İzmir

İzmir, Xoca Əfəndinin Ədirnədə torpağa saçdığı toxumların çiçək açdığı yerə çevrilir. Sonrakı illərdə bütün dünyaya yayılacaq fəaliyyətlərin təməli İzmirdə qoyulmuşdu.

Xoca Əfəndi İzmirdə İmam Xətib Liseyinin tələbələrinin qaldığı Kestanepazarı yataqxanasına idarəçi təyin olunur. Bundan əlavə Ege bölgəsində mütəmadi olaraq vəz verməyə davam edilir. Kestanepazarı yataqxanasına müdir təyin olunarkən Xoca Əfəndi hələ 27 yaşında idi. Köhnə işçilər ilk başda bu gənc idarəçini qəbul etməkdə çətinlik çəkirlər. Lakin Xoca Əfəndi nizam-intizama verdiyi böyük əhəmiyyət sayəsində qısa müddətdə yataqxananı nizama salmağa nail olur. Eyni zamanda onun həm elmi ilə, həm də əxlaqı ilə fərqli bir insan olduğu aydın olur. Belə ki, yata­q­xananın İdarə Heyətinin Sədri Əli Rza Güvən bəy bir gün Xoca Əfəndinin gənc olmasından gileylənənləri bir yerə yığaraq:

- Bu xoca buranın yeməyini belə yemir. Əgər onu narahat edə biləcək hər hansı bir davranışa yol versəniz, sizi buradan qovaram, -deyərək Xoca Əfəndinin dini həssaslığından və savadından söz açır.

Bundan sonra zorla da olsa ona qarşı çıxmaq istəyənlər səsini çıxara bilmir. Xoca Əfəndi gündə yalnız iki saat yataraq, qalan vaxtlarda tələbələrinə daima elm və əxlaq dərsləri verməyə çalışırdı. Gecə tələbələr yatdıqdan sonra, bütün yataqxanaları gəzər və üstüaçıq tələbələrin üstünü örtərdi.

Xoca Əfəndi öz varlığını tamamilə İslami fəaliyyətlərə həsr etmişdi. Yataqxanada idarəçi olmağına baxmayaraq:

- Buraya gələn çörək, ərzaq tələbələrin haqqıdır, mənim yeməyim doğru olmaz, -deyərək, yataqxanada yediyi yeməklərin və çörəklərin pulunu ödəyir.

Yataqxanada dəstəmaz aldığı suyun belə pulunu ödəyən Xoca Əfəndi üçün yataqxanaya gəl­dikdən bir müddət sonra, yata­q­­xananın bağçasında iki kvadrat metrlik taxtadan otaq tikilir. Suyu belə olmayan bu daxmanı çox sevən Xoca Əfəndi yataqxananın imkanlarından istifadə etmədiyi üçün özünü çox rahat hiss edir.

Verdiyi dərslərin tələbələri üzərində dərin təsiri olur. Hər gecə olduğu kimi, bir gecə də tələbələrini yoxlamaq üçün ya­taq­xananı gəzirdi. Birdən özünü çarpayının ayağına bağlamış bir tələbəsini görür.

- Bu saatda burada nə edirsən? -deyə soruşduqda, tələbəsi:

- Əfəndim, gündüz anlatdıq­larınız mənə çox təsir etdi. Onları düşünürdüm. Gecə olduğu üçün yuxum gəlməsin deyə belə etdim, -deyir.

O, təkcə dərs verdiyi tələbələr üzərində deyil, vəz etdiyi camaat üzərində də böyük təsir oyandırmışdı. Onun vəzini dinləyən hər kəs:

- Bu təzə imamda bir qeyri-adilik var. Heç kimə bənzəmir, -deyərək çaşqınlıq və heyranlığını dilə gətirirdi.

