft quyularının və enerji xətlərinin təhlükəsizliyi. Üçüncüsü də, radikal, “Əl-Qaidə” kimi qrupların iqtidara gəlməməsi. Türkiyəyə “bu şərtləri qəbul etsən, səni Qərbin Yaponiyası edəcəyik” dedilər. Türkiyə də bunu qəbul etdi.

- Bunu nə vaxt dedilər?

- 2000-2002-ci illər arasındakı görüşlərdə. AKP-nin önü belə açıldı. Klinton təyyarəsindən Avropa liderlərinə, “Türkiyənin önündəki əngəlləri qaldırın” təlimatını verdi. Türkiyəyə gələndə də “XXI əsri Türkiyə inşa edəcək” dedi.

Bu bir rüşvət kəlamı deyildi, strategiya idi. “Sənə əngəl olan əsgərləri də təmizləyəcəyik” dedilər. Reformlar oldu, sərmayə artdı. Türkiyə “Ərəb baharı”nın ilham qaynağı oldu.

SƏUDİYYƏNİN TƏLƏSİNƏ DÜŞDÜK

- Necə?

- Orada üç önəmli ünsür vardı. Bölgədəki rejimlərə, yoxsulluğa və İsrailə qarşı reaksiya. Türkiyənin inkişafı, İrandakı çevriliş, ərəblərin oyanışı birlikdə Qərbin də qürurunu xilas edəcək bir şeydi. Amma 2011-ci ildə Türkiyənin xarici siyasətində əsaslı bir dəyişiklik meydana gəldi.

- Nə idi o dəyişiklik?

- Tunis və Misirdən sonra Suriyada da hadisələr başlayanda, Türkiyə Əsədə vaxt verərək, bir dəyişikliyə razı salmaq əvəzinə, silahlı üsyançıları dəstəklədi. Sivil müxalifətin silahlanmasına səbəb oldu. Burada Türkiyə Səudiyyənin tələsinə düşdü. Türkiyəni silahlı mübarizəni dəstəkləməyə razı saldılar. İsgəndərun, Hatay və Kilis sərhədlərindən oraya çoxlu insanlar axışdı. Afrikadan, Liviyadan muzdlular gətirildi. Beləcə, vətəndaş müharibəsi başlandı.

İran Suriyaya, “Hamas”a və “Hizbullah”a böyük dəstək verir. İran gördü ki, Suriya çökəcək, qolu-qanadı qırılacaq, “Hizbullah”a zərbə vurulacaq. Suriyadakı müharibəyə müdaxilə oldu. Əsəd Türkiyənin sözünü eşidirdi, bütün reformları Türkiyədən götürürdü. Suriyaya hər gedişimdə 10 illik inkişaf görürdüm.

SURİYA ÜZƏRİNDƏN YAXIN ŞƏRQƏ HAKİM OLMAQ İSTƏDİK

- Ərdoğan “Əsədə reformları sürətləndir dedim, amma etmədi” deyir.

- Türkiyə 30 ildə edə bilmədiyini Əsədin 3 ayda gerçəkləşdirməsini istəyirdi. Əsəd nə etsə idi, Türkiyə qəbul etməyəcəkdi. Hökumətin ağlında “Liviyada gecikdik. Suriyada gecikməyək. Səudiyyə ilə birlikdə hərəkət edək. Suriyada bizə yaxın rejim quraq. Suriya üzərindən də Yaxın Şərqə hakim olaq” düşüncəsi vardı. Amma Türkiyə 3 yerdə səhv hesab apardı.

- Hansı hesablarda?

- Birincisi, zənn etdikləri kimi Əsəd 3 ayda gedəcək biri deyildi. Əhalinin 45 faizi Əsədi dəstəkləyir: nusayrilər, xristianlar, kürdlərin bir hissəsi, dünyəvi ərəb milliyyətçiləri, dünyəvi sünnilər, iş dünyası, Hələb bazarı, bir çox alimlər və s. İkinci səhv, Türkiyənin bölgəni yanlış analiz etməsidir. 2006-cı ildə Suriya və İran arasında imzalanan strateji əməkdaşlıq müqaviləsinə görə, iki dövlətdən biri işğala məruz qalarsa, o biri ona dəstək verəcəkdi.

