Ön söz

XXI yüzillik analoqu olmayan böhranlar əsrinə çevrildi. Bir tərəfdə ömrünü zorakılıq və dağıdıcı fəaliyyətlərə həsr edənlər, digər tərəfdə – Allaha şükür – onlara dialoq və anlayışın faydalarını müdafiə edərək cavab verənlər. 2001-ci ildə baş vermiş 11 Sentyabr hadisələri bu vəziyyətin əhəmiyyətini göstərməkdədir. O gün baş verən hadisələr və daha sonra terrora qarşı başlayan mübarizə lokal və qlobal toplumların mənzərəsini dəyişdi. Təyyarə qaçıran 19 nəfər XXI əsrin ən böyük paradokslarından birinin meydana gəlməsinə səbəb oldu: sülh dini olduğunu elan edən İslam indi ölüm və xaosla əlaqələndirilir.

Təəssüf ki, həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar İslam haqqında kifayət qədər məlumata malik deyil. İslamı anlamaq ehtiyacı indi universitetlərimizin humanitar fakültələrinin çərçivəsini aşır və hər bir evə qədər uzanır. 57 İslam ölkəsinin müsəlman əhalisi müntəzəm olaraq artır və son hesablamalara görə, dünyada müsəlmanların sayı 1,4 milyard nəfərə çatıb. Ən azı bir müsəlman ölkənin nüvə silahı var. Bu ölkələrin bir çoxu terrora qarşı mübarizədə ya ABŞ-ın yaxın müttəfiqi, ya da düşmənidir. Müsəlmanlar dünyanın müəyyən bir bölgəsində təcrid edilmiş vəziyyətdə yaşamır. Yəni 7 milyon müsəlman Amerikada, milyonlarla müsəlman isə Avropada yaşayır. ABŞ-ın “axtarışda olanlar” siyahısın­da əsas terrorçular müsəlmanlar olduğu kimi, Onun terrora qarşı mübarizədə başlıca müttəfiqləri – Pakistanın dövlət başçısı Pərviz Müşərrəf, Əfqanıstan dövlət başçısı Karzai və İordaniya Kralı Abdullah da müsəlmandır. Bu səbəbdən əgər amansız düşmənləriniz və yaxın müttəfiqləriniz müsəlmandırsa, deməli, İslamı anlamağa başlamağınız şərtdir.

Bunu təmin etmək üçün qlobal cəmiyyəti təşkil edən bizlər dinlərimiz arasında istər süni, istərsə də gerçək qarşıdurmaların öhdəsindən dialoq və tolerantlıqla gəlməliyik. Dr. Cill Karrollun bu əsəri – “Mədəniyyətlər Dialoqu” dialoq metodunu müdafiə edir və mən də bu yolu bütün səmimiyyətimlə dəstəkləyirəm. Dr. Karroll M. Fəthullah Gülənin İslam fəlsəfəsi haqqında görüşlərini işıqlandırıb bizə təqdim etməklə böyük bir işə imza atmışdır. Gülən böyük sufi türk lideridir və 30 ildir dinlərarası dialoqun öndəri olaraq: “Dialoq lüzumsuz bir cəhd deyil, bir zərurətdir...” – deyir. Dialoq müsəlmanların dünyanı daha əmin-aman və daha təhlükəsiz bir məkana çevirmə istiqamətində əsas vəzifələrindən biridir. Bəşəriyyətin mənəvi liderlərə ehtiyac duyduğu bir dövrdə Fəthullah Güləndə belə bir liderin xüsusiyyətlərini görürük. Gülən həyatının yetkinlik dövrünü müsəlmanların və ümumiyyətlə, bəşəriyyətin fəryad və ağısına, inanc və istəklərinə tərcüman olmaqla keçirdi. 1960-cı illərin sonlarından etibarən böyük bir qeyri-dövlət hərəkatının ilham mənbəyi oldu. Bu hərəkat o tarixdən inkişaf edib genişlənərək ictimai həyatın bir çox yönünü əhatə etdi. Bir su­fi müsəlman ziyalı və alim olaraq Gülən milyonlarla insana – müsəlman və qeyri-müsəlman fərqi qoymadan, – xidmət etmə məsələsində ilham qaynağı oldu.

