Könüllülər hərəkatı və ittihamlar

Fəthullah Gülən: Könüllülər hərəkatı və ittihamlar

Sual: Bəzi insanlar fürsət tapan kimi Könüllülər hərəkatı ilə əlaqədar ortaya "şübhəli" məqamlar atır, ictimai abı-havanı bulandırır, ittiham və iftiralara əl atırlar. Bu cür hadisələr qarşısında necə davranmalıyıq?

Cavab: Əvvəla bu məsələ ilə əlaqədar ümumi fikrimi bildirim. Mən düşünürəm ki, Hizmət hərəkatına atılan bir çox iftiraya cavab verməyə ehtiyac yoxdur. Niyə? Çünki hər bir cavab bu iftiraları birinci dəfə eşidənlərdə şübhə meydana gətirir. Belə ki, verilən cavablar insanları: “Görəsən, bunlar həqiqətən özlərini təqsirkar hiss edirlər?” düşüncəsinə sövq edə bilər.O baxımdan müəyyən insanların, müəyyən məqsədlərlə ortaya atdığı məntiqsiz və vicdansız ittiham və iftiraların əsassızlığını izah etməyə çalışmaq doğru olmaya bilər.

Sübut eləmək iddiaçının borcudur

Üstəlik hüquqda bir prinsip var: “İddiaçının vəzifəsi iddiasını sübut etmək, iddiaları qəbul etməyənin vəzifəsi isə təqsirsiz olduğuna and içməkdir”. Əgər kimlərsə barəmizdə ortaya bir iddia atırsa, bu iddianı sübut etmək onların borcudur. Biz bu iftiraları təkzib edirik. Əgər and içməyimizi istəyirlərsə, hansı müqəddəslərə and içməyimizi istəyirlərsə, “Vallah, billah, tallah dediyiniz məsələlərlə heç bir əlaqəmiz yoxdur” deyib and içməyə hazırıq.

Üstəlik, düşünürəm ki, həyatını Allahın dininə həsr edən və Onun rizasından başqa bir məqsədi olmayan hizmət könüllüləri haqqında yerli-yersiz danışanlar özlərini rəzil-rüsvay edirlər. Özümü hamıdan həqir görsəm də, Allaha bəndəlik şərəfi ilə şərəflənən bir insan olaraq iftiralara cavab verərkən onların səviyyəsinə düşməyi Allaha q

arşı hörmətsizlik sayıram. Eyni şəkildə Həzrət Məhəmmədin (sallallahu aleyhi və səlləm) ümməti olaraq, məntiqdən uzaq, insaf və vicdana sığmayan iftiralara cavab vermək, məncə, iftiraçıların səviyyəsinə düşmə təhlükəsi daşıyır. Ona görə də belə şeylərə cavab verməyi Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) qarşı hörmətsizlik sayıram.

Digər tərəfdən, bütün əleyhdarlarınıza cavab verəsi olsanız, dəyərli vaxtınız hədər gedər, çox qiymətli işlər bir kənarda qalar. Üstəlik, iftiraçılar demaqogiya yoluna əl atdıqlarına görə, cavablarınızı təhrif edərlər ki, bu da insanların zehnində yeni suallar doğurar. Buna görə də yerli-yersiz əleyhimizə danışanlara cavab verməyi lüzumsuz görürəm.

Qaba qüvvənin çılğınlığı

Dİgər tərəfdən ortaya atılan iftiralar kütlələrin zehnində şübhə oyatmışsa və xüsusilə də dəfələrlə təkrar edilməsi bəzi insaflı, vicdanlı insanların belə bu əsassız ittihamların təsiri altına düşməsinə səbəb olursa, üsluba riayət etmək şərtilə, məsələni açıqlamaq, səhv fikirləri düzəltmək və iftiralara aydınlıq gətirmək lazımdır. Bu nöqteyi-nəzərdən bir iki məsələyə toxunmaq istəyirəm.

Hizmət hərəkatı kimi xalqa xidmət etmək istəyən, millətinin yolunda özünü dağa-daşa vuran insanların meydana gətirdiyi camaatlar (qrup, təriqət, partiya) da dəfələrlə hücuma məruz qalmış, meyvəli ağaclara daim daş atılmışdır. Xüsusilə, şəxsi və siyasi mənfəət güdənlər söz keçirə bilmədikləri, öz məqsədləri istiqamətində idarə edə bilmədikləri camaatları özlərinə tabe etmək üçün əllərindən gələni "əsirgəməmişlər". Haqq və ədalət tanımayan bu qaba qüvvət bir gün xalqa hökmran olanda “Madam güclüyəm, hər şeyi edə bilərəm. Heç kim sözümün qabağıanda söz deyə bilməz” kimi kafir düşüncəsini özünə meyar bilmişdir. Xalqın rəyinə əhəmiyyət verildiyi və Milli Məclisin “alnı”na “Hakimiyyət qeyd-şərtsiz xalqındır” sözünün həkk edildiyi bir dövrdə belə xalqın seçdiyi insanlara dəfələrlə əngəl törədilmiş, hətta vəzifələrindən uzaqlaşdırılmışdır.

