Şərq-qərb körpüsü: Xidmət-1

Bu yazı silsiləmizin mövzusu Southern California, Pepperdine, Loyola Marymount, Humboldt, Whitter və Santa Monica universitetləri ilə Pasifika institunun Gülən və “Xidmət Hərəkatı”na həsr etdiyi konfransdır.

Konfrans iki gün davam etdi, 6 iclas oldu, 24 elmi məruzə oxundu.

Bu konfransda tanıtımla bağlı iki xüsusu qeydə aldım. Birincisi, “Xidmət Hərəkatı”. Bu ünvanı toplam 6 nəfər işlətdi. Onlardan ikisi yazılı məruzələrində də bu ünvanı işlədib. Bu ünvanın alternativi kimi illərdir işlədilən və bir mənada artıq oturaqlaşan, mənimsənən “Gülən Hərəkatı” adı işlədilir. Ancaq bu ikinci ünvanı hər kəsin bildiyi kimi, Xoca Əfəndi qəbul etmir. Qısaca xatırladaq; belə düşünür Xoca Əfəndi: “Hər kəsə aid, milyonlarla insanın əməyi, alın təri, maddi-mənəvi fədakarlığı olan və dünyaya yayılmış fəaliyyətləri bir şəxsə (bu ad qoymada belə olsa) şamil etmək həm dini dəyərlərimizə zidd, həm də həqiqətə qarşı hörmətsizlikdir.

“Xidmət Hərəkatı” ünvanı bu məsələdə həll yolu ola bilərmi? Hal-hazırda iki ayrı aspektdən nəsə demək çətindir. Birincisi, bu cür adlandırmanın həm elm aləmində, həm də xalq tərəfindən qəbul edilməsi, mənimsənilməsi bir günlük iş deyil. İkincisi, buna bənzər hərəkatlarda adı hərəkat mənsubları deyil, kənar şəxslər qoyur. Belə ki, Xoca Əfəndinin xidmətin öz adı ilə adlandırılmasını qəbul etməməsinə bir sosioloq belə cavab vermişdi: “Siz işinizə baxın, ünvan vermək bizdən”.

Adlandırmada diqqətimi çəkən ikinci məsələ isə Rice Universitetindən Dr. Cill Karrollun dediyi "millətlərfövqü sivil toplum hərəkatı" ünvanıdır. Almaniya və Misir konfranslarında da təmas edilən bu ünvanın əsası hərəkatın yerli və qlobal dəyərlərə verdiyi dəyər və göstərdiyi əhəmiyyətdir. Başqa sözlə, hər kəsin qəbul etdiyi ümumbəşəri dəyərlər və bunlara qeyri-türklərin də dəstək verməsi baxımından "millətlərfövqü", təhsil, dialoq və s. müəssisələri ilə xidmət etdiyi yerlərdəki yerli dəyərləri qoruması, müstəqil olması, könüllülük əsasını ön plana çəkib ümumbəşəri insani dəyərlər istiqamətində toplumun formalaşmasını hədəf seçməsi baxımından da “sivil toplum hərəkatı”dır.

Alternativi yoxdur

Əslən iranlı olan məşhur alim prof. Reza Aslan ilk çıxışında “Gülən Hərəkatı”nın alternativinin olmadığından bəhs etdi. Bir çox İslam ölkələrində fəaliyyət göstərən bəzi İslami camaatların adlarını da çəkərək müqayisələr apardı. Hər kəsin də təqdirlə qarşıladığı məruzədə mənə görə ən diqqət çəkən məqam Türkiyə, AK Partiya və “Gülən Hərəkatı” haqqında etdiyi dərin təhlillər idi. Türkiyəni bu bölgəni və fəaliyyət göstərən sivil və rəsmi partiya və ya camaatları yaxından izləməyən bir insan bu təhlilləri bir sözlə heç cür apara bilməz.

Məsələn, bu sözlər ona aiddir: "Fəthullah Gülən dinə, elmə, hüququn üstünlüyünə, insan haqlarına inanmış, plüralizmi qəbul etmiş, demokratiyaya “buyur!” deyən, terror və zorakılığı lənətləyən bir şəxsiyyətdir deyəndə bəzi təbəqələr: “Ooooo; axtardığımız insan!” deyir və Güləni əl üstündə saxlayırlar. Ancaq eyni şəxslərə "Ancaq bu Gülən mühafizəkar, qadınların hicabını onların dini azadlıq çərçivəsində görən, təhsili təşkilatlandırıb dünyanın hər yerində açdığı məktəblərlə yayan, media və səhiyyə qurumları ilə ictimai həyatda aktiv fəaliyyətdə olan və dünyaya yayılmış bir “networka” sahibdir," deyəndə də: “Aaaaa, bax bu olmadı!” deyirlər".

Buna bənzəri yanaşma Rice Universitetindən başqa bir alim – Dr. Villiam Martindən gəldi. Martin: "Güləni Türkiyəyə tanıdanlar: “Amerikançı, mülayim İslamçı”, Amerikaya tanıdanlar da “anti-Amerikançı, şəriət tərəfdarı, İslamçı” deyə xarakterizə edirlər. Bunlar eyni şəxs və eyni qələmlərdir". Sonra da bir zarafatla mövzuya son qoydu: "Bilmirlər ki, oxucular içində iki dili də (Türk və İngilis dili) bilənlər var və yazılanları hər iki dildə də oxuyurular".