Cahid Ərdoğan, sevdiyi və önəm verdiyi vaizlərin vəzlərini kasetə yazaraq çoxaldan və xeyriyyə məqsədi ilə insanlara paylayan izmirli bir xeyirxah insan idi. Xoca Əfəndi İzmirə gəlib ilk vəzini verəcəyi zaman Cahid Ərdoğan:

- Hələ bir gedək qulaq asaq. Əgər kasetə yazmağa dəyərsə, bundan sonrakı vəzlərini yazarıq, -deyərək Xoca Əfəndini dinləməyə gedir.

Ancaq yanına səs yazma cihazını götürmür. Xoca Əfəndi vəzinə başlayır. Vəzi dinləyən Cahid Ərdoğan heyrət içində qalır. Dinlədiyi vəzdəki səmimiyyət, xitabətin gücü və elmin dərinliyi ona çox təsir edir. Səs yazma cihazını götürmədiyi üçün çox peşman olur. Onun bundan sonrakı bütün vəz­lərini kasetə yazacağını öz-özünə söz verir.

Cahid Ərdoğan, o günlərdə Bədiuzzaman Səid Nursi Həzrətlərinin tələbələrindən Əhməd Feyzi Qula Xoca Əfəndidən bəhs edir və birlikdə vəzini dinləməyi təklif edir. Ancaq Əhməd Feyzi Qul hər xətibi asanlıqla bəyənən insan deyildi. O özü də bir alim idi. Odur ki:

- Sən get, mən gəlməyəcəyəm, -deyərək təklifi qəbul etmir. Lakin Cahid Ərdoğan Xoca Əfəndinin fərqli biri olduğunu bildiyi üçün onu aparmaqda təkid edir.

- Əhməd Feyzi ağabəy, bu Xoca Əfəndi sizin bildiyiniz xocalardan deyil. Dinlədiyiniz zaman bunu siz özünüz də hiss edəcəksiniz, -deyərək onu inandırır.

İkisi bir yerdə Xoca Əfəndini dinləməyə gedirlər. Xoca Əfəndi əvvəlcə vəz verir, sonra da namazı qıldırır. Namazdan sonra Əhməd Feyzi Qul Xoca Əfəndi ilə qucaqlaşıb görüşür. Daha sonra isə Cahid Ərdoğana tərəf əyilərək:

- Sən haqlı idin, bu heç kimə bənzəmir. Xitabəti ilə, səmimiyyəti ilə, elmi ilə, həqiqətən, fərqli insandır, -deyərək heyranlığını ifadə edir.

Xoca Əfəndi tələbələrə yalnız məktəb vaxtı deyil, eyni zamanda yay mövsümündə də sahib çıxmağın vacibliyinə inanır. Buna görə də, yay aylarında tələbələr üçün həm dərslərinə, həm də mənəviyyatlarına dəstək verəcək mahiyyətdə düşərgələr təşkil etməyi planlaşdırır. Ətrafındakılara:

- Tələbələr yay aylarında vaxtlarını boş keçirməsinlər. Dərslərində zəif olanlara, əlavə məşğələyə ehtiyacı olanlara kömək etmək lazımdır. Bundan əlavə, tədris müddəti ərzində əldə etdikləri mənəvi xüsusiyyətlərini tətil vaxtında itirmə ehtimalları var. Buna görə də, onlara həm dərslərində kömək edə biləcəyimiz, həm də mənəviyyatlarını yüksəldib əxlaqlarını qoruya biləcəyimiz yay düşərgələri təşkil etməliyik -deyərək, düşüncələrini dilə gətirir .

Lakin bu təklif, indiyə kimi tətbiq olunan metodlardan fərqli idi. Odur ki, bir çox insan:

- Bu günə kimi belə bir metodu heç vaxt təcrübədən keçirmədik. Şəhər kənarında düşərgə təşkil etmək və bu qədər tələbənin qala biləcəyi yer hazırlamaq olduqca çətin məsələdir. Biz tələblərimizlə elə əvvəlki metodlarla məşğul olaq -deyərək Xoca Əfəndiyə etiraz edirlər.

