Nifaq

İnsanın inanmadığı halda özünü inanan kimi göstərməsi, əqidə və düşüncədə inkarçı ola-ola fərqli bir davranış və qənaət nümayiş etdirməsi, vəziyyətə görə hərəkət edib daim ikiüzlülük etməsi nifaqdır (münafiqlikdir) ki, bu, fərdi, ictimai riyakarlıq və ruh xəstəliyidir. Bu xəstəliyə "yoluxan" mürai[1] və münafiq hər yerdə bir cildə girər və bu rəngarəng hərəkətlərlə bir neçə həyatı birdən yaşar. Münafiqin həqiqi rənginin nə olduğunu, hansı düşüncə və qənaət daşıdığını başa düşmək çox çətin, hətta qeyri-mümkündür. O, qəbul etmədiyi insanları, "o biriləri" bildiyi, demək olar, hər kəsə qarşı düşmənçilik hissi bəslər.. onlar haqqında gizli-aşkar pislik düşünər. Amma bu duyğularını həmişə büruzə verməz; lazım gəldikdə həqiqi hislərini gizləyərək onların düşüncə və qənaətlərinə sayğılı görünər.. onlara qarşı olduqca yumşaq davranar.. və özünü onlardan biri kimi göstərər. Ancaq o, daxilən həmişə gur-gur guruldayar və xəyali rəqiblərinə qarşı neçə-neçə planlar qurar.. qurar və özünə düşmən saydığı zümrə və ya insanlar dara düşəndə dərhal əsl niyyətini ortaya qoyar. Sonra da insanların "hüsnü-zənn"lə taybatay açdığı qapılardan içəri girib ağıla-xəyala sığmayan hər cür pisliyə əl atar. Din və iman düşmənlərinin diyanətə və müqəddəs dəyərlərə açıq-aşkar və aramsız hücumları müqabilində çox vaxt dini, milli və vətənə aid dəyərlərə sayğılı görünərək daim iman əhlini aldatmağa çalışar.. daim hiyləgərlik edər və - dəbdə olan bir ifadə ilə desək - "təqiyə" edər, lazım gəlsə, hər kəsə dostcasına qucaq açar, amma əlinə fürsət düşən kimi arxadan xəncər saplamaqdan da çəkinməz.

Münafiq yalan danışar, bu gün vəfalı olmağa söz verər, səhəri gün sözündən dönər, sizin etimad və güvəninizə xəyanətlə cavab verər və daim ən xəbis düşmənçilik hislərini dostanə rəftara bürüyərək icra edər. Beləliklə də, o, din, iman və Qurana düşmən olan münkirdən daha təhlükəlidir; təhlükəlidir, çünki özünü sizinlə həmfikir göstərib düşmənçiliyə qarşı tədbir və təyəqqüz hisslərinizi arxayın edərək yanınıza qədər soxular, üzünüzə gülər, əlinə fürsət keçincə də ilan kimi sizi sancar, sinsi əqrəb kimi zəhərləyər.

Münafiq heç nəyə inanmadığı halda, vəziyyətə görə "Allaha və axirətə səmimi qəlbdən inanıram" deyib özünə mömin "bəzəyi" vurar və həmişə iman əhlini aldatmağa çalışar. Ancaq aldatmaq üçün göstərdiyi hər cəhddə aldanan əslində özüdür, çünki mömin fərasətlidir, imanın nuru sayəsində hər şeyi doğru görər, düzgün dərk edər... "Bəli, əhli-iman nə qədər ami (avam) və cahil də olsa, ağlı dərk etməsə də, qəlbi belə xudfüruş (özünü bəyənən, təkkübürlü) adamlarla üzləşəndə onları soyuq qarşılar və onlara nifrət edər" (Məktubat). Qurani-Kərim bir yerdə öz-özünü aldadan bu tip insanları belə təsvir edir: "İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha və qiyamət gününə iman gətirdik," - deyirlər. Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar" ("Bəqərə" surəsi, 2/8-9). Yenə də Quranın təsbitinə görə bunlar qəlbi xəstə insanlardır. Hisləri məlul, idrakı əsassız, şüuru qapalı, iradəsi də nəfsani təmayüllərinin əmrindədir. Vicdan mexanizmləri tamamilə iflic olan bu insanlar tutulduqları xəstəliyə o qədər uyğunlaşıblar ki, onları müalicə etmək istəsəniz, əks-reaksiya ilə qarşılaşarsınız, dərman uzatsanız yumruq "yeyərsiniz", xilas etmək istəsəniz, təhqirə məruz qalarsınız...

