Köç yolunda bir ailə

Ahlat İslamiyyətin Anadoluya gəldiyi, qol budaq atıb bütün dünyaya yayıldığı bir yerdir. Orta Asiya səhralarında İslamiyyəti yaymağı qarşısına məqsəd qoyaraq yola çıxan, vətənlərini tərk edən yüzlərlə ailədən biri Ahlatda məskunlaşmış, lakin burada cərəyan edən xoşagəlməz bir hadisəyə görə yenidən köçmək məcburiyyətində qalmışdır.

Xəlil ağa bu diyardan ayrıldığı üçün çox kədərli idi. Gözü arxada idi və nə vaxtsa geri qayıtmaq ümidi ilə köçürdü. İstiqamət isə Ərzurum idi.

Ərzurum Anadoluda İslamiyyətin çiçəkləndiyi digər bir bağçadır. Bura İslamiyyətlə şərəfləndiyi gündən etibarən dinin canlı yaşandığı bir diyardır. Xəlil ağa ailəsi ilə əvvəlcə Ərzurumda, daha sonra isə Ərzurumla Həsənqala arasında yerləşən Qorucuq kəndində məskunlaşdırır. Fikri bir müddət burada qalmaq, daha sonra Ahlata qayıtmaq idi. Lakin tale onların həyatlarını başqa şəkildə yazmışdı. Ailə bir daha Ahlata qayıtmayacaq və həmişəlik Qorucuq kəndində kök salacaqdı.

Xəlil ağanın Xurşud ağa adlı oğlundan Molla Əhməd və Süleyman Əfəndi adlı iki nəvəsi dünyaya gəlir. Süleyman Əfəndi ticarətlə məşğul olur. Molla Əhməd isə həyatını son dərəcə dini həsasslıq içərisində yaşayır. Molla Əhməd Xəlil ağanın Qorucuqda "əkdiyi ağacın" ilk meyvələrindəndir. O, sanki dünyada özünə bir cənnət bağçası qurmuş və bu bağçada ömrü boyu Allaha ibadət etmişdi. Bu bağçada açan çiçəklərdən biri də oğlu Şamil ağa idi.

Şamil ağa da ataları kimi həyatını dini həsaslıq, ibadət içərisində yaşayırdı. Hər kəsin hörmət bəslədiyi bu Osmanlı insanı vaxtını boş keçirməmiş, hər zaman çalışmış, ibadət və zikirlə məşğul olmuşdur. Ağladığını heç kimin görmədiyi Şamil ağanın əslində çox kövrək qəlbi vardı. Nəvələrindən ayrıldığı zaman axıtdığı göz yaşları onun ciddi bir insan olmaqla yanaşı, nə qədər həssas bir qəlb sahibi olduğunu da göstərirdi. Şamil ağa nəvələrinin hər hansı birindən ayrı qalanda onun həsrəti ilə elə yanardı ki, növbəti dəfə görəndə boynuna sarılar və ağlayaraq bu misraları söyləyərdi:

Getdi gül, getdi bülbül.
İstər ağla, istər gül.

Dini dərin həssaslıqla yaşayan bu insanlar təkcə bu cəhətləri ilə deyil, mənəvi həyatları ilə də digər insanlardan fərqli idilər.

Şamil ağanın alimlərə böyük hörməti var idi. Hər fürsətdə böyük alimlərin feyzindən istifadə etməyə çalışırdı. Onun ehtiram duyduğu alimlərdən biri də, Qorucuq kəndinin Mehmet Əfəndi adlı imamı idi.

I Dünya Müharibəsindən bir müddət əvvəl Ərzurum ətrafında şiddətli zəlzələ baş vermişdi. Bu zəlzələ nəticəsində böyük dağıntılar olmuşdu. Dağıntılardan ən çox nəsibini alan yerlərdən biri də Qorucuq kəndi idi. Kəndin əhalisi dağılmış evlərinə qayıtmağa qorxur və xırmanda gecələyirdi. Lakin artıq qış gəlmiş və çöldə gecələmək qeyri-mümkün idi. Məhz belə bir gündə kəndin imamı Mehmet Əfəndi yolda rastlaşdığı Şamil ağadan:

- Şamil ağa, hara gedirsən belə? – deyə soruşur.

Şamil ağa:

- Xırmana, -deyə cavab verəndə imam:

- Get evində yat. Üstünə bir dənə belə daş düşsə gətir mənim başıma vur, -deyir.

İmamın bu qədər qətiyyətli sözləri qarşısında təəccüblənən Şamil ağa:

- Niyə Əfəndim? deyərək imamın bu qədər qətiyyətli danışmağının səbəbini soruşur.

İmam gördüyü bir yuxunu danışır:

- Bu gecə bu kəndə Kainatın Fəxri Əfəndimiz (s.ə.s) gəldi. Dörd böyük Xəlifələr ilə bir yerdə idi. Həzrəti Əlinin əlində bir neçə paya vardı. Mən dərhal qaçıb onların yanına gəldim. Əfəndimiz mənə tərəf çevrilərək:

- Molla Mehmet, bu kənd sənindirmi? – deyə soruşdu. Mən də:

- Bəli, ya Rəsulallah, mənimdir – dedim. Kainatın Fəxri Əfəndimiz (s.ə.s) Həzrəti Əliyə xitabən:

- Ya Əli! Bu kəndə də bir paya vur ki, bura da bir daha silkələnməsin. O da əlindəki payalardan birini yerə sancdı.