Nəhayət, Xoca Əfəndi bu mövzudakı düşüncələrini daha geniş şəkildə izah edir. Bəzi çətinliklərin ola biləcəyini, lakin birlikdə əl-ələ verərək bu çətinliklərin öhdəsindən gəlməyin mümkün olduğunu söyləyir. Yalnız bundan sonra düşərgə fikrinə müsbət baxmayanlar məsələyə ciddi yanaşır və min-bir çətinliklə yay düşərgələri hazırlanır.

Xoca Əfəndi gənc nəslə sahib çıxmaq üçün gecə-gündüz çalı­şır­dı. Onun yeganə dərdi gənc nəslin imansızlıq ba­taqlığına sü­­rük­­lənib getməsi idi. Xüsusilə, o illərdə bir çox gənc küçələrdə ideoloji müharibə aparır, vətəninə, millətinə, ailəsinə xeyirli bir övlad olmaq yerinə, bəzi xarici ideologiyaların tələsinə düşür­dü. Bu səbəbdən, Xoca Əfəndinin bütün dərdi gəncliyi bu bataqlıqdan qurtarmaq idi.

Düşərgənin qurulmasına qə­rar verilir. Ancaq bu heç də asan d­e­yildi. Hər şeydən əvvəl bu düşər­gənin tələblərini ödəmək üçün xeyli miqdarda pula ehtiyac var idi. Xoca Əfəndi bu maddi qaynağı əldə etmək üçün tanıdığı xeyir­xah iş adamlarına müraciət edir. Onlara təkcə İslamın beş şərtini yerinə yetirməyin yetərli olmadığını, İslam üçün mallarını da fəda etmə­lə­rinin vacibliyini izah edərək təşkil ediləcək düşərgəyə kö­mək­­lik etmələrini xahiş edir. Nəhayət, zəruri olan pul top­lanır və düşərgə İzmirin Buca səm­tində təbiətin qoynunda salınır.

Xoca Əfəndi düşərgənin bütün işlərinə can yandırır. Yeməyini bişirir, generator xarab olanda onu təmir edir, çadırları qururdu... Qısacası, düşərgənin bütün işləri onun üzərinə düşür. O da gecə-gündüz demədən bu işlərin arxasınca gedirdi. Nəticədə hər tərəfində mənəvi havanın əsdiyi düşərgə günləri yaşanır. Belə ki, düşərgəyə baş çəkən Mahmud Mahdum Xoca Əfəndi buradakı ab-hava ilə bağlı:

- Hal-hazırda dünyada ruhaniyyətin bu qədər hakim olduğu başqa bir yer yoxdur. Belə bir həyat bir dəfə Əsri-Səadətdə yaşanmışdı, bir də burada sizlər tərəfindən yaşanır, -şəklində düşüncələrini ifadə edir.

Düşərgədə bir tərəfdən tələbələrə dərslərində köməklik göstərilir, digər tərəfdən isə, idman fəaliyyətləri ilə onların sağılamlığının qayğısına qalınırdı. Bundan başqa, əxlaq dərsləri ilə də, düşərgədə iştirak edən tələbələrin dinlərinə, mənəviyyatlarına, millətlərinə, ana və atalarına qarşı qayğılı övladlar kimi yetişmələrinə səy göstərilirdi.

Xoca Əfəndi gecə-gündüz düşərgənin işləri ilə məşğul olmaqla yanaşı, bəzən İzmirə gələrək vəz də verirdi.

Bütün həyatını İslam dini üçün görülən işlərə həsr edən Xoca Əfəndinin onun şəxsinə yönəlmiş tərif və mədhiyyələrdən heç xoşu gəlmirdi. Bir gün İzmirin yaxınlığındakı bir qəsəbədə vəz verməli idi. Bir neçə tələbəsi ilə birlikdə qəsəbəyə gəlirlər. Avtobusdan endiyi vaxt bələ­diyyənin səsgücləndiricilərindən belə bir elan səslənir:

- Diqqət, diqqət! İzmirin məşhur mərkəz vaizi Fəthullah Gülən Xoca vəz verəcək!