Münafiqlə qarşılaşsanız, bəzən özünüzü mülhid[2] və münkirlə, zaman-zaman da mütərəddid və müğalitəçi[3] ilə üz-üzə gəlmiş sanar, ürkərsiniz. Bu xəstəlik bəzən onda elə nəhəng şübhə, tərəddüd və təlaşa çevrilib büruzə verər ki, bundan ürpərməmək qeyri-mümkündür. Bu xəstə ruh daim dəhşətli qorxu ilə sarsılar; çox vaxt da özünə qapanaraq xəyali düşmənlər icad edər və onlar qarşısında tir-tir titrəyər. O, bəzən hər səsdən, hər sözdən diksinər, hər hərəkəti əleyhinə təcavüz, hər tərpənişi basqın sayar və bar-bar bağırıb qiyamət qoparar. Bu tip insanların belə qəribə görünüşü və ruh haləti Qurani-Kərimdə təsvir edilir: "(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və möminlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər!" ("Munafiqun" surəsi, 63/4). Bəzən də o, bir orada, bir burada olma təlaşı içində sürəkli qərarsız hərəkət edər, tərəddüdlərlə dolub-boşalar, hər şeyə və hər kəsə başqa gözlə baxar, heç nəyə və heç kəsə etibar etməz. Belə hallarda əgər güclü-qüvvətlidirsə, rəqib saydığı cəbhəni həm özünün, həm sistemin, həm də bütün bəşəriyyətin düşməni elan edər.. və öz qorxuları ilə, ehtimalları ilə məhkuma çevirdiyi bu xəyali cəbhənin dərhal axırına çıxmaq istər: haray salar, böhtan atar, məhkəməsiz edam qərarı çıxarar. Media gücü varsa, o ipə-sapa yatmaz vahimə və qorxuları ilə həftələrlə, hətta aylarla cəmiyyəti məşğul edər, elə məşğul edər ki, kütlələr artıq başqa bir şey düşünməzlər. Əgər gücsüzdürsə və bunları etməyə imkanı  yoxdursa, vəhmin bağrında bəsləyib böyütdüyü o düşmən cəbhəsi qarşısında riyadan yaltaqlığa, yaltaqlıqdan da yalana qədər hər cür mələnətə baş vurar, daim ikiüzlülük edər - bir neçə üzlülük də deyə bilərik - və xəyalında qurduğu vəhmi cəbhələr arasında gedib-gələr, bir yerdə qərar tuta bilməz, hər kəsə bir üz göstərər və tipik bir üzsüzlük örnəyi nümayiş etdirər. İlahi Bəyanda münafiqin bu istiqrarsızlığı (qərarsızlığı) isə bu cür əksini tapır: "(Münafiqlər imanla küfr arasında) tərəddüd edib nə (tamamilə) bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol (nicat yolu) tapa bilməzsən!" ("Nisa" surəsi, 4/142).

Münafiqə görə, yeganə düz adam özüdür, yeganə doğru düşüncə də onun düşüncəsidir. Bəli, münafiqə görə, doğrunun yeganə miqyası onun əyri kriteriyaları, müşəvvəş[4] şüuru, əndazəsiz idrakı və həmin aldadıcı hisləridir. Varlığı və varlığın pərdə arxasını bu ruh haləti ilə dəyərləndirən - xüsusilə, "tamaşa edən" demirəm - belə bir xəstə ruhun gözündə hər şey mahiyyətindən olduqca fərqlidir və demək olar, hər kəs də potensial qorxunc düşməndir. Bəli, bütün fiziki aləm və onun metafizik yönü; yer-göy, ay-günəş, ulduzlar-nebulalar, dağlar-dərələr, düzənliklər-obalar, bağlar-bağçalar, canlılar-cansızlar, insanlar və heyvanlar onun nəzərində qapqara bir fonda yalançı işıqlar, tük ürpərdən şəkillər və ruhları dəhşətə gətirən mənzərələrdən başqa bir şey deyildir. O, ruhundakı mərəz, məzacındakı inhiraf ucbatından  afaqi-ənfüsi[5] bütün hadisələri, sisli-dumanlı, tozlu-torpaqlı görər: belə ki, onun o zülmət düşüncə qaranlığında bəzən iman və imanın vəd etdiyi gözəlliklərdən, Allahla insanın Xaliq-məxluq münasibətlərindən, ruhun əbədiyyət arzusu və üqba mülahizələrindən ya əsər-əlamət görünməz, ya da bütün bunlar onun vicdanını  bürüyən sis və dumandan qətiyyən olduğu kimi hiss olunmaz. Bəzən də o, iradi olaraq bunları hiss etməmək üçün özünü kef-damağın, eyş-işrət, əyləncə və oyunun ağuşuna atar və qapılarını bütün dərin insani keyfiyyətlərin üzünə bağlamaq istər; istər və dalar cismani zövqü-səfaya, şəhvətə, həvaya (həvəsə) və ən dərin yuxulara.. sonra da qaçar ağlın önünə sərdiyi həqiqətlərdən, məntiqli istidlal[6] və istinbatlardan[7]. Vəhimlə oturub-durar.. yersiz qorxularla yaşar.. və bu öldürücü kabusdan qurtulmağı da əsla düşünməz, düşünə bilməz.

