Metafizik aləmin göyərçinləri və gözlənilən dirçəliş

Fəthullah Gülən: Metafizik aləmin göyərçinləri və gözlənilən dirçəliş

Sual: Mənəvi və metafizik aləmlərin qapılarının açılması nələrdən asılıdır?

Cavab: Bəzi insanların gözü maddiyyatdan qeyri bir şey görmədiyinə görə, mənəvi və metafizik aləmlərdən uzaq olurlar. Bu insanların xarakteri onların mənəviyyatdan uzaq düşməsində müəyyən rol oynasa da, bu uzaqlığın əsas səbəbi ciddi əzm və cəhd göstərilməməsi, iradənin lazımınca ortaya qoyulmamasıdır. Maddiyyat girdabında boğulan bu insanlar “İnanıram” desələr də, özlərini düşüncə və qənaətlərinin dar çərçivəsinə həbs etmiş olurlar. Məsələn, onlar müxtəlif dövrlərdə dürüst insanların nəql etdikləri minlərlə kəramətvari hadisələrə inanmırlar. Hətta bəziləri rəvayətləri səhih olduğuna görə qəbul etməyə məcbur qalsalar da, möcüzələri qəbul etmək istəmir, onları maddi səbəblərlə izah etməyə çalışırlar. Düşüncə dünyasına maddi hüdudlar qoyan bu insanlar get-gedə əşya və hadisələrin metafizik xüsusiyyətlərini sezməyə xidmət edən istedad və qabiliyyətlərini də korşaldırlar. Beləcə də əşya və hadisələrin pərda arxasını görmür, zahirən şər görünən hadisələrin hikmətlərini qavramır və “təvili-əhadis”ə (hadisələrdən mənalar çıxarma qabiliyyəti) vaqif olmadıqlarına görə də hadisələrin gedişatındakı mənaları anlamırlar.

Hadisələrin mahiyyəti və hikmətin dili

Halbuki hər bir hadisə meydana gəlmə xüsusiyyətləri baxımından ayeyi-bəyyinat (açıq-aydın ayələr) kimi fərqli mənalar ehtiva edir. Ancaq bunu görmək üçün əvvəla insan gərək hadisələrə lətifeyi-rəbbaniyəsi ilə baxsın və analiz edib bir nəticə çıxara bilsin. Başqa sözlə, insan gərək həm şəri əmrləri (şəriət qanunları), həm də təkvini əmirləri (təbiətdəki qanunlar) bir kitab kimi “oxusun”, ümumi bir nəzərlə hadisələr arasındakı əlaqəni tutmağa cəhd etsin, səbəb-nəticə əlaqələrini görməyə çalışsın. Rəcaizadə M. Əkrəmin sözü ilə desək:

Bir kitabullahi-əzəmdir sərasər kainat,
Hansı hərfi yoxlasan, mənası həp Allah çıxar.

Bəzi hadisələri təsadüf sayıb onların meydana gəlmə ehtimalının yüzdə birə bətabər olduğu söyləsələr də, bu cür hadisələrlə bağlı olan digər hadisələri də nəzərə aldıqda həmin ehtimal mində birə, milyonda birə və milyardda birə düşəcək. Əgər insan öz həyatını süzgəcdən keçirərək yaşasa, ağlına gələn, gözünə çarpan, hislərinə toxunan hadisələri ümumi bir nəzərlə dəyərləndirsə, bu hadisələrdən və onların arasındakı əlaqələrdən dərin mənalar çıxarar. Eyni zamanda o, hər bir hadisədə kainatda zərrə qədər təsadüfə təsadüf edilmədiyini eynülyəqin surətdə müşahidə edər. Əksinə, bəzi filosoflar kimi, hər bir hadisəni ayrı-ayrılıqda götürsə, kainat kitabındakı hər bir hərfdə gizlənən imanı görə bilməz.