Dr. Cill Karroll bu əsərdə Gülənin fikirləri və təlimi ilə beş böyük filosofun ümumi humanist fikirləri arasında mətn dialoqu quraraq bu dialoq ənənəsini davam etdirir: İmmanuel Kant, Konfutsi, Con Stüart Mill, Jan Pol Sartr və Platon. Dr. Karroll yalnız Gülənin təlimlərini əks etdirən bir anlayış ortaya qoymaqla kifayətlənmir, eyni zamanda bizə XXI əsrdə hava-su kimi ehtiyac olan dialoqun modelini təqdim edir. Dialoqun bu növündə tamam fərqli düşüncə və fikirlərin analiz olunma üsulu, dialoqa cəlb edilmə metodu rasional düşüncəni hərəkətə gətirir.

Bu mətn dialoqunu tərtib etməkdə, araşdırmaqda Dr. Karroll qədər yetkin mütəxəssis yoxdur. O, Rays Universiteti Dini Tolerantlığın Araşdırılması və İnkişaf Etdirilməsi Boniuk Mərkəzinin rəhbəri olmaqla yanaşı, Gülənin fikirləri haqqında tez-tez çıxışlar edən və araşdırmalar aparan bir tədqiqatçı olaraq Gülənin təlimləri haqqında aktual anlayışa sahibdir. Karrollun bu anlayışını humanitar elmlər və müqayisəli din üzrə əvvəlki təcrübələri ilə birləşdirməklə din fəlsəfəsi sahəsində əldə etdiyi nailiyyətlər bu tədqiqatın əhəmiyyətini daha da artırır. Dr. Karroll Gülən hərəkatının İslami ideal və prinsiplərini geniş elmi ictimaiyyətə təqdim etmək üçün çoxlu səy göstərdi. Onun tolerantlıq və dialoq ideallarına bağlılığına 2006-cı ildə Oklahoma Universitetində keçirilən və mənim də məruzəçi qismində iştirak etmək şərəfinə nail olduğum “Müa­sir dünyada İslam: düşüncə və praktikada Gülən hərəkatı” adlı beynəlxalq konfransda mühazirə söyləyərkən şahid oldum.

2006-cı ilin yazında Brukinqs İnstitutuna aid “Qloballaşma dövründə İslam” adlı araşdırma layihəsinin icrası çərçivəsində 9 İslam ölkəsini gəzdim. Bu səyahətlərimizdə mən və araşdırma heyətim Fəthullah Gülənin insanlara necə böyük təsir etdiyini gördük. Müsəlmanların “təfəkkür strukturunu” anlamaq üçün fərdi suallardan ibarət bir anket sorğusu tərtib etdik. Sorğunun məqsədi Müsəlmanların Qərb və qloballaşma ilə bağlı reaksiyalarını, fikirlərini müəyyənləşdirmək idi. Məlumdur ki, İslamın ətrafına hasarlar hörmək, onu hər şeyin, xüsusilə də, Qərbin təsirindən xilas etmək istəyən insanlar da var. Bu fikir İslam dünyasının hər yerində sürətlə yayılır və rəğbətlə qarşılanır. Halbuki Türkiyədə ən məşhur çağdaş rol və modeli Fəthullah Gülən təmsil edir. Bu, bizə Gülənin intellektual hərəkatının əhəmiyyətini və eyni zamanda İslam dünyasında getdikcə daha çox tərəfdar toplayan “təcridedici” fikirlərlə mübarizədə bir qüvvə kimi potensialını göstərdi.

Gülən hərəkatının sərhədləri və təsir dairəsi son 30 ildə qat-qat artdı. İndi bu hərəkat Türkiyə daxilində və xaricində yüzlərlə müasir tipli məktəbi, bir neçə universiteti, bir media şəbəkəsini (iki televiziya kanalı, bir həftəlik xəbər jurnalı və bir çoxtirajlı gündəlik qəzet) və ticarət müəssisələrini əhatə edir. Hərəkat siyasi deyil, sosial və mənəviyyat yönümlü bir hərəkat kimi inkişaf etdi. Sosial islahatçı olan Gülən biliyi mənəvi dəyərlərlə birləşdirən yeni bir təhsil modelini ortaya qoydu. Bu yolla o, müasirliklə təzad təşkil etməyən İslami orta yolu tapa bildi. Gülənə görə, millətlərin gerçək məqsədi əxlaqi davranışlar yolu ilə fərdlər “mədəniyyəti” qurmaq və cəmiyyəti ye­ni­dən canlandırmaqdır.