Münafiqin gözündə insanı ucaldan həqiqi dəyərlərin və insan oğlunun Haqq nəzdində mövqeyinin heç bir əhəmiyyəti yoxdur. Onun üçün yalnız zövqü-səfa və cismani arzular var: O, yaşamaq üçün yaşayar.. ən qiymətli sərmayə olan ömrünü nəfsani istəklərin torunda keçirər.. ömrü yolda tapılan əşya kimi yeyib bitirər.. ölümü və axirəti əsla düşünməz.. əbədilik vəhmi ilə dayanmadan arzulara can atar.. aldığı zövqün bulanmasından, bulandırılmasından olduqca narahat olar.. və aramsız kefdən-kefə, nəşədən-nəşəyə özünü atar, lakin reallıqların bir gün tuli-əməllərini qidalandıran vəhmi yırtacağı əndişəsi ilə tir-tir əsər.

Münafiq özü kimi düşünməyənləri axmaq və beyinsiz sayar və əlindən gəldiyi qədər onlardan uzaq olmağa çalışar. Qanuni - qeyri-qanuni hər yola əl atar; çalıb-çapar.. haram-halala baxmadan yeyər-içər; sonra da yıxılıb yan üstə yatar, ancaq cismi üçün də olsa, bu qədər nemətlərlə özünü tanıtmaq istəyən Zatı bir dəfə də xatırlamaz; Onu tanımağı, xatırlamağı və Ona təşəkkür etməyi əsla düşünməz, ya da düşünə bilməz.. münafiq varlıq -əşya - Yaradan mövzusunda əsassız yolda olduğu kimi, insanlarla münasibətdə də olduqca eqoist, xudkam və nəfspərəstdir. Mənfəət və mənafeyinə ziyan dəyər deyə bəzən eyni yolda gedən hər kəsi, hətta ən yaxınlarını belə düşmən sayar.. və dərhal onlara qarşı döyüş vəziyyətini alar; "Hərb hiylədir" mülahizəsi ilə intriqa düzəldər.. sui-qəsddən sui-qəsdə can atar.. rəqib və düşmən elan etdiyi insanları aldatmağa çalışar.. yalan, böhtan, təzvir[8] kimi qeyri-insani hər bir yola əl atar.. və sona çatdıra bilməyəcəyini anlayan kimi taktikasını dəyişər və onlardan biri kimi görünməyə çalışar.. möminlər arasına girər.. özünə onlardan daha yaxşı bir mömin bəzəyi vurar və onlarla olduğu müddət ayrı düşməməyə, fərqli düşünməməyə diqqət yetirər.. hətta onlarda müsbət hislər oyadar. İnkarçıların yanına dönəndə də küfrünü açıq-aşkar elan edərək onları geridə qoyar.. xülasə o, hər şəraitdə başqa bir görünüş, fərqli bir düşüncə ilə rəngdən-rəngə, cilddən-cildə girər. Onun bu davranışları ilə bağlı Quranın təsbiti belədir:

"Onlar möminlərlə qarşılaşdıqları zaman: "Biz də (sizin kimi) iman gətirdik", - deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: "Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik",  - deyirlər." ("Bəqərə" surəsi, 2/14).

