Fəthullah Gülən: “Dinimiz zülmə zülmlə cavab verməyi tövsiyə etmir”

Fəthullah Gülən: Dinimiz zülmə zülmlə cavab verməyi tövsiyə etmir

Fəthullah Gülən Xocaəfəndi ABŞ-ın məşhur Atlantik jurnalına özəl müsahibə verib. Ceymi Tarabayın (Jamie Tarabay) müəllifi olduğu reportajda söz azadlığından islamda qadının roluna qədər, Xocaəfəndinin Türkiyəyə qayıtmamağının səbəblərindən, onun Musəvilər haqqındakı fikirlərinə dair bir çox mövzular haqqında məlumat öz əksini tapıb.

Xocaəfəndinin Türkiyə və Orta Asiyada yaxşı tanındığını, amma hələki ABŞ-da o qədər də tanınmadığına diqqət çəkən Tarabay, ondan ilk olaraq media və mətbuatda nadir halda görünməsinin səbəbini soruşub. F. Gülən bildirib ki, sadə ailədə böyüyüb və utanğacdır. O, belə həyat yaşamağa üstünlük verdiyini deyib. Müxbirin diqqətini çəkən amillərdən biri də Xocaəfəndinin balaca və sadə dizaynlı otağı olub. O, böyük imkanlara sahib Fəthullah Güləndən niyə belə otaqda yaşadığını soruşub. Xocaəfəndinin cavabı belə olub: “Bütün ömrüm belə keçib. Tələbəlik illərindən bu günə kimi sadə həyat yaşadım. Bu, ölkəmin vətəndaşları kimi yaşamaq istəyimdən qaynaqlanır. Heç bir halda kimdənsə artıq deyiləm. Mənim xasiyyətim belədir. Axirətə və bu cür yaşamağın daha doğru olduğuna inanıram. Dünya malında gözüm yoxdur”.

Məqalə bu ardıcıllıqla davam edir.

Hələ də tələbələriniz varmı?

Hər gün tələbələrimlə vaxt keçirməyə çalışıram. Səhhətim bəzi günlərdə buna imkan vermir. Amma qalan ömrümü onlarla birlikdə olmaq istəyirəm.

Öyrənmişik ki, qadın tələbəniz yoxdur...

Qardaşlarımız Türkiyədə qadınlarında iştirak etdiyi yüksək dərəcəli ilahiyyat dərsləri keçirlər. Burada da dərsləri sistemli şəkildə izləyib öyrənən qadınlar var.

İslamda qadının rolu ancaq analıqdanmı ibarətdir?

Dinimizdə analıq haqqı və dəyəri çox büyükdür. Bununla yanaşı qadınlar əsgər, həkim, hakim və dövlət başçısı kimi bir çox vəzifələrdə fəaliyyət göstərə bilərlər. Tarix boyu müsəlman qadınlar bir çox sahələrdə böyük naliyyətlər əldə ediblər. Hz. Aişə başda olmaqla, Hz. Hafsa və Hz. Ümmü Seleme analarımız səadət əsrində alimlər və mücdəhidlər arasındaydılar. Bunlar islamda qadına olan hörmətin təzahürüdür. Təəssüf ki, bəzi şəxlər, qruplar islami qaynaqları səhv izah edib, dinimizdə qadının cəmiyyətdən təcrid olunduğunu deyirlər. Və bunu əsas tutaraq dünya səviyyəsində müsəlmanlıq əleyhinə təbliğat aparırlar.

Burada dininiz və öyrətdikləriniz haqqında çox da məlumatlı olmayanlara ancaq bir şey deyəcək imkanınız olsaydı, maraqlıdır, nə deyərdiniz?

Özümü tanıtmağa ehtiyac yoxdur. Heç vaxt insanlar arasında tanınmaq və ya məşhur olmaq həvəsində olmamışam. Sadəcə inandığım fikirləri ətrafımdakı insanlarla bölüşürəm. İnsanlar məni tanıyırlarsa, bu onların talehsizliyidir.

Dünya miqyasında sülhün təmin edilməsinə, insanları pis vərdişlərdən uzaq tutulmasına düzgün təhsil sistemi sayəsində nail olacağımıza inanıram. Ərəb atalar sözündə deyildiyi kimi: “Əgər bir şeyə tam nail ola bilmədiksə, bu o demək deyil ki, ondan tamamilə imtina etməliyik”.

