Təbliğ

Peyğəmbərlərin üçüncü vəsfi təbliğdir. Siz buna İslam həqiqətini təbliğ etmə və ya "əmri-bil-məruf nəhyi-anil-münkər" də deyə bilərsiniz ki, bununla nəticə dəyişmir, peyğəmbərliyə aid o uca vəsfi ifadə etmiş olursunuz.

Təbliğ hər peyğəmbərin yaradılış qayəsidir. Təbliğ olmasaydı, peyğəmbərlərin göndərilişi də mənasız və əbəs olardı. Allah (c.c.) insanlara lütf və kərəmini peyğəmbərlərlə canlandırmış və onların həyatı ilə rəhman və rəhimliyini təcəlli etdirmişdir. Bunun digər insanlarda əks etdirilməsi isə ancaq təbliğlə mümkündür.

Necə ki, Allah (c.c.) hər gün təbəssüm edən günəşi səmamıza yüksəltməklə bizə rəhmaniliyinin bir cilvəsini göstərir. O günəş ki, isidiləsi şeylər üçün bir soba, bişiriləsi şeylər üçün bir ocaq və rəngarəng gözəlliklərin çöhrəsində bir fırça vəzifəsini icra edir. Eləcə də böyük peyğəmbərlər də günəş kimi Allahın rəhmaniyyət və rəhimiyyətini göstərir. Onlar və xüsusilə, haqqında وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ "Səni də (Ya Rəsulum!) aləmlərə ancaq bir rəhmət ola­raq göndərdik" (Ənbiya surəsi, 21/107) buyurulan Həzrət Məhəmməd Mustafa (s.a.s.) insanlar arasında Allahın rəhmaniyyət və rəhimiyyətinin təm­silçisidir, yəni O gəlməsəydi və digər peyğəmbərlərin davasını təzələməsəydi, biz Allahın rəhmətinə, mərhəmətinə nail ola bilməyəcəkdik. Çünki cəhalətin, küfrün və zəlalətin vəhşi çöllərində kimsəsiz və çaş-baş qalar, nə edəcəyimizi bilməzdik.

Bəşəriyyət zülmət içində qıvrılanda Peyğəmbərimizin nəfəsində digər peyğəmbərlərin həyat gətirən nəfəsini hiss etdi. O, nəfəsi hiss edən kimi özünü min bir baharla bəzənmiş Cənnət bağçasında gördü. Yoxsa zülmətdən, kimsəsizlikdən dəli olub öləcəkdi.

Bəli, biz kimik? Haradan gəlir və hara gedirik? Bu müdhiş suallar daima bir beynimizi didəcəkdi. Və cavab tapa bilməyəcək və bu ağrını bir ömür boyu çəkməyə məcbur olacaqdıq. Hələ qəbirdə çürümüş sümüklər. Onları xəyalən gördükcə ürpərəcək və içimizi qapqaranlıq qorxu bürüyəcəkdi və üstəlik də yoxluq, yox olma düşüncəsi və hər an yoxluğa yaxınlaşma əndişəsi həyatı zəhər edəcəkdi.

Peyğəmbərlər gəldilər, bizə həyatın qayəsini və ölümün həqiqətini öyrətdilər. Bununla anladıq ki, dünyaya gəlişdə bir qayə, dünyadan gedişdə bir hikmət varmış. Ölüm yoxluq və heçlik deyil, sadəcə məkanı dəyişmək və vəzifədən tərxis edilməkmiş. Qəbir isə axirət aləminə açılan bir qapı və bir gözləmə salonuymuş. Biz bunları peyğəmbərlərdən eşidincə təlaşdan, əndişədən əsər əlamət qalmadı, hər şey dosta çevrildi. Qəlbimizi və zehnimizi dolduran narahatlıq və qorxu silinib getdi, yerinə ülfət və sevinc gəldi.

Peyğəmbərlər məhz bizə bu və bu kimi bəyanlar gətirmişlər. Və bu bəyanları bizə təbliğ etmək onların yaradılış qayəsdir. Biz təbliğ vəzifəsini bir haqq və zərurət kimi görür və yerinə yetiririk. Peyğəmbərlər isə onu həyata gəliş qayəsi və hikmət şüuru ilə edirlər. Və deyirlər:

"Allah bizi dünyaya başqa bir məqsəd üçün deyil, insanların sağ-sol, ön-arxa, alt və üstünü bürüyən qaranlıqları işıqlandırmaq üçün göndərmişdir. Onlar da bu işıqlı yolda azmadan addımlaya bilsinlər. Hətta şeytan heç bir yerdən yol tapıb onların ruhuna sıza bilməsin, onlar da bu uzun səfəri yarı yolda qalmadan başa vursunlar."

Bəli, yenə təkrar edirəm: Biz təbliği bir vəzifə kimi icra edirik, peyğəmbərlər isə yaradılışlarının qayəsi kimi yerinə yetirirlər.