Okeanın o tayından bir ölkədə bu həqiqətlərin müşahidə edilməsi olduqca heyrətamiz və sevindiricidir.

Fəthullah Güləni Anlamaq

Maryland Loyola Universitetinin hollandiyalı alimi Pim Valkenberg: "Gülən Hərəkətından danı­şı­rıqsa, Fəthullah Güləni anlamaq məcburiyyətindəyik. Çünki o, hər nə qədər təvazökarlıq edib özünü heç nə aid etməsə də, mərkəzdə o durur. Dolayısilə, onu anlamaq, onun fikirlərini anlamaq xidməti anlamaq deməkdir. Güləni anlamadan xidməti anlaya bilməzsiniz".

Məncə, bunlara heç bir insaflı insan etiraz etməz. Lakin gəl gör ki, qərəzli, bəlkə də qorxunun əsir və qurbanlarına, həqiqətlərlə üzləşməyə cəsarəti çatmayanlara bunu izah etmək çətindir. Çünki Soyuq Müharibə dövründən qalma düşüncələri heç cür bir kənara ata bilməyən bu insanlar anlama kimi əqli fəaliyyət əvəzinə, qaralama kimi sadə və asan yol seçirlər. Özləri bilər, ancaq həyata məna verən məsuliyyət şüuru ilə dünyaya baxıb "terror, işsizlik, yoxsulluq, narkotik, ekologiya" və s. hər kəsə aid problemlərin həllini axtaranlar belə etmir. Çözüm təklifi olan hər kəsi dini, milli, etnik ayrı-seçkiliyi eləmədən qərəzsiz dinləyir, sonra da anlamağa səy göstərir. Məsələn, bir başqa alim deyir ki: "Bu insanlar pürrəngi çay süfrəsi ətrafında kiçik halqalar qurur və bütün bəşəriyyətin problemlərinin köklü həllini düşünür, fikir yürüdür və müzakirə edirlər. Əldə olunan nəticələri də min bir fədakarlıqla həyata keçirməyə çalışırlar".

Bir başqa alim hərəkatın gənc mənsublarına diqqət çəkir: salonda yaşı 30-dan yuxarı olanları ayağa qaldırır və bu gənc heyətə işarə edərək: "Bax bunlar bizim həm gələcəyimiz, həm də duamızdır. Gəlin, əl-ələ verək və bu gənclərin qarşısına çıxan maneələri aradan qaldıraq," deyir. “Ahh!” dediyinizi sanki eşidirəm. Kimi dünyanın bir ucunda maneləri qaldıraq deyir, kimi də hərəkatın vətənində necə manelər çıxaraq, deyir. Mərhum N. Fazilin "Öz yurdunda qəribsən, öz vətənində parya" misralarla ortaya qoyduğu həqiqətin əksi də budur, yəqin.

Siyasət və plüralizm

Anlamaq səyi insanı elə nəticələrə gətirib çıxarır ki, bunları eşidəndə kaş ki, bizim insanımız da hadisələrə bu gözlə baxa biləydi, belə dəyərləndirə biləydi, deyə düşünür insan. Məsələn, Xoca Əfəndinin siyasət anlayışı haqqında Georgetown Universitetindən prof. Tomas Mişel belə deyir: "Xoca Əfəndi din ilə demokratiyanı eyni müstəvidə görmür. Din dindir, demokratiya isə idarə etmə sistemidir. Demokratiya zaman və məkan məhdudiyyəti olan, dəyişə bilən qanunlara malik bir sistem, din isə tam əksinə zaman və məkan məhdudiyyəti olmayan, əbədi yaşayan, dəyişməyən sabit dəyər və ölçüləri olan sistemdir”. Belə davam edir Mişel: "Gülənə görə din stabil bir hökumət sistemi təklif etmir, bunun əvəzinə sabit olan ümumbəşəri qanunlar irəli sürür”.

Sözü Rassell Poverə verək və onunla davam edək: "Bir din kimi İslam və onun qoyduğu sabit qanunlarla hökumət quran sistemlərdə plüralizm əsas qanun olmuşdur. Hz. Peyğəmbər dövründən Osmanlıya qədər bu belə olmuşdur. Gülənin də vurğuladığı budur və onun şərhlərinə görə plüralizm təbii bir faktdır".

Yeri gəlmişkən iclasın sual-cavabından bir məqamı sizə nəql edim. Dinləyici soruşur: "Gülən İslamın yeganə haqq din olduğuna inanır. Bu deməkdir ki, başqa dinlər haqq deyil. Bu tək haqq, tək doğru anlayışı yalnız bu doğrunu qəbul edənlərdən ibarət bir cəmiyyət və sistem anlayışını doğurmazmı?" Məruzəçi Kentucky Universitetindən Nazif Muhtaroğlu cavab verir bu suala: "Gülən ictimai həyatda plüralist bir düşüncəyə malikdir, ancaq din baxımından relativist, yəni nisbi deyil. Bu baxımdan o, əqidə nöqteyi-nəzərində: “İslam yeganə haqq dindir” deyir, acaq plüralist düşüncəyə də malik olduğu üçün: “Bu inancım başqa dinlərin nümayəndələri ilə birgə yaşamağıma mane deyil,” bildirir.