Əlsiz, Dilsiz və Könülsüz (Zəruri xəbərdarlıq)
Sual əvəzi: (Bu söhbətin birinci hissəsi) indiyə qədər haqsız tənqid və hücumlara "Sükutun harayı" ilə cavab verməyi üstün tutan Möhtərəm F. Gülənin get-gedə artan ittiham, böhtan və insafsız qaralama kampaniyalarına cavab verməsini istəyən dostlarına xitabən etdiyi zəruri xəbərdarlıqdır.
- Həqiqi mömin yaxşı əməllərini dərhal unudar və onları nisyana (unutmağa) məhkum edər, pisliklərə gəlincə üstündən yetmiş il keçsə də, ən kiçiyini belə unutmaz, hər dəfə xatırlayanda cinayət işləmiş kimi özünü günahkar hiss edər və tövbə hissi ilə Allaha yönələr. (01:08)
- Bizim bir neçə əsrdir qəbahətimiz dünyanı öz duyğu və düşüncəmizdən məhrum qoymaqdır. Hazırda müəyyən fəaliyyətlər həyata keçirilir, lakin onlarda da özümüzü nümayiş etdirir və məsələyə populist yanaşırıqsa, onun da təsiri və bərəkəti qalmaz. Nə bilmək olar, bəlkə də bəzi insanların əks reaksiya verməsi, sizə görə çox gözəl olan şeylərə şübhə ilə yanaşması, daim yumruq göstərməsi və okeanları aşacaq şəkildə üzünüzə şillə endirməsi gördüyünüz işlərin hər zərrəsinin Allah üçün olmamasından qaynaqlanır. (02:35)
- Dünənə qədər hücumlar daha az idi, “hizmət” kiçik idi və gözə ilişmirdi, bu səbəbdən də çox gözə dəymir, qısqanclıq və həsədə səbəb olmurdu. O günlərdə sizi məhəllə gözətçisi ilə izləyir, sizə o qədər dəyər verir, o qədər mane olmağa çalışırdılar. Gün gəldi daha da ciddi təqib etməyə başladılar. Ancaq bu gün isə məsələni beynəlxalq sevrislərə həvalə etdilər. İndi bir yerdə bir fitnə törədir və sonra da onu hər vasitədən istifadə edərək dünyanın hər tərəfinə yayırlar. (06:30)
- Qloballaşan dünyanın demək olar, hər yerindən yüksələn gur sədaya çevrilmədikcə, olduğunuz yeri belə sizə haram edərlər. Səsinizi, nəfəsinizi dünya miqyaslı bir xora və millətinizi də hər yerdə sevilən bir topluma çevirməlisiniz. Yəni dünyanın bir yerində sizə vurulan bir çırtmaya bütün dünyanın inləməsini təmin etməlisiniz. (10:25)
- Siz boy atıb böyüdükcə və bütün dünyada hüsnü-qəbul (müsbət qarşılandıqca) gördükcə, qısqanclıq cəbhəsinin də böyüyəcəyini ağılınızdan çıxarmamalısınız. Bu, yaxın dairədə özünü rəqabət şəklində büruzə verər.. müsəlmanlığı həzm edə bilməyənlərdə həsəd və qısqanclığa səbəb olar.. sizi, dəyərlərinizi heç vaxt qəbul etməyən insanlarda da kin, nifrət, təcavüz və düşmənçilik hislərini körüklər. (11:22)
- İnsafsızcasına qaralama, ləkələmə, böhtan və hücumlara qarşı biz ancaq qanuni müdafiəyə baş vura bilər, təshih (düzəliş), tövzih (izahat) və təkzib edə bilərik, əgər pisliyindən əl çəkməyən olsa, məhkəməyə verib təzminat istəyərik. Bunlar qanuni haqlarımızdır, ancaq heç vaxt onlar kimi təcavüzkarlıq etmərik. Yumruğa yumruqla cavab vermərik. Onlar "Bir yumruq da oradakına (okeanın o tayındakına) vuraq!" desələr də, biz onlara eyni cür cavab verə bilmərik. (14:15)
- Madam ki, məsələyə insanlıq konseptində yanaşırıq, elə isə Yunusun sözləri ilə “döyənə əlsiz, söyənə dilsiz və könülsüz” yaşamağa məcburuq. Başqaları bizimlə insan kimi rəftar etməsə belə, biz əsla müqabileyi-bilmisil (bir hərəkətə eyni şəkildə cavab vermək) düşüncəsində olmamalı, məruz qaldığımız bir pisliyə eyni pisliklə cavab verməyi ağılımızdan da keçirməməli və nəyin bahasına olur-olsun müsəlmana xas xarakteri ortaya qoymalıyıq. (15:29)