Sizdən ilham alan insanların qurduğu təhsil müəssələrinin çoxluğundan narahat olan amerikalılara nə deyərdiniz? Sizi örnək bilən müəllimi necə görmək istəyirsiniz?

Onu qeyd edim ki, məktəblərin qurulmasında və ya idarə edilməsində iştirak etmirəm. Sadəcə söhbətlərimdə, konfrans və seminarlarda insanlara məktəb açmalarını tövsiyə edirəm. Çünki bu dünyanın təhsilli, insanları sevən, qazanmış olduğu təcrübəni insanlarla bölüşməyi bacaran fədakar insanlara daha çox ehtiyacı var.

Fərqlənmək istəməyən Gülən əfəndinin adı Taym jurnalının (Time) müəyyənləşdirdiyi, dünyanın ən nüfuzlu 100 adamı sırasındadır.

Dünyada elmli insanlar çoxdur. Amma onların əksəriyyətinin fikirləri bir-biri ilə üst-üstə düşmür. Buna görə dünyada bir örnəyin olması çox vacibdir. Dünyaya nümunə olmaq üçün hər kəs uca Yaradan qarşısındakı məsuliyyətini düzgün başa düşüb, vicdanla fəaliyyət göstərməlidir. Əvvəllər bu fikirlər Türkiyədə düzgün başa düşülmədi. 20 il əvvəl dedim ki, demokratiya geri qayıtması mümkün olmayan bir prosesdir. İndiki hökuməti dəstəkləyən bəzi media orqanları mənə şübhə edib, ciddi şəkildə tənqid etmişdi.

Əvvəlki ifadələrinizdə: “Müsəlman olaraq söz azadlığı olan bir ölkədə yaşasaq, başqa ölkəyə ehtiyac yoxdur” - demişdiniz. Söz azadlığından məhrum müsəlmanlara kimləri nümunə göstərə bilərsiniz? Belə olan halda müsəlmanlar nə etməlidir?

1950-ci illərə qədər Türkiyə də daxil olmaqla bir çox ölkələrdə müsəlmanların dini azadlığı olmayıb. Hətta fərdi ibadətlərə belə icazə verilməyib. Müsəlmanlar ibadətlərini gizli edib. Məktəbdə şagird olduğum vaxt tənəffüsdə günorta namazını qıldığım üçün müdir məni zirzəmiyə atmışdır. Belə təzyiqlər çox olub. Bu gün də bəzi müsəlmanlar təzyiqlə üzləşirlər. Onları səbrli olmağa səsləyirəm. Dinimiz zülmə zülmlə cavab verməyi tövsiyə etmir. Bütün insanlarda sevgi, şəfqət hissləri formalaşdırmalıyıq. Buna nail olmaq üçün uzun müddət çalışmaq lazımdır. Nə qədər uğur qazanacağımızı deyə bilmərəm. Onu bilirəm ki, nail ola bildiyimiz qədər olacağıq, qalanının yerinə də niyyətimizin mükafatını alacağıq, inşallah.

Sizi sevən insanlar çoxdur. Amma bir çox insanlar da sizdən ehtiyyat edir. Bəziləri sizin Türkiyəyə qayıtmağınızı istəyir, bəziləri də bu ehtimaldan belə qoruxur.

Belə ziddiyyətlərlə bir çox insan tarixboyu üzləşmişdir. Tarix boyunca doğrunu söyləyənlər müəyyən maneələrlə, əngəllərlə üzləşiblər. Buraya peyğəmbərlər də daxildir. Bəlkə də, günah özümüzdədir. Onlara bizdə şübhə doğuracaq heç bir şeyin olmadığını aydın bir şəkildə izah edə bilsəydik, bizə qarşı düşmənçilikləri olmazdı. Haqqımızda olan mənfi düşüncə və şübhələri aradan qaldırmalıyıq. Bəzi insanların nəsildən, kökdən gələn bəzi mövqeləri var. Bunu dəyişmək o qədər də asan deyil. Bütün insanlar tərəfindən sevilmək, bəyənilmək qeyri-mümkündür.

Keçmişdə söylədiyiniz Musəvilər və İsrail haqqındakı bəzi fikirləriniz anti-semitik olaraq qəbul edildi. Bu haqda nə deyə bilərsiniz?

Bu məsələni müxtəlif baxımdan izah edə bilərik. Birincisi, hər yaş dövründə insanların düşüncəsində müəyyən dəyişikliklərin olması normaldır. Bunu yazılarımın birində belə ifadə etmişəm: “Sən dünənki sən, o da dünənki odurmu? Deməli, sabahki sən “sən”, o da “o” olmayacaqdır.”