SURİYAYA GÜCÜMÜZ ÇATMAZ

Əsəd “mən Türkiyənin 82-ci rayonu olmağa razıyam. Tək şərtim, İranla münasibətlərimi pozmayın” dedi. Halbuki Türkiyənin siyasəti Suriyanı İrandan ayırıb, Qərbə yaxınlaşdırmaq və oradan ərəb aləminə hakim olmaqdı. Suriya bunu sezdi. Sonrasını bizim XİN belə hesabladı: “İran, İraq və Livan Suriyanı dəstəkləyir. Əgər Suriyaya hərbi müdaxilə etsək, üç ölkə ilə savaşacağıq. Buna da gücümüz çatmaz, Suriyaya da çatmaz.”

- Suriyaya niyə çatmır?

- Suriyanın hava qüvvələri Türkiyədən dörd dəfə daha üstündür. Türkiyənin bir səhvi də Malatya Kürəcikdə qurulan radar təsisləridir. Onu quran kimi Rusiya da Suriyadakı təsislərini yenilədi. Bu yeni silahları test etmək üçün Türkiyə təyyarə göndərdi. İsgəndərun havasında Türkiyə təyyarəsi vuruldu. Təyyarəni raket deyil, raketin istisi məhv etdi. Bu ABŞ-ın gözünü qorxutdu. Türkiyənin öz gücü ilə Əsədi göndərə bilməyəcəyini anladı.

“ƏL-QAİDƏ” SƏUDİYYƏLİLƏRİN XİDMƏTİNDƏDİR

- “Əl-Qaidə”ni bölgəyə kim gətirdi?

- Şəxsi qənaətim belədir ki, “Əl-Qaidə”nin arxasında birbaşa müəyyən dövlətlər yoxdur. Amma neft zəngini ərəb şahzadələri var. “Əl-Qaidə” tarixin ən güclü terror dəstələrindən biridir. Nəzarət altına almaq o qədər də asan deyil. Amma nəticə etibarilə, Səudiyyənin bölgə strategiyasına xidmət edir.

ATEİSTLƏŞMƏ TƏHLÜKƏSİ VAR

- Siyasi İslam dünyəvi bir insanın din düşüncəsinə necə təsir etdi?

- Dinin içərisini boşaltdılar. İstehlaka və göstərişə məftun, keçmişini unudan zənginlər zümrəsi törədi.

- AKP-nin dəstəklədiyi zənginlər zümrəsi dövlətin yeni seçilmişləridir?

- Bəli. Süni şəraitdə yetişirlər. Bunlar istehsalçı deyil, komisyonçudurlar. Yaşıllıqları mənfəət üçün inşaata açırlar. Brokerlik edirlər. Əllərinə birdən-birə külli miqdarda pul keçir. Bunu investisiyaya çevirmirlər. Çünki istehsalı bilmirlər. Özlərinə bahalı maşınlar alırlar. Geriyə qalanlar “İslam bunları bəsləyir” deyib, İslama qarşı nifrət, müxalifət aparırlar. Bundan böyük bədbəxtçilik ola bilər?

- Bunun nəticəsi nədir?

- Nəticəsi çox ağırdır. Dinin qiymətini, dəyərini bilənlər dərhal gedişata tənqidi baxmalıdırlar. Əks halda, cəmiyyət faktiki olaraq ateistləşər, materialistləşər. Heç kimin də xəbəri olmaz. Dindən ümidin kəsildiyi yerdə nihilizm olar. Bizim cəmiyyət tarixinin ən ağır günlərini yaşayır.

- AKP-nin bitişi Türkiyədə siyasi İslamın bitişi mənasına gələ bilər?

- Xeyr, AKP-nin islamçı olduğunu qəbul etmirəm. 2011-ci ildən sonra legitimliyini təmin etmək üçün dinin arqumentlərinə yapışdılar. Halbuki hakimiyyətləri dövründə dinin əməli hissəsini zəiflətmişdilər. Bunlar islamçılığı tərk etmiş insanlardır. Amma bu da var ki, artıq Türkiyədə islami ənənədən gəlmiş bir partiyanın iqtidar olması çox çətindir.

