Yaxında ikən uzaq olanlar və fasiləsiz aksiyon

Fəthullah Gülən: Yaxında ikən uzaq olanlar və fasiləsiz aksiyon

Sual: Tarixə baxanda böyük şəxsiyyətlərlə eyni dövrdə yaşadığı, hətta bu insanların yaxın ətrafında nəşət etdiyi halda, onlardan faydalana bilməyənlərin sayı heç də az deyildir. Bunun səbəbləri nələrdir? Bu hala (bədbəxtliyə) düşməmək üçün nə edilməlidir?

Cavab: İnsan bəzən məsələlərə düzgün yanaşmadığına, bəzən qərəzlə baxdığına görə, bəzən də qısqanclıqdan gözünün qabağında olan uca dəyərləri görə, təqdir edə bilmir. Nəinki təqdir etmək, dəyərlərə amansızcasına, insafsızcasına düşmən kəsilir. Bu halı “yaxınlıq korluğu” kimi də ifadə etmək olar.

Qısqanclıq girdabının bir prototipi: Əbu Ləhəb

“Yaxınlıq korluğu”na düçar olanlar daim böyük zatlarla oturub-dursalar da, birlikdə yeyib-içsələr də, birgə gəzib-dolansalar da, sırf yanlış yanaşmaları üzündən gerçəyi görə, bu şəxsiyyətlərdən faydalana bilmirlər. Buna ən bariz örnək Əbu Ləhəbdir. Bildiyiniz kimi, Əbu Ləhəb Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) doğmaca əmisidir. Bəşəriyyətin İftixarı ilə eyni şəhərdə yaşamışdır. Kiçik yaşlarda Onu (sallallahu aleyhi və səlləm) dəfələrlə qucağına almış, nəvaziş göstərmişdi. Cariyəsi Süveybənin Ona süd verməsinə etiraz etməmişdi. (Bax: Buxari, “Nikah” 20; əl-Beyhaqi, “əs-Sünənül-kübra”, 7/162). Evi Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) evi ilə qonşu idi. Çox vaxt küçədə üz-üzə gəlmişdilər. Üstəlik Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) qızları Həzrət Ruqiyyə və Həzrət Ümmü Gülsümü oğlanları Ütbə və üteybə ilə nikahlamışdı. Qısası, o, Bəşəriyyətin İftixarının bənzərsiz əxlaqına şəxsən şahid idi. Amma “yaxınlıq korğuluğu”na düçar olan bu bədbəxt Allah Rəsulunun peyğəmbərliyini qəbul etməmiş, üstəlik Onun ən böyük düşməninə çevrilmişdi. Bəli, ulduzların xalı kimi ayağına sərildiyi Kainatın İftixarı Peyğəmbərimizin böyüklüyünü ən yaxın qohumu görməmiş, görmək istəməmişdi.

Ona görə də, Allah-talanın böyük işlər gördürdüyü insanların da yaxın dairədən təqdir əvəzinə təhqir və həqarət görə bilərlər. Hətta bu yaxın dairədən olan insanlar xəyanət və düşmənçilik də edə bilərlər. Bunun əsas səbəbi o düşmən kəsilən insanların taleyin hökmünə razı olmamaları, Haqqın təqdirini (yazısını, seçimini) qəbul etməmələri, paxıllıq və qısqanclıq girdabında çırpınmalarıdır. Halbuki insan bu imkan və qabiliyyətləri verən Allah-taaladır. Bu məsələdə hökm yalnız Ona aiddir.

Kiçiklərə böyük işlər gördürülməsi

Üstəlik Uca Allah (cəllə cəlaluhu) bəzən böyük insanlara böyük işlər gördürür, bəzən də kiçik insanların vasisətilə mühüm missiyaları gerçəkləşdirir. Demək, burada əsas məsələ təmiz ürəklə Ona yönəlmək və heç vaxt heç kimə xor baxmamaqdır. Çünki zahirən dərbədər görünən elə insanlar var ki, batinən xəzinələrlə doludur. İbrahim Haqqı həzrətləri bu həqiqəti belə ifadə edir:

Haqqı, gəl sirrini eyləmə zahir,
Olayım der isən bu yolda mahir,
Xarabat əhlinə xor baxma, Zakir,
Dəfinəyə malik viranələr var.

