İslamın yükünü çəkən sistem

Fəthullah Gülən: Dini duyğu və düşüncənin dərinləşməsi

Sual: “Ruhumuzun heykelini dikerken” kitabında bildirirsiniz ki, İslamın yükünü ağıl, vicdan, ruh, cəsəd və lətaifdən meydana gələn və varlığın (xilqətin) mənəvi föhristi (xülasəsi) sayılan bir sistem çəkə bilər” (səh. 27). Bu irəli sürülən fikiri izah edə bilərsiniz?

Cavab: Sualda əksini tapan və insanın müxtəlif xüsusiyyətlərini ehtiva edən xüsuslar İslamı anlama və anlatmaqda mühüm əhəmiyyət daşıyır.

Ağıl

Əvvəla ağıla nəzər yetirək: qəlbin və ruhun rəhbərliyi altında ağıldan düzgün istifadə edildikdə o, yaxşı ilə pisi, xeyirlə zərəri bir-birindən ayıran funksiya icra edir. Ancaq rasionalistlər ağılı hər şeydən vacib saymış, neorasionalistlər isə onu Kitab (Quran) və Sünnənin fövqünə qaldırmışlar. Bu fikirlərə qarşı çıxan bəzi insanlar isə ağılı tamamən inkar etmişlər, yəni ifrat təfriti doğurmuşdur. Müasir İslam dünyasına ümümi planda nəzər yetirəndə ağılın bütün funksiyaları ilə birlikdə bir kənara atıldığını və bu məsələdə tədricən təfritə yol verildiyini görərik.

Halbuki, ağılın yaradılmasının mühüm bir hikməti vardır. Əvvəla ağıl mükəlləfiyyətin və übudiyyətin əsasıdır. Belə ki, bəşər övladına ağıl neməti verilməsə idi, Allaha müxatəblik məqamı ilə şərəflənməzdi. Allah insana ağıl sahibi olduğuna görə əmrlər göndərir, onunla bir mənada danışır. Başqa sözlə, ağıl sahibi olan insanla müqavilə bağlayır. Məsələn, Qurani-Kərimdə Allah-taala buyurur: “Siz Məni xatırlayın ki, Mən də sizi yada salım!” (“Bəqərə” surəsi, 2/152), “Verdiyiniz sözü yerinə yetirin ki, Mən də sizinlə olan əhdimə vəfa edim” (“Bəqərə” surəsi, 2/40). Bu ayələri anlamaq və həyata keçirmək isə ağıldan asılıdır. Ağılı olmayan insanın Cənnətə girib-girməməsi başqa məsələdir, amma insanın ağılı sayəsində Allahla irtibat qurma şərəfinə nail olması və şəriət qanunlarını anlayıb əməl eləməsi kimi məsələlər ağılın dindəki yeri və dəyərini bariz göstərir.

Bununla yanaşı, gözlə görünən şeylərin, qulaqla eşidilən səslərin dərk edilməsində əsas faktor ağıldır. Ancaq ağılın da müəyyən sərhədləri var. O (ağıl) əldə elədiyi biliyi, məlumatı şəriət süzgəcindən keçirməsə, yanılması qaçılmazdır. Ona görə də ağıla öz dəyəri qədər əhəmiyyət vermək lazımdır. Digər tərəfdən, ağılın öz funksiyalarını icra etməsinə mane olsanız, qurduğunuz mexanizm və ya sistemin bir tərəfi iflic olar. Nəticə etibrailə, belə bir sistemin öz funksiyasını yerinə yetirməsi mümkünsüz olur. Qaz pedalı çatışmayan bir maşın bütün hissələri yerində olsa da, hərəkət etmədiyi kimi, insanın qurduğu sistemin əsasını təşkil edən ağıl da öz funksiyasını yerinə yetirmədikdə ümumi sistem çökür.