Bəli, münafiq bu halı ilə heç vaxt mahiyyətinə dönə bilməz, sabit şəxsiyyət ola bilməz və bəzi cin və şeytanlar kimi, hər an başqa bir cildə girib insanların qarşısına çıxar. O, müxtəlif anlayışlarla ömür sürdüyünə görə, demək olar ki, hər cəbhəyə həm yaxın, həm də uzaq olmağa və iki cəbhə arasında ortaq bir nöqtə tapıb orada dayanmağa çalışar. Bəzən də belə bir müştərək nöqtə tapma təlaşı ilə ora-bura vurnuxar.. sezilmək əndişəsi ilə qorxu keçirər və daim ləngər vurar. Belə bir səciyyəsizlik yaşana-yaşana zaman keçdikcə onun mahiyyətinə hopar, daha doğrusu, onda ikinci bir xarakterə çevrilər.

Əslində, hər bir insan təbiət etibarilə - bir hədisdə bildirildiyi kimi, - imana, etiqada meyilli və "insanı-kamil" olmağa müstəid (İslami fitrətdə) dünyaya gəlir; onun mənfi və müsbət istiqamətdə formalaşmasını isə böyük nisbətdə ana-ata və ya ictimai mühit müəyyənləşdirir. O, bu iki güclü amillə ya "alayi-illiyyin"ə, ya da bu qədər mükəmməl xilqətinə baxmayaraq üzü üstə "əsfəli-safilin"ə yuvarlanır. Əsfəli-safilinə yuvarlanma inancsızlıqdan, imanla bağlı şübhə və tərəddüdlərdən, Allahdan qafil olmaqdan, məna və metafizik mülahizələrdən uzaqlıqdan, bir qisim əxlaqi zəifliklərdən və cismani arzulara  məğlub olmaqdan qaynaqlanmaqdadır. Bu səbəb və amilləri artıra da bilərik. Ancaq əlavəyə ehtiyac yoxdur, bunlar elə güclü xəstəlik amilidir ki, təkbaşına belə insanı, insanları uçuruma yuvarlaya bilər və belə bir virus daşıyan insanın davam gətirməsi də çox çətindir. Bunların hamısı ilə yaralanmış və sarsılmış bir ruhun qurtulması isə qeyri-mümkündür. Gün gələr, bu talesiz insan qətiyyətini tamam itirər.. özündən uzaqlaşar.. vicdanı ilə zidd düşər.. imandan və imana aid şeylərdən sıxılar.. dindən diyanətdən ürkər.. kitaba şübhə ilə baxar.. həqiqəti göstərən dəlil və bürhanlardan qaçar.. hər gün başqa həyat yaşamağa başlar.. "Dünən dünən idi, gəlib keçdi; bu gün bu gündür kef elə; sabah isə arzularına bax və heç nə düşünmə" deyə hər şeyi yaşanan ana fəda edib hüdudsuzu məhdudlaşdıraraq və genişi daraldaraq zamanzədə (vaxtın qənimi) kimi ömür sürər.

Münafiq nə toplumun islahını düşünər, nə də səlaha maraq göstərər; o, şəxsi mənafe və xoşbəxtlikdən - ona da xoşbəxtlik demək mümkünsə - başqa heç bir şeyə əhəmiyyət verməz və gözü heç bir insani dəyəri görməz; bəli o, başqalarını düşünməz.. birgə yaşayışı bilməz.. bölüşməkdən uzaq qaçar.. fədakarlıqdan heç anlamaz.. fəzilətə istehza ilə baxar.. və başqalarını yaşatma hissini axmaqlıq sayar.. hətta bəzən başqalarının səadətindən narahat da olar və onların pisliyini istəyər.. onlar haqqında daim fitnə-fəsad düşünər, fəsad törətməyə can atar.. və ona tərs gələn hər şeyə və hər kəsə olduqca amansız və imansız hücumlar edər.. ona "insan kimi davran, ətrafı yerlə-yeksan etmə" deyəndə də bir diyərqəm (fədakar) islahçı kimi haray salıb "səlah insanı" olduğunu hayqırar. Onun bu ikiüzlülüyünü isə Quran belə təsvir edər: "Onlara: "Yer üzündə (küfr və günah işlədərək, möminləri aldadaraq) fəsad törətməyin!" - dedikdə: "Bizim işimiz ancaq yaxşılıq etməkdir", - deyə cavab verirlər" ("Bəqərə" surəsi, 2/11). Belə deyər, fəsadı da, səlahı da təhrif edərək demaqoqluğa baş vurar. Əslində bütün hərəkətlərini öz mənafeyinə uyğun tənzimləyən bu xəstə ruhlar mənfəət çərçivəsində olan hər şeyi səlah, əksini də fitnə-fəsad sayarlar.