Rəvayətlərə görə, İbrahim Haqqı həzrətlərinin Şakir və Zakir adlı iki oğlu var imiş. Zakir daim Haqqı (Allahı) zikir edən saleh bir övlad imiş. Şakir isə meyxandan çıxmaz, ayıq günü olmazmış. Bir gün İbrahim Haqqı həzrətləri Zakirlə birlikdə yol gedirmiş. Meyxananın yanından keçəndə Zakiri çöldə qoyub özü içəri girir və oğlu Şakiri görür. Şakir başını bir masaya qoymuş sərxoş halda yuxuya getmişdi. İbrahim Haqqı həzrətləri meyxana sahibinə Şakirin borcunu ödəyir və çölə çıxır. Bu zaman Şakir oyanır və borcunu ödəmək istəyir, amma meyxananın sahibindən “Atan ödədi!” sözünü eşitcək çox utanır, xəcalət çəkir. Tez atasının dalınca düşür. Bu zaman İbrahim Haqqı həzrətləri oğlu ilə bir sıldırımın kənarında oturub söhbət edirmişlər. Şakir onlara yaxınlaşıb söhbətlərinə qulaq asır. İbrahim Haqqı həzrətləri Zakirə: “Oğlum, Qırxlardan bir nəfər vəfat elədi. Özünü buradan at ki, onlardan sayılasan” deyir. Zakir tərəddüd keçirir, tullana bilmir. Atasının bu sözlərini eşidən Şakir: “Ata, mən tullansam, olmaz?!” deyir. Sonra da halallıq istəyib özünü sıldırımdan atır və Qırxlara qoşulur. Bunu görən İbrahim Haqqı oğlu Zakirin heyrətli baxışları qarşısında bu misraları söyləyir:

Mənqibələrin məzmununa deyil, mənasına baxmaq lazımdır. Bu hadisə baş verməmiş də ola bilər, ancaq burada mühüm bir həqiqətə toxunulur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də buyurur ki: “Neçə-neçə saçı-başı dağınıq, qıpılardan qovulan və əhəmiyyət verilməyən insanlar var ki, (bir məsələ haqqında) Allaha (cəllə cəlaluhu) and içsələr, Allah onları yalançı çıxarmaz. Bəra ibn Malik onlardandır” (Tirmizi, “Mənaqib” 54; Əbu Yala, “əl-Müsnəd” 7/66; əl-Hakim, “əl-Müstədraq” 3/331).

Bəli, Allah (cəllə cəlaluhu) bəzən sizin əhəmiyyət vermədiyiniz insanlara elə böyük işlər gördürər ki, ağzınız açıq qalar. Necə ki, Allah-taala kiçik termitlərə hündür yuvalar inşa elətdirirsə, elə də sizin balaca, cılız saydığınız insanlara da nəhəng qüllələr inşa etdirə bilər. Belə ki, Həzrət Əbu Übeydə ibn Cərrah, Həzrət Kaka, Həzrət Sad ibn Əbi Vaqqas (radiyallahu anhum) kimi səhradan gələn sadə insanlar Bizans və Fars imperiyalarını çox qısa vaxtda diz çökdürmüş, onlara həqiqi insanlığa aparan yolları göstərmişdir.