- Yumruq göstərənlər ağıl insanı deyil, ruh insanı deyil, qəlb insanı deyillər, onlar insani dəyərlərini təzyiq altına alıb məhkum ediblər. Belələri öz təbiətlərini ortaya qoyaraq kinə, nifrətə, təcavüzkarlığa və yumruğa əl ata bilərlər. Lakin siz də öz xarakterinizi ortaya qoymalı, olsa-olsa onlara acımalısınız, amma qətiyyən eyni ilə cavab verməməlisiniz. (16:45)
- Ən çətin günlərdə, amansız düşmənçilik edənlər haqqında belə lənətə, bədduaya "amin" demədik, heç kimə lənət oxumadıq. Bəlkə də, onlara ən ağır cavabımız Allaha həvalə etmək oldu. Həvalə etmək "Allahım, Sən bilən məsləhətdir, Sən nə diləyirsənsə, onu et!" deməkdir. O ki qaldı, mən həvalə etməyi belə Allahdan hidayət umma alternativi ilə dilə gətirdim ömrüm boyu. Hələ də: "Allahım, hidayət murad etdiyinə hidayət ver, onların gözlərini də aç, həqiqəti görsünlər, qəlblərini sevgi ilə doldur. Yox əgər muradın bu deyilsə, Sənə həvalə edirəm, nə diləyirsən, et!" deyirəm. (17:45)
- Altmışıncı illərdən bu yana hər zərbədə mən bir mənada əzildim. Hələ əsgərliyə getməmişdən qabaq amansızcasına əzildiyim kimi, əsgərlikdə də tırtılların altında qaldım. 12 Martda, 12 Sentyabrda, 28 Fevralda həmişə tırtılların altında qaldım. On ilə yaxındır ki, burada yaşamağa məcburam. Ölkəmin bir ovuc torpağına canımı əlli dəfə fəda edərəm, amma mən burada həsrət çəkirəm. Lakin bunu mənə rəva görən təcavüzkar güclərin təmsilçilərinə də, onları təhrik edənlərə də, mediada onların hislərinə tərcüman olanlara da, heç vaxt "Allah cəhənnəmə atsın, Allah cəzasını versin" demədim. Bəlkə, şərtli həvalələrlə "Allahım, Sən Ərhamurrahiminsən, nə olar, rəhmaniyyət və rəhimiyyətinlə onlara da bir qapı aç, Sənin əngin rəhmətini görsünlər!" dedim. (18:35)
- Gələcəkdə kin, nifrət və ədavət daha da artacaq. Sizin qəlbinizdə də şəfqət, mərhəmət, sevgi və insanlara qucaq açma hissi daha da qüvvətlənəcək. Siz də Həzrəti Mövlana kimi, hər kəsə qollarınızı açacaqsınız. Bir adam Mövlana Cəlaləddin Rumi həzrətlərinə: "Xain, alçaq.. sən Xristianlara belə əl uzadır, günah işləyənlərə "gəl" deyirsən. Bununla sən İslamın şərəfini ayaq altına salır, dinin izzətinə xələl gətirirsən" deyə bir kitablıq təhqir yağdırır. Həzrəti Mövlana isə ona təkcə "Sən də gəl, sənə də ürəyimi açıram!" deməklə kifayətlənir. (20:27)
Sual: İsrarla edilən dualara baxmayaraq, şəxsi dərdlər dərmansız qalanda "Dua duanı kəsməz!" yanaşması ilə təsəlli tapırıq. Bu mülahizə bir millət, toplum və ya hərəkatla bağlı olan xroniki problemlərdə də keçərlidirmi? Minlərlə dillə niyaz (dua) edilməsinə, səbəblərin yerinə yetirilməsinə baxmayaraq bəzi yerlərdə müşkül məsələlərin öz həllini tapmamasında hansı hikmətlər ola bilər? (21:35)
- Dua səbəblərfövqü bir diləyin Haqq Təalaya ərz edilməsi və Haqqın gizli-açıq hər şeyə nigəhban (baxan, nəzarət edən) olmasına inamın da elanıdır. (22:15)
- Həzrəti Sadiqu-Məsduq Peyğəmbərimiz, "Allah-Təala nə dediyini bilməyən insanın qafilanə və qeyri-ciddi duasını qəbul etməz!" buyurmuşdur. (22:40)
- Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Peyğəmbərimiz belə buyurmuşdur: "Bir qul əllərini qaldırıb Allahdan bir şey diləsə – tələsmədiyi müddətcə – mütləq duasına cavab verilər". Peyğəmbərimiz "Tələsmək necə olur, ya Rəsulullah?" sualını da belə izah edir: "Dua etdim, etdim, qəbul olmadı" deyərək (duadan imtina edər), bax bu, düzgün deyil, dua qəbul olunana qədər israrla edilməlidir". Bəli, Allah Rəsulu (əleyhissalatu vəssalam) "şəksiz-şübhəsiz, qəbul ediləcəyinə tam əmin olmaqla" dua etməyi tövsiyə etmişdir. (25:16)