Bu elanı eşidən Xoca Əfəndi, avtobusdan enər-enməz İzmirə gedən avtobusa minir və İzmirə geri qayıdır. O gün o qəsəbədə vəz vermir. Çünkü o, özündən yox, İslamın gözəlliklərindən bəhs edilməsini istəyirdi.

Buna bənzər bir hadisə də, Bursa şəhərində baş verir. Xoca Əfəndi Bursada böyük bir kinoteatr salonunda konfrans keçirirdi. Nitqini bir anda gurultulu alqışlar kəsir. Xoca Əfəndi:

- Rica edirəm, məni bu şəkildə alqışlamayın, -deyərək söhbətinin ortasında və ya sonunda alqışlanmamasını xahiş edir.

Lakin bu xəbərdarlıqdan bir müddət sonra yenə alqış səsləri eşidilir. Xoca Əfəndi sərt baxışları ilə yenidən dinləyicilərə şifahi şəkildə alqışlanmaq istəmədiyini bildirir və söhbətinə davam edir. Ancaq bir müddət sonra yenidən alqış səsləri duyulunca, Xoca Əfəndi:

- Əssələmu aleykum, -deyərək salonu tərk edir.

O, insanların alqışlarla onu təqdir etdiyini düşünürdü. Halbuki, onun arzuladığı şey, insanların onu təqdir etməsi deyil, tam tərsinə, anlatmağa çalışdığı həqiqətləri görmələri və anlamağa çalışmaları idi.

Xoca Əfəndinin həcc ziyarəti də bu dövrə təsadüf edir. Onun Peyğəmbərimizə (s.ə.s.) olan sevgisi tərif edilməz dərəcədədir. O, vəz və söhbətlərində, Əfəndimizin (s.ə.s.) ismini andığı zaman göz yaşlarına hakim ola bilməyəcək dərəcədə Peyğəmbər və səhabə aşiqi olan bir insandır.

Həcc vasitəsilə Əfəndimizin doğulub böyüdüyü və yaşadığı yerləri görmək onun ən böyük arzusu idi. Ancaq maddi imkanları buna imkan vermirdi. Bir gün Kestanepazarında dərs verərkən, tələbələrindən biri:

- Xocam, Həccə getməyi düşünmürsünüzmü? -deyə soruşur. Bu sual Xoca Əfəndinin yarasına sanki duz basır. Ən böyük arzusunu həyata keçirə bilməməyin ağrısı içində göz yaşlarını saxlaya bilmir və ağlamağa başlayır. İçindən:

- Mən hara, oralara getmək hara, -deyə keçirir.

O qədər kədərlənir ki, dərsini bitirə bilmir. Ağlayaraq sinifdən çıxır və otağına gedir. Bu vaxt tələbələrindən biri qapını döyə­rək:

- Xocam, sizə zəng edən var.

Xoca Əfəndi həccə duyduğu həsrətin qəlbində oyandırdığı kədər hissi ilə dəstəyi götürür. Zəng edən Diyanət İşləri Baş­qanı Lütfü Doğan idi. Lütfü Do­ğan Xoca Əfəndiyə:

- Yoldaşlarla qərara gəldik ki, bu il həccə gedən zəvvarların başında üç nəfər nəzarətçi gön­dərək. Bunlardan biri də siz­siniz, deyərək Xoca Əfəndinin illərdir xəyalları ilə yaşadığı və həsrətini çəkdiyi bu arzusunun həyata keçəcəyi müjdəsini verir.

Bu xoş xəbər qarşısında Xoca Əfəndi özünü bir anlıq yuxuda sanır. Ancaq xəbərin həqiqət olduğunu anlayanda Allaha şü­kür edir.