Bu baxımdan mənəviyyat qapılarının açılması üçün insan gərək iradəsini ortaya qoysun, hadisələri yaxşıca süzgəcdən keçirsin və hər şeydən əvvəl heç nəyin mənasız olmadığına inansın. Belə ki, o, əlindən bir stəkan düşüb sınanda belə, “təvili-əhadis” baxımından bunun bir mənası olduğunu bilməli və bu hadəsənin ehtiva etdiyi məna və hikməti anlamağa çalışmalıdır. Səhv başa düşməyin, bu yanaşma hadisələr haqqında təfəül edərək yersiz şad olmaq, təşəüm edərək ümidsizliyə qapılmaq demək deyildir. Əksinə hər bir hadisənin öz dili ilə insana çatdırmaq istədiyi bir mənaya sahib olduğunu qavramaqdır.

Metafizik aləmlərin sirli açarı − dua

İkincisi, metafizik aləmi görmək üçün insan nəzəri biliyini ibadətlə möhkəmləndirməyə çalışmalıdır. Şübhəsiz, ən vacib ibadətlərin başında dua dayanır. Çünki dua xalis übudiyyətin adı və ünvanıdır. Dua səbəblərin fövqündə dayanan bir ibadət olub insanı da səbəblər fövqündəki aləmlərə aparan əsas pillələrdən biridir.

Bəs, duada insan Allahdan ən vacib və ən böyük istəyi nə olmaldır?

Məsələn, səhər-axşam dualarında “اَلَّلهُمَّ اَجِرْنَا مِنَ النَّارِ وَاَدْخِلْنَا الْجَنَّةَ مَعَ الْاَبْرَارِ” deyir, bizi Cəhənnəmdən qorumasını və Cənnətə qovuşdurmasını Allahdan diləyirik. Bu iki dilək həqiqətən çox vacibdir. Ancaq, düzünü desək, insan daha vacib şeylər istəməlidir: Allahı doğru-dürüsr tanımağı və Onu unudub qəflətə dalmamağı.

Bəli, insan dualarında yüksək əhval-ruhiyyə və şüurla məhz bunu istəməlidir. Belə ki, insan hər dəfə əllərini qaldıranda ilk öncə Onu tanımağı və ilahi rizanı istəməli, bu istəkdə israrlı olmalıdır ki, Allahdan gələn lütflərin ovuclarına toxunuşunu duysun və sanki göydən nəyinsə yağdığını hiss etsin. Bu abı-havanı bütün varlığı ilə duyanda isə ürəyi parçalana-parçalana: “Allahım, imanımı, mərifətimi, məhəbbətimi artır. İştiyaqınla məni məst et. Qəlbimi eşqinlə doldur. Məni yolunun divanəsi elə” deməlidir.

Siz gecələri bir qalxın və səmimi qəlbdən bunu min dəfə Allahdan istəyin. Görün onda Allah (cəllə cəlaluhu) metafizik aləmlərin qapılarını üzünüzə necə açır və sizi ruhani aləmlərdə necə gəzdirir. Unutmayaq ki, kim nəyin dalınca düşür və bundan ötrü cidd-cəhd göstərirsə, Allah o insanı muradına çatdırır. Əllərini belinə qoyub laqeyd-laqeyd “Verirsən, yoxsa vermirsən!” deyən dilənçinin üzünə heç kim baxmaz, kimsə ona əl uzatmaz. Bunun kimi, duanın qəbul olunması da insanın özünü tamamən Allaha həsr etməsindən, Onun eşiyindən heç vaxt ayrılmamasından, qapısını israrla döyməsindən və dualarına cavab veriləcəyinə inanamasından asılıdır.

Dua mömin üçün bu qədər əhəmiyyətli olmasına baxmayaraq, təəssüf ki, müsəlmanlar arasında ən az rəğbət görən ibadətdir. Təəssüf ki, dua surətə və formallığa çoxdan qurban verilib. Hətta məscidlərdə edilən dualar belə adiləşdirilib formallığa qurban edilib.

