Müsəlmanlar radikalizmlə mübarizə aparmalıdırlar

Fəthullah Gülən: Müsəlmanlar radikalizmlə mübarizə aparmalıdırlar

İŞİD və oxşar terrorist qrupların törətdikləri vəhşət məni elə mütəəssir edib ki, kədərimi kəlmələrlə ifadə etməkdə çətinlik çəkirəm. Bu qrupların öz sapqın ideologiyalarına din donu geyindirməsi bir milyard yarım müsəlman kimi, mənim də ürəyimi dağlayır. Müsəlman olaraq, bizim vəzifəmiz həm bəşəriyyətin bu terrorizm bəlasından xilas olması üçün hamı ilə birlikdə çiyin-çiyinə çalışıb-çapalamaq, həm də dinimizin işıqlı çöhrəsinə atılan ləkələri təmizləməkdir.

İnsan bəzi söz və simvollarla nəzəri planda müəyyən bir kimliyə sahib olduğunu iddia edə bilər. Bu iddianın səmimiyyəti ancaq əməllə, yəni həmin kimliyin dəyərlərinə riayətlə ölçülür. Həqiqi imanın meyarı şüarlar və ya geyimlər deyil, bütün dünya dinlərində əsas dəyər hesab edilən insan həyatını qorumaq, hər bir insanı əziz bilmək kimi prinsiplərə sədaqətdir.

Biz, müsəlmanlar, terroristlərin yaymağa çalışdıqları totalitar ideologiyanı qeyd-şərtsiz rədd etməli, əvəzinə "müxtəliflik zənginlikdir" anlayışını yaymalıyıq. Etnik, milli və ya dini kimlikdən əvvəl insanlıq gəlir və bu cür barbarlıqlar ən çox bəşərə ziyan vurur. Parisdə ölən fransız vətəndaşları, bir gün əvvəl Beyrutda ölən şiə müsəlmanları, İraqda həmin terroristlərin silahı ilə canından olan sünni müsəlmanlar hər şeydən əvvəl insandır. Əziyyət çəkən hər bir insanın kədərini – dini və etnik mənsubiyyəti nə olur-olsun – özümüzə dərd etmədikcə və ona əl uzatmadıqca mədəniyyətin tərəqqisi mümkünsüzdür.

Müsəlmanlar uydurma nəzəriyyələri bir kənara qoyub özlərini hesaba çəkməlidirlər

Biz, müsəlmanlar, uydurma nəzəriyyələrlə təsəlli tapmaqdan - hansı ki, bu problemlərə həll yolu axtarmağa mane olur - əl çəkməli və özümüzü sorğu-suala tutmalı, həyatımızı gözdən keçirməliyik: totalitar zehniyyətli qruplar bəzi müsəlmanları öz tərəfinə çəkə, öz məqsədlərinə alət edə bilirsə, bütün bunlar bizdə gizli kök salmış müstəbidlik meyilləri, fiziki zorakılıq, gənc nəslə etinasızlıq və balanslı təhsilin olmaması kimi səbəblərdən qaynaqlanmır ki?! Bəlkə, insan hüquq və azadlıqları, hüququn aliliyi prinsipinin və plüralist zehniyyətin oturuşmaması mənəvi boşluq içində olan insanların ümidisizliyə qapılmasına və başqa yollara meyil göstərməsinə zəmin hazırlayıb?

Terroru pisləmək kifayət etmir!

Parisdə baş verən son faciə bizə bir daha onu göstərdi ki, din adından törədilən bu vəhşəti həm din alimləri, həm də sadə müsəlmanlar qeyd-şərtsiz rədd etməli və lənətləməlidirlər. Lakin dünyada vəziyyət elə həddə çatıb ki, artıq rədd etmək və lənətləmək kifayət etmir. Müsəlman toplumlarda dövlət qurumları, dini liderlər və vətəndaş cəmiyyətləri əl-ələ verib gənc nəslin terrora cəlb edilməsi ilə ciddi mübarizə aparmalıdırlar. Terroristlərin bu kimi fəaliyyətlərinə zəmin hazırlayan bütün faktorları nəzərə alan və bütün toplumu əhatə edən plan və layihələr ortaya qoyulmalıdır.

