Bir çinar düşdü torpağa...

Dünən qəzetimizi başa çatdırmaq üzrə idik ki, aldığımız ağır xəbərdən sarsıldıq. Bu köşə üçün yazdığım yazını da bir tərəfə qoydum. Bir andaca bütün əməkdaşlarımızın üzərinə bir hüzn, kədər çökdü. Başımı əllərim arasına alıb bir qədər düşündüm və uşaqlıqdan bəri adını eşidib, şeirlərini öyrəndiyim, Azərbaycanda çalışdığım bu illər ərzində özümə ağsaqqal hesab elədiyim, hər bayramda, xoş günümüzdə üstünə qaçdığım, əlini öpüb təbrik etdiyim Bəxtiyar müəllim həyata gözlərini yummuşdu. Bəxtiyar Vahabzadə kimi ziyalılar hər zaman hər xalqın qismətində olan bir nemət deyil. O, təkcə Azərbaycanın deyil, bütün Türk aləminin övladı idi.

Son dəfə bu həftənin ikinci günü onun ziyarətinə getmişdik. Əlini öpdük, bizim üçün hazırlatdığı süfrəsinə qonaq olduq. Bəxtiyar müəllimin ogünkü qonaqları Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis bəy idi, “Araz” Hazırlıq Kurslarının genəl müdiri Arif bəy idi, “Dialoq Avrasiya” dərgisinin Azərbaycan nümayəndəsi Mustafa Saatçı idi və mən idim. Bu böyük könül adamı ilə sonuncu dəfə görüşən, hal-əhval tutan, deyib-gülən biz olduq, bu faktı onun ailəsinin verdiyi açıqlama da təsdiq edir. Amma görüş zamanı heç ağlıma da gəlməzdi ki, biz daha bir araya gələ bilməyəcəyik. Kövrək anlar yaşadıq bu görüşdə. Bəxtiyar müəllim bizi çox sevdiyini söylədi. Dedi ki, “Zaman” həmişə məni sevgi ilə, rəğbətlə yad edib, həmişə yanımda olub. Mən sizdən çox razıyam. Sonra da Türkiyənin son illərdə əldə etdiyi uğurlardan bəhs etdi, həm də duyğulanaraq, kövrələrək. Ərdoğanın Davosda İsrail prezidentini dünyanın gözü qarşısında ifşa etməsini qürur hissi ilə anlatdı. Dedi ki, o mənzərənin təsiri günlər boyunca zehnimdən çəkilmədi. Çox sevindim, maşallah, artıq güclüyük, onun-bunun qarşısında əyilmirik, sözümüzü şax deyirik.

Təhsil müşaviri Halis bəy Bəxtiyar müəllimin şeirlərini çox sevdiyini, bu ziyarətdə də onun xeyir-duasını almaq istədiyini söylədi. Bəxtiyar müəllim ona bu yeni vəzifəsində uğurlar dilədi. Halis bəy söhbət əsnasında Bəxtiyar müəllimin şeirlərinin Mehmet Akif Ərsoyun şeirləri ilə səsləşdiyini söylədi. Bəxtiyar müəllimin cavabı isə mənim üçün bir təvazökarlıq örnəyi olmaqla yanaşı, Türkiyə ədəbiyyatına olan sevgisini, hörmətini ifadə etdi: “Mən kaş ki, Mehmet Akif Ərsoyun tələbəsi ola biləydim”. Bəxtiyar müəllim Mehmet Akifin adını çəkərkən, göz yaşlarını saxlaya bilmədi. O, son illərdə dünyanın dörd bir yanında açılan türk liseylərinin təkcə türk dünyasına deyil, insanlığa böyük bir töhfə olduğunu söylədi, onu da dedi ki, Afrikada qaradərili uşaqların türk dilində şeir oxumasını dinləmək mənim üçün o qədər böyük bəxtiyarlıqdır ki, sözlə ifadə edə bilmirəm. Bəxtiyar müəllim dövrümüzün böyük mütəfəkkiri Fəthullah Gülənin bəşəriyyət qarşısındakı xidmətlərindən bəhs etdi. Yenə göz yaşlarını saxlaya bilmədi, yenə sızlayaraq dedi ki, biz öz böyüklərimizin, öz dəyərlərimizin qədrini bilmirik, ancaq onları itirəndən sonra nələrdən məhrum olduğumuzu anlayırıq. Bəxtiyar müəllim çox kövrəlmişdi, sanki, son dəfə görüşdüyümüzü hiss edirdi.