- Həzrəti Ustad deyir ki: "Otuz-qırx ildir ki, bel ağrısına dua edib şəfa diləyirdim. Başa düşdüm ki, xəstəlik dua üçün verilibmiş. Dua ilə dua uzaqlaşa, yəni dua öz-özünü uzaqlaşdıra bilməz, bundan anladım ki, duanın nəticəsi üxrəvidir (axirətə aiddir), həm də bir növ ibadətdir, (insan) xəstəliklə acizliyini anlayıb İlahi dərgaha sığınır. Ona görə də otuz ildir şəfa duası etdiyim halda duam zahirən qəbul olmadı deyə, duanı tərk etmək qəlbimə gəlmədi. Üstəlik dua istədiyimiz şəkildə qəbul olunmazsa, “qəbul olunmadı” demək olmaz. Xaliqi-Hakim daha yaxşı bilir, bizə nə xeyirlidirsə, onu verir. Bəzən dünyaya aid dualarımızın üzünü xeyrimiz üçün axirətə çevirir, bu cür qəbul edir". (26:40)
- Mümkünsə, toplu şəkildə dua etmək lazımdır. (27:28)
- Qulun Haqq Təalaya ən yaxın yeri səcdədir. "Baş-ayaq eyni yerdə, öpər alını səccadə / Budur, insanı yaxınlığa aparan caddə..!" Səcdə eyni zamanda mütləq qəbul olunacaq duaların məkanıdır. (28:10)
- Həzrəti Sadiqu-Məsduq Peyğəmbərimiz, "Ən sürətli qəbul olunan dua bir insanın başqa bir insana qiyabi etdiyi duadır" buyurmuşdur. Bəli, “bizəhril-qeyb”, yəni bir insanın xəbəri olmadan ona qiyabi edilən dualar məqbuldur. (30:50)
- Əgər bizdə həm millətimizə, həm də İslam aləminə qarşı azca mürüvvət hissi varsa, Cənnətə girmə, Cəhənnəmdən xilas olma, bəzi dünyəvi istəklərimizin həyata keçməsi və ya çətinliklərimizin aradan qalxması kimi məsələlərlə bağlı dua etməklə yanaşı, hətta bunları kiçik (məsələ) sayaraq əvvəlcə İslam aləminin problemlərini sadalamalıyıq, "Nə olar Allahım, qəlblərimizi və bütün ümməti-Məhəmmədin (əleyhissalatu vəssalam) qəlblərini, halətimizi, fikirlərimizi, zahiri-batini hiss və lətifələrimizi islah et, qəlblərimizi İslamiyyətə yönəlt və onda sabitqədəm et!" deyə ciddi bir vəfa hissi ilə, bataqlıqda boğulan insanı bataqlıqdan çıxarma həyəcanı ilə yalvarıb-yaxarmalıyıq. (31:20)
- Allah-Təala Qurani-Kərimdə belə buyurur "Mənə dua edin ki, sizə cavab verim" (“Ğafir” surəsi, 40/60). Bu, nə bizim, nə də başqasının sözüdür, birbaşa Onun bəyanıdır.. "Dua edin cavab verim" deyən – haşa – bir aciz deyil, hər şeyə gücü çatan Kainatın Sultanıdır.. "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasına cavab verərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər" (“Bəqərə”, 2/186) məallı ayə də duaya çağırışdır. Beləliklə Haqq Təalanın bu sözünə və dəvətinə görə biz də əllərimizi açıb daim Ona dua etməliyik. Dua edəndə də himmətimiz (niyyətimiz) yüksək olmalı, yaxın ətrafdan başlayaraq inananları və bütün insanlığı əhatə etməliyik. (32:50)
- Qəbulu gecikən duaları ikinci bir imtahan kimi görmək lazımdır. Bəli, başımıza gələn müsibət və ya bir ehtiyac imtahan olduğu kimi, bunlar üçün etdiyimiz dualara heç cür qəbul möhürü vurulmamasını da ayrı bir imtahan kimi görməliyik. Bizim vəzifəmiz, "Gəlsə Cəlalından cəfa, Yaxud Camalından vəfa, İkisi də cana səfa, Lütfün də xoş, qəhrin də xoş..." deyib israrla qövli (söz ilə) və feili (hərəkət və davranışlarla) duanı davam etdirmək, vicdanımızda "Sizmi gəldiniz?" mahiyyətli bir əlamət və bir işarənin əks-sədasını, "əşrəf saatı" gözləməkdir. (34:50)
- tarixində yaradılmışdır.