Tiflisdən Gülənə müjdə!

Bəli, yalnız Türkiyənin deyil, dünyadakı bütün böhranların dərdini çəkən bir insanın taleyi sadəcə pis xəbər almaq olmamalı. Hərçənd ki, yüksəklərdə həmişə qar olur, boran olur. Bu yolu seçənlər də başdan bunu bildiyinə görə, məhz dərdi də, sevinci də bir görmə ədəbi ilə ədəblənmişlər.

Lakin onlar da insandır, heç olmasa bəzən gözəl xəbər almağa onların da haqqı var.

Verəcəyim gözəl xəbər İngiltərə, Amerika, Hollandiya və bir çox ölkədən sonra indi də Almaniyada Gülən və fikirlərinin müzakirə edildiyi konfrans deyil. Təsiri Afrikadan Sibiryaya, Fasdan İndoneziyaya, Avropadan Amerikaya qədər yayılan bir hərəkatı anlamaq üçün bu cür konfransların keçirilməsi çox normal bir hadisədir.

Hər gün dünyanın müxtəlif ölkələrindən alimlər, jurnalistlər, siyasətçilər eyni məqsədlə, yəni hərəkatı anlamaq üçün qatar-qatar Türkiyəyə gəlir. Dənizli, Konya, Bursa, Ankara, İstanbul demədən ölkəmizi qarış-qarış gəzir və 115 ölkədə dilləri, rəngləri, dinləri fərqli gənclərə Anadolunu tanıdan könüllülər hərəkatını yerində araşdırırlar.

O gözəl xəbər Gülənin ən böyük xəyallarından birinin reallaşmağa başladığına dair mühüm bir işarə idi. Onun ən böyük arzusu könüllülər hərəkatının bir qarşıdurmadan digərinə girən dünyanın hər yerində sülh adacıqları meydana gətirməsidir.

Gülən 4 il əvvəl “Milliyyət” qəzetinin müxbiri Məmməd Gündəmə verdiyi müsahibədə, həm dini istinadlara, həm də sosioloqların analizlərinə əsaslanaraq gələcəkdə qarşıdurmaların baş verməsinə zəmin olduğunu ifadə etmiş və demişdi: "Müharibə amillərini imkan daxilində torpağa gömməli, üzərinə ağır daşlar qoymalı, daha çox sülhə, əmin-amanlığa aparan fikirləri önə çıxarmalı, uzlaşma yollarını açmalıyıq... Türk insanının dünyanın müxtəlif yerlərində açdığı mədəniyyət ocaqları, məktəbləri, universitetləri mən bir mənada gələcəyin sülh adacıqları, bir baxımdan da bu cür hadisələrə sipər kimi görürəm".

Qarşıdurmaların artdığı, qlobal rəqabətin gücləndiyi Gürcüstanda keçən həftə şahid olduğum mənzərə bu hədəfin çox uzaq olmadığını göstərirdi. Çağlar Təhsil Qurumları və Beynəlxalq Qaradəniz Universitetinin qonağı kimi bu şirin Qafqaz ölkəsinin paytaxtı Tiflisdə idim. Türk məktəblərinin rəhbərləri yemək süfrəsi ətrafında görüşərək fəaliyyətləri haqqında Gürcüstan mediasına məlumat vermək istəyirdilər. Bu çox təbii bir hal idi. Amma çətin, hətta qeyri-mümkün olan iş Gürcüstan mediasını bir yerə toplamaq idi.

Heç cür sabitlik üzü görməyən ölkə yenə də siyasi böhranda idi. Respublika rəhbəri Mixail Saakaşvilinin istefasını istəyən müxalifət 9 apreldən bəri etiraz aksiyaları keçirirdi. Müxalifət tərəfdarları parlamentin və dövlət televiziyasının qarşısında qurduğu həbsxana hücrələrinə bənzəyən düşərgələrdə 24 saat keşik çəkirdi. Siyasətdəki bölünmə mediaya da təsir etmişdi. Müxalifət yönümlü qəzet və televiziyalar Saakaşvilini ağır həqarət edirdi. Heç kəs bu gərgin şəraitdə müxalif media ilə iqtidar yönümlü jurnalistlərin bir yerə toplanacağını ehtimal etmirdi.

Ancaq dəvət edən Türk məktəbləri olunca, vəziyyət dəyişdi. Paytaxtdan keçən Kür çayının sahilində tərtib olunan yığıncaqda bütün Gürcüstan media rəhbərləri və yüksək səviyyəli nümayəndələr bir yerə toplanmışdı. Üstəlik qonaqlar içində Beynəlxalq Qara dəniz Universitetində müəllim olan Saakaşvilinin anası Professor Giuli Alasania da vardı. Xristian ölkə olan Gürcüstandakı Türk məktəblərinin fəaliyyətlərini araşdırmağa gələn Amerikalı alimlərin də qatıldığı yığıncaqda heç bir xoşagəlməz hadisə baş vermədi. Hər kəs Professor Alasanianın Güləni və könüllüləri təqdirlə yad edən söhbətini alqışladı.

Halbuki, ilk öncə dəvət alanda hamı tərəddüd etmiş, lakin 18 il bu ölkəyə xidmət edən Çağlar Təhsil Qurumları Rəhbəri Məsud Bozkırın zəmanəti kifayət idi. Çünki maarif könüllüləri hər iki tərəfin də etibarını qazanmış və Gülənin arzuladığı bir sülh adacığını meydana gətirmişdilər.