Bir xəstənin təşəkkürü

Xəstəlik insanla həyat arasındakı körpünün titrəyib ləngər vurmasıdır.

İnsan xəstələnəndə, üstəlik də ağır xəstəliyə mübtəla olanda dünənədək sarsılmaz zənn etdiyi bu körpünün bir tükdən asılı olduğunu, hər an qopa biləcəyini, hər an darmadığın ola biləcəyini, özünün də ölümün məchul qucağına düşə biləcəyini çox yaxından hiss edir. Gözlər imdad axtarır... Sənə Allahdan başqa kim yardım edə bilər ki?

Həkimlər... Yaradanımızın, Rəbbimizin yer üzündə var etdiyi peşə sahibləri, Onun Şafi, Təbib isimlərinin yer üzündə təcəlliləri. Amma bu da nisbidir, çünki həkim adı daşıyan insanın tərbiyəni, daha dəqiq ifadə ilə desək, peşə əxlaqını kimdən alması çox mühümdür.

Dost sözünə sinonim axtarsaq, tərəddüd etmədən sədaqət, vəfa, etibar sözlərini seçərik.

Azərbaycan öz yeni dövlətini quranda onun yardımına bu dostlar gəldi. Əlifbasını dəyişəndə, bələdiyyələrini quranda, hərbi sistemini, sərhədlərini möhkəmləndirəndə, Qarabağ həqiqətlərini dünyaya elan edəndə, sözün qısası, son iyirmi ilə yaxın varlığının hər səhifəsində bu dostlar köməyə çatdı, eyni ilə 1918-ci ildə erməni-bolşevik soyqırımına məruz qalanda olduğu kimi.

1991-ci ilin qış ayları idi. Naxçıvan ermənilərin və onların havadarlarının tam mühasirəsində qalmışdı. Ehtiyatda bir həftəlik çörək var idi. “Zaman” qəzeti manşetə bu xəbəri çıxardı: “Erməni blokadasında qalan Naxçıvan əhalisinin bir həftəlik çörəyi qalıb”

Üç gün keçməmişdi ki, Türkiyədən 300 tona yaxın ərzaq yardımı gəldi. Sonra öyrəndim ki, qəzetin xəbərindən dərhal sonra möhtərəm Fəthullah Gülən Hocaəfəndi xalqa müraciət edib, canı bir, qanı bir, dili bir, dini bir qardaşlara yardım əlinin uzadılmasını istəyib. Və... yardım gəldi. O dar günlərdə ərzaq yardımı ilə kifayətlənməyən dostlar daha sonra Naxçıvanda məktəb açdılar - Naxçıvan Özəl Türk Liseyi. Sonra bu məktəb qol-qanad açdı, sayı artdı, liseylərə, gimnaziyalara, ali təhsilə hazırlıq kurslarına, Qafqaz Universitetinə çevrildi. Bu gün Azərbaycanın simasında, mənəviyyatında, əxlaqında nə qədər müsbət dəyişikliklər varsa, bunun üçün həmin dostlarımıza minnətdar olmalıyıq. Şəxsi həyatda da sədaqət, vəfa, yüksək əxlaq önə çıxdı. Hər yerdə, həmişə bu dostlar köməyə çatdı.

1994-cü ildə mən olduqca çətin vəziyyətlə üz-üzə gələndə dostlar köməyə çatdı. Həyat yoldaşım cərrahi əməliyyat məcburiyyətində qalanda bu dostlar köməyə çatdı. Ofisimizin təmizliyinə baxan xadimə bacımızın həyat yoldaşı ürək xəstəliyindən əməliyyat məcburiyyətində qalanda da bu dostlar köməyə çatdı.

Bu günlərdə dəfn etdiyimiz keçmiş sürücümüz Salman əmi vəfat edəndə və onu dəfn edəndə də bu dostlar köməyə çatdı. Hələ on beş il əvvəl “Əhməd Salih, mən öləndə, axirətimlə əlaqədar işlərimi sən gör, dəfnimi sən təşkil et!” vəsiyyətini vəfalı Əhməd Salih yerinə yetirdi. Nə üçün Salman əmi bu vəsiyyətini arvadına, oğluna, qızına, qohum-qonşularına yox, Əhməd Salihə etdi?Çünki Əhməd Salihə inanırdı, ona etibar edirdi.

Bu misalların sayını çox artırmaq olar, amma bir gülün varlığı bahardan, gülüstandan xəbər verdiyi kimi, yuxarıda çəkdiyim misallar da vəfa, sədaqət, təbəssüm gülüstanından xəbər vermirmi?

İndi növbə mənə çatmışdı. Bu dəfə xəstəliyin hədəfində mən var idim. Mən ölümlə üz-üzəydim. Xəstəlik arxasına ölümü almış, var gücü ilə mənə hücum edir... Mən geri çəkildikcə, o, daha da cəsarətlənir, daha sərt hücumla məni qəbrə tərəf sıxışdırır.

Zəif, aciz, möhtac olan mən nə edəcəyimi bilmədən saman çöpündən belə imdad istəyəcək insanlardan biri olaraq, üzümü köhnə dostlarıma tutdum. “Hər şeyin təzəsi, dostun köhnəsi”-deyiblər. Əslində dostun köhnəsi sınaqlardan cıxmış, özünü bir neçə imtahandan ləyaqətlə çıxmış olana deyirlər.

Vəfalı dostlarım məni Türkiyəyə, Ankaradaki Fatih Universitetinin Tibb Fakültəsi və Xəstəxanasına müayinəyə göndərdilər. Beş il əvvəl həyat yoldaşımı da burada müalicə etdirmişdilər, öd kisəsindən əməliyyat olunmuşdu. O zaman mən bu xəstəxanadan ayrılanda bir təşəkkür məktubu yazmışdım və adını da belə qoymuşdum: Təbəssüm şəfaxanasına.

Xəstəxana sözünü sevmirəm, çünki bu sözdə xəstəlik var, mənası xəstə evi, xəstə məkanı deməkdir. Sanki buradakılar daima xəstə olurlar. Halbuki, burada şəfa var, sağlamlıq var, ən başlıcası, şəfa tapmaqda çox mühüm olan təbəssüm var. Baş həkim Ramazan bəydən başlamış onun müavinləri Bünyamin bəyə, Miqdət bəyə, bütün həkimlərə, tibb bacılarına, hətta qapının girişində dayananlardan, müraciət etdiyiniz ilk insanlara qədər hamıda. Hələ yorulmaq bilməyən, hər bir xəstə üçün ayrıca qayğı göstərməyi unutmayan Filiz xanım...

Əlbəttə, bir də mənim rəhbərim, ağır cərrahi əməliyyatlardan sonra bütün müalicəm boyu hər gün zəng vurub vəziyyətimlə maraqlanan Ənvər abim, hər gün məni ziyarət edən, dost-tanışlara xəbər verən və şəfaxanaya gətirən Osman Nuri qardaşım və ailəsi.

Bütün bunlara görə tək-tək təşəkkür etmək borcumdur, amma ən başda bu insanları bu tərbiyə ilə yetişdirən bir İNSAN var, ona təşəkkür etməliyəm - Fəthullah Gülən Hocaəfəndiyə. Sağ ol, möhtərəm hocam. Sən öz həyatın bahasına milyonlarla təbəssümlü, xoşgörülü, özünü insanlığın xilasına həsr etmiş, sözün əsl mənasında İNSANLAR yetişdirdin və yetişdirirsən.

Allah səni insanlığa çox görməsin!