Özündən bilmə və şirk sözlər

Allah (cəllə cəlaluhu) buyurur: “Bu, Allahın lütfüdür, onu istədiyinə verər” (“Maidə” surəsi, 5/54). Ustadın sözü ilə desək, “nəfs cümlədən ədna, vəzifə cümlədən əla”dır (Nəfs hər şeydən alçaq, vəzifə (ülvi məfkurə) isə hər şeydən ucadır) (Bədiüzzaman, “Şüalar” səh. 424 (On dördüncü şüa)). Biz kiçik insanlar olsaq da, Allah (cəllə cəlaluhu) sonsuz qüdrət və inayəti ilə, bizə böyük işlər gördürə bilər; bu tamamən Ona aid bir məsələdir. Bu məsələ ilə bağlı “Biz elədik, biz etdik! Biz bu işin planını hazırlayanda onlar heç yuxuda da görməmişdilər” kimi sözlərdə şirkin əlamətləri var. Ona gorə də bu cür iddialardan uzaq olmaq lazımdır. Həzrət Pirin ifadəsi ilə desək, “nəfyi nəfy isbatdır” (inkarı inkar etmək sübutdur) (Bədiüzzamn, “Sözlər” səh. 228 (On yeddinci söz, ikinci məqam)). Ona görə də, siz öz nəfsinizdən imtina etmədikcə dəyəriniz artmaz. Tez-tez təkrar edilən bir sözlə məsələyə izah gətirək: Sonsuz birdir, başqa nisbi sonsuzlar yoxdur. Mütləq Sonsuzla müqayisədə məxluqların qiyməti sıfırdır. Bu səbəbdən Allahla (cəllə cəlaluhu) insan arasındakı münasibət sonsuzla sıfır arasındakı əlaqəyə bənzəyir. Sonsuz Allahdır, insan isə sıfır. Ancaq sıfır bir dəyər deyildir, yalnız rəqəmlərdən sonra gələndə qiymət kəsb edir. Eynilə bunun kimi, insan əcz və fəqrlə Allaha pənah apararsa, 1-in yanına düzülən 0-lar kimi, 1 ikən 10, 100, hətta 1000 olar.

Zülmün ömrü əbədi olmaz

Sualdakı ikinci məsələyə gəlincə, ömrünü Allah rizasına həsr edən səmimi insanlar hər tərəfdən tənafüs (Allah yolunda yarış) məfhumunu yanlış anlayan, rəqabət hissi ilə hərəkət edən, sonra da “Varsa da, yoxsa da, biz!” deyib özlərindən başqalarını məhv etmək istəyən insafsız zalımların aramsız hücümlarına məruz qala bilərlər. Ancaq bu vəziyyətin əbədi olacağını ehtimal etmək mümkünsüzdür. Çünki zülm heç vaxt üzunömürlü olmayıb. “Allah zalıma imhal edir (möhlət verir), amma ehmal etmir (...)”. Hədisin sözləri ilə desək, “Allah zalıma möhlət verər, amma bir dəfə qəzəbi tutdumu, canını alar!” (Bax: Buxari, “Təfsiru-surə (11) 5; Müslim, “Birr” 61). Bəli, “Küfr davam edər, amma zülüm davam etməz!” (Bax: əl-Münavi, “Feyzül-qadir” 2/107). Allah küfrün hesabını böyük məhkəməyə saxlayır, onu öz dərgahında cəzalandırır, amma zülüm ümümun, xalqın hüququna, məsumların hüququna təcavüz olduğuna görə, gec-tez dünyada cəzasını verir. Zülm edəni cəzasız qoymur.

Üstəlik, bu yol Allah yoludur, Allah bu yolun səmimi yolçularını heç vaxt yarı yolda qoymamışdır. Ancaq Allah-taala: “Biz bu (sevincli və kədərli) günləri insanlar arasında növbə ilə dəyişdiririk...” (“Ali İmran” surəsi, 3/140) ayəsində buyurduğu kimi, bəzi hikmətlərinə binaən bəndələrini müvəqqəti uğursuzluğa düçar edir, bəla və müsibətlərlə sınağa çəkir, ilahi murada müvafiq olaraq bəzən əşya və hadisələri yenidən formalaşdırır. Ona görə də, bu gün mənə bayramdırsa, sabah sənə, bu gün mənə matəmdirsə, sabah sənə matəmdir. O halda səsini dünyaya çatdırmaq istəyən könül qəhrəmanları cahillərin söz və əməlləri ilə məşğul olmamalı, əksinə əqlən və qəlbən “Quranın qızıl düsturlarını, İslamiyyətin düsturlarını insanlara necə çatdıra bilərik?” sualı ətrafında baş yormalıdırlar. İnsanlar azad iradələri ilə qəbul edir və ya etmir, nəticə bizi maraqlandırmır. Biz dəyərlərimizi ən gözəl surətdə “qablaşdırma”lı, onlara layiq cazibədar “etiket və yazılarla” bəzəməli, sonra da dünya “yarmarka”larında nümayiş etdirməliyik.