Bu, o demək deyil ki, məscidləri ağzınadək dolduran insanların ibadətləri, duaları qəbul edilmir. Haşa! Allah (cəllə cəlaluhu) kiçik bir əməli belə möminin lehinə dəyərləndirir və həmin əməl zərrə qədər də olsa, onu mükafatlandırır. Ancaq unutmayaq ki, insanın dəyəri dəyər verdiyi şeydən asılıdır. Siz dünya malına, saraylara, villalara dəyər verirsinizsə, sizin dəyəriniz onların qiyməti qədərdir. Cənnətə dəyər verirsinizsə, Cənnət qədər dəyərlisiniz. Ancaq siz yalnız Allahın sevgisini qazanmaq üçün ibadət və dualarınızı etsəniz, O əbədi olduğu üçün siz də əbədiyyətə çatarsınız.

Əgər siz təsbeh (sübhanallah), təhmid (əlhəmdulilləh) və təkbirlərlə (Allahu əkbər) Onu ucaldır, “Allahım, kainatın zərrələrincə Sənə həmd-səna olsun” deyərək bu sözləri qəlbən hiss edirsinizsə və hər dəfə Onu ananda ürpərirsinizsə, demək, Allahın dərgahında da o qədər dəyərlisiniz. Hədisi-şərifin ifadəsi ilə desək, Siz Allaha nə qədər dəyər verirsinizsə, Allah da sizə o qədər dəyər verir. Bu baxımdan, sizin Ona verdiyiniz dəyər təfəkkürə ayırdığınız vaxtla, Onu düşünərək keçirdiyiniz zamanla və Ona bağlılığınızla ölçülür.

Qapıları bağalayan insanlar

Allah ciddi cəhd göstərməyən insanlara da müstəsna olaraq ruhi-mənəvi nailiyyətlər bəxş edə bilər. Bu başqa məsələ. Ancaq obyektiv və əsas meyar insanın öz iradəsini ortaya qoymasıdır. Cənabi-Allah: “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!” (“Nəcm” surəsi, 53/39) − buyurur. Başqa sözlə desək, insana ancaq çəkdiyi zəhmət, iradəsini ortaya qoyaraq əldə elədikləri və Allah yolunda göstərdiyi səyləri qalar.

Bu baxımdan “Mən məna aləminə girə bilmirəm. Misal aləmindən xəbərim yoxdur. Hadisələri bütöv perspektivdə görə bilmirəm, aralarındakı əlaqəni sezə bilmirəm və bir nəticə çıxara bilmirəm” deyən insan əvvəla bundan ötrü lazımi olan şərtləri yerinə yetirib-yetirmədiyinə baxmalıdır. Görəsən, o, fərz ibadətləri diqqətlə yerinə yetirməklə yanaşı, ara vermədən qırx gün təhəccüd namazına qalxıb, ardınca da alnını yerə qoyaraq diləyini Allaha ərz edibmi? Bunu etməmişsə, demək, mənəviyyata az dəyər verir. Nəticə etibarilə, onun mənəvi səviyyəsi mənəviyyata verdiyi dəyərdən çox olmaz. Doğrudur, bəzi insanlar mənəviyyata meyilli deyillər, amma bunun səbəbkarı Allah deyil, onların özləridir. Daha doğrusu, bu insanlar lazımi şərtləri yerinə yetirmədiklərinə və bu istiqamətdə iradələrini ortaya qoymadıqlarına görə məna qapıları da üzlərinə açılmır.

Sualda yer verilməsə də, məsələ ilə bağlı bir məqama da toxunmaq istəyirəm: Hal-hazırda bütün dünyaya ümid bəxş edən bu dirçəliş dünyəvi və şəri (şəriət) elmlərə vaqif, eyni zamanda güclü mənəviyyata malik olan kamil insanlar vasitəsilə davam edəcək və istənilən səviyyəyə çatacaqdır. Bəli, fiziki və metafiziki aləmlərin tələblərini yerinə yetirməyə qadir insanlar yetişdirsəniz, Allahı hər şeydən üstün tutan bu mənəviyyat qəhrəmanlarının, bu haqq dostlarının sayəsində bəşəriyyətə yeni bahar gələr, dünyanın üzü yenidən gülər və yer üzü başdan-başa yeni bir dirçəlişə şahid olar.