Elm haqqında

Müsbət elmlərin ilhada (dinsizlik) səbəb olacağından qorxaraq, onlardan uzaq qalmaq bir uşaqlıq; onları tamamilə dinə, imana zidd görərək elmlərin inkarına səbəb saymaq da bir qərəzli baxışın nəticəsi və cəhalətdir.

* * *

Elmlər səadətimizi zəmanət altına alıb bizi insanlığa yüksəltdiyi nisbətdə faydalıdır. Əksinə, bəşər övladına qorxulu yuxular yaşadan elm və texnologiya yolumuzu kəsmiş bir cadugər və şeytandır.

* * *

XX əsrin əvvəllərində elmi ilahlaşdıraraq hər şeyi ona qurban verən bir qisim səthi dünyagörüşlü materialistlərə qarşı çağın böyük elm xadimlərindən biri: "Dinsiz elm kor, elmsiz din də topaldır",- deyərək, bütün əsri bürüyən qorxunc həzəyana ən incə şəkildə etiraz edirdi. Görəsən, dövrümüzün həm kor, həm də topallarına şahid olsa idi, nə deyərdi!

* * *

Müsbət elmlərin heç bir şey olmadığını iddia etmək cahillik və təssübkeşlik; onun xaricində hər şeyi rədd etmək, gülünc bir fanatizm; qazandığı hər yeni biliklə hələ bilmədiyi nə qədər məlumatın olduğunu dərk və qəbul isə bir elmi zehniyyət və düşüncə istiqamətidir.

* * *

Elm və texnalogiya insana xidmət edir və ondan qorxmaq üçün ciddi heç bir səbəb də mövcud deyildir. Təhlükə elmilikdə və elmə görə bir dünya qurmaqda da deyil. Əsl təhlükə cahillikdə, şüursuzluqda və məsuliyyətdən qaçmaqdadır.