Həmsöhbətlərimizlə fikir mübadiləsi fikirlərimizin dəyişməsinə gətirib çıxara bilər. Xüsusilə də, 90-cı illərdəki dialoq müddətində həmsöhbətlərimizlə yaxından tanış olmağım fikirlərimdə müəyyən dəyişikliklərə yol açdı.

Ola bilər ki, ayət və hədisləri düzgün başa düşməyib, əksik izahatlar vermişəm. Bunu anlayıb bildirdim ki, Qurani-Kərimdə və ya Peyğəmbərimizin sözlərində yer alan tənqidlər müəyyən bir inanca sahib insanlara deyil, hər hansı bir insanda olan xarakterə aiddir. Bəzən sözlərim başqa cür izah edilir, səhv yerə yozulur. Məqsədləri məlum olan bəzi qruplar söhbətimin məğzini pozub, müəyyən əlavələr edib, demək istəmədiyim, deməyi heç bir zaman düşünmədiyim şeylər danışırlar. Dinlararası dioloqun inkişafı istiqamətində göstərdiyimiz cəhdlər, bəzi insanlar tərəfindən “Müsəlmanların yəhudi və xristianlara münasibətini yumşaldırsınız” deyə tənqid edilir. Peyğəmbər əfəndimizin (s. ə. v) sünnətindən kənara çıxmamışam. Allahın Rəsulu (s. ə. v) yanlarından keçən yəhudi cənazəsinə hörmət olaraq ayağa qalxmış və “O da bir insandır” demişdir.

Əvvəllər İsrailin bəzi hərəkətlərini tənqid etmişəm. Bununla yanaşı, oradakı məsumların həyatına son verən qətl hadisələrini də pisləmişəm.

Niyə Pensilvaniyada yaşamağa qərar vermisiniz?

Türkiyəyə qayıtmağıma hüquqi maneə yoxdur. Lakin Türkiyədə demokratiya sahəsində zəhmətlə qazanılan uğurlara əngəl olmaq üçün fürsət gözləyənlərin mənim ölkəmə qayıtmağımdan sui-istifadə edə biləcəklərindən narahatam. Həm ölkəmi, həmdə ordakı qardaşlarımı çətinliyə salmaq istəmirəm. Bu işdə fədakarlıq lazımdır. Hərçənd ki, Türkiyədə yaşamağı çox istəyirəm, amma şübhələrim aradan qalxana qədər burda qalacam.

Türkiyənin dövlət siyasətini necə qiymətləndirir və onun gələcəkdə dünya siyasi arenasında yerinin necə görürsünüz?

Türkiyə Avropa Birliyinə üzv olmaq üçün məsləhətləşmələr aparır. Onun bir hissəsi Avropa sayılır, bir hissəsi də Asiya. O dövlət kimi mühüm coğrafi ərazidə yerləşib. Məncə, Avropa dövlətləri ilə həmçinin qonşu dövlətlərlə yaxşı münasibətlərin qurulması, Türkiyə üçün çox vacibdir. Bəzi siyasi hadisələr düzgün qiymətləndirilməlidir. Dünya səviyyəsindəki etibarını qorumalıdır. Yaxşı münasibətlər sevgiyə, hörmətə bağlıdır. Türkiyə belə bir diplomatiya apara bilsə, həm özü üçün, həm də dünya dövlətləri üçün çox faydalı ola bilər.

Müsəlman olaraq özünüzü və dini fikirlərinizi necə ifadə edərdiniz?

Qurani-Kərim və Peyğəmbər əfəndimiz Hz. Məhəmmədin sünnəti çərçivəsində yaşamağa çalışan adi müsəlmanam. Bu sahədə bir çox kitablar oxuyuram. Əvvəllər mənə təriqət mənsubu olmaq və ya ona qarşı çıxmaq barədə bəzi suallar ünvanlanıb. Hər nə qədər təriqət mənsubu olmasam da, təsəvvüf böyüklərinin mənə ciddi təsiri olub. Özümü və dini fikirlərimi necə ifadə etdiyimi, bu mövzuda etdiyim söhbətlərlə yanaşı, insanlığa xidmət məqsədilə qardaşlarımızla bərabər gördüyümüz işlərə nəzər salaraq öyrənə bilərsiniz. Dünyanı hüzur dolu qardaşlıq beşiyi etmək istiqamətində gördüyümüz bütün işlər islami görüşlərimizin ətraf mühitdəki təzahürüdür.