Cəmiyyətdə mənəvi boşluq içində olan gənclər vaxtında müəyyən edilib təhlükəli macəra axtarışlarının qarşısı alınmalı, ailələlərə konsultasiya və digər xidmətlər göstərilməlidir. Terrorla mübarizə məsələsində vətəndaşı olduğunuz dövlətlərlə həmrəy olmalı, müzakirələrdə iştirak etməli, fikirlərinizi dilə gətirməlisiniz. Gənclərə demokratik yollarla fikirlərini ifadə etməyi öyrtəməlisiniz. Tədris proqramına aşağı siniflərdən etibarən demokratik dəyərlərin daxil edilməsi yeni nəsillərin sağlam düşüncəyə yiyələnməsində mühüm rol oynayar.

Tarix boyu bu cür faciələr radikal etirazlar doğurmuşdur. Müsəlmanların əleyhinə, dinin əleyhinə səsləndirilən fikirlər, dövlətlərin öz müsəlman vətəndaşlarını potensial təhlükə hesab etməsi faydadan çox, zərər gətirir. Avropanın müsəlman vətəndaşları sülh və əmin-amanlıq içində yaşamaq istəyirlər. Çətinliklərə baxmayaraq, müsəlman vətəndaşlar öz dövlətləri ilə sıx əlaqələr quraraq dindaşlarının cəmiyyətə inteqrasiyasına zəmin hazırlayan plüralist addımların atılmasına dəstək verməlidirlər.

Biz, müsəlmanlar, İslam anlayışımızı və din təcrübəmizi dövrün şərtlərinə və zəmanənin tələbinə uyğun şəkildə təkrar gözdən keçirməli və özümüzü hesaba çəkməliyik. Bu, İslam ənənəsindən uzaqlaşmaq deyil, tam əksinə, yanlışlara yol verməmək üçün tədbir görərək sələflərimizin yoluna, Quran və Sünnənin ruhuna və mahiyyətinə bir daha arxa çıxmaqdır.

Dinin radikal izahlarını marjinallaşdırmalıyıq

Dini mənbələrimizin siyaq və sibaqdan təcrid edilərək qeyri-leqal məqsədlərə alət edilən izahlarını marjinallaşdırmalıyıq. Müsəlman üləması, mütəfəkkirləri və ziyalıları dini mənbələrə bir bütöv şəkildə yanaşmalıdırlar. Siyasətlə dinin toqquşduğu və qarşıdurmaların meydana gəldiyi keçmiş dövrlərdə verilən dini hökmləri gözdən keçirməliyik. Bəzi əqidə əsaslarına sahib olmaq doqmatizm deyildir. Bir vaxtlar müsəlmanlara renessans yolunu açan fikir azadlığını dinin ruhuna sadiq qalmaq şərti ilə təkrar dirçəltmək həm mümkündür, həm də çox vacibdir. Zorakılıq yoluna əl atan radikalizm və terrorizmlə ancaq bu cür mühitdə lazımınca mübarizə aparmaq olar.

Mədəniyyətlər deyil, insanlıq mədəniyyəti ilə barbarlıq toqquşur

Baş verən son hadisələrdən sonra, təəssüf ki, bəzi kəsimlər mədəniyyətlər toqquşması fikrini yenidən səsləndirməyə başladılar. Bu fikri ilk dəfə ortaya atanlar uzaqgörənlik eləmişdi, yoxsa bir yol göstərmək istəmişdi, orasını bilmirəm. Amma bunu əminliklə bilirəm ki, belə bir dövrdə bu cür fikirləri hallandırmaq terrorun dəyirmanına su tökmək deməkdir. Açıq deyim ki, qarşımızdakı mənzərənin adı mədəniyyətlərin deyil, insanlıq mədəniyyəti ilə barbarlığın toquşmasıdır.

Terrorizmlə mübarizədə müsəlmanlar da iştirak etməlidirlər

Müsəlman vətəndaşlar olaraq bizlər çətinliklər və əngəllərlə üzləşsək də, problemin həllində iştirak etməliyik. Müsəlmanların hüquq və azadlığını müdafiə etmək, bütün insanların sülh və əmin-amanlıq içində yaşamasına töhfələr vermək istəyiriksə, terrorizm probleminə siyasi, iqtisadi, ictimai və dini aspektlərdən nəzər yetirməliyik. Fəzilətli insan olmağa çalışaraq, dinin radikal təfsirlərini marjinallaşdıraraq, gənc nəsli bu fikirlərdən qoruyaraq və aşağı siniflərdən demokratik dəyərləri tədris edərək terrorizmlə və buna zəmin hazırlayan totalitar ideologiyalarla mübarizə apara bilərik.