Yuxunu dinləyən Şamil ağa dərhal evinə qayıtdı. İmama olan hörməti daha da artmışdı. Şamil ağanın həyat yoldaşının adı Munisə idi. Munisə xanım hər hal və hərəkətində İslamı əks etdirən bir xarakterə sahib idi. Qəlbi, Uca Allahın və Həzrəti Peyğəmbərin (s.ə.s.) adı anılanda, göz yaşları içində boğulacaq qədər həssas idi.

Munisə xanımla Şamil ağa arasında xüsusi bir sevgi bağı var idi. Bir-birlərini çox sevər və hər zaman bir-biri üçün "Allahım, məni onsuz bir an belə yaşatma" deyə dua edərdilər. Məhz elə də oldu. Çünkü hər ikisi eyni gündə bir saatlıq fərqlə Haqqın rəhmətinə qovuşdular.

Şamil Ağanın oğullarından birinin adı Ramiz Əfəndi idi. İbadət, əxlaq və elm Ramiz Əfəndinin həyatının əsasını təşkil edirdi. Onun yetişdiyi illər Osmanlının tənəzzülü dövrünə düşmüşdü. İmkansızlıq üzündən Ramiz Əfəndi istədiyi kimi təhsil ala bilməmişdi. Buna baxmayaraq, çox çalışqan insan olduğu üçün bir çox maneəyə baxmayaraq, qarşısına çıxan hər fürsətdən yararlanaraq yüksək səviyyədə elm öyrənir.

Ramiz Əfəndi gündəlik həyatında çox həssas idi. O qədər həssas idi ki, heyvanları tarladan gətirərkən ağızlarını bir bez parçası ilə bağlayardı.

Qonşuları ondan bunun səbəbini soruşduqda isə Ramiz Əfəndi:

- Tarladan gələrkən heyvanlar başqalarının tarlalarının yanından keçir. Heyvanların ağızlarını bağlamasam, başqalarının tarlasından az da olsa otlaya bilər və beləcə haram yemiş olarlar. Bu isə bizim yeməyimizə, ruzimizə haram qarışmasına səbəb olar. Bundan əlavə, başqalarının haqlarına təcavüz etmiş olarıq. Boğazımızdan haram loğma keçməməsi və başqa insanların haqqını yeməmək üçün heyvanların ağzını parça ilə bağlayıram, -deyə cavab verir.

Ramiz Əfəndinin verdiyi bu cavab onun haram-halal və qul haqqı mövzularında nə qədər həssas olduğunu göstərən bariz nümunədir. Onun həyatında buna bənzər onlarla nümunə görmək mümkündür.

Ramiz Əfəndini digər insanlardan fərqləndirən cəhətlərdən biri də onun alimlərə qarşı böyük hörmət bəsləməsi idi. Məhz bu dərin hörmət nəticəsində onun evi sanki bir elm məclisinə çevrilmişdi. Evində hər gün elmi söhbətlər edilirdi. O eyni zamanda səhabələrə dərin bir sevgi ilə bağlı idi. Səhabələrin həyatından bəhs edən kitabları o qədər çox oxuyurdu ki, kitabların səhifələri aşınırdı. Həyatını daima Peyğəmbər Əfəndimiz (s.ə.s.) və səhabələrin həyatlarına görə tənzimləyərdi. Vaxtını bir an belə olsun boş keçirməzdi. Tarladan evə gələr-gəlməz dərhal əlinə bir kitab alıb oxuyar və beləcə yemək hazır olana qədər keçən zamanı dəyərləndirərdi. Ramiz Əfəndi kənddə böyüməsinə və müntəzəm bir təhsil almamasına baxmayaraq, yüksək bir elmə və çox təmiz bir əxlaqa sahib idi.

Onun haqqında Mehmet Kırkıncı Xoca bir dəfə belə demişdi:

- Bu insana heyranam! Bir kənddə böyüməsinə baxmayaraq, Əndərun (Saray Məktəbi) tərbiyəsi almış bir əsilzadə kimi mərifətli insandır. Harada, necə və hansı ölçüdə danışılmalıdır... Həqiqətən də, bunu bilmək tamamilə başqa bir əxlaq və tərbiyə tələb edir.

Ramiz Əfəndinin həyat yoldaşı Rəfiyyə xanım da həyatını Allahın əmr və qadağalarına görə tənzimləmiş, qəlbini Allah sevgisi ilə kökləmişdi. Eyni zamanda bütün kəndə Quran oxumağı öyrətmək üçün çalışan idealist bir insan idi. Rəfiyyə xanım üçün hər şeydən ümdə Allah rizası idi. Uşaqlarının da dini təhsilinə son dərəcə önəm verən Rəfiyyə xanım onlara hələ kiçik yaşlarında Quran oxumağı öyrətmiş və onlarda yüksək bir əxlaqın formalaşmasına çalışmışdı.

Bu islami dəyərlərin sözün əsl mənasında yaşandığı ailəyə yeni bir fərdin gəlişi isə xüsusi bir nəşə qaynağı olmuşdu.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.