Bəli, zülmün ayaq açıb yeridiyi dövrləri gecənin qaranlığı sanmalı, əsla ümidsizliyə qapılmamalıyıq. Çünki qışdan sonra bahar gəldiyi kimi, gecədən sonra da səhər açılır. Ona görə də gecədən sonra səhərin gəldiyini unutmamalı, gecənin qaranlığında işıqlı gələcəyin planlarını hazırlamalıyıq. Eyni şəkildə, gündüz açılanda nə vaxtsa gecənin gələcəyini də nəzərə almalıyıq. Başqa sözlə desək, mömin gündüz vaxtı atını mahmızlayıb sağa-sola çaparkən gec-tez gecənin düşəcəyini və o gecə ilə əlaqədar başqa plan və strategiya hazırlamalı olduğunu yaddan çıxarmamalıdır. Çünki indiyədək dünyada təmərrüdlər əskik olmamışdır, bundan sonra da bəzən ilhad və küfr, bəzən həsəd və qısqanclıq surətində ortaya çıxacaq. Yollara min cür intiriqa və tələ qurub pusquya yatacaqlar. Ona görə də nə gecənin qaranlığına əhəmiyyət verib təşvişə düşməli, nə də gündüzün günəşinə sevinib şad-xürrəm yaşamalıyıq, gecələri gündüzün, gündüzləri də gecənin planlarını hazırlamalıyıq.

Ardıcıl və fasiləsiz aksiyon

Beləcə, bu yolun yolçuları hər anı saleh əməllə keçirməli, gecələrə gündüzün işığını, qışlara da baharın hərarətini qatmalıdır. İman gətitmək mahiyyət etirbarilə hər şəraitdə imkan daxilində saleh əməl işləməklə mükəlləf olmaq deməkdir.

“Daimi və fasiləsiz aksiyon” anlayışını anlamaq üçün mətafdakı (təvaf edilən yer) yerişi gözününzün qabağına gətirə bilərsiniz. Bildiyiniz kimi, mömin adam az olanda təvafı kiçik addımlarla qaça-qaça yerinə yetirir (rəməl), amma izdiham olanda kimsəni narahat etməmək üçün yerində hərəkət edir, yəni dayanmır, ruhi-mənəvi gumrahlığını itirməməyə çalışır. Adam azalanda noryerişinə davam edir.

Bəli, durğunluq ətalətdir. Əşya mahiyyət etibarilə atildir (fəaliyyətsizdir, ətalətdədir), ona hərəkət verən Allahdır (cəllə cəlaluhu). İnsan fizika qanunlarına tabedir, hərəkətsiz qalarsa, dağılar. Meteorlar kimi, boşluğa düşər-düşməz başqa bir cismin cazibə qüvvəsinə qapılar, sürtünmə ilə aşınar, bir müddət sonra da dağılıb yox olar. Ancaq insan Günəş, ulduzlar və Ay kimi yerində də olsa, hərəkət edərsə, həm canlılığını qorumuş olar, həm də ətrafa həqiqət ziyasını saçar. Allah-taalanın ibadətləri günün müəyyən vaxtlarına bölməsi də daimi və fasiləsiz hərəkətə ən gözəl nümunədir.