Vicdan

Bu sistemin bir sütunu isə vicdandır. Həzrəti Pirin sözü ilə desək, vicdanın dörd rüknü – hiss, iradə, şüur və lətifeyi-rəbbaniyə vardır (Bədiüzzamn, “Xütbeyi-Şamiyə haqqında”, s.131). Ləyetifeyi-rəbbaniyyənin də “sirr”, – Allah bilir – ilahi sifətlərə aid “xafi” və Zati-Üluhiyyəti axtarma yolu sayılan “əxfa” cəhətləri var. Bizim kimi ümmilərin bu məsələlərdən bixəbər olması bu məfhumların və məqamların olmaması mənasına gəlmir. Çünki bu məqamlara yüksələn insanların mənəvi təcrübələri buna sübut təşkil edir.

Vicdan mexanizmini meydana gətirən bütün bu ünsürlərin birləşməsi, birgə fəaliyyət göstərməsi nəticəsində Həzrəti Prin diqqətə çatdırdığı “həds” hasil olur (Bax: “Sözlər”, s. 188 (On beşinci söz, ikinci pillə)). Buna batini seziş, batini təhlil və batini süzgəc də demək mümküdür. İnsan xarici aləmdən qəbul elədiyi informasiyaları bununla süzgəcdən keçirir, bundan sonra əşya və hadisələri düzgün qavrayır. Amma bu vicdan ünsürlərinin biri öz funksiyasını yerinə yetirməzsə, vicdan lazımınca işləyə bilməz. İnsan mahiyyətinin mühüm ünsürü sayılan vicdanı sıradan çıxarsanız, insan adlı məxluq iflic olar. Bu vəziyyətdə nə insanın skeletinin, nə fiziki quruluşunun, nə üz cizgilərinin, nə göz, qulaq, dil, dodaq, burun gözəlliyinin əhəmiyyəti qalmaz.

Ruh

Ruh da bu sirli “orqanizmin” mühüm əsaslarından biridir. Ruh bir sistem kimi lətifeyi-rəbbaniyyənin fövqündə dayanır. Övliyalar seyrü-süluqi-ruhanidə ruha gedən yolun lətifeyi-rəbbaniyədən başladığını bildirmişlər. Ruh ilahidir. Ruh Allah-taalanın ilahi nəfəsi, üluhiyyət aləmindən bizə göndərilən bir ərməğandır. Bizi onun vasitəsilə hiss edir, onun vasitəsilə tanıyır, onun vasitəsilə görür və bizə vasitəsilə nəzarət edirlər. O, Allahın bir əmanətidir. Bu səbəbdən lətifeyi-rəbbaniyyədən ruh aləminə qədəm qoymaq Allahın əmanətinə − ilahi nəfəsə ehtiramın bir ifadəsidir. Ruh eyni zamanda bir məqam sayılır. Onun ilahi mahiyyətini ancaq bu məqama yüksələnlər hiss edə bilir. Lətifeyi-rəbaniyəyə yüksəlmək təqdirəşayan bir məqam olsa da, orada əməkləyən və ruh aləminə qədəm qoya bilməyən insanlar ilahilikdən çox şey duya bilməzlər.

Cism

Bunlara bir də insanın maddi varlığını, yəni cismini əlavə edirik. İnsanın mənəvi yönünü təşkil edən ağıl, vicdan, qəlb və ruh kimi sistemlər mühüm əhəmiyyət daşıdığı kimi, onun maddi yönünü təşkil edən cismin də özünəxas önəmi var. Əvvəla übudiyyət, namaz, oruc və həcc kimi ibadətlər bu sistemin düzgün işləməsindən asılıdır. Biz namazın, Allah hüzurunda əmrə-müntəzir dayanmağın, qiraətin və s. nə hasil etdiyini və hansı nəticələr doğuracağını bilmirik. Hədislərdən öyrənirik ki, layiqincə qılınmayan namazı axirətdə insanın üzünə çırpacaqlar; əksinə şərt və rüknlərinə riayət edilərək qılınan namaz sahibinə dost olacaq, onu bərzəx aləmində tək qoymayacaq (Bax: Əhməd İbn Hənbəl, “əl-Müsnəd”, 6/352; Əbdürrəzzaq, “əl-Müsnəd”, 3/56).