Gülən daha çox Mövlana Cəlaləddin Ruminin əsərləri və fikirlərindən, eləcə də onun Haqqa xidmət, insana sevgi və xidmət çağırışlarından ilham alır. Əsərləri təkcə İslam dünyasında deyil, eyni zamanda Amerikada da çox satılan mütəfəkkirlərdən olan Rumi intellektual aspektdən və mənəvi yöndən Gülən hərəkatına zəmin hazırlamışdır. Bu iki mütəfəkkir ömrünü təsəvvüfün düzgün anlaşılmasına, qavranılmasına  həsr etmişdir. Gülən Rumini böyük ehtiramla yad edir. Onun fikrincə, Rumi “ənənəvi sufilərin zənn etdiyi kimi bir mürid, dərviş, təmsilçi və ya bir mürşid deyildir. O, Quran, sünnət və imanı istinad nöqtəsi kimi götürən, ictihadla­ rəngləndirən yeni bir metod irəli sürdü. Yeni bir səs və nəfəs gətirərək müasirlərini və gələcək nəsilləri yeni ilahi tablonu hazırlamağa müvəffəqiyyətlə yönəltdi”.

Gülən bizim “həyat”, “dəyərlər” və “ədalətli bir toplumun fərdi olma” kimi problemlərimizə dəqiq elmlər və müqəddəslik arasındakı zahiri fərqləri uzlaşdırma yolu ilə cavab tapmağa kömək edir. Əsərlərində və nitqlərində bu günün  təzadlarından, dilemmalarından çıxış yolu axtaranlara yol göstərir. O, deyir ki, məsələləri zorakılıqla həll etmək dövrü artıq geridə qalıb və öz üslubumuzu başqa insanlara qəbul etdirmək üçün yeganə yolumuz ağıla və məntiqə uyğun müzakirələr aparmaqdır. Toplumlar ancaq əməkdaşlıq və qarşılıqlı hörmət anlayışı ilə əmin-amanlıq şəraitində birlikdə varlığını qoruya bilər. Get-gedə kiçilən dünyada artıq bunu öyrənməyin zamanı çatmışdır. Mədəni və dini adət-ənənələrə qarşılıqlı hörmət göstərmək zərurət halına gəlmişdir. Bu səbəbdən hərtərəfli qarşılıqlı anlayış və dinlərarası dialoq prosesini başlatmaq zəruridir. 11 Sentyabr hadisələrindən sonra həqiqi və süni “qarşıdurmalar” dünyasında Gülən hərəkatına qoşulan milyonlarla insan barışa və tolerantlığa gedən yolda bizə mənəvi və praktiki bələdçilik edir. Ən məşhur müsəlman liderlərinin ixtilaf və qarşıdurmalardan danışdığı bir dünyada Gülən bizə bütün dinlərin mənsublarını “ilahi masaya” dəvət edən “yeni bir səs” təqdim edir. Biz onun ideya rəhbərliyi ilə elə bir dünya qura bilərik ki, orada ilk müraciət edilən yol dialoq, son variant isə mübahisə olsun. Dr. Karroll yazdığı bu əsərlə təkcə Gülənin prinsipləri və təlimi ilə bağlı məlumatlarımızı zənginləşdirmir, eyni zamanda diqqətimizi bu gün böyük əhəmiy­yət daşıyan bir fəlsəfi hərəkata yönəldir.

Dinlərarası Dialoq İnstitutunun rəhbəri Məhəmməd Çətinə Qərb və İslam dünyası arasında dialoq və qarşılıqlı anlayışa təşviq baxımından mühüm əhəmiyyət kəsb edən bu fəaliyyəti başlatdığına görə minnətdarlığımı bildirməklə yanaşı, ön sözü hazırlayarkən göstərdiyi köməyə və dialoqa xidmətlərinə görə David Montezə təşəkkürümü ərz edirəm. Dinlərarası dialoqun aktiv iştirakçısı olaraq, bu təhlükəli dövrdə dialoq və şəfqətə daha çox ehtiyac olduğunu görürəm. Aktiv bir universitet professoru olaraq, auditoriyalarda dialoqun gücünə və dünyagörüşlərini necə dəyişdirməsinə bütün çılpaqlığı ilə şahidəm. Bir ata və baba olaraq dialoqun həyati ehtiyac olduğunu şəxsən çiyinlərimdə hiss edirəm. Körpülər qurmaq övladlarımızın təhlükəsizliyini təmin etmək üçün həyati əhəmiyyət daşıyır. Dialoq və qarşılıqlı anlayış artıq boş vaxtları intellektual dəyərləndirmək üçün məşğuliyyət deyil, XXI əsrdə var ola bilməyimizin zəruri şərtlərindən biridir.

Prof. Əkbər Əhməd
Vaşinqton Amerikan Universiteti
İbn Haldun adına İslam Araşdırmaları Kafedrasının müdiri