* * *

Xoca Əfəndi hər zaman insanlara İslamı anlatmağın müxtəlif yollarını axtarır. O, insanların müəyyən hissəsinin məscidə gəlmədiyini və əksər vaxtlarını çayxanalarda keçiridiyini görərək buralarda da insanlarla söhbət etməyə və onlara dini anlatmağa başlamışdı. Belə ki, həm özü, həm də tələbələri İzmirdə və Ege bölgəsində onlarla çayxanaya gedərək hər kəslə dini dəyərləri bölüşməyə çalışırdılar.

İlk çayxana söhbətinin isə ayrı bir yeri vardı. Belə ki, Xoca Əfəndi:

- İnsanların mühüm bir hissəsi, ələlxüsus, cavanlar məscidə gəlmir. Vaxtlarının çoxunu çayxanalarda keçirirlər. Biz bu insanların qəlbinə yol tapmalıyıq. Ona görə də çayxa­nalara gedək, söhbət edək, deyə təklif edəndə, ətrafında­kı­lar bu fikri qəbul edir və hansı çayxanadan baş­­­­la­yacaqlarını götür-qoy edirlər.

Nəhayət, İzmirin Mersinli səmtində yerləşən bir çayxa­nadan başlamağa qərar verilir. Əvvəlcə, çayxananın sahibindən icazə alırlar və qərarlaşdırılan axşamı çayxanaya gedirlər. Yanındakı tələbələri və iş adamları:

- Xocam, icazə verin əvvəlcə sizi tanıdaq və təqdim edək, -deyirlər. Lakin Xoca Əfəndi:

- Yox, ehtiyac yoxdur, -deyərək özü ayağa qalxır və çay­xa­nadakılara xitabən:

- Əslində bu iş burada olmazdı, lakin sizlərin məscidə gəlməməyiniz bizi buraya gəlməyə məcbur etdi. Siz müxtəlif səbəblərdən məsciddən və camaatdan uzaqlaş­dırıldınız, biganə qaldınız. Ona görə də, həqiqətləri sizə məsciddə çatdıra bilmirik. Anlada bilmədiyimiz üçün də buraya- sizin hüzurunuza gəldik, -deyərək söhbətə başlayır.

Çayxanada dinə soyuq baxan bəzi insanlar bu vəziyyətdən narahat olmağa başlayır və dodaq altında deyinirlər. Xoca Əfəndi bunlara baxmayaraq, söhbətini davam etdirir. Söhbət dərinləşdikcə bu pıçıltılar da kəsilirdi. Hər kəs heyranlıqla Xoca Əfəndinin söhbətini dinləyirdi. Çünki çayxanada oturanlar indiyə kimi görməyə alışmadıqları bir xoca ilə qarşılaşmışdılar. Ağıllarına gələn bütün sualları verirlər. Xoca Əfəndi isə heç bir sualı ötürmədən hamısına qaneedici cavablar verir. Beləcə söhbət 3 saat yarım davam edir. Heç kimdə bezginlik əlaməti sezilmir. Söhbət qurtardıqdan sonra başda etiraz edənlər də daxil olmaqla hər kəs gələrək:

- Xoca, Allah sizdən razı olsun, bizə çox gözəl şeylərdən danışdınız. Xətalarımızı göstərdiniz, -deyərək təşəkkür edirlər.

Daha sonralar bu insanalrın bir qismi, həyat tərzlərini dəyişir və zamanlarını çayxanalarda boş keçirmək yerinə xeyirli və faydalı işlərlə məşğul olmağa başlayır və ibadətlərini axsatmamağa çalışırlar.