Bəli, münafiq bütün işlərini şəxsi mənafeyi üçün görər. Mənafe tələb edərsə, hər cür təxribatçı ilə razılığa gələ, münkir və mülhidlərə arxa çıxa bilər və bir müfsid, bir anarxist kimi hərəkət etməkdə də əsla qəbahət görməz. Onlar hər məsələyə nəfsanilik yönündən baxar, hər şeyi eqoizm "tərəzisi" ilə çəkərlər. Onların ölçüləri xarab, meyarları nataraz, kriteriyaları da yanlışdır; ağı qara görər, gözələ çirkin deyər, işığa söyər, nura müharibə elan edər və hər məsələdə asan yola - təxribata əl atmaqla güclü görünməyə çalışarlar. Əslində münafiqlər arasında möhkəm birlik də yoxdur, amma doğrunu əyri, əyrini doğru görmə, münkəri[9] məruf[10], mərufu da münkər sayma və əhli imana qarşı kin bəsləmə xisləti müvəqqəti də olsa, onları bir araya gətirə bilir. Ancaq bu birlik qəlb birliyi deyildir, əksinə onlar duyğu və düşüncədə daim dağınıqdırlar.

Münafiqlərin iman, əmniyyət, təvəkkül və təslimiyyət mövzularında ziddiyyətləri digər təzadlarından fərqlənmir. Onlara "iman" deyəndə, "Bu axmaqların inandığı kimi inanacağıq?" deyərlər. Açıq-aydın görünür ki, bu cavabla müsəlmanlara istehza edirlər. Ancaq bu cavabla özləri üçün daha fərqli bir inanc sistemi ola biləcəyini vurğulamaq istəyirlər: Bəli onlar "ziyalı" insanlardır, buna görə də onların imanı, dini və İslam anlayışı da "fərqli" olmalıdır. Onlar "həqiqi dindar", dinin əmrlərini ciddiyyətlə yerinə yetirənlər isə dinçi - nə mənaya gəlirsə?! - onlar "səmimi", hər işdə Allahın xoşnudluğunu düşünənlər isə istismarçıdırlar. Beləliklə, onlar dini və İslami anlayışda qətiyyən başqaları ilə eyni səviyyədə ola bilməzlər. Belə bir bərabərlik onlar üçün züll (alçaqlıq, zəlillik), onların müasir "kasta" anlayışına görə də təhqirdir. Doğrusu bunların, imanla, təvəkküllə, təslimiyyətlə heç bir əlaqəsi yoxdur, amma açıq-aşkar "inanmırıq" deməyə cəsarətləri çatmadığına görə bu kimi demaqoqluğa əl atırlar.

Xülasə, münafiqlər güc-qüvvə əldə edib fürsət tapan kimi açıq-aşkar milli və dini dəyərlərə müharibə elan edərlər. Zəifləyəndə və ya toplumun əks-reaksiyasına tuş gəlmə ehtimalı olanda bir tərəfdən ağla-xəyala gəlməz sui-qəsdlərlə düşmənçiliyi davam etdirər, digər tərəfdən də, imandan, İslamiyyətdən dəm vuraraq dinin istismar edilməsinin "dərdini çəkər" və "Biz də möminik, özü də həqiqi mömin" deməkdən çəkinməzlər. Ancaq bu davranışlar da uzun çəkməz. "Məsləkdaşları" ilə baş-başa qalan kimi də "Biz əslində sizin tərəfinizdəyik, inananları məsxərəyə qoyurduq" - bu da Quranın təsbitidir - deyib işin içindən çıxarlar.

Quran nifaq istiqaməti mövzusuna daha geniş yer verir. Ancaq hələlik belə bir məqalənin çərçivəsinə sadiq qalaraq ondan (Qurandan) çox az istifadə etdik. Küfr kimi nifaqı da hərtərəfli izah etmək üçün cildlərlə kitaba ehtiyac var. Onu da mütəxəssislər edə bilər.


[1] Riyakar

[2] Dindən dönən

[3] Lazımsız, boş danışan

[4] Qarışıq

[5] Kainata, xarici aləmə və daxili, nəfsə aid, obyektiv-subyektiv

[6] Dəlillər əsasında nəticə çıxarmaq

[7] İş və sözlərdən incə mənalar çıxarmaq

[8] Yalanı bəzədib-düzədib söyləmə

[9] Şəriətin qəbul etmədiyi şeylər

[10] Şəriətin qəbul etdiyi şeylər