Digər tərəfdən siz namazla yanaşı, digər ibadətləri də yerinə yetirməklə cisminizi tərbiyə edirsiniz. İbadətlərin insan fiziologiyasına və anatomiyasına bəzi faydaları ola bilər, ancaq onlar bu faydalarına görə yerinə yetirilmir. Əksinə ibadətlər insanın Cənnətə layiq olması, Cənnətin əbədi həyatına qovuşması, Röyətullahı görməklə şərəflənməsi və Allahın rizasını qazanması üçün əmr edilmişdir. Yəni namaz, oruc və zəkat kimi ibadətlər dünyada bəzi faydalar ehtiva etsə də, nəfsin tərbiyəsində mühüm rol oynasa da, əsil nəticəsi axirətdə veriləcək.

İnsana axirətdə bu gözəlliklərə nail olmaq üçün verilən cism, vücud Allahın ən böyük nemətlərindən biridir. Vücudun bir nemət kimi vurğulanması ilk dəfə Həzrət Adəmdən (aleyhissalam) başlanmışdır. Allah-taala mələklərə Həzrət Adəmə səcdə etməyi əmr eləmiş, İblisdən başqa bütün mələklər əmrə itaət etmişlər (Bax: “Bəqərə” surəsi, 2/34). İblis isə qürur, kibir və eqoist hislərə qapılaraq səcdə etməmişdir. Ruhanilər və mələklər isə insandakı hikməti görmüş, əmrə itaətin əhəmiyyətini anlamış və səcdəyə qapanmışlar. Bu, Allahın Həzrəti Adəmin vücuduna qarşı ruhlarda meydana gətirdiyi ehtiram hissidir. Təkrar edirəm, əgər Allahdan başqasına səcdə etmək caiz olsa idi, insana səcdə edərdilər. Çünki o, batini və zahiri mahiyyət etibarilə mükəmməl varlıqdır.

Mələklər əmrə itaətin əhəmiyyətini anlayır, ilahi sirləri bilir və bir anda min yerdə görünə bilirlər. Ancaq onlar maddi aləmin xüsusiyyətlərini tam anlaya bilmirlər. Məhz bu səbəbdən insan kimi bir varlığın yaradılışına təəəccüb etmiş və “Orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” (“Bəqərə” surəsi, 2/30) demişdilər. Çünki insan şəhvət, eqoizm, təkəbbür, qəzəb hislərindən ibarət rasional varlıq olub günaha meyilli məxluqdur. Ancaq bütün bu hisləri cilovlasa, bir göz qırpımında Allahın məqbul, məhbub və mahmud bəndəsinə çevrilə bilir. Yəni Allah bu nisbi sifətlərlə xeyir yaradır. Demək ki, mələklər insanın bu cəhətini bilmirdilər. İnsanın maddi-mənəvi yönü və bu cəhətlərin əlaqəsi elə ülvi mahiyyətə sahibdir ki, kitablarla izaha sığmaz.

İslamın əsl mahiyyətini anlamaq, yaşamaq və anlatmaq bu sistemin bütöv şəkildə yerli-yerində istifadəsindən asılıdır. Bəli, ağıl, vicdan, ruh və cism hansı məqsədlə yaradılıbsa, böyüklərin sözləri ilə desək, “mə xuliqə ləh”, yəni o yaradılış qayəsinə uyğun istifadə edilməlidir. Çünki insan bu ünsürlərdən birinə etinasızlıq edərsə, öhdəsinə götürdüyü vəzifə və missiyanı layiqincə yerinə yetirə bilməz.