Xoca Əfəndi özünü heç düşünmədən bütün həyatını İslama xidmətə həsr edərkən, bəzi insanların gözü onu götürməməyə başlayır. Ona təzyiq edərək gördüyü xeyirli işlərdən çəkindirməyə çalışırlar. Ancaq Xoca Əfəndi müsəlmanın müsəlman qardaşına layiqsiz söz söyləməsinin düzgün olmadığını düşünərək ona mane olmağa çalışan insanlara qarşı səbirli davranır. Bununla bərabər ona qarşı aparılan amansız təqib o həddə çatır ki, artıq çox sevdiyi Kestanepazarında və bütün dünyasını sığdırdığı kiçik daxmasında qalması qeyri-mümkün olur. Bu zaman, xeyirxah iş adamlarının köməyi ilə yenə İzmirdə özəl bir tələbə yataq­xa­nası açılır. Xoca Əfəndi bu yataqxanada qalan gənclərə sahib çıxır.

Bu ayrılıq ilk baxışda Xoca Əfəndi üçün bir rahatlıq kimi görünsə də vəfa hissləri ilə dolub daşan bir insan kimi eyni zamanda ona böyük hüzn (üzüntü) verir. Xoca Əfəndinin qəlbi qısa bir müddət də olsa qaldığı hər yerə isinişər və oradan ayrılmaq ona çox ağır gələrdi. Hətta bir gün bir yerə gedərkən yanındakılarla birlikdə bir ağacın altında oturub dincəlirlər. Daha sonra qalxaraq yollarına davam edirlər. Geri qayıdarkən də eyni ağacın yanına çatdıqda Xoca Əfən­di ətrafdakılara:

- Bu ağacın altında bir az dayanaq, -deyərək maşını saxladır.

Yanındakılarla birlikdə yenə o ağacın yanına gedərək kölgəsində bir müddət dayanır. Bunun səbəbini:

- Biz gedərkən bu ağacın altında dayandıq. O bizə budaqları ilə kölgə oldu və bizi günəşdən qorudu. Qayıdarkən biz onun altnda durmaqla təşəkkür etməzsək, olmaz -şəklində izah edərək qısa müddət də olsa kölgə salan ağaca qarşı duyduğu vəfa hissini dilə gətirir.

O, bəzi dostlarından cəfa çəksə də, onların vəfasız­lıqlarına şahid olsa da onlara qarşı əsla vəfasızlıq etmədi. Bir dəfə Xoca Əfəndinin köhnə dostlarından biri ona qarşı vəfasızlıq edir, tələbələrindən biri bu insanın etdiyi etiba­r­sız­lığı heç cür başa düşmədiyini və bir insanın öz dostuna qarşı necə bivəfa ola biləcəyini söyləyir. Bu dəyərləndirməyə qarşı Xoca Əfəndi:

- Elə deməkdənsə, çoxlu dua edək. Cənab-ı Haqq heç kimi azdırmasın. Qəlblərimizi onun yolundan ayırmasın. Hamımıza hidayət versin və həqiqəti göstərsin. Çünki onların da axirətini düşünmək bizim vəzifəmizdir, -deyərək könül dünyasında vəfa düyğusunun nə qədər əhəmiyyətli olduğunu ifadə edir.

Məhz belə bir mənəviyyata sahib olan Xoca Əfəndi üçün həyatının altı ilini keçirdiyi Kestanepazarından ayrılmaq çox çətin idi. Belə ki, ona ünvanlanan:

- Əfəndim, Kestanepazarının həyatınızda tutduğu yerə dair nələr söyləyə bilərsiniz? sualının cavabında duyğularını belə dilə gətirmişdi:

- Kestanepazarını çox sevmişdim. Oradan ayrılmaq haqqında heç düşünmürdüm. Buraya o qədər bağlanmışdım ki, hətta məzarımın bu binanın bir küncünə qazılmasını istəyirdim. Hətta özüm də bilmədən o dövrün baş nazirinə bir dəfə bir yaxşılıq etmişdim. Partiya mənsubları daha sonra mənə yüksək bir vəzifə təklif etdilər. Mən isə heç firikləşmədən bu təklifi rədd etdim. Çünkü ən böyük arzum, Kestanepazarının bir yerində dəfn olunmaq və məzarımdan tələbələrin səs-küyünü dinləmək idi. Bəli, dünyada ən böyük arzum bu idi.