Söhbət əsnasında bugünkü Türkiyə səfirinin xatirini çox istədiyini, onun Azərbaycanı, sözün həqiqi mənasında, sevən bir insan olduğunu vurğuladı. Bir də Əlazığa getməyi çox istədiyini söylədi. Mən ötən il onu telefonda Əlazığ şəhərinin meri Süleyman Salmanoğlu ilə görüşdürmüşdüm. Əlazığ şəhərinin bir küçəsinə Bəxtiyar müəllimin adı verilmişdi və şair bunun üçün şəhər rəhbərliyinə təşəkkür etmək istəyirdi. Vali o telefon söhbətində Bəxtiyar müəllimin Əlazığda çox sevildiyini və insanların onu görmək istədiyini anlatmışdı. Amma bu səfər Bəxtiyar müəllimə qismət olmadı.

Yaxşı bilirəm ki, Azərbaycanda çalışan onlarla dövlət rəsmisi, diplomat, ziyalı, iş adamı, tələbə, hər hansı sıxıntısı, ağrısı olan neçə-neçə insan Bəxtiyar müəllimin qapısını döyüb. Kimi ziyarət eləmək üçün gedib, kimi dərdini söyləyib bir yardım istəmək üçün. Bəxtiyar müəllim də əlindən gələn yaxşılığı, köməkliyi əsirgəməyib.

Ramazan bayramında da, Qurban bayramında da ziyarətinə getdik, uzun-uzun söhbət elədik, ondan yaxınlarımızın, doğmalarımızın qoxusunu aldıq.

Bəxtiyar müəllimlə bağlı çox xatirəm var. Türkiyədə onun məqaləsi çap olunmuş qəzetləri ilk dəfə mən özünə çatdıranda məsum körpə kimi necə duyğulandığını görmüşəm. Türk dilində kitabını vərəqləyəndə nə qədər sevindiyinə şahid olmuşam. Bir məqaləsi gecikəndə də məni necə azarladığını, yazı çıxan günü isə boynumu qucaqlayaraq barışdığını xoş xatirə kimi yaddaşıma yazmışam. Bəxtiyar müəllim kitablarını Türkiyənin Süleymaniyyə kitabxanasına bağışlamaq isdədiyini bildirəndə də biz bu işi həll edə bildik və o, çox məmnun oldu. Bir hadisəni heç unuda bilmirəm: 2006-cı ildə Bəxtiyar müəllim bərk xəstələnmişdi və biz ziyarətinə gedəndə o, Türkiyə tərəfindən incidiyini söylədi. Və dedi ki, İran məni müalicəyə aparmaq üçün təyyarə göndərdi, Türkiyə tərəfindən isə heç “keçmiş olsun” da eşitmədim. Mən də Bəxtiyar müəllimdən ayrılan kimi, Türkiyədəki “Zaman” qəzetinə bu mövzuda bir yazı yazdım və adını da Bəxtiyar müəllimin dediyi kimi qoydum: “İran təyyarə göndərdi, Türkiyə isə “keçmiş olsun” da demədi”. Bu yazımın Türkiyədə çap olunması ilə ölkə ayağa qalxdı. Prezident, baş nazir, xarici işlər naziri, Türkiyənin Azərbaycandakı səfiri bir-birinə qarışdı, Bəxtiyar müəllimin üstünə adamlar getdi. O da təşəkkür edib heç bir şeyə ehtiyacı olmadığını bildirdi. Sonrakı görüşlərimizin birində gülümsünərək mənə: “Sən nə etdin ki, bir gündə Türkiyəni ayağa qaldırdın?” - dedi. Görünür, yazım tam onluğa düşmüşdü. O, bizim böyüyümüz, öndə gedənimiz, ağsaqqalımız idi. El arasında deyirlər ki, zərbə təzə, isti-isti olanda ağrısı bilinməz. Zaman keçdikcə, o boşluq özünü daha qabarıq şəkildə göstərir və siz kimdən ayrıldığınızı daha dəqiq anlaya bilirsiniz.

O, minillik bir çinar idi, o təkcə Azərbaycanın deyil, Türkiyənin də, digər türk ölkələrinin də mənəvi dəyəri idi. Yeri dolmadan bu cür insanların aramızdan ayrılması bizi bir-birimizə bağlayan tellərin kövrəlməsi kimidir. Bəxtiyar müəllimin əziz xatirəsi hər zaman könlümüzdə yaşayacaq. Göz yaşlarımı tutmağa çalışır və bu kövrək anımda ustad şairimizə Allah-Təaladan rəhmət, ailəsinə səbri-cəmil diləyirəm.