Bu hadisələrə zəmin hazırlayan anlayış və düşüncənin mahiyyətini düzgün qavramaq lazımdır. Gücünü qaba qüvvədən alan bəzi insanlar “Madam güclüyəm, xalq gördüyüm işləri haqsızlıq və ədalətsizlik saymamalıdır. Lazım gəlsə, baş kəsərəm. Kəsdiyim başlar qurduğum sistemə qurban olsun” deyə düşünə bilər. Hətta bəziləri oxşar fikirləri dilə də gətirdi. Darvinizmdə təbi seleksiya, bunlarda da “idari və ya iradi seleksiya” anlayışı var.

Əslində bütün bu hadisələrin kökündə keçmişdən bu günədək davam edən iman-küfr/iman-nifaq mübarizəsi dayanır. Şeytanın vəsvəsəsi ilə peyğəmbəranə ilham, Allahın yolu ilə şeytanın yolu həmişə bir-biri ilə rəqabətdə olmuşdur. Şeytanın tərəfdarları həmişə peyğəmbər yolunu yoluçularına düşmənçilik bəsləmişlər. Ancaq bəziləri din və dindarlarla qarşı açıq-aşkar düşmənçilik etmişdir. Bəziləri isə dindar qiyafəsinə bürünərək eyni işi görmüşdür. Bəli, bu iki kəsimin yol və üslubu fərqli olsa da, mübarizələri və məqsədləri eynidir.

Cənnətə nərdivan söykəsəniz belə...

Bu gün, Allahın izni və inayəti ilə, dünyaya yayılan adanmış ruhların vasitəsi ilə çox böyük işlər görülür. Anadolu insanının əkdiyi toxumlar, inşallah, on il, iyirmi il sonra cücərəcək. Bəli, bu gün Allahın inayət və lütfü ilə, bir-birilə dostluq quran insanların yaşadığı, sevgi və sülhün hakim olduğu “hüzur adacıqları” qurulur.

Bu fəaliyyətlər gözü götürməyən, həsəd, kin və nifrətlə oturub-duran insanları narahat edir, etmişdir və edəcəkdir. Onlar bütün imkanlarını xeyir yolunda deyil, yeni bir baharın gəlişinə zəmin hazırlayan insanlara mane olmağa sərf edəcəklər, psixoloji savaşla Anadolu xalqını ruhdan salmağa çalışacaqlar. “Palçıq at, izi qalsın” düşüncəsi ilə hərəkət edəcək, ortaya əslsiz-əsassız iftiralar atacaqlar və “kütlə”lərin zehnini, düşüncəsini, baxışlarını bulandırmağa çalışacaqlar.

Onların niyyət və düşüncəsi pozulduğuna görə, siz nə edirsiniz-edin, onları məmnun edə, “qaralama kampaniyaları”nın qarşısını ala bilməyəcəksiniz. Ən zərərsiz və ən məqsədəuyğun fəaliyyətiniz haqqında belə insanlarda şübhə oyadacaqlar. Cənnətə nərdivan söykəsəniz belə, onlar yenə də demaqoqluq və dialektika ilə bir yol tapıb sizi tənqid edəcəklər. Məsələn, deyəcəklər ki, “Niyə nərdivan qoyub insanlara zəhmət verirsiniz. Bura bir tramplin qoysaydınız və insanları raketə mindirib Cənnətə aparsaydınız, daha yaxşı olardı”.

Zəif ikən zəlil, güclü ikən zalım

Şəraitin əlverişli olmadığı dövrlərdə üzdə demokrat və obyektiv görünən bu insanlar imkan və güc əldə edən kimi müxalif hesab etdikləri kəsimlərin axırına çıxmaq üçün əllərindən gələni əsirgəməmişlər. Ancaq unutmamalıyıq ki, bugünədək Allah yolunun yolçularına düşmən kəsilənlər və “Filankəslərin kökünü qazımaq lazımdır” deyənlər gün gəlmiş böyük bəlalara düçar olmuş və özləri belə bir aqibətlə üzləşmişlər. İnşallah, bundan sonra da Allah doğru yolu tutan, millətin mənəvi dəyərlərini əhya etməyə çalışan, ruh və məna köklərindən süzülüb gələn dəyərləri bütün dünyaya çatdırmağa səy göstərən insanları qoruyacaq və onlara düşmənçilik edənləri cəzalandıracaqdır.

O halda, başqaları nə edir-etsin, Allaha səmimi qəlbdən inanan insanlar xarakterlərinə sadiq qalmalıdırlar. Şəxsən mən Allaha belə dua edirəm: “Ya Rəbbim! Mənə pislik edən insanlara yaxşılıq eləmə fürsəti ver. Üz-üzə gələndə onlara kömək edim. Səbəbini soruşanda da, “Hamı öz xarakterini ortaya qoyur. Sən nəsənsə, o cür hərəkət elədin. Mənim xarakterim də budur” deyim, bu qədər zülm, haqsızlıq, mərhəmətsizlik və həqarətə baxmayaraq, birlik və həmrəylik ruhunun bərqərar olması naminə Allah rizası üçün fədakarlıq etməyə imkanım olsun.