Qısa zamanda tələbələrinin də könlündə taxt quran Xoca Əfəndinin oradan ayrılması onları da çox üzür. Çünkü Xoca Əfəndinin getməsi ilə, onlar, sadəcə olaraq, bir ida­rəçilərini yox, onlara atalıq, analıq edən, onların hər dərdi ilə məşğul olan, gecələr qalxıb üstlərini örtən, onlara gözəl əxlaqı və elmi öyrədən, qısacası, onların şəxsiyyətini formalaşdıran və dünyalarını gözəlləşdirən bir insanı itirdiklərinin fərqində idilər. Ona görə də o gedəndə:

- Bizi kimə qoyub gedirsiniz? -deyərək sanki onun getməsi ilə yetim qalacaqlarını dilə gətirirlər.

Xoca Əfəndi gənc nəsli imansızlıq xəstəliyinə sürükləyən bütün yolları bağlamaq və onları xeyirli işlərə sövq etmək əzmində idi.

1960 – 70-ci illərdə gəncliyi zəhərləyən və ona Uca Allahı inkar etdirən cərəyanlardan ən təsirlisi Darvinizm idi.

Darvinizm o illərdə məktəblərdə bir elmi həqiqət kimi təd­ris olunur və media tərəfindən də təbliğ edilirdi. İslamın yaradılış anlayışına zidd olan və əslində elmi baxımdan da doğru olmayan bu anlayışa qarşı müsəlman cəbhəsindən etiraz səsləri kifayət qədər ucalmırdı. Lakin Xoca Əfəndi gəncliyin imanını sarsıda biləcək bütün amillərin ortadan qalxmasını istəyirdi. Bu səbəbdən Darvinizmlə əlaqəli böyük bir konfrans təşkil edir. Bu konfransda şəxsən özü biologiya sahəsinə aid bu mövzunu həm dini, həm də elmi nöqteyi nəzərdən çox rahat və inandırıcı bir tərzdə elə izah edir ki, bir çox gənc üçün kabus halını alan Darvinizm onların gözündə bir anda heçə enir. Xoca Əfəndinin bu konfrans boyunca verdiyi məlumatlar hər kəsi heyran qoyur. Çünkü malik olduğu biliklər yalnız tibb və biologiya sahəsinin mütəxəssislərindən gözləniləcək səviyyədə idi.

Xoca Əfəndi İzmirdə olduğu bu dönəmdə bir yandan gecə-gündüz demədən İslama xidmət etmək üçün çırpınır, digər yandan da xəstəlikləri ilə mübarizə aparırdı. Belə ki, sağ ayağında meydana gələn ağrılar artıq dözülməz hal alır və o, həkimə müraciət etməli olur. Təbiətcə çox sərt olan bu həkim müayinə zamanı ayağını çox incidir.

Eyni xəstəlik səbəbilə bir müddət sonra başqa bir xəstə­xa­naya gedirlər. Ayağını müayinə edən həkimlər öz ara­larında söhbət edir və ayağın kəsilmə ehtimalından bəhs edirlər. Bu söhbəti eşidən Xoca Əfəndi öz-özünə:

- Fəthullah, indiyə kimi iki ayağın var idi və Allahın bəxş etdiyi bu iki ayağı istifadə edirdin. Ya Rəbbim, bundan sonra sənə tək ayaqla qulluq edərəm. Sənə həmd olsun, -deyə halını Allaha ərz edir.

O, bu sözləri ilə başına nə gəlirsə gəlsin, Allaha şükür etdiyini və heç bir şeyin Allahın iradəsi xaricində olmadığını ifadə edirdi.