OSMANLINI YENİDƏN QURMANIN ŞƏHVƏTİNƏ QATILDILAR

- Problem nə vaxt ortaya çıxdı?

- 2011-ci ildə ittihadçı bir qrup türk xarici siyasətini ələ keçirdi.

- O tarixdə “Ergenekon” prosesi ilə bəhs etdiyiniz o qrupun onurğası çökdürülməmişdir?

- Bunlar görünüşdə “Ergenekon”a qarşı olan “ergenekon”çulardır. Sistemli bir şəkildə AKP-yə sızdılar. Partiyanın xarici siyasətini ələ keçirdilər. Ənvər paşa kimi yeni Osmanlı imperiyası qurmanın şəhvətinə qapıldılar. 2012-ci ilin başında Kayseridə Davudoğlu: “1911-ci il öncəsi sərhədlərimizə qayıdacağıq. İtirdiyimiz bütün torpaqları geri alacağıq. Bizdən xəbərsiz bölgədə yarpaq tərpənməyəcək”,-dedi. Bu, Sarayevodan Yəmənə, Krımdan Orta Afrikaya qədər 20 milyon km² üzərindəki 50 ölkəni ilhaq edəcəyik deməkdir. Türkiyədəki islamçı və ulusalçı zehinlər xəstədir. Ağıllarında bu var: “Türkiyə liderliyində bir İslam birliyi, ya da bölgə birliyi qurulacaq”. Ərdoğanı da “sən İslam aləminin lideri olacaqsan. Yeni Osmanlı qururuq. Ya Allah!” deyib inandırdılar.

ƏRƏBLƏR TÜRKİYƏNİN NİYYƏTİNİ ANLADILAR

- Xarici siyasətin ələ keçirildiyi il olaraq bildirdiyiniz 2011 Ərdoğanın daxili siyasətdə də dəyişdiyi il qəbul edilir. Xarici və daxili dəyişiklik paralel idi?

- Mən paralellik görürəm. Ərdoğan üçün bunun rasional səbəbi vardı. “Yenidən regionun hakimi olacağıq” deyərkən, 3-cü körpünün adını da Yavuz Sultan Səlim qoydular. İrana “sənin önünü kəsəcəyik” mesajı verdilər. Kürdlərə “bizim təsərrüfatın eşikağası sənsən” deyirlər. Ərəblərə də “gəlirik. 400 illik Yavuz Sultan kimi hakimiyyət quracağıq” deyirlər. Amma bir tərəfdən də, “Türkiyə sürətlə dirçəlməlidir. Avropa bizə maneədir. Türkiyənin Çin kimi böyüməsi üçün avtoritar rejimə ehtiyac var. Onda Avropadan ayrılaq” dedilər.

AKP-nin gündəliyi ortaya çıxanda ərəb aydınları xəbərdarlıq etdilər: “Bunların niyyəti xarabdır. Osmanlı olmağa çalışırlar. Ərəblərin zehinlərində Osmanlıdan qalan ən son şey “İttihad və Tərəqqi”dir. Onlardan da ancaq zülm görüblər. Belə olduqda, “Niyə sənin hakimiyyətinə girək?”-dedilər. 300 milyon ərəb var. Say olaraq səndən çoxdurlar. Təbii sərvətlərə görə daha zəngindirlər. İslamiyyət orada zühur etmiş. Türkiyə hakimiyyətinin heç bir məntiqi yoxdur.

17 DEKABR: DÖVLƏTİN BƏRPASI

- 2011-ci ildə içəridəki plüralizmə yönəlik şiddət nədən qaynaqlandı?

- İctimaiyyət Türkiyənin Suriya siyasətinə qarşı çıxdı. Ələvilər haqlı olaraq narahat oldular. Narazılıqlar artdıqca, hökumət daha da avtoritarlaşdı. Ən əsası da AKP hökuməti bir koalisiya hökuməti idi.