Belə ki, “Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl” (“İsra” surəsi, 17/79) ayəsinin işığında gecələr qalxıb Quran oxuyur, təhəccüd namazı qılırsınız. “Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanma diləyirdilər” (“Zəriyət” surəsi, 51/17-18) ayələrini rəhbər tutaraq səhərləri isteğfar çəkirsiniz. Sübh namazın vaxtı girir, əvvəlcə sünnəsini, sonra da fərzini qılırsınız. Günəş doğub kərahət vaxtı çıxanda işraq namazını və günörta namazına qədər də duha namazını qılırsınız. Gündəlik ən qaynar vaxtında günorta namazını qılırsınız. İkindi namazı ilə Allahın (cəllə cəlaluhu) hüzuruna çıxır, günün yorğunluğunu ruhi-mənəvi səyahətə çevirir, dincəlirsiniz. Axşam və işa namazlarını da eyni hiss və düşünclərlə qılır, beləcə, ruhunuzu boşluqlardan qoruyursunuz.

Allah-taala ibabətləri günün müəyyən vaxtlarına böldüyü və boşluğa imkan vermədiyi kimi, bəşəriyyətə xidmət yolunda həyata keçiriləcək fəaliyyətlər də bu aksiyon düşüncəsi ilə həftələr, aylar, fəsillər, hətta illər arasında bölüşdürülməlidir. Hər bir mömin mahir strateq kimi çalışmalı, özü, ailəsi və cəmiyyəti üçün görəcəyi işləri müəyyənləşdirməlidir. Bu üsulla öz mənəvi canlılığına və məhsuldarlığına da xələl gətirməmiş olar. Çünki atalarımız “İşləyən kotan pas atmaz” demişlər. Demək, daima parıldamağın və paslanmamağın bir yolu var, o da daima fəaliyyət və hərəkətdə olmaqdır.

Qurani-Kərimdə möminlərdən bəhs edilən ayələrin əksəriyyətində “Saleh əməl işləyirlər” (“Bəqərə” surəsi 2/25, ...) ifadəsinə də yer verilir, onların əməlləri diqqətə çatdırılır. “Saleh əməl” nöqsanız iş deməkdir. Mömin kamil namaz üçün daxili və zahiri əsaslarla yanaşı, xüşuya, yəni Allah-taala ilə irtibatı əks etdirən batini rabitəyə də diqqət etdiyi kimi, hər bir işi görərkən mənəvi və maddi şərtlərə də riayət etməlidir. Beləcə mömin Allaha iman gətirib əminlik (etibarlılıq) sifətini sübuta yetirdikdən sonra, inancını nəzəriyyədən əmələ keçirəcək, yəni onu aksiyonla möhkəmləndirəcəkdir.

Başda Rəşid Xəlifələr dövründə, daha sonralar Səlcuqlu və Osmanlıların ilk zamanlarında olduğu kimi, gecə-gündüz dayanmaq bilmədən çalışan, daima fəaliyyətdə olan fərdlər və cəmiyyətlər, Allahın izni və inayəti ilə, yollarında sabitqədəm olmuşlar. Ancaq – şanlı əcdadımızı tənqid etmək üçün demirəm, çünki onların ən kiçiyi belə başımın tacıdır – nə vaxt fikir və aksiyona (fəaliyyət, əməl) ətalət çöküb, məhz o zaman idarəçilər ordunun başına keçib səfərə çıxmamış, ehtişamlı və dəbdəbəli saraylarda yaşamağa başlamışdır. Əlbəttə, buna paralel olaraq xalq da tənbəllik selinə qapılmış, ülvi məfkurəni unutmuş, isti yorğan-döşək arzusuna düşmüşdür. Beləliklə, dünyəvilik pəncəsinə düşənlər arzu-istəklərinin xəyanətinə məruz qalmış, dünyəvi istək və cismani arzuların torunda məhv olub getmişlər. Toplumun doğru yoldan uzaqlaşdığı belə bir dövrdə çiyninə düşən məsuliyyətin ağırlığını anlayan Gənc Osman və IV Murad kimi idarəçilərin islahatlar aparmasına, ehtimal ki, daxili və xarici qüvvələr imkan verməmişlər.

Xülasə, özünü dünyəvi həyatın və cismani həzlərin ağuşuna atanlar, həmin həzlərin qurbanına çevrilmişlər.