- Kimlər vardı bu koalisiyada?

- AKP “Milli Görüş” ənənəsindən gəlir. Orada da səs potensialı 20-23 faizdir. Digəri isə mərkəz sağ seçicilərdir. Əsas səs bazası kürdlər, mühafizəkarlar və kasıblar idilər. 2011-ci ildə AKP “bu bizim səsimizdir. Ortağımız yoxdur” dedi. Dövlət iradəsi koalisiyadakı dindarların dövlətdə yer almasından çox narahat olmuşdu. Dövlətin quruluş fəlsəfəsinə zidd idi. “O zaman bunları dövlətdən təmizləyək” dedilər. Bizim dövlətimizin sabit bir refleksi var. 27 may, 12 mart, 12 sentyabr, 28 fevral... 17 dekabr da bunun davamıdır. Hazırda dövlət özünü AKP üzərindən bərpa edir. Bu bərpa işinə ən güclü oyunçudan başlanıldı.

DÖVLƏT AKP-Nİ İSTİFADƏ EDİB ATACAQ

- Yəni Gülən hərəkatından?

- Bəli. Çünki bu hərəkat çox güclüdür. Qlobal bir baxışa sahibdir. Dünyada nə qədər dil varsa, bu dilləri bilir. Beynəlxalq bir etiketi, ictimai dəstəyi var. Orta sinfə xitab edir. Ona görə də onların demokratikləşmə tələblərini zorakılıqla yatırda bilməzsən. Dövlət qaynaqlarından bəslənmir.

Bu arada da partiya korrupsiyaya bulaşmışdır. İttihadçılar 2011-ci ildə XİN-ə və AKP-nin məxfi informasiyalarını ələ keçirdikdə, Ərdoğana bu doktrinanı qəbul etdirdilər: “İqtidar= CXP+əsgər. Biz də CXP yerinə AKP qoyuruq. O halda dərin dövlət ilə uzlaşmalıyıq.”

-Elə isə qəyyumluğun sadəcə oyunçusu dəyişib...

-Elədir ki, var. Hökuməti inandırdılar. “1 milyonluq ordu var. Böyük Türkiyə var. Kürdlərlə sülh imzalanacaq. Yaxın Şərqin lideri olacağıq. Əsla ortaqlarına etimad etmə. Onlar səni aldadacaq”. AKP də Gülən hərəkatından başladı. Hazırda nurçular üzərində əməliyyatlar aparırlar. Süleymançıların yataqxanalarını bağlayırlar. Mahmud Əfəndi camaatını təhdid edirlər. Növbə digər qruplara da gələcək. Çünki bu, dövlət layihəsidir. AKP-ni istifadə edib atacaqlar. Necə ki, 28 fevralçıları sonradan həbs etdilər, eynisini AKP-yə də şamil edəcəklər. Bu dövlət bir ruhdur. Bədəndən bədənə keçir. Hazırda AKP-nin bədənində yaşayır.

ÇANAQQALA SAVAŞINDAN SONRA ƏN BÖYÜK FƏLAKƏT

- Bu dövrdə “dövlət üləması” anlayışından da bəhs etmək olar?

- Atatürk ilə dostlarının cümhuriyyəti bu şəkildə qurmalarının ən əsas səbəbi Çanaqqala zəfəridir. O savaşda 50 min islamçı öldü. Mədrəsədəki kitablarını tərk edib, cəbhədə şəhid oldular. Ehtiyatımız bitdi. AKP Çanaqqala savaşından sonra başımıza gələn ən böyük fəlakətdir. İntellektualların hamısını “dövlətləşdirdi”. Zehinlərini uyuşdurdu. Bunlar Əbu Hənifə yolunda, sivil olaraq mübarizələrinə davam etmək əvəzinə, dövlətin ideologiyasını istehsal edərək postkamalizmi var etdilər. Postkamalizmi hazırda islamçılar istehsal edirlər.

-Kamalizmi təhqir edən bir post-kamalizm?

-Elədir ki, var. Postmodernizm də modernizmi tənqid edir, amma nəticə